Azərbaycan Prezidenti Heydər Əliyevin Rusiya Elmlər Akademiyasının üzvləri ilə görüşdə nitqi - Moskva, 3 iyul 1997-ci il


Hörmətli Yuri Sergeyeviç!

Hörmətli dostlar!

Mən sizin hamınızı ürəkdən salamlayıram və Rusiya Elmlər Akademiyasının elmi və yaradıcılıq fəaliyyətində yeni-yeni uğurlar arzulayıram, ən səmimi və ən xoş arzularımı bildirirəm. Mən olduqca şadam ki, siz məni bu görüşə dəvət etmisiniz. Mən bunu Azərbaycan dövlətinə, şəxsən mənə Rusiya Akademiyasının böyük hörməti kimi qiymətləndirirəm. Buna görə də mən bu dəvəti böyük məmnuniyyətlə qəbul edib buraya sizin yanınıza gəldim.

Rusiya akademiyası zəngin və böyük tarixə malikdir. Onun 275 yaşı var. O vaxtlar Sovet İttifaqının akademiyası olan bu akademiyanın 250 illiyini necə bayram etdiyimizi xatırlayıram. Bundan sonra biz bütün akademiyaların yubileylərini bayram etdik. İttifaq akademiyasının yubileyinə həsr olunmuş yubileylər müttəfiq respublikalarda da qeyd edilirdi. Sovet İttifaqı akademiyasının da, müttəfiq respublikaların akademiyalarının da yüksək hökumət mükafatlarına layiq görüldüyü yadımdadır.

Yuri Sergeyeviç, siz dediniz ki, akademiya əvvəlcə imperator, Rusiya, sonra da Sovet İttifaqının akademiyası olmuşdur. Zənnimcə, indi bu akademiya özünün əsl adına malikdir, çünki bu akademiya 275 il bundan əvvəl məhz görkəmli rus alimləri, Rusiya alimləri tərəfindən yaradılmışdır və onun 275 ərzində keçdiyi yol böyük, şanlı, zəngin bir yoldur, bu illər ərzində rus alimləri, Rusiya akademiyası olduqca böyük iş görmüşlər, başlıcası isə rus alimləri, Rusiya akademiyası dünya elminin, dünya sivilizasiyasının inkişafına olduqca böyük töhfələr vermişlər. Bu, şübhəsizdir və məncə, rus xalqının, Rusiyanın milli iftixar obyektidir. Bu, bizdə də qürur hissi doğurur, çünki biz də uzun illər, onilliklər ərzində Rusiya akademiyası ilə bağlı olmuşuq.

Son illərdə Rusiya akademiyasının çətin bir dövr, eləcə də indi müstəqil dövlətlər olan keçmiş sovet respublikalarının bütün akademiyalarının ağır bir dövr keçirməsi aydındır və hətta müəyyən dərəcədə qanunauyğundur. Nəinki elm, nəinki həm də bütün cəmiyyət, bizim hamımız, vaxtilə Sovet İttifaqında yaşamış, indi isə müxtəlif dövlətlərdə yaşayan adamlar mürəkkəb, ağır keçid dövrünü keçirirlər.

Bununla bərabər belə hesab edirəm ki, Rusiyada, Azərbaycanda və bizə yaxın olan digər ölkələrdə yaşamış əvvəlki nəsillərin adamları tarix ərzində neçə-neçə çətin illər və hətta onilliklər keçirmişlər. Lakin insanlar yaşayır, insanlar yaradır, çətinlikləri dəf edirdilər. Buna görə də heç bir şübhə yoxdur ki, ümumən xalqlarımız, o cümlədən ölkələrimizin elmi bu çətinlikləri dəf edəcəklər, biz tarixin bu çətin, mürəkkəb mərhələsini keçib gedəcəyik və şəxsən mən hesab edirəm ki, bizim hamımızı gözəl gələcək gözləyir.

Gələcək isə bundan ibarətdir ki, indi bütün sistem - ictimai, iqtisadi, sosial sistem, dövlət sistemi yenidən təşkil edilir, o cümlədən elm sahəsində böyük proseslər gedir, dəyişikliklər həyata keçirilir. Bunlar tarixən, obyektiv surətdə zəruridir və biz bu mərhələni nəzərə almalı idik. Rusiyanın götürdüyü xətt də, Azərbaycanda götürülmüş xətt də - həm dövlət siyasətində, həm iqtisadi siyasətdə, həm də sosial siyasətdə - zənnimcə, doğru xətdir, düzgün xətdir və bu xətt belə ağır şəraitdən çıxmağı təmin edəcək, iqtisadi yüsəlişi, cəmiyyətin sosial vəziyyətini və təbii olaraq, akademiyalarımızın elmi idarələrinin daha səmərəli fəaliyyəti üçün müvafiq imkanları təmin edəcəkdir.

Mən buna inanıram və bu inamla da biz Azərbaycanda öz işimizi aparırıq. Amma, ola bilsin, Rusiyada bu məqsədə Azərbaycandakından xeyli tez çatacaqlar, çünki Rusiyada demokratikləşdirmə də, sosial-iqtisadi islahatlar da, siyasi islahatlar da Azərbaycandan əvvəl həyata keçirilməyə başlanmışdır. Müxtəlif səbəblərə görə biz Azərbaycanda bu işə gec başlamışıq. Ona görə də hesab edirəm ki, siz bu ağır vəziyyətdən başqalarından hətta tez çıxacaqsınız və Rusiya akademiyasının daha səmərəli fəaliyyət göstərmək imkanı olacaqdır.

Bilirsiniz, insanlar həmişə elmi cəmiyyətin ali dəyəri hesab etmişlər, ən qədim zamanlardan başlayaraq elm yüksək qiymətləndirilib və elmi kəşflər etmiş dahilər insan cəmiyyətinin inkişafına imkan yaratmışlar. Ona görə də təsadüfi deyil ki, bəşər tarixinin müxtəlif mərhələlərində elmi kəşflər etmiş və bu kəşfləri ilə cəmiyyəti irəliyə doğru aparan görkəmli insanları biz həmişə böyük məmnunluq hissi ilə xatırlayırıq. Şübhəsiz ki, indi biz elmi - texniki tərəqqinin ən yüksək pilləsində, bəşər sivilizasiyalarının ən yüksək pilləsindəyik.

Bir də deyirəm, bu baxımdan Rusiya elminin, alimlərinin dünya elmində xüsusi yer tutmağa hüququ var. Rusiyada elm xeyli əvvəl, 275 il bundan öncə Rusiya akademiyası yaranandan qabaq inkişaf etməyə başlamış, elmi kəşflər edilmiş və görkəmli şəxslər olmuşdur. Akademiyanın yarandığı vaxtdan etibarən Rusiya elmi özünün təşkilat dövrünü keçirir.

Şəxsən mən elm xadimlərinə həmişə böyük hörmətlə yanaşmışam. Bu gün də sizin hər birinizə ən dərin ehtiramımı bildirirəm. Ona görə ki, cəmiyyətdə, şübhəsiz, müxtəlif adamlar olur, amma elm adamları müstəsna adamlardır. Onlar insana əməksevərliklə, fədakarlıqla və bütün digər keyfiyyətlərlə yanaşı, cəmiyyətdə bu və ya digər yeri tutmağa imkan verirlər. Elm adamları istedada, məharətə, xüsusi bacarığa malik olmalıdırlar. Əlbəttə, bu insanlar ən yüksək hörmətə layiqdirlər.

O ki qaldı Azərbaycan elminə, Azərbaycan öz qədim tarixi, qədim özgür mədəniyyəti və qədim böyük alimləri olan qədim bir ölkədir. Bu onu göstərir ki, Azərbaycan elmi, mədəniyyəti ümumbəşəri sivilizasiyaya çox böyük töhfə vermişdir. Siz yaxşı bilirsiniz ki, Şərq sivilizasiyası, Şərqdə elm çox-çox əvvəllər inkişaf etmiş və dünyaya misilsiz elm nümunələri təqdim etmişdir. Azərbaycanda biz də öz görkəmli adamlarımızla fəxr edirik. Elə adamlar ki, o vaxtlar elmlə məşğul olur, elmi kəşflər edirdilər.

Riyaziyyat həmişə ən mürəkkəb, ən yüksək elm sayılmışdır. Mən bəlkə də səhv edirəm, lakin hər halda bizim nəslin adamları hesab edirdilər ki, riyaziyyat elmində ən görkəmli kəşfləri olan alimlərdən biri məşhur Nəsirəddin Tusidir. O, orta əsrlərdə Marağada gözəl rəsədxanaya malik idi və böyük elmi irs qoyub getmişdir. Mən Azərbaycan millətinə, Azərbaycan xalqına məxsus olan bir çox digər adları da çəkə bilərəm.

Lakin bununla bərabər onların hamısı, şübhəsiz, ümumbəşəri elmin bir hissəsidir, hamısı birlikdə dünya elmini yaratmışdır.

Lakin sonralar, xüsusən XVII -XVIII əsrlərdən sonra Azərbaycanda elmdə durğunluq əmələ gəldi. Bunu da demək lazımdır. Əvəzində, Azərbaycanda elm XIX əsrdə böyük inkişafa başladı, özünü göstərdi. Burada rus alimlərinin olduqca böyük xidməti var. Rus alimləri - Azərbaycanda, Bakıda yaşayıb çalışmış olan alimlər də, istər Sankt-Peterburqda, istər Moskvada, istərsə də Rusiyanın digər şəhərlərində yaşayaraq Azərbaycanla, Azərbaycan alimləri ilə fəal əlaqə saxlamış alimlər Azərbaycanda elmin inkişafı üçün çox işlər görmüşlər. Elə 1945-ci ildə Azərbaycanda yaradılan Elmlər Akademiyası da, əslinə qalsa, rus alimlərinin köməyi ilə hazırlanmışdır. Onlar Azərbaycanda yaşayıb işləyir və Azərbaycanın milli elmi kadrlarını hazırlayır və Azərbaycan Elmlər Akademiyasinin təşkilinə və yaradılmasına nail olmuşlar.

1945-ci ildə bizim Elmlər Akademiyası təşkil edilməzdən əvvəl Sovet İttifaqı Elmlər Akademiyasının Azərbaycan filialı mövcud idi. 30-cu illərin ortalarında Azərbaycan filialı yaradıldı. Bu filial böyük iş aparır, milli kadrlar hazırlayır, elmi tədqiqat institutları, müəssisələri təşkil edirdi. Bunların hamısı öz milli Elmlər Akdemiyamıza malik olmaq üçün yaxşı hazırlıq oldu. Mən çox ad çəkə bilərəm. Onlardan biri də akademik Qubkindir. O, Elmlər Akdemiyasının Azərbaycan filialının rəhbəri olmuşdur. Digər bir çox alimləri də göstərə bilərəm.

1919-cu ildə Azərbaycanda ilk universitet - ali məktəb təşkil edildi. Bu universitetin təşkilatçıları da dəvət edilmiş rus alimləri idi. Onlardan biri də Razumovski olmuşdur. Sonralar bütün sahələrdə - istər neft elminin, istər yerin təki haqqında elmin inkişafında, təbiət elmlərinin və kimyanın inkişafında rus alimləri olduqca böyük rol oynamışlar. Onların adları məlumdur. Biz onları xatırlayırıq, onların xatirəsini yad edirik və xalqımız Azərbaycan elminin inkişafında, Azərbaycan xalqının təhsilinin, maarifinin inkişafında, Azərbaycanda xüsusən ali təhsilin təşkilində, bütün mədəniyyətin inkişafında rus alimlərinin rolunu heç vaxt unutmayacaqdır.

Bu gün mən daha ətraflı danışa bilərdim, lakin ayrılmış vaxtın çərçivəsindən kənara çıxmaq istəmirəm. Biz mədəniyyətimizlə fəxr edirik, biz görkəmli sənət, musiqi, teatr, opera, balet, rəssamlıq, heykəltəraşlıq əsərləri ilə, görkəmli ədəbiyyat əsərləri ilə fəxr edirik. Bütün bunlarda Rusiya xadimlərinin, rus bəstəkarlarının, rus yazıçılarının, rus rəssamlarının çox böyük təsiri olmuşdur. Biz bunların hamısını yüksək qiymətləndirir və xatırlayırıq.

Buna görə də Yuri Sergeyeviç, Siz dünən, biz sənədləri imzalayarkən, mənim rəsmi səfərimlə əlaqədar Kremldə qəbul olarkən öz qısa çıxışınızda bütövlükdə Azərbaycan xalqının həyatında elmin oynadığı rolu, Rusiya ilə Azərbaycan arasında, rus xalqı ilə Azərbaycan xalqı arasında dostluq münasibətlərinin inkişafında və möhkəmlənməsində rus elminin, Rusiya elminin oynadığı rolu xatırlatdınız. Mən xoşbəxtəm ki, Rusiyanın bir çox görkəmli alimləri ilə şəxsən tanışam, onlardan bəziləri indi buradadırlar. Mən onları burada görməyimə şadam, lakin bəziləri artıq dünyasını dəyişmişlər. Mən akademiyanın prezidenti mərhum Keldısı Azərbaycanda böyük məmnunluqla qəbul etmişəm. Keldıs sizdə də, bizdə də, Azərbaycanda da olduqca böyük nüfuza malik idi. Onun yeni tədqiqat institutunun yaradılmasında fəal iştirakını biz Azərbaycanda unutmuruq. O vaxtlar, 70-ci illər dövründə bu, Azərbaycan elminin inkişafında olduqca böyük rol oynadı.

Bu gün biz söhbət edib akademik Boqolyubovu, akademik Petrovu xatırladıq, akademik Millionşikovu, akademik Kotelnikovu xatırladıq. Onların çoxu Azərbaycanla olduqca sıx əlaqə saxlamış, Azərbaycanda olmuş, bizim alimlərə kömək etmişlər. Görkəmli alimimiz, Elmlər Akademiyasının prezidenti, məşhur kimyaçı Yusif Məmmədəliyev akademik Zelinskinin yetişdirməsi olmuşdur. Məhz Zelinskinin rəhbərliyi altında bir alim kimi yetişməsi sayəsində o, Azərbaycan Elmlər Akademiyasına onun mövcudluğunun məhz ilk illərində başçılıq etmiş və kimya elminin inkişafında, xüsusən bir çox elmi tədqiqat institutlarının təşkilində, yaradılmasında mühüm rol oynamışdır.

Bu yaxınlarda biz onun anadan olmasının 90 illiyini təntənəli surətdə qeyd etdik, - təəssüflər olsun ki, o, həyatdan vaxtsız getmişdir, - və akademik Zelinskini və onun əməkdaşlıq etdiyi və onun müəllimləri olduğu bir çox başqa alimləri də xatırladıq. Yadımdadır, mən Moskvada işləyərkən Siyasi Büronun üzvü, Nazirlər Soveti sədrinin birinci müavini olduğum dövrdə təhsil, ali təhsil, maarif, elm sahələrinə rəhbərlik edirdim. Elmlər Akademiyası ilə sıx bağlı idim və öz imkanlarım daxilində Elmlər Akademiyası ilə bağlı bir çox problemlərin həllində fəal iştirak edirdim. Anatoli Petroviç Aleksandrovla istər Kremldə, istər müxtəlif müşavirələr zamanı, istərsə də şəxsi görüşlərimiz zamanı söhbətlərimizi xatırlayıram. Biz onu həmin dövrdə keçirilən sessiyalarda, forumlarda dəfələrlə dinləmişdik. Buna görə də bu gün çox şadam ki, akademik Kudryavtsevlə görüşürəm. Biz onunla müxtəlif qanunlar üzərində, müxtəlif sənədlər üzərində çox işləyirdik - mən bu komissiyaya başçılıq edirdim. O vaxtlar 1983-cü ildə biz dövlətimizin, cəmiyyətimizin qanunlar üzrə yaşayıb işləməsi üçün qanunları yaratmağa yenicə başladığımıza görə çox qanunlar yaratmaq lazım gəlirdi və bu işdə hüquqşünasların, mütəxəssislərin, alimlərin iştirakı tələb olunurdu. Buna görə də onlar bu işə cəlb edilirdilər. Mən akademik Kudryavtsevin rolunu xüsusi qeyd edirəm, çünki o, həmin dövrdə böyük rol oynamış sənədlərin yaradılmasında, hazırlanmasında iştirak edirdi.

O illərdə, 1983-cü ildən başlayaraq, cəmiyyətimizi modernləşdirmək, müxtəlif hüquqi sənədlər, müxtəlif qanunlar yaratmaq işi genişlənən vaxtlarda bu işdə Elmlər Akademiyası da, akademik Kudrvyatsev də iştirak edirdilər.

Şadam ki, Rusiya Elmlər Akademiyası yaşayır, mövcuddur və indi siz belə normal, yaxşı vəziyyətdəsiniz. Azərbaycanda akademiya da çətinliklərə məruz qalmışdır. Biz Azərbaycan Elmlər Akademiyasına kömək etmişik, edirik və edəcəyik ki, akademiyamız bu çətinlikləri aradan qaldırsın. Lakin Rusiya Akademiyası ilə Azərbaycan Elmlər Akademiyasi arasında daha sıx əlaqələr gərəkdir. Odur ki, mən akademiyalarımız arasında saziş bağlamaq təklifini alqışlayıram.

Mən belə bir məlumatı böyük məmnunluqla qarşıladım ki, bunu oktyabrda Bakıda etmək mümkündür. Mən Yuri Sergeyeviç, Sizi və özünüzlə birlikdə gətirmək istədiyiniz alimlərin hamısını dəvət edirəm. Buyurub gələ bilərsiniz. Mən sizin hər birinizi dəvət edirəm. Əlaqələri fəallaşdırmaq və əməkdaşlığımızı həqiqətən inkişaf etdirmək üçün sizi Azərbaycanda görməyimə şad olacağam.

Fürsətdən istifadə edərək, bugünkü Azərbaycan haqqıında bir neçə söz demək istəyirəm. Sovet İttifaqı parçalandıqdan sonra keçmiş Sovet İttifaqının digər respublikaları kimi, Azərbaycan da dövlət müstəqilliyi əldə etdi. Keçmiş Sovet İttifaqı məkanında indi baş verən hadisələri mən qanunauyğun təzahür hesab edirəm. Keçmiş ittifaq respublikalarının dövlət müstəqilliyi əldə etməsi də qanunauyğun haldır. Əgər bunu kimsə qeyri-normal hal sayırsa və ya kimsə bunu səhv sayırsa, mən hesab edirəm ki, bu, tamamilə qanunauyğun haldır və biz bunu fakt kimi qəbul edirik. Hərçənd bu, böyük çətinliklərlə bağlı olmuşdur.

Biz Azərbaycanda müstəqil, hüquqi, sivilizasiyalı dövlət, sivilizasiyalı cəmiyyət quruculuğu yolu tutmuşuq. Azərbaycanda bütün demokratik azadlıqlar təmin edilmişdir, demokratik təsisatlar fəaliyyət göstərir, bütün insan hüquqlarını həyata keçirmək üçün şərait yaradılmışdır. İnsan hüquqlarının müdafiəsi dövlət fəaliyyətimizin təməl prinsiplərindən biridir. Milliyyətindən, dini etiqadından, siyasi əqidəsindən asılı olmayaraq insanların hüquq bərabərliyi, siyasi plüralizm, mətbuat azadlığı - bunların hamısı Azərbaycanda təmin olunmuşdur.

Azərbaycan çoxmillətli ölkədir. Azərbaycanda digər millətlərlə yanaşı, ruslar da yaşayırlar, onlar 400 min nəfərdən çoxdur. Onlar qalan bütün millətlər kimi yaxşı şəraitdə yaşayır, bütün hüquqlara malikdirlər. Azərbaycanda üç konfessiya - müsəlman, pravoslav-xristian və yəhudi konfessiyaları fəaliyyət göstərir. Onlar öz aralarında dostluq edir, sıx əlaqə saxlayırlar. Bir sözlə, bu məsələlər bizdə həll edilmişdir.

Lakin Azərbaycan üçün çox ağır problem budur ki, biz Ermənsitanla münaqişə vəziyyətindəyik. Siz bilirsiniz ki, 1988-ci ildə qonşu Ermənistan Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətini ilhaq etmək məqsədilə fəal əməliyyatlara başladı, bütün bunlar hərbi təcavüzə çevrildi, döyüş əməliyyatları getdi, çoxlu qan töküldü. Nəticə çox kədərlidir. Müxtəlif obyektiv və subyektiv səbəblər üzündən erməni silahlı birləşmələri Azərbaycan ərzisinin 20 faizini işğal etdi, işğal olunmuş torpaqlardan Azərbaycan millətindən bir milyon nəfərdən çox sakin didərgin salındı, onlar artıq dörd-beş ildir ki, ağır şəraitdə, əksəriyyəti çadırlarda yaşayır.

Dağliq Qarabağ Muxtar Vilayəti Azərbaycanın, Sovet İttifaqının tərkibində olarkən onun 170 min əhalisi var idi. Onların 70 faizini ermənilər, 30 faizini azərbaycanlılar təşkil edirdilər. Azərbaycanlıların hamısı oradan qovuldu, ermənilərin bir hissəsi də köçüb getdi. İndi bu vilayətin ərazisində cəmi 80 min adam var, onların hamısı erməni millətindən olan şəxslərdir. Lakin Ermənistanın silahlı birləşmələri öz əməliyyatlarını genişləndirərək Dağliq Qarabağ Muxtar Vilayəti ətrafındakı yeddi rayonu da işğal etdi. Bu rayonlarda ancaq azərbaycanlılar yaşayırdılar. Oradan bir milyon nəfərdən çox azərbaycanlı qovulub didərgin salınmışdır və onlar olduqca ağır şəraitdə yaşayırlar.

Müharibə gedirdi, döyüş əməliyyatları aparılırdı, qan tökülürdü, hər iki tərəfdən insanlar qırılırdı. 1994-cü ildə biz atəşkəs haqqında saziş bağlamağa razılıq verdik. 1994-cü ilin mayında atəşkəs haqqında saziş imzalandı və budur, üç ildən çoxdur ki, müharibə yoxdur. Mən bunu böyük nailiyyət sayıram ki, biz qan tökülməsini dayandırdıq. Biz sülh danışıqları aparırıq. Danışıqlar çətin, ağır gedir. Danışıqlar ATƏT-in Minsk konfransının vasitəçiliyi ilə gedir. İndi, ATƏT dövlətləri başçılarının 1996-cı ilin dekabrında keçirilmiş Lissabon zirvə görüşündən sonra Minsk konfransının üç həmsədri var. Bunlar Rusiya, Amerika Birləşmiş Ştatları və Fransadır. Onlar Lissabon zirvə görüşünün münaqişəni dincliklə aradan qaldırmaq prinsipləri nəzərdə tutulan bəyanatının həyata keçirilməsin təmin etməli, münaqişənin dincliklə aradan qaldırılmasına və müharibəyə son qoyulmasına nail olmalıdırlar.

Biz müharibə istəmirik, biz hərbi əməliyyatlara yenidən başlanmasını istəmirik. Biz bu məsələni dincliklə nizama salmaq istəyirik, baxmayaraq ki, itkilər vermişik, baxmayaraq ki, işğal olunmuş torpaqlarda hər şey dağıdılmış, talan edilmişdir, baxmayaraq ki, on minlərlə adam həlak olmuşdur, baxmayaraq ki, işğal olunmuş torpaqlarda, - bu isə respublika ərazisinin 20 faizinə bərabərdir, - tarixi abidələrimizin hamısı qarət edilmiş, dağıdılmışdır. Bütün bunlara baxmayaraq, biz sülh istəyirik. Ermənistanla dinc münasibətlər, mehriban qonşuluq münasibətləri olmasını istəyirik.

Biz ATƏT-in Lissabon zirvə görüşünün müəyyənləşdirdiyi şərtlər üstündə dururuq - bunlar üç prinsipdən ibarətdir. Birinci prinsip - Azərbaycanın və Ermənistanın ərazi bütövlüyünün tanınmasıdır. İkinci prinsip - Dağlıq Qarabağa Azərbaycan Respublikasının tərkibində yüksək dərəcədə özünüidarə statusu verilməsidir. Üçüncü prinsip - Dağlıq Qarabağin bütün əhalisi üçün - erməni və azərbaycanlı əhalisi üçün təhlükəsizliyə təminat verilməsidir. Biz bu prinsiplərlə razıyıq.

Amma təəssüflər olsun, erməni tərəfi bunlarla razılaşmadı, halbuki ötən ilin dekabrında Lissabonda 54 dövlətdən 53-ü, Ermənistan istisna olmaqla, bu prinsiplərə səs verdi. Siz bilirsinizmi ki, iyunun 20-də Denverdə, Birləşmiş Ştatlarda yeddilərin, səkkizlərin, - Rusiya prezidenti Boris Nikolayeviç Yeltsin də orada idi, - görüşü zamanı üç prezident - Rusiya prezidenti, Birləşmiş Ştatların prezidenti, Fransa prezidenti Ermənistan-Azərbaycan Dağlıq münaqişəsinin dincliklə aradan qaldırılmasının zəruriliyi barədə birgə bəyanat vermişlər.

Dünən prezident Boris Nikolayeviç Yeltsinlə söhbətlər və danışıqlar zamanı bu məsələ əsas yer tutdu və Boris Nikolayeviç bir daha əmin etdi ki, yeri gəlmişkən, dünən bu, mətbuat nümayəndələrinin yanında bəyan olundu, - indi danışıqlar prosesi fəallaşdırılacaq, bu məsələnin nizama salınmasına nail olmaq üçün Rusiyanın səyləri gücləndiriləcəkdir. Şübhə yoxdur ki, Rusiyanın burada olduqca böyük rolu var. Həmsədr kimi Rusiya Minsk konfransının digər həmsədrlərinə nisbətən hətta böyük, daha böyük imkanlara malikdir. Prezident Boris Nikolayeviç Yeltsin tədbirlər görəcəyini vəd etdi.

Mən sizə üz tuturam, bu məsələnin dinc yolla nizama salınması üçün öz nüfuzunuzdan, öz imkanlarınızdan istifadə edin. Qafqazda sülh gərəkdir, Zaqafqaziyada sülh gərəkdir - sülh Gürcüstanda da gərəkdir, sülh Ermənistanda da gərəkdir, sülh Azərbaycanda da gərəkdir. Biz özgə ərazisinin bir qarışını da istəmirik. Lakin bununla bərabər, biz Azərbaycanın ərazi bütövlüyünün pozulmasına yol verə bilmərik. Biz Azərbaycan ərazisinin hər hansı bir hissəsini başqa dövlətə verə bilmərik. Biz yol verə bilmərik ki, Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılsın.

Təəssüf ki, erməni tərəfi Dağlıq Qarabağa göz dikib və ona müstəqillik statusu verilməsini təkid edir. Bu Azərbaycan üçün mümkün deyildir. Yeri gəlmişkən, bu, Rusiya üçün də, Dünya Birliyi üçün də mümkün deyildir - dünyada belə problemlər çoxdur. Bu, 1975-ci il Helsinki aktına ziddir. Bu, BMT nizamnaməsinin prinsiplərinə ziddir. Bu, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının - ATƏT-in prinsiplərinə ziddir. Bu, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının - ATƏT-in prinsiplərinə ziddir. Odur ki, bu, bizim şıltaqlığımız deyildir. Bu bizim tərsliyimiz deyildir. Bunlar beynəlxalq aləmdə tanınmış normalardır. Əgər onlar haradasa pozularsa, əgər haradasa nümunə yaradılarsa, bu bütün Dünya Birliyi üçün çox ağır nəticələrə gətirib çıxaracaqdır. Bunu baş tutmaz məqsədlər uğrunda mübarizə aparan, hüquqa zidd əməllərin həyata keçirilməsi uğrunda mübarizə aparan adamlar, nəhayət, dərk edib anlamalıdırlar.

Buna görə də sizə müraciət edirəm, sizə açığını deyirəm ki, Azərbaycan ilə Ermənistan arasında sülh bağlanması, əlbəttə, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması və Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək dərəcədə özünüidarə statusu verilməsi şərtilə sülh bağlanması Zaqafqaziyada və bütün Qafqazda dinc gələcəyi təmin edəcəkdir. Yeri gəlmişkən, bu, Rusiya üçün də lazımdır. Qafqazın, Zaqafqaziyanin Rusiya üçün xüsusi əhəmiyyəti var. Qafqazda, Zaqafqaziyada sülh və əmin-amanlıq bütün Rusiya Federasiyası məkanında sabitlik və sülh üçün əhəmiyyətə malik olacaqdır.

Daha bir məsələ barəsində. Azərbaycan neft məmləkətidir. Bax, indi mən burada olan və artıq akademiyada çalışan Nikolay Konstantinoviç Baybakova böyük iftixar və məmnunluq hissi ilə baxıram. O, ömrünün bir çox onilliklərini Rusiyanın, Sovet İttifaqının, Azərbaycanın neft sənayesinin inkişafına və bütövlükdə keçmiş Sovet İttifaqının iqtisadiyyatının inkişafına həsr etmişdir, indi isə elmlə məşğul olur. O, bizim dostumuz, həmyerlimizdir, bakılıdır, hesab edirəm ki, dünyanın ən görkəmli neftçilərindən biridir.

Bakı neft səltənətidir. Azərbaycan neft ölkəsidir. Bu, sizə yaxşı məlumdur. Sonra Rusiyada "İkinci Bakı", "Üçüncü Bakı", "Dördüncü Bakı" oldu - bütün bunlar da Bakı adlanır. İndi Azərbaycan neft sənayesinin inkişafında yeni dövr keçirir. Biz hazırda Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarından fəal istifadə edirik. Orada neft ehtiyatları olduqca böyükdür. Biz onlardan istifadə edirik, özü də xarici sərmayələri cəlb etməklə ən iri transmilli şirkətləri - həm Avropa, həm Amerika, həm də Rusiya şirkətlərini cəlb etməklə istifadə edirik.

Son bir neçə ildə burada, Moskvada, Rusiyada bir qədər yanlış, qeyri-düzgün əhval-ruhiyyə yaranmışdı. Deyirlər ki, Azərbaycan öz yataqlarını yalnız Qərb ölkələrinin üzünə açmışdır. Bunların heç biri doğru deyildir. Dünən biz bu barədə açıq-aşkar danışdıq. Biz "Əsrin müqaviləsi" kimi məlum olan birinci sazişi 1994-cü ilin sentyabrında iri transmilli şirkətlərlə bağladıq və burada layihənin sanballı bir hissəsi Rusiyanın "LUKoyl" şirkətinə mənsubdur. Biz ikinci layihəni də imzalamışıq və artıq burada payların mütləq çox hissəsini Rusiyanın "LUKoyl" şirkətinə vermişik. O, əslinə qalsa, bütün konsorsiumun operatorudur. Bu konsorsiumda isə bir necə transmilli şirkət var. Biz üçüncü sazişi "Statoyl", "Bi-Pi" ilə bağlamışıq, orada Fransa şirkətləri, İran şirkəti də var. Orada "Lukoyl" çox sanballı yerə malikdir. Nəhayət, dünən iki prezidentin - Boris Nikolayeviç Yeltsinin və Azərbaycan prezidentinin iştirakı ilə Xəzər dənizinin Azərbaycan sektorundakı iri yataq haqqında, ancaq Rusiyanın "Lukoyl" şirkəti ilə xüsusi saziş imzalandı. Lakin biz başqa şirkətləri də cəlb etməliyik. Bu gün səhər mən Rusiyanın neft şirkətlərinin rəhbərləri ilə, maliyyə mərkəzlərinin rəhbərləri ilə, o cümlədən Rusiya hökuməti sədrinin birinci müavini Boris Yefimoviç Nemtsovla görüşdüm. Biz çox ətraflı söhbət etdik. Bu gün Xəzər dənizinin həmçinin Azərbaycan sektorundakı "Kəpəz" yatağının birgə işlənməsi haqqında Rusiyanın "LUKoyl" və "Rosneft" şirkətləri ilə daha bir sənəd imzaladıq. Bu gün biz "Yuqos", "Sidanko" şirkətlərinin, digər şirkətlərin nümayəndələri ilə görüşdük. Onlar yataqların işlənməsində iştirak etmək üçün bizimlə danışıqlar apardılar. Bir sözlə, biz Rusiya ilə əməkdaşlıq edirik və edəcəyik.

Lakin bununla birlikdə, bizə sərmayələr də lazımdır. Bu gün mən şirkətlərin, maliyyə qruplarının rəhbərləri ilə görüşlərdə dedim ki, Norveç kiçik bir ölkədir, amma Bakıda 60 iri şirkətinin ofisləri var. "Statoyl" çox iri neft şirkətidir, neft və qaz hasilatı məsələləri ilə məşğul olur. Bu əsas layihə ilə bağlı müxtəlif layihələri həyata keçirməyə başqa şirkətlər də cəlb edilmişdir. Yeri gəlmişkən, bu sözləri Böyük Britaniya barəsində də demək olar - onun bizdə 60-dək ofisi var. Sözlərim eləcə də Birləşmiş Ştatlara və Fransaya aiddir. Bəs nə üçün Rusiyanın payı azdır? Burada obyektiv səbəblər var. Hazırda yeni şirkətlər, müxtəlif sənaye strukturları yaradılır. Ona görə də bu, müəyyən dərəcədə aydındır. Lakin biz hər halda yenə də xarici sərmayələri cəlb edirik ki, yataqların işlənməsini bacardıqca tez bir zamanda genişləndirək. Çünki bu, sənayemizin inkişafı üçün, adamlarımızın rifahı üçün gərəkdir və bu da tamamilə qanunauyğundur.

Demək istəyirəm ki, Azərbaycanda iqtisadi islahatlar uğurla gedir. 1989-cu ildən başlayaraq məruz qaldığımız böyük durğunluqdan və böyük itkilərdən sonra ötən ildən etibarən bizdə iqtisadiyyatda yüksəliş başlamışdır. Keçən il Azərbaycanda daxili ümumi məhsulun artımı 1,3 faiz olmuşdur. Artım ilk dəfə əldə edilmişdir, halbuki onadək tənəzzül var idi. Bu ilin birinci yarısında isə artım 4,5 faiz təşkil etmişdir. 1989-cu ildən başlayaraq sənaye istehsalı azalmışdı. Ötən il biz sənaye istehsalını sabitləşdirdik və cari ilin birinci yarısında 1 faiz artıma nail olduq. Kənd təsərrüfatında istehsal aşağı düşməkdə davam edirdi. Keçən il üç faiz artım əldə edildi, bu il isə 3 faizdən çox olacaqdır. Biz "Torpaq islahatı haqqında", bütün torpağın xüsusi mülkiyyətə verilməsi haqqında qanun qəbul etmişik. Bu qanun həyata keçirilir və deməliyəm ki, yaxşı nəticələr verir. Aqrar kompleksdəki bütün heyvandarlıq sektoru özəlləşdirilib. Deməliyəm ki, bu, yaxşı nəticələr verir.

Nikolay Konstantinoviç çox yaxşı bilir ki, Azərbaycan əti, südü və bütün məhsulları həmişə ittifaq fondundan alırdı. Doğrudur, biz buraya neft verirdik, pambıq verirdik, tərəvəz, üzüm, meyvə verirdik. Lakin biz kifayət qədər ətə, südə, yağa malik deyildik və bunların hamısını ittifaq fondundan alırdıq. Nikolay Konstantinoviç də yaxşı xatırlayır ki, xüsusən 70-ci illərin axırlarında necə böyük çətinliklər olmuşdur. Nikolay Konstantinoviç, indi ət, süd problemi tamamilə həll edilmişdir. Daha başım ağrımır, hər inəkdən nə qədər süd sağılır, hər toyuq nə qədər yumurta verir, hər qoyundan neçə baş quzu alınır. Məndə daha belə problemlər yoxdur.

Biz qiymətləri tamamilə sərbəstləşdirmişik. Bizdə daha belə bir problem yoxdur ki, bizdə taxıl haradan gəlir, çörəyi kim bişirir, kim satır. Halbuki iki il bundan əvvəl mən ağır bir problemlə qarşılaşmışdım. Bizdə inflyasiya tamamilə dayandırılmışdır. 1994-cü ildə bizdə inflyasiya 1600 faiz olduğu halda, ötən il cəmi 6 faiz təşkil etmişdir. İlin birinci yarısında cəmi 2 faiz olmuşdur. Bizi sərmayələr də sevindirir. Məsələn, bu gün mənim iqtisadi məsələlər üzrə müşavirim deyir ki, adambaşına düşən sərmayələrin miqdarına görə Azərbaycan MDB ölkələri arasında ilk yerlərdən birinə çıxmışdır. İndi mən bu rəqəmlərdən çox misal gətirmək istəmirəm, çünki bunlar köhnə ənənələrdir. Lakin hər halda bu da göstəricidir.

Ötən il bizdə xarici ticarət əmtəə dövriyyəsi 30 faiz artmışdır. Cari ilin birinci yarısında problem yoxdur, bütün pensiyalar, əmək haqqı ödənilmişdir. İlin birinci yarısında bütün vergilər yığılmışdır. Bizdə ilin birinci yarısında büdcə kəsiri cəmi 2 faiz olmuşdur. Mən öyünmək istəmirəm, xahiş edirəm məni düş başa düşəsiniz. Mən sizi ancaq bəzi göstəricilərlə tanış edirəm. Bu göstəricilər iqtisadi islahatların həyata keçirilməsinin nəticəsidir və iqtisadiyyatımızda məhz bazar dəyişiklikləri edilməsinin nəticəsidir. Nəticə etibarı ilə bunların hamısı elmimizə xidmət edə bilər. Milli gəlirimiz nə qədər çox olarsa, nə qədər çox vəsait qazanırqısa, biz onları elm sahəsində də bir o qədər çox ayıracağıq. Sizi əmin edirəm ki, biz bunların hamısını həyata keçirəcəyik.

Bu gün belə bir görüşün keçirildiyinə görə sizin hamınıza bir daha təşəkkür etmək istəyirəm. Məni diqqətlə dinlədiyinizə görə sizə təşəkkür etmək istəyirəm. Bu görüşlə əlaqədar çox böyük sevinc hissi keçirdiyimi bir daha bildirmək istəyirəm. Mənim müxtəlif ölkələrdə, o cümlədən də Moskvada çoxlu görüşüm olur. Lakin bu görüş mənim üçün xüsusilə qiymətlidir, çünki mən elə insanlarla görüşürəm ki, cəmiyyət onları çox yüksək qiymətləndirir və onlara çox böyük hörmət bəsləyir. Mənim də bir insan kimi sizə çox hörmətim var və sizi yüksək qiymətləndirirəm.

Sizə cansağlığı, uzun ömür, səmərəli fəaliyyət və Rusiya elminin, bütün dünya elminin inkişafında yeni-yeni uğurlar arzulayıram. Çox sağ olun.

"Müstəqilliyimiz əbədidir", X cild, səh 259, Azərnəşr, Bakı 2002