Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiya Federasiyasının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri Nikolay Ryabov ilə görüşdə söhbəti - Prezident sarayı, 24 oktyabr 2000-ci il


Nikolay Ryabov: Cənab Prezident, Sizinlə görüşmək imkanına görə təşəkkür edirəm. Mənim üçün xoş olan bir sıra tapşırıqları yerinə yetirməkdən - Xarici İşlər nazirinizin Rusiya Federasiyasına səfərinin yekunları barədə Rusiya tərəfinin rəyi haqqında Sizə məlumat verməkdən və Rusiya prezidenti Vladimir Vladimiroviç Putinin buraya, Sizin ölkənizə səfəri ilə bağlı bəzi məsələləri müzakirə etməkdən ötrü qiymətli vaxtınızı almağı özümə rəva gördüm.

Hər şeydən öncə Vladimir Vladimiroviç Putinin təşəkkür teleqramını Sizə çatdırmaq istəyirəm, icazə verin onu oxuyum:

"Hörmətli Heydər Əliyeviç!

Ad günüm münasibətilə göndərdiyiniz teleqrama görə ürəkdən təşəkkür edirəm. Sizin belə bir inamınıza şərikəm ki, ölkələrimiz və xalqlarımız arasında dostluq, əməkdaşlıq və qarşılıqlı anlaşma Qafqazda sülh, sabitlik və təhlükəsizlik işinə bundan sonra da kömək edəcəkdir. Hörmətli Heydər Əliyeviç, Azərbaycan Respublikasına səfərə gəlmək barədə dəvətinizə görə Sizə bir daha təşəkkür etmək istəyirəm. Qonaqpərvər Azərbaycan torpağında Sizinlə tezliklə görüşəcəyimə ümid bəsləyirəm.

Hörmətlə,

Vladimir Putin

Moskva, Kreml,

17 oktyabr 2000-ci il"

Bu, Sizə yetirmək istədiyimin birincisidir. İkincisi, Rusiyanın birinci prezidentinin özünün qısa avtoqraf yazılmış xatirələr kitabını Azərbaycan Respublikasının böyük prezidentinə təqdim etmək xahişidir:

"Demokratik MDB uğrunda birgə mübarizəmiz barədə Heydər Əliyeviçə müəllifdən yadigar.

16 oktyabr 2000-ci il. Boris Yeltsin".

Baxın, kitabın 191-ci səhifəsində Sizin haqqınızda çox səmimi sözlər deyilmişdir.

Heydər Əliyev: Vladimir Vladimiroviç Putinin məktubuna görə də, Boris Nikolayeviç Yeltsinin kitabına görə də çox sağ olun. Əlbəttə, belə bir kitabın çıxdığını bilirdim, ancaq bu kitabı onun öz şəxsi avtoqrafı ilə almaq mənim üçün çox xoşdur. Biz bir çox illər - keçmiş vaxtlarda, Sovetlər İttifaqı dövründə də, 1993-cü ildən başlayaraq müstəqil dövlətlər kimi əməkdaşlıq etdiyimiz vaxtlarda da birgə işləmişik.

Nikolay Ryabov: Çox mürəkkəb və çətin dövr idi, lakin o, kitabında prezident vəzifəsində Sizin səylərinizə və fəaliyyətinizə yüksək qiymət verir.

Hörmətli cənab Prezident, hər şeydən öncə, Xarici İşlər nazirinizin Moskvaya səfərini mümkün bildiyinizə görə Sizə təşəkkür etmək istərdim. Rusiya tərəfi, ilk öncə Rusiya prezidenti Putinin buraya səfərinə hazırlıq baxımından, bunu çox vaxtında həyata keçirilmiş və faydalı səfər sayır. Siz bilirsiniz ki, Qafqaz regionu və ölkələrimizin beynəlxalq aləmdə qarşılıqlı fəaliyyəti çərçivəsində ikitərəfli, çoxtərəfli münasibətlərlə bağlı bir çox məsələlər müzakirə olunmuşdur. Əgər bu səfərin ümumi nəticəsindən danışsaq, onu səmimilik, açıqlıq, hər cür anlaşılmazlıqların aradan qaldırılması, nəzakət leytmotivi səciyyələndirir. Mən bu göruşlərdə, danışıqlarda iştirak edirdim, oraya mən də getmişdim və bunu real şəkildə duyurdum.

Hesab edirəm ki, bu yaxşı əlamətdir və zənnimcə, o, münasibətlərimizdə ənənəvi olaraq möhkəmlənəcəkdir. Şübhəsiz, Qarabağ problemindən başlamış iqtisadi əməkdaşlıq məsələlərinə qədər çox mühüm məsələlər müzakirə olunmuşdur. Mən, hər şeydən öncə, konkret söhbətə keçməzdən əvvəl demək istərdim ki, Vilayət Quliyev Xarici İşlər Nazirliyində də, parlamentin yuxarı palatasında da, aşağı palatasında da, hökumətdə də görüşlər keçirdi, Moskva meriyasında Lujkovla da görüşdü. Heydər Əliyeviç, bilirsinizmi, mən Rusiya - Azərbaycan münasibətlərində təzə adamam, mən heyran qalmışdım, sadəcə olaraq, özüm üçün qeydlər edirdim. Parlamentimizin yuxarı palatasının sədri Yeqor Semyonoviç Stroyevlə görüş zamanı o, hər şeydən öncə, Sizə özünün salamını və ən dərin ehtiramını yetirməyi məndən xahiş etdi. Mən onun sözlərini yazdım:

"Heydər Əliyeviçin müdrik siyasəti şərəfinə! Heydər Əliyeviçin xidməti bundadır ki, o, müharibəni dayandırdı və heçliyə aparan yolu bağladı, minlərlə gəncin həyatını xilas etdi və vəziyyəti - Qarabağ probleminə dair vəziyyət nəzərdə tutulur - çətin və uzun sürən siyasi dialoqa, sülhə yönəltdi. Bunu hamı dərhal hiss etdi."

Bunlar Stroyevin sözləridir:

"O vaxt Heydər Əliyeviç dedi ki, biz gələcək nəsillər haqqında düşünməliyik. Yəni,

müharibənin dayandırılması üçün səylər göstərilməsi nəzərdə tutulur. Mən Naxçıvana, ona zəng etdim."

Mən bunu bilmirdim. O bir qədər fikirləşib dedi:

"Yadımdadır, o, Qorbaçovun onu təqsirləndirməsinə imkan vermədi. O çox müdrik və güclü insandır və indi də belə olaraq qalır. Məndən ona salam yetir. Mən Azərbaycan prezidentinə dərin hörmət bəslədiyimi bir daha bildirirəm."

Bunlar bizim parlamentin yuxarı palatası sədrinin sözləridir və mən onları Sizə çatdırdım.

Heydər Əliyev: Təşəkkür edirəm. O çox gözəl insandır. Biz bir-birimizi hələ Sovetlər İttifaqı dövründən yaxşı tanıyırıq. O, Vilayət Partiya Komitəsinin, sonra isə Sov.İKP MK-nın katibi olmuşdur. O vaxtlar mən Siyasi Büronun üzvü idim. Budur, o, Qorbaçovun Sov.İKP MK-nın 110 üzvünü, o cümlədən Siyasi Büronun bir çox üzvlərini, məsələn, Qromıkonu, Tixonovu, məni və başqalarını birdəfəyə oradan çıxardığını xatırlayır. O vaxt bəziləri bir çox illər birgə işlədiklərinə görə təşəkkür etdilər, mən isə Qorbaçova tutarlı sözlər dedim və bildirdim ki, vaxt gələcək, siz hər şeyə görə cavab verəcəksiniz. Stroyev bunu xatırlayır. Bunu o mənə ilk görüşümüz zamanı söyləmişdi. Ümumiyyətlə, deməliyəm ki, o, Rusiyanın ən müdrik adamlarından biridir, ən müdriklərindən biridir. O öz vilayətində olduqca böyük nüfuza malikdir, vilayət Partiya Komitəsinin birinci katibi, sonralar dəfələrlə seçildiyi qubernator kimi işlədiyi dövrdə də belə nüfuza malik olmuşdur. O, təkcə Federasiya Şurasında deyil, həm də Rusiya Federasiyasının rəhbərliyini sıx birləşdirmək üçün böyük iş görür. Mən ona təşəkkür edirəm, mənim salamımı və ən xoş arzularımı ona yetirin.

Nikolay Ryabov: Yuri Mixayloviç Lujkov məni təəccübləndirdi. Mən onu yaxşı tanıyıram və o məni özünün dostu adlandırır. O, ilk növbədə Sizin haqqınızda, özü də mübaliğəsiz, eyhamlarsız danışdı, dedi:

"Mən münasibətlərimizin inkişafı üçün hər şeyi edəcəyəm, lakin hər şeydən əvvəl ona görə ki, Azərbaycanda Heydər Əliyeviç Əliyev var. O, böyük və müdrik insandır. Mən MDB-nin digər dövlət başçılarının xətrinə dəymək istəmirəm. Amma o çox böyük dövlət intellektinə malik insandır, təbiətin yüksək ilhamlı dövlət təfəkkürlü kompüterdir - bağışlayın, bu onun sözüdür. Bilirsinizmi, Rusiyanın Azərbaycandakı səfiri kimi, fəaliyyət göstərəcəyim ölkənin rəhbəri haqqında bu cür sözlər eşitmək mənim üçün necə xoşdur. Bu, təminat verir ki, bizim münasibətlərimizdə Moskva fəal iştirak edəcəkdir. Lujkov Sizin həmkarlarınızın xahişinə cavab olaraq, elə mənim yanımda mədəniyyət mərkəzi üçün Moskvada torpaq ayrılmasına razılıq verdi. Orada teatr, restoran, kitabxana, sərgi salonu da olacaqdır. Bu gözəldir."

Heydər Əliyev: Sağ olun. Biz Yuri Mixayloviçlə də bir-birimizi çoxdan tanıyırıq. Mən onun Sovetlər İttifaqı dövründəki dövlət və təsərrüfat fəaliyyətini həmişə qiymətləndirmişəm. O, Moskvanın meri olduqdan sonra isə şəhərin simasını dəyişdirmişdir. Onun nə qədər ağıllı, bacarıqlı insan olduğunu təsəvvür etmək, sadəcə, çətindir. O dövrün adamı olsa da, müasir şəraitdə özündə cəsarət taparaq, Moskva şəhərinin potensialından istifadə etdi və uğurlar qazandı. O burada olubdur, biz onunla Azərbaycanda Rusiya mədəniyyəti günləri keçirdik, mən Moskvada ona tez-tez baş çəkirəm. Odur ki, mənim salamımı, ən xoş arzularımı yetirə bilərsiniz, o, Azərbaycanda həmişə əziz qonaqdır. Azərbaycan - Rusiya münasibətlərini məhz belə adamlar möhkəmləndirir.

Nikolay Ryabov: Biz Moskvadan olan qonaqları burada gördük. Onun birinci müavini Bakı ilə Moskva arasında əlaqələri inkişaf etdirmək və möhkəmlətmək üçün buraya gəlmişdi. Dedi, Heydər Əliyeviçə çatdırın ki, mənim limanlarım Azərbaycandan gətirilən yüklərin nəqli üçün açıqdır, biz 5 min tonadək yük götürən gəmiləri günü bu gün qəbul etməyə hazırıq. Moskva gəmiləri özü üçün də, yükləri daha uzağa daşımaq üçün də qəbul etməyə hazırdır. İcazə versəydiniz, prezidentimizin səfəri ilə bağlı bəzi məsələlərə keçərdim və eyni zamanda Xarici İşlər nazirinin görüşlərində qaldırılmış məsələlərə toxunardım.