Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiya federal sərhəd xidmətinin direktoru, general-polkovnik Konstantin Totskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən söhbətindən - Prezident sarayı, 5 iyun 2000-ci il


Heydər Əliyev: Hörmətli Konstantin Vasilyeviç, hörmətli qonaqlar!

Azərbaycanda sizi salamlayıram. Biz çoxdan görüşməmişik. Ancaq buna sizin üçün də, bizim üçün də lüzum var. Ona görə də mən xahiş etdim ki, gəlib bizim sərhəd qoşunları xidməti ilə danışasınız.

Konstantin Totski:  Cənab prezident, vaxt ayırıb nümayəndə heyətimizlə görüşdüyünüzə görə Sizə təşəkkür edirəm. Deməliyəm ki, biz həmkarlarımıza -Azərbaycan sərhədçilərinə böyük hörmət bəsləyirik. Sizə açıq deyə bilərəm ki, biz buraya yaxşı əhval-ruhiyyə ilə gəlmişik.

Biz Sərhəd Qoşunları Komandanları Şurası çərçivəsində, ikitərəfli görüşlərimiz çərçivəsində vaxtaşırı görüşürük. Sərhədin birgə qorunan sahəsində vəziyyət kifayət qədər mürəkkəbdir, lakin bilirik ki, Azərbaycan sərhədçiləri öz vəzifələrini şərəflə yerinə yetirirlər. Sizə məlumat verməyə çox şadam ki, biz dövlət sərhədində yaranmış münasibətləri qiymətləndiririk. Bizim çox yaxşı, normal, işgüzar, əməli və mehriban əlaqələrimiz var.

Biz şəxsən sizinlə doqquz ildir görüşməmişik. 1991-ci ildə mənə Sizin tərəfinizdən Naxçıvanda qəbul edilmək şərəfi nəsib olmuşdu.

Heydər Əliyev: Naxçıvanda?

Konstantin Totski: Bəli.

Heydər Əliyev: 1991-ci ildə?

Konstantin Totski: Bəli, 1991-ci ildə mən Zaqafqaziya sərhəd dairəsi qərargahı rəisinin müavini idim. Mən sizdə də olmuşdum. Siz mənə bir çox qiymətli məsləhətlər verdiniz. O vaxtlar vəziyyət çox mürəkkəb idi. Siz buna çox ciddi yanaşırdınız, konkret vəzifələr qoyurdunuz. O vaxtlar bu, kifayət qədər çətin qarşılanırdı. İndi vaxt ötüb, biz hər şeyi dərk etdik, yaşadıq, başa düşdük ki, məhz o cür olmalı idi. Konkret ərazi var, bu xalq var, bu hakimiyyət var, ona görə də sərhəddə qayda-qanunu heç də təkcə Moskva yaratmalı deyildi. Siz bu fərqi çox dəqiq müəyyənləşdirirdiniz. Ümumdövlət miqyaslı qayda-qanun var, yerli problemlər var, bunları da nəzərə almaq lazımdır.

Bu gün danışıqlar zamanı biz birgə qorunan sahədə vəziyyəti müzakirə etdik, müəyyən razılaşmalara gəldik ki, qarşılıqlı fəaliyyətimizi bundan sonra da inkişaf etdirmək gərəkdir. Biz bu məsələyə ancaq bu qaydada yanaşırıq: sərhəddə qayda-qanun nə qədər yaxşı olarsa, bu, hər iki dövlət üçün bir o qədər yaxşıdır.

Sərhədçilərin işi yaxşı, normal, nəcib, humanitar məqsəd daşıyır. Bu iş bir-birinin əleyhinə işləməyi tamamilə istisna edir. Problemlər var, sərhəd sahəsi lazımi səviyyədə deyil, bizdə də, həmkarlarımızda da adamlar çatışmır. Lakin ən başlıcası budur ki, biz sərhəddə qayda-qanun yaradılmasına eyn dərəcədə göz qoyuruq.

Heydər Əliyev: Sağ olun, sizə təşəkkür edirəm. Biz əvvəllər də demişik, bu gün də deyirik ki, Rusiya ilə Azərbaycan arasında mehriban qonşuluq münasibətləri mövcuddur.

Bu "mehriban qonşuluq münasibətləri" o deməkdir ki, hərənin öz dövləti var, hərənin öz ərazisi var, hərənin öz evi var, onlar qonşudurlar və bu qonşuluq mehriban xarakter daşıyır. "Mehriban qonşuluq" sözü də buradan yaranır. Amma Rusiya ilə bizim münasibətlərimiz heç də təkcə bu anlayışla müəyyən edilmir, Rusiya ilə Azərbaycan arasında münasibətlər çox geniş xarakter daşıyır. Biz bütün sahələrdə - istər siyasi, istər iqtisadi, istər mədəni, istərsə də elmi sahələrdə çox fəal əməkdaşlıq edirik. Təbii ki, humanitar, insani münasibətlər də var. Azərbaycanda çoxlu rus yaşayır, onlar Azərbaycanın yerli sakinləridir. Ancaq Rusiyada da çoxlu azərbaycanlı yaşayır. Doğrudur, onların az bir qismi Rusiyanın yerli sakinləridir, amma tale onları oraya aparmışdır və orada artıq 30, 40, 50 ildir yaşayırlar. Bəziləri isə oraya son illərdə köçüb getmişlər. Bu, bir amildir, lakin yeganə amil deyildir.

Biz suveren dövlətlərik. Hər bir dövlətin öz imkanları var, bununla bərabər, problemləri də var. Mal mübadiləsi, ticarət və şübhəsiz, insani əlaqələr sərhəd xidmətlərinin fəaliyyətini də şərtləndirir. Azərbaycanda sərhəd qoşunları gəncdir. Siz bilirsiniz ki, o illərdə, Sovetlər ittifaqının mövcud olduğu illərdə sərhəd qoşunlarında azərbaycanlılar çox az idi. Onlar oraya əsgəri xidmətə nədənsə çox az göndərilirdi.

Mən burada, Azərbaycanda, sonra isə Moskvada işləyərkən bunun nə üçün belə olduğunu başa düşmürdüm. Lakin bizdə o vaxtdan bir qoca sərhədçi qalmışdı. Azərbaycanda bir neçə belə sərhədçi vardı. 70-ci illərdə mən onları dəstəkləməyə çalışırdım ki, sərhədin mühafizəsinə öz töhfəsini verə bilsinlər. O vaxtlar isə Azərbaycanın bir sərhədi vardı, o da yalnız İranla idi. Bu, Sovetlər İttifaqının sərhədi idi. İndi isə Azərbaycanın sərhədi böyükdür - bu sərhəd İranla, Rusiya ilə,

Gürcüstanla, Ermənistanladır. Doğrudur, Ermənistanla sərhəd hərbi münaqişə nəticəsində pozulmuşdur. Ölkənin sərhədlərinin mühafizəsini təmin etmək üçün nə qədər qüvvə, nə qədər imkan lazımdır, nə qədər kadrlar lazımdır! Bu gün onlar çatışmır və hesab edirəm ki, öz milli kadrlarımızın - sərhəd xidməti zabitlərinin yetişməsi üçün bizə hələ vaxt lazımdır. Əlbəttə, əsgərlər də gərəkdir, özü də təkcə əsgərlər yox. Xatirimdədir, o illərdə sərhəd dəstələrində zabit və əsgərlərlə yanaşı elə adamlar da vardı ki, onlar bəlkə də zabit rütbəsinə malik deyildilər, amma illərlə eyni bir sahədə xidmət edirdilər. Əslində, yerli sakinlər idilər. Sərhəd qoşunlarında belə ənənələr olmuşdur.

Azərbaycan Rusiya ilə ən xoş, mehriban münasibətlərə malik olaraq istəyir ki, sərhəddə də hər şey öz qaydasında olsun. Bizim Rusiya ilə sərhədimiz neçə kilometrdir?

Konstantin Totski: 375 kilometr. Böyük sərhəd deyildir. İranla isə çox - 1000 kilometrdir. Yəni Rusiya ilə sərhəd böyük deyildir. Lakin Şimali Qafqazda vəziyyətin mürəkkəbliyi nəzərə alınarsa, ümumiyyətlə Sovetlər İttifaqı dağıldıqdan və yeni müstəqil dövlətlər yarandıqdan sonra bir çox regionlarda olduqca mürəkkəb proseslərin getdiyi, bu proseslərin sərhədi pozan müxtəlif silahlı qrupların, cinayətkar qrupların yaranması, qaçaqmalçılıq, narkotiklərin daşınması və s. ilə müşayiət olunması nəzərə alınarsa, indi sərhəddə xidmət xeyli mürəkkəbdir.

Sizin hamınız yəqin ki, keçmiş vaxtda da sərhəd qoşunlarında xidmət etmisiniz. O vaxtlar Sovetlər İttifaqının sərhədi qapalı idi - ikiqat tikanlı məftil, şumlanmış zolaq vardı. Mən bunların hamısını xatırlayıram. Hətta oradan tülkü də qaçsaydı, sərhədin pozulması haqqında siqnal daxil olur və bütün zastava ayağa qalxırdı. Özü də təkcə zastava deyil, komendatura da ayağa qalxırdı. Mən Dövlət Təhlükəsizliyi Komitəsində işləyərkən bir dəfə Biləsuvar rayonu ərazisində sərhəd pozulmuşdu.

Güman edirdilər ki, İrandan kimsə keçmişdir. Hamısı səfərbər etmişdilər, mən özüm bir neçə gün orada oldum. Hesab edirdik ki, hansısa casus keçmişdir. Bir neçə gündən sonra aydın oldu ki, kimsə bir nəfər səmti itirərək sərhədi keçmiş, sonra isə yarğana düşüb həlak olmuşdur. Bunu aydınlaşdırmaq üçün nə qədər vaxt lazım oldu! Mən bununla onu demək istəyirəm ki, o zaman sərhəd belə idi, onu son dərəcə ciddi qoruyurdular. İndi isə bu cür deyildir. Yəqin ki, sizdə də belə deyildir. Ona görə də bu, şübhəsiz ki, daha böyük səylər, daha çox qarşılıqlı fəaliyyət tələb edir.

Mən sizdən belə bir məlumatı eşitməkdən şadam ki, sizcə Azərbaycanın sərhəd qoşunları xidməti ilə qarşılıqlı fəaliyyətiniz yaxşı vəziyyətdədir. Bizim sərhədçilərimiz də mənə eyni məlumatı verirlər. Bu, məni sevindirir. Mən artıq demişəm və bu gün də deyirəm ki, əvvəla, həm siz tərəfdən, həm də biz tərəfdən sərhədin mühafizəsinin vəziyyətini yaxşılaşdırmaq üçün, ikincisi, əlbəttə ki, Şimali Qafqazdakı şəraiti nəzərə alaraq, heç bir yaraqlıları, quldurları buraxmamaq, silah keçirilməsinə və s. yol verməmək üçün biz öz tərəfimizdən mümkün olan hər şeyi etməliyik və edəcəyik.

Siz 9 il bundan öncə Naxçıvandakı görüşümüzü xatırladınız. O zaman mürəkkəb dövr idi. Çox mürəkkəb dövr idi, ancaq siz düz dediniz, onda elə vaxt idi ki, bizim harada - Sovetlər İttifaqında və ya müstəqil dövlətdə olduğumuzu başa düşmürdülər. Müxtəlif qüvvələr, müxtəlif qruplar fəaliyyət göstərirdi. O zaman Azərbaycanda vəziyyət xüsusilə mürəkkəb idi. Siz yəqin ki, bu gün Şəhidlər Xiyabanında olmusunuz. 1990-cı ildə Bakıda Azərbaycan xalqına qarşı böyük cinayət törədilmişdi: buraya qanunsuz olaraq qoşunlar yeridilmiş, çoxlu adam məhv etmişdilər. Sonra isə Ermənistanla Azərbaycan arasında müharibə başlandı.

Sovetlər İttifaqının rəhbərliyi bu münaqişənin həllində Azərbaycan barəsində ədalətsizlik edirdi. Bütün bunlar Azərbaycanda vəziyyəti son dərəcə

kəskinləşdirmişdi. Burada çox mürəkkəb vəziyyət yaranmışdı. Ancaq biz bütün bunlara dözdük, aradan qaldırdıq. İndi artıq sərhədlər müəyyən edilmiş, normal münasibətlər yaranmışdır.

Biz həmişə narahat olmuşuq və bu gün də narahatıq ki, Rusiya mətbuatında bəzən ayrı-ayrı vəzifəli şəxslərin, hərbçilərin dilindən çıxan belə xəbərlər verilir ki, guya terrorçular, yaraqlılar Çeçenistana, Şimali Qafqaza Azərbaycandan keçib gedirlər. Mən 1996-cı ili xatırlayıram, o vaxtlar belə xəbərlər, bəyanatlar çox idi. Belə olduqda mən general Nikolayevdən, - zənnimcə o, həmin vaxt komandan idi, - xahiş etdim ki, buyurun, buraya briqadanızı göndərin. Əvvəla, sərhəd hər iki tərəfdən - həm Azərbaycan tərəfdən, həm də Dağıstan ərazisində Rusiya tərəfdən qorunur. Əgər Azərbaycan öz ərazisindən nə isə buraxırsa, deməli, Rusiya sərhədçiləri heç nə buraxmamalıdırlar. Amma əgər Azərbaycan buraxırsa və Rusiya sərhədçiləri də buraxırsa və siz yalnız Azərbaycanı təqsirləndirirsinizsə, bu, ədalətsizlikdir.

Bununla belə, o vaxtlar mən dəfələrlə bəyan etmişdim: Azərbaycandan orada nəyinsə keçdiyini sübut edən bir misal göstərin, bir fakt verin. Bəziləri başladılar deməyə ki, bilirsiniz, adamlar hansısa cığırlarla keçib gedirlər. Belə olduqda mən general Nikolayevdən briqada göndərməyi xahiş etdim. Mən general Kojevnikovu burada görməyə şadam. O vaxt o, kifayət qədər böyük bir briqadanın başında Azərbaycana gəlmişdi və bir neçə gün, mənaca, təxminən bir həftə burada oldu, hər şeyi nəzərdən keçirib yoxladı, sonra biz sizinlə elə bu salonda görüşdük və sizdən belə bir məlumat aldım ki, bu barədə faktlar yoxdur.

O vaxtlar ötüb keçdi, Çeçenistanda sanki sülh bərqərar edildi. Amma yeni müharibə başladı. Yenə də qəzetlərdə, televiziyada ardı-arası kəsilmədən xəbərlər, informasiyalar, bəzən də Rusiya Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin dilindən bəyanatlar verilməyə başlandı. Mən bir neçə dəfə demişəm və bu gün də deyirəm ki,

Şimali Qafqazda, Çeçenistanda qayda-qanun yaratmalı olan adamlar bunu indiyədək edə bilmirlər. Öz əməllərinə haqq qazandırmaq üçün belə bir bəhanə tapırlar ki, bəs, "yaraqlılar Azərbaycandan keçib gəlirlər. 1987-88-ci ildən bəri biz özümüz terrorçulardan, yaraqlılardan əzab-əziyyət çəkirik. Biz həmişə separatizmin əleyhinə olmuşuq. Biz heç bir separatizmi dəstəkləmirik. Əgər Rusiya separatizmə qarşı mübarizə aparırsa, orada terrorçular, özü də beynəlxalq terrorçular varsa, biz oraya nəyisə necə buraxa bilərik? Lap tutaq ki, haradansa nəsə keçibsə, - təkrar edirəm, axı, sərhəd keçmişdəki səviyyədə qorunmur, - bu, daha bizim sərhədçilərin günahı deyildir. Azərbaycan dövlətinin günahı deyildir. Sadəcə, təsadüfi bir haldır. Üstəlik, belə halları, belə faktları aşkara çıxara bilməmişlər.

Mən bilirəm ki, Rusiya Federasiyasının sərhəd xidməti bu baxımdan ədalətli mövqe tutur. O vaxtlar general Kojevnikov hər şeyi nəzərdən keçirib yoxladıqdan sonra çox obyektiv nəticələr çıxardı və məncə, öz komandanlığına məlumat verdi. Nəhayət, bizim adamlar sizin nümayəndələrinizlə görüşürlər. Mənə də məlumat verilib ki, sərhəd qoşunları obyektiv mövqe tuturlar. Amma, təəssüflər olsun, Müdafiə Nazirliyindəki ayrı-ayrı komandirlərin obyektiv mövqe tutduqlarını deyə bilmərəm. Onlar bəzən elə yalan məlumat verirlər ki! Əgər onlar bununla öz acizliyini və ya köməksizliyini doğrultmaq istəyirlərsə, Rusiya ilə Azərbaycan arasında münasibətlərə çox böyük ziyan vurur, Rusiyada - qəzetlərdə, televiziyada ictimai rəy yaradırlar. Hər hansı bir general televiziya ilə çıxış edib "Azərbaycandan yaraqlılar keçir" deyən kimi ictimaiyyət buna inanır, bu, bizim üçün xoşagəlməz vəziyyət yaradır.

Ona görə də mən Rusiyanın və Azərbaycanın sərhəd qoşunları, komandanlığı arasında mövcud olan əməkdaşlıqdan razıyam. Mən buna şadam. Çalışacağam ki, bu əməkdaşlıq daha uğurlu olsun. Bununla belə, fürsətdən istifadə edərək, bu gün bunları deməyi lazım bildim.

Ümumiyyətlə, sərhəd xidməti çox maraqlı, çox fəxri xidmətdir. Sərhədçi gördükdə məndə həmişə xüsusi hörmət hissləri yaranır. Çünki mən sərhəddə doğulmuşam və böyümüşəm. Hələ yeniyetmə çağlarımda mən yaşıl furajkalı sərhədçi əsgərlərin arxasınca qaçırdım. Xoşuma gəlirdi, mən onlara baxırdım. Sonra tale elə gətirdi ki, mən dövlət təhlükəsizliyi orqanlarında xidmət etdim. Biz hamımız - sərhəd qoşunları, başqaları birlikdə olurduq. Sərhəd xidmətinin inkişafı üçün mən orada da çox qüvvə sərf etmişəm.

Azərbaycanda rəhbər işlədiyim illərdə sərhəd zastavalarmı düzəltdirmişdim. Zaqafqaziya hərbi dairəsindən mənə tez-tez müraciət edirdilər. Ona görə müraciət edirdilər ki, Sovetlər İttifaqının Dövlət büdcəsindən buraxılan vəsait çatışmırdı. Mən zastavalar, sərhəd dəstələri komendantlıqları üçün yerli büdcədən, Azərbaycanın büdcəsindən vəsait ayırırdım. Hətta yadımdadır, bir dəfə mən bu barədə xüsusi qərar qəbul etmişdim. Sərhəd zonasında olarkən zastavalara, sərhəd qoşunlarına, sərhəd dəstələrinə hökmən baş çəkirdim. Mən bütün sərhəd dəstələrini əzbər bilirdim. Onların tarixini də bilirəm.

Sərhəd xidməti çox fəxri, doğrudur, həm də çox ağır və mürəkkəb xidmətdir. O illərdə, müharibə olmayan, hərbi əməliyyatlar olmayan dövrdə mən bizim hərbçilərlə, - o vaxtlar burada çoxlu hərbçi, general vardı, görüşürdüm. Onlara deyirdim: bilirsiniz, siz xidmət edirsiniz, müharibə etmirsiniz, siz sakit yatırsınız, döyüşə getmirsiniz, döyüş əməliyyatları aparmırsınız. Sərhəd qoşunları isə həmişə ön xətdədirlər. Sərhəddə toqquşmalar baş verməsə də, o vaxt mövcud olmuş rejim, ciddi rejim sərhədçilərdən o dövrün digər bütün hərbi qulluqçularından daha çox şey tələb edirdi. Doğrudur, indi də böyük müharibə yoxdur, amma hərbi qüvvələrin cəlb edildiyi bəzi münaqişələr var, o cümlədən Şimali Qafqazda. Təəccüblüdür ki, bu qədər vaxt keçib, amma bu münaqişə hətta hərbi qüvvənin tətbiqi yolu ilə də həll edilə bilmir. Bu, təəccüb doğurur.

Bizim rəis mənə məlumat verdi ki, siz bəzi məsələlər barəsində fikir mübadiləsi aparmısınız. Mən onlarla da razıyam. Sizin mənə hansısa suallarınız varmı?

Konstantin Totski: Sağ olun, sualımız yoxdur. Hörmətli Heydər Əliyeviç, biz həmkarlarımızla bəzi məsələləri müzakirə etdik. Mən, sadəcə olaraq, prezident kimi Sizə bir daha məlumat vermək istərdim ki, azərbaycanlı həmkarlarımızın fəaliyyətini müsbət qiymətləndiririk. Mən bunu heç də təkcə burada demirəm, sərhədin Rusiya-Azərbaycan sahəsində vəziyyəti necə gördüyümüz barədə və Azərbaycan sərhədçilərinin vicdanla işlədikləri barədə Vladimir Vladimiroviç Putinə iki dəfə məlumat vermişəm. Ötən ilin avqustunda Dağıstanda döyüş əməliyyatları başlandığı vaxtdan bəri sərhədin mühafizəsini gücləndirmək üçün görülən tədbirlər barədə o vaxtlar baş nazirə də məlumat vermişdim. Rusiya-Azərbaycan sərhədində vəziyyət haqqında Vladimir Vladimiroviç Putinə axırıncı məlumatım may ayında olmuşdur. Mən ona məlumat verərək bildirdim ki, Azərbaycan sərhədçiləri vicdanla işləyirlər, bu məsələdə bizim aramızda qarşılıqlı anlaşma var. Mən Sizə bu barədə məlumat vermək istəyirdim.

Heydər Əliyev: Sağ olun.