Azərbaycan Prezidenti Heydər Əliyevin Azərbaycan Respublikası və Rusiya Federasiyı arasında diplomatik münasibətlərin yaradılmasının 10 illiyinə həsr olunmuş mərasimdə nitqi - 4 aprel 2002-ci il


- Hörmətli cənab səfir!

Xanımlar və cənablar!

Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlər yaradılmasının 10-cu ildönümü ilə əlaqədar sizi ürəkdən təbrik edirəm.

Azərbaycanın keçmişdə Rusiyanın, sonra isə Sovetlər İttifaqının tərkibində olduğunu nəzərə alsaq, Azərbaycanın dövlət müstəqilliyinin Rusiya tərəfindən tanınması çox mühüm tarixi hadisə idi. Biz təxminən 200 il bir dövlətin tərkibində olmuşuq. Sovetlər İttifaqı süquta uğrayanda və Azərbaycan öz dövlət müstəqilliyini bəyan edəndə Rusiya bu dövlət müstəqilliyini tanıdı. Bu, Azərbaycanın dövlət müstəqilliyinin bütün dünyada tanınmasını müəyyənləşdirdi. Dövlət müstəqilliyi şəraitində əməkdaşlığımızın 10 ili çox səmərəli olmuşdur, baxmayaraq ki, biz çətin yol keçmişik. Çətinliklər, maneələr olmuşdur. Əməkdaşlığımızın uğurlu olmasından ötrü biz tez-tez müxtəlif maneələri aradan qaldırmalı olmuşuq. Lakin biz öz niyyətlərimizdə və məqsədlərimizə çatmaqda ardıcıl olmuşuq. Məqsədimiz isə eynidir. Azərbaycanın da, Rusiyanın da məqsədi diplomatik münasibətlər yaratmaqdan, ölkələrimiz arasında bütün sahələrdə sıx əməkdaşlığı təmin etməkdən ibarət olmuşdur.

Bu gün, diplomatik münasibətlərimizin yaradılmasının 10-cu ildönümünü qeyd edərkən iftixarla deyə bilərik ki, biz bu yolu uğurla keçmişik. Biz yaxşı əməkdaşlığa nail olmuşuq. Nikolay Timofeyeviçin mənə təqdim etdiyi və sizə göstərdiyi bu sənədlər toplusu buna sübutdur.

Bu deyilənlər, əlbəttə, hamısı deyildir. Biz kağızsız, sənədsiz, sazişlərsiz və müqavilələrsiz də xeyli iş görmüşük və görürük. Lakin bu cilddə bizim aramızda, iki müstəqil dövlət - Rusiya ilə Azərbaycan arasında münasibətlərin hüquqi əsasını təşkil edən başlıca sənədlər toplanmışdır.

Nikolay Timofeyeviç burada bu müddət ərzində nəyə nail olduğumuz və indi nə üzərində işlədiyimiz barədə ətraflı məlumat verdi. Ona görə də mən yalnız bunu deyə bilərəm ki, Nikolay Timofeyeviçin dediklərinin hamısı ilə razıyam və bu da təbiidir ki, məni uzun nitq söyləməkdən azad edir. Çünki bütün sahələrdə münasibətlərimizin inkişafı baxımından həqiqətən haqqında danışmaq lazım gələn hər şey barədə danışsam, onda Nikolay Timofeyeviç, istər-istəməz sizin dediklərinizin çoxunu təkrarlamalıyam. Mən isə bu fikirdəyəm ki, bu, lazım deyildir, səfirin dedikləri tamamilə kifayətdir və mən onunla razıyam.

Başlıca məsələ isə ondan ibarətdir ki, bu gün Rusiya ilə Azərbaycan arasında, rus xalqı ilə Azərbaycan xalqı arasında mehriban dostluq əlaqələri və sıx əməkdaşlıq mövcuddur. Xalqlarımız arasında böyük tarixə malik olan dostluq ənənələri bu gün də, gələcəkdə də fəaliyyətimiz üçün yaxşı əsasdır.

Bu gün biz böyük minnətdarlıq hissi ilə deyirik ki, Rusiya xalqımızın maariflənməsində, mədəniyyətin inkişafında, ali təhsil sisteminin, elmi müəssisələrin və sairənin yaradılmasında böyük rol oynamışdır.

Ona görə də bu gün Azərbaycan bir müstəqil dövlət kimi bütün dünya qarşısında, əvvəllər ölkəmizlə kifayət qədər tanış olmayan digər ölkələr qarşısında durarkən biz böyük iftixar hissi keçiririk ki, xalqımız hələ əsrin əvvəlində maarifə və ümumbəşəri dəyərlərə, Avropa mədəniyyətinə qovuşmuşdur. Biz fəxr edirik ki, belə yüksək mədəniyyətə, incəsənətə malik xalqımız tamamilə savadlıdır, ölkəmizdə kifayət qədər ali təhsil müəssisələri, universitetlər vardır. Özü də onların çoxu böyük tarixə malikdir. Xalqımız böyük ənənələrə malikdir və bütün bunlarda, əlbəttə, Rusiya və rus xalqı ilə münasibətlərimiz böyük rol oynamışdır.

Buna görə də bir daha təkrar edirəm ki, əməkdaşlığımız, dostluğumuz üçün, bütün sahələrdə münasibətlərimizin inkişafı üçün yaxşı əsas vardır. Biz münasibətlərimizi bu əsasda inkişaf etdirmək və dərinləşdirmək əzmindəyik. Bizim bu arzularımız və inamımız 2001-ci ilin yanvarında Rusiya prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfəri və 2002-ci ilin yanvarında Azərbaycan prezidentinin Moskvaya dövlət səfəri zamanı imzalanmış sənədlərdə öz əksini tapmışdır. Bu sənədlərdə hər şey əks olunmuşdur. Həmin sənədlər və bizim görüşlərimiz Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafının yeni mərhələsinin əsasını təşkil edir. Bu gün deyə bilərəm ki, ölkələrimiz arasında heç bir problem yoxdur, bir-birimizə qarşı heç bir iddiamız yoxdur, aramızda dostluq, mehriban əməkdaşlıq mövcuddur və biz bu əməkdaşlığı inkişaf etdirmək və dərinləşdirmək əzmindəyik.

Bu gün onu da qeyd etmək xoşdur ki, Rusiya hökuməti, Rusiya rəhbərliyi tərəfindən də bu arzunu, bu niyyəti müşahidə edirik.

Mən sizi ümumi bayramımız münasibətilə bir daha təbrik edirəm. Siz yaxşı yerdə, Bakı şəhərinin ən yaxşı guşələrindən birində məskən salmısınız, bura əvvəllər də yaxşı yer sayılırdı, indi də yaxşı yerdir. Əvvəllər burada park var idi, indi isə siz burada özünüzə yaxşı bina tikmisiniz, yaxşı yaşayış kompleksi yaratmısınız. İndi görürəm ki, siz bununla kifayətlənmirsiniz, burada örtülü tennis kortu tikirsiniz. Burada, Azərbaycanda, siz, bax, belə yaşayırsınız. Rusiya səfirliyi üçün gör nece şərait yaradılmışdır və bunun özü də çox şeydən xəbər verir.

Sizə - mən Rusiyanın Azərbaycandakı səfirliyini nəzərdə tuturam, - Rusiya ilə Azərbaycan arasında dostluğun və əməkdaşlığın daha da möhkəmlənməsi və inkişafı naminə bu gözəl ərazidəki binada uzun illər yorulmaz fəaliyyət arzulayıram.