Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində onunla birlikdə təhsil almış tələbə yoldaşları ilə görüşdə söhbəti - Prezident sarayı, 13 may 1998-ci il


Dövlət Məmmədov: Hörmətli prezident, beş il bundan öncə, Siz Naxçıvan Ali Məclisinin sədri olarkən 70 illik yubileyiniz münasibətilə Sizə kabinetinizdə hədiyyə verdim. Orada çox adam vardı və Sizi təkidlə Bakıya dəvət edirdilər. Sonrakı hadisələri şərh etməyə vaxt yoxdur. Biz veteranlara da şöhrəti Siz qaytardınız. Əliyevlər ailəsi nümunəvi ailədir, mən uşaq yaşlarımdan bunun şahidiyəm. Əlirza dayı qabarlı əlləri ilə bu ailəni saxlamışdır. Nadir hadisədir ki, bu ailə Azərbaycana üç akademik vermişdir: ağsaqqal, hörmətli, mərhum Həsən Əlivev, aləmə nur bəxş edən Zərifə xanım, dünya şöhrətli akademik, Azərbaycanın çörək problemi ilə məşğul olan Cəlal Əliyev.

Sizin apardığınız siyasət erməni mafiyasının, Azərbaycanın düşmənlərinin ölkəmiz haqqında uydurduqlarının hamısını altüst etmişdir. Azərbaycanlı oğlu ilk dəfə BMT-nin tribunasından Azərbaycanın haqq işini dünyaya car çəkmişdir. (D.Məmmədov özünün əl işi olan hədiyyəni tələbə yoldaşları adından prezident Heydər Əliyevə təqdim etdi).

Allah-təalanın yaratdığı və əzəli-sonu bilinməyən ən böyük varlıq Günəşdir. Mən Sizi Günəş kimi təsvir etmişəm. Zərifə xanım isə ay kimi təsvir olunmuşdur. Bu parlaq ulduzlar Sizin əziz balalarınız İlham və Sevildir. Azərbaycanın milli bayrağı üzərində "Heydər" sözü yazılıb, ay və səkkizguşəli ulduz isə bizim emblemimiz - Heydər Əliyevdir. Hədiyyədə bu sözlər yazılmışdır: "Əziz və hörmətli prezidentimiz Heydər Əliyev cənabları! Sizi - xalqımızın ən ləyaqətli və əvəzedilməz oğlunu 75 illik yubileyiniz münasibətilə sidq-ürəkdən təbrik edirəm. Sizə və əzizlərinizə ən möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik və daha böyük uğurlar arzu edirəm. Kollektiv adından. Dövlət müəllim".

Şahmirzə Əliyev: Vaxtilə paytaxtımızda yaşamış bakılı indi gəlib burada öz evini tapa bilməz - nə qədər dəyişiklik olmuşdur! Bunları Siz etmisiniz, insafla demək lazımdır. İndi bəziləri cürbəcür sözlər deyirlər. Bizi Milli Məclisə çağırın, orada danışaq və sübut edək ki, onlar necə rəhbər olublar. Ancaq xalq Sizinlədir. Bizim camaat mənə tapşırıb deyim ki, cənub zonası Sizinlədir. Sizin 75 illiyinizi ailələrdə də qeyd edirlər. Mən də bu yubileyi ailəmdə qeyd edib buraya gəlmişəm.

Əlövsət Baxışov: Mərkəzi Seçki Komissiyası vəkillərinizi təyin etmək barədə Sizə müraciət edəndə dediniz ki, mənim vəkillərim xalqdır. Siz xalqa böyük etimad göstərdiniz, xalq da Sizə. İndi isə xalq arasında nüfuzunuz qat-qat artıqdır. Baloğlan Rüstəmov Həzi Aslanovun abidəsi önündə respublika "veteranları adından çıxış edəndə dedi ki, 1,2 milyon veteran, - onların hərəsi bir ailə deməkdir, - prezidentimizin ətrafında sıx birləşibdir. Siz yubileyinizi də xalqımıza bəxş etdiniz, geniş qeyd etməyə qoymadınız. Siz respublikamızda yaşayan xalqlar arasında dostluğun möhkəmlənməsi üçün çox böyük iş görmüsünüz. Bunu hamımız başa düşürük. Sizə cansağlığı və müvəffəqiyyətlər arzulayırıq.

Nadir Əhmədov: Biz dörd nəfər 1945-ci ildə Naxçıvana gəlib Sizinlə birlikdə dövlət təhlükəsizliyi orqanlarında işləməyə başladıq. O vaxt Sizin də, mənim də 23 yaşımız vardı. Siz də, mən də bir ildə, bir ayda, bir gündə anadan olmuşuq.

Heydər Əliyev: Gör necə təsadüfdür!

Şahmirzə Əliyev: Mən də 1923-cü ildə anadan olmuşam, familiyam da Əliyevdir, bir yerdə universitetə daxil olmuşuq, bir yerdə də qurtarmışıq.

Nadir Əhmədov: Şübhəsiz ki, bu, nadir, bir qədər də sevinc gətirən haldır. Siz hələ cavan vaxtınızdan çox işgüzar, bacarıqlı, eyni zamanda hər şeydə özünüzə qarşı çox tələbkar idiniz. Bunu işçilərdən, o cümlədən məndən də tələb edirdiniz. Bu, nizam-intizam yaradırdı. Nizam-intizam olan yerdə isə həmişə qələbə olur. 1951-ci ildə Siz, rəhmətlik Arif Heydərov və mən universitetə daxil olduq. O vaxt Siz ən əsas şöbələrdən biri olan əks-kəşfiyyat şöbəsi rəisinin müavini, sonra şöbənin rəisi işləyirdiniz. Buna baxmayaraq sessiyalarda da vaxtlı-vaxtında iştirak edir, deyirdiniz ki, biz gərək nümunə olaq, bizdən ibrət götürsünlər.

Heydər Əliyev: Çox sağ ol, mən də səni təbrik edirəm, sənin 75 yaşın tamam olubdur. Bilirəm, hamınızın ürəyində çox söz var. Ancaq güman edirəm deyilən sözlər elə hamının ürəyindən gələn sözlərdir. Ona görə sizə təşəkkür edirəm, çox sağ olun ki, gəlmisiniz. Çox şadam ki, bu gün mənə sizinlə görüşmək nəsib olubdur. Bilirsiniz ki, işlərim olduqca çoxdur, ancaq dostları da heç vaxt unutmuram, sizi də, keçmiş zamanları da həmişə xatırlayıram. Dövlət müəllimlə biz 1936-cı ildə bir yerdə oxumağa başlamışdıq. Təsəvvür edin, 1939-cu ildə qurtardıq, ayrıldıq. Ondan sonra iş belə gətirdi ki, 1951-ci ildə universitetdə görüşdük. Sonra yenə Dövlət müəllim Naxçıvanda çalışdı, mən burada, Moskvada işlədim, dünyanı gəzdim, gəldim Naxçıvana, Dövlət müəllim olan Saltax kəndinə getdim, orada görüşdüm. Sonra mən orada işləyəndə hərdənbir yanıma gəlirdi.

Mən çox məmnunam ki, siz də sağ-salamat, gümrahsınız, işləyirsiniz, həyatda fəalsınız. Mən də ki, Azərbaycanın yüklərini öz çiynimə götürmüşəm, aparmalıyam, - başqa əlac yoxdur. Doğrudur, sən deyirsən ki, 70 yaşım tamam olanda gəlmişdin, təbrik edirdin, Bakıdan da çox adam gəlmişdi, oraya gəlməyi tələb edirdilər. Amma yadındadırmı, mən deyirdim ki, getmək istəmirəm. Naxçıvandan getmək istəmirdim. İndi hərdənbir Naxçıvan yadıma düşür, deyirəm, axı niyə buraya gəldim. Naxçıvan çox gözəl yerdir. Oranın da ən ağır dövrünü biz bir yerdə yaşadıq. İndi orada da camaat rahat yaşayır, mən çox nəzarət edirəm, bilirəm.

Rəbbil Yusifov: Əziz prezident, bizim ürəyimiz Sizinlə döyünür. Sizinlə fəxr edirik. Allah-təala Sizə o qədər ömür versin ki, bütün arzularınız yerinə yetsin. İcazə verin Sizin yubileyinizə həsr etdiyim şeiri oxuyum: 

                                                                                                        Al qanların şahidiyəm,
                                                                                                        Xan görmüşəm, çar görmüşəm.
                                                                                                        Vətənimdə at oynadan
                                                                                                        Kor yapalaq, sar görmüşəm.
                                                                                                        Bir zamanlar dağ dələrdi
                                                                                                        Könül ahu-zarım mənim.
                                                                                                        İndi aldım öz haqqımı,
                                                                                                        Gülür qocam, qarım mənim.
                                                                                                        Səs verirəm Heydərimə,
                                                                                                        Coşur simli tarım mənim.
                                                                                                        O rəhbərin bərabəri,
                                                                                                        Kim deyər ki, var, görmüşəm.

Tarixi arayış

SOSİUM

Əlavə sənədlər

SOSİUM