Azərbaycan Prezidenti Heydər Əliyevin Fransanın aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələrinə bəyanatı - Paris, "Krion" mehmanxanası, 27 mart 1997-ci il


Hörmətli qonaqlar, mən sizi salamlayıram. Bilirsiniz ki, mən Parisə dünən axşam gəlmişəm. Buraya gəlməyim bir neçə məsələ ilə bağlıdır. Mən bir neçə saat bundan əvvəl Fransanın prezidenti cənab Jak Şirakla görüşdüm və çox ətraflı söhbət etdim. Bu gün saat 4-də xarici işlər naziri cənab Erve de Şarett ilə görüşəcəyəm. Bu gün axşam isə görkəmli musiqiçi, böyük ictimai xadim, bizim dostumuz Mstislav Rostropoviçin 70 illiyinə həsr olunmuş mərasimlərdə iştirak edəcəyəm.

Bilirsiniz ki, Mstislav Rostropoviç Bakıda anadan olubdur. Onun valideynləri uzun müddət Azərbaycanda, Bakıda işləyiblər. O, bizim yaxın dostumuzdur və 70 illik yubileyi münasibətilə məni şəxsən bu mərasimlərə dəvət edibdir. Mən bu dostluq əlaqələrinə görə də bu gün onun 70 illik yubileyində iştirak edəcəyəm.

Gecə mən buradan Moskvaya gedəcəyəm. Sabah səhər saat 11-də Kremldə Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrin dövlət başçılarının görüşüdür. Şübhəsiz ki, mən bu görüşdə iştirak edəcəyəm. Sonra Moskvada bir neçə görüşlərim olacaqdır. O cümlədən, Rusiyanın prezidenti Boris Yeltsinlə də görüşüm nəzərdə tutulur.

Mən Parisə gələrkən Azərbaycanın Fransadakı səfiri xanım Hüseynova burada mətbuat nümayəndələrinin mənimlə görüşmək istədiyi barədə mənə müraciət etdi. Mətbuat nümayəndələrinə həmişə böyük hörmət bəslədiyimə görə mən bu təklifi qəbul etdim və sizinlə bir yerdəyəm. Bilirəm ki, adətən siz suallar verirsiniz. Görüşümüzün daha səmimi və canlı keçməsi üçün bu gün sizə səhər yeməyi də təşkil etmişəm.

Jak Rumelar (Fransa Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri): Cənab prezident, mən öz həmkarlarım adından Sizə "Fransaya xoş gəlmisiniz" demək istəyirəm. Biz ümid edirik ki, Sizin Parisə bu səfəriniz xoş keçəcəkdir. Bakıda anadan olmuş Mstislav Rostropoviçin sənətinə verdiyiniz qiyməti də biz Sizinlə bölüşdürürük. Onu da qeyd edirəm ki, jurnalistlərin suallarında və onlara verəcəyiniz cavablarda bizim ümumi marağımız vardır. Cənab prezident, bizi buraya dəvət etdiyiniz üçün çox sağ olun.

Sual: Cənab prezident, Jak Şirakla görüşünüz zamanı əsasən musiqi, yoxsa neft haqqında danışdınız?

Cavab: Yox, musiqi haqqında danışmadıq. Musiqi barədə danışacağıq. Neft haqqında bir az danışdıq. Ancaq əsas danışığımız Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsi məsələsinə həsr olunmuşdu.

Bilirsiniz ki, ATƏT-in üzvü olan ölkələrin dövlət başçılarının Lissabon Zirvə görüşündən sonra Fransa Minsk konfransının həmsədrlərindən biridir. Yanvarın 13-də Fransada rəsmi səfərdə olarkən mən prezident Jak Şirakla bu barədə ətraflı söhbət aparmışdım. İndi isə artıq Fransa Minsk konfransının həmsədridir. Bilirsiniz ki, Minsk konfransı Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsi üçün yaradılıbdır. Fransa Minsk konfransının həmsədri olduğuna görə biz söhbətimizi daha da konkretləşdirdik.

Sual: Mənim sualım Minsk qrupu ilə əlaqədardır. Deyirlər ki, Azərbaycan ümumiyyətlə Minsk konfransında Amerika Birləşmiş Ştatlarının həmsədrliyinə üstünlük vermək istəyir.

Cavab: Minsk qrupunun həmsədrliyində dəyişiklik bir prosesdir. Bilirsiniz ki, həmsədrlərdən biri Rusiya, digəri Finlandiya idi. Finlandiya bu həmsədrlikdən uzaqlaşandan sonra, şübhəsiz ki, onun yerini kimin tutacağı müzakirə olunurdu. Sevindirici haldır ki, bir neçə dövlət bu məsələyə çox böyük maraq göstərdi. Mən bunu çox müsbət qiymətləndirirəm. Demək, həmin dövlətlər bu münaqişənin həll olunmasını və bu prosesdə iştirak etmək istəyirlər. O cümlədən, Amerika Birləşmiş Ştatları da, Fransa da bu məsələdə öz namizədliyini irəli sürmüşdü. Almaniyanın da namizədliyi var idi. Ona görə də bir müddət müzakirə getdi və sonra qərar qəbul edildi ki, üç həmsədr olsun. Rusiya əvvəldən də həmsədr idi. Sonradan isə, həm Fransa, həm də Amerika Birləşmiş Ştatları həmsədr oldular. Bu, çox yaxşı bir qərardır. Hesab edirəm, bu, yaxşı nəticə verməlidir. Biz bundan məmnunuq və əməli nəticləri gözləyirik.

Təsəvvür edin, dünyanın üç böyük dövləti: Rusiya, Fransa, Amerika Birləşmiş Ştatları Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması ilə məşğul olmağa maraq göstərmişlər. Bu, bizi sevindirir. Mən inanıram ki, bu üç ölkə məsələnin həll olunmasında həmsədr kimi çox yaxşı iş görə bilər və nəhayət, bu münaqişəyə son qoymaq olar.

Sual: Cənab prezident, bu mövzunu davam etdirərək Sizdən soruşmaq istəyirəm. Sabah Siz ermənistanlı həmkarınızı Moskvada görəcəksiniz. Dağlıq Qarabağın başçısının Ermənistanın baş naziri təyin edilməsinə Siz neçə baxırsınız?

Cavab: Cənab Ter-Petrosyanla sabah mən Moskvada görüşəcəyəm. Birincisi, dövlət başçılarının toplantısında biz birlikdə iştirak edəcəyik. Onunla telefonla danışmışıq və razılaşmışıq ki, toplantıdan sonra bizim fərdi görüşümüz olacaqdır. Ermənistanın baş nazirinin təyin olunmasına gəldikdə isə, biz onu Dağlıq Qarabağdakı erməni icmasının başçısı kimi tanıyırıq. Koçaryanın Ermənistana baş nazir təyin edilməsi çox qeyri-adi bir haldır. Çünki Dağlıq Qarabağ Ermənistanın tərkibində deyil. Dağlıq Qarabağ hüquqi cəhətdən Azərbaycanın tərkibindədir. O, faktiki olaraq Azərbaycanın tabeliyindən çıxmış olsa da, dünyada heç kəs onu tanımır. Ona görə də Ermənistanın vətəndaşı olmayan bir şəxsin - Azərbaycanın bir hissəsi olan Dağlıq Qarabağda erməni icmasına başçılıq edən, özünü qeyri-qanuni olaraq "prezident" elan etmiş bir şəxsin Ermənistanın baş naziri təyin olunması mənfi bir haldır.

Mən məmnunam ki, Fransa hökuməti bu məsələyə öz münasibətini bildiribdir. Fransanın Xarici İşlər Nazirliyi bu barədə bəyanat veribdir. Bəyanatda da göstərilir ki, onlar bu hadisəni bəyənmirlər. Cənab Jak Şirak da bu gün bu barədə mənə dedi. O, qeyd etdi ki, qətiyyən imkan vermək olmaz ki, Koçaryan Ermənistanın baş naziri olaraq, eyni zamanda Dağlıq Qarabağın başçısı kimi qalsın.

Sual: Cənab prezident, indicə Siz üç böyük ölkənin ABŞ-ın, Fransanın, Rusiyanın bu problemin həlli sahəsindəki səylərindən danışdınız. Sizdə belə bir təəssürat yaranmırmı ki, hazırda dünyada fövqəldövlət vardır və o, hər bir şeyin həllində inhisarı öz əlinə almaq və hamıya öz hökmünü diktə etmək istəyir?

Cavab: Bilirsiniz, bizdə belə bir təəssürat yoxdur. Şübhəsiz ki, Amerika Birləşmiş Ştatları böyük bir dövlətdir. Amma Fransa da, Rusiya da böyük dövlətlərdir. Dünya Birliyində hər bir dövlətin özünəməxsus yeri vardır. Dediyiniz fikirləri bəlkə də siz hiss edirsiniz. Amma biz kiçik bir dövlətik. Bizim üçün böyük dövlətlərin hamısı böyük dövlətdir. Hansının daha böyük, hansının daha kiçik dövlət olmasının bizim üçün o qədər də fərqi yoxdur.

Sual: Bu üç dövlətin Minsk qrupunda rəhbərliyindən Siz razısınızmı, onların neytral münasibəti Sizi qane edirmi? Yaxud bu dövlətlərdən hər hansı birinin Azərbaycana, Ermənistana daha yaxın olacağı və ya üstünlük verəcəyi barədə nə deyə bilərsiniz?

Cavab: Bilirsiniz, mən deyə bilmərəm ki, indiyədək olan işlərdən tam razıyam. Əgər bu məsələ həll edilmiş olsaydı, onda deyə bilərdim ki, mən tam razıyam. Çünki 1994-cü ilin mayında, təxminən üç il bundan əvvəl biz Ermənistanla Azərbaycan arasında atəşin dayandırılması haqqında saziş imzalamışıq. 1997-ci ilin mayında bunun üç ili tamam olacaqdır. Üç ildir ki, atəş yoxdur. Qan tökülmür. Bu yaxşı bir haldır. Ancaq bu üç il elə bir vaxtdır ki, bu müddətdə həmin münaqişəni həll etmək mümkün idi. Əgər bu münaqişəni həll edə bilməmişiksə, bizim özümüzün də, şübhəsiz ki, burada günahımız var, eyni zamanda bu məsələni həll etmək üçün yaradılmış Minsk qrupunun, xüsusən həmsədrlərin də böyük günahı vardır.

Fransa ilə Amerika bu ilin fevral ayında həmsədr olmuşlar. Onlar hələ bir iş görə bilməyiblər. Ancaq prezident Jak Şirakla bugünkü danışığımızdan mən belə bir fikrə gəldim ki, Fransa bu məsələ ilə çox ciddi məşğul olmaq istəyir. Bunu nümayiş etdirən faktlardan biri də ondan ibarətdir ki, Fransanın xarici işlər naziri cənab Erve De Şarett bu ayın axırında bizim bölgəyə gələcək, Ermənistanda, Azərbaycanda və Moskvada olacaqdır. Həmsədr təyin olunandan sonra Fransanın xarici işlər nazirinin dərhal regiona səfər etməsinin özü müsbət haldır, eyni zamanda çox ümidverici haldır.

Bir daha qeyd edirəm, prezident Jak Şirakla bu gün bizim söhbətimizin əsas hissəsi bu mövzuya həsr olunmuşdu. Prezident Jak Şirakın fikirləri, mülahizələri məni rahat etdi və çox böyük ümidlər verdi. Ona görə də mən gələcək aylara çox nikbinliklə baxıram. Hesab edirəm ki, Fransanın təşəbbüsü, yəni xarici işlər naziri cənab Erve De Şarettin regiona gəlməsi digər həmsədrlər üçün də nümunə olacaqdır.

Sual: Gürcüstandan və Ermənistandan fərqli olaraq Siz rus qoşunlarının öz ərazinizdə qalmasına etiraz etmisiniz. Bundan əlavə, bizə elə gəlir ki, Rusiya ilə sizin aranızda Xəzər dənizinin statusu ətrafında da müəyyən mübahisə vardır. Yəni Rusiya Sizin ölkənizi öz təsir dairəsinə salmaq iradəsini göstərməkdən çəkinmir. Sabah Siz Müstəqil Dövlətlər Birliyinin Zirvə toplantısında olacaqsınız. Orada öz ölkənizin istədiyiniz xəttini qorumaq imkanını necə görürsünüz və bu xətti qoruyarkən Sizi kim dəstəkləyəcəkdir, Siz kimə arxalanacaqsınız?

Cavab: Ermənistandan, Gürcüstandan fərqli olaraq bizdə, Azərbaycanda Rusiya hərbi hissələrinin, qoşunlarının olmaması bizim tam müstəqilliyimizi nümayiş etdirir. Rusiyanın hərbi hissələrinin, qoşunlarının Azərbaycanda olmasına hazırda heç bir ehtiyac yoxdur. Mən bilmirəm, Rusiya nə üçün Gürcüstanda, Ermənistanda hərbi hissələrini saxlayır? Rusiyanın hazırda çox böyük problemləri, o cümlədən ordu sahəsində də problemləri vardır. Belə olan halda Rusiyanın öz ölkəsindən başqa, digər müstəqil ölkələrdə - Ermənistanda, Gürcüstanda ordu saxlaması heç bir məntiqə uyğun deyildir. Ona görə də mən bunu düzgün hesab etmirəm. Hətta mən buna etiraz edirəm.

Xəzər dənizi məsələsində Rusiya ilə bizim aramızdakı mübahisələrə gəldikdə isə, buna real yanaşsanız, elə bir mübahisə yoxdur. Rusiyanın bəzi dairələrində dünyanın, Qərb ölkələrinin neft şirkətləri ilə Azərbaycanın müqavilə bağlamasına qısqanclıq edilir. Amma buna da əsas yoxdur. Çünki indiyədək imzalanmış beş müqavilənin üçündə Rusiyanın böyük neft şirkəti olan "LUKoyl" da iştirak etmişdir. Nə üçün qısqandıqlarını mən bilmirəm. Nəhayət, Rusiya çox narahat idi ki, biz neftin dünya bazarına ixracı üçün çəkiləcək neft kəmərini başqa istiqamətdə aparacağıq. Biz isə qərar qəbul etdik ki, neftin dünya bazarına çıxarılması üçün eyni zamanda iki neft kəməri tikilsin, onlardan biri Rusiyanın ərazisindən Qara dənizdəki Novorossiysk limanına, ikincisi Gürcüstanın ərazisindən Qara dənizdəki Supsa limanına getsin. Yəni biz burada da Rusiyanın marağını təmin etmişik.

İş burasındadır ki, biz artıq şimal istiqmətində, Rusiyanın ərazisindən kecərək neft kəmərinin Azərbaycandakı hissəsini tikmişik. Konsorsiuma daxil olan şirkətlər bu kəmərin tikintisinə 50 milyon ABŞ dolları xərcləyiblər. Amma Rusiya tərəfi bu nefti qəbul etməyə hazır deyildir. Biz bu neft kəmərini nəinki tikmişik, hətta həmin borunun içərisini neftlə də doldurmuşuq. Biz Rusiya ilə danışıqlar aparırıq ki, onlar bu nefti qəbul etsinlər.

İki gün bundan əvvəl mən Ukraynada rəsmi səfərdə idim. Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti də mənimlə Kiyevdə idi. Mən onu Moskvaya göndərdim ki, gedib Rusiya ilə danışıqlar aparsın. Sabah mən Moskvaya gedən kimi o, bu danışıqların nəticəsi barədə mənə məlumat verməlidir.

Görürsünüz, biz öz müstəqilliyimizi, milli mənafelərimizi qoruyuruq. Ancaq qonşu dövlətlərin maraqlarına da imkan daxilində lazımi şərait yaradırıq. Ona görə də Rusiya tərəfinin bu məsələ barəsində Azərbaycandan narazı olmağa haqqı yoxdur.

Sual: Cənab prezident, Sizə bir sual da vermək istəyirəm. Açıq-aydın görünür ki, cənab Yeltsin NATO-nun genişlənməsindən söhbət gedəndə narazılığını bildirir və xüsusən üç Baltikyanı ölkəyə NATO-nun genişlənməsini istəmir. Siz ukraynalı həmkarınızla görüşmüsünüz. O, bir qədər əvvəl Fransada olarkən dedi ki, NATO-nun genişləndirilməsinə tərəfdardır. Bəs şəxsən Siz NATO-nın genişlənməsinə necə baxırsınız? Sizə elə gəlirmi ki, cənab Yeltsin bu sahədə çox müqavimət göstərə bilər?

Cavab: Cənab Boris Yeltsin cənab Bill Klintonla Helsinkidə görüşdü. Bu məsələlər müzakirə olundu. Cənab Yeltsin bu məsələlər barəsində sabah bizə məlumat verməlidir. O, bu məlumatı verəndən sonra mən bu barədə fikrimi deyə bilərəm.

Sual: Cənab prezident, mənim Sizə sualım Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin dövlət başçılarının sabah keçiriləcək Zirvə toplantısı ilə əlaqədardır. Bilirsiniz ki, cənab Yeltsinin səhhəti ilə əlaqədar olaraq bu Zirvə toplantısının keçirilməsi vaxtı bir neçə dəfə dəyişdirilmişdir. Mən bilmək istəyirəm ki, bu Zirvə toplantısında Azərbaycanın maraqları özünü necə göstərir? Ümumiyyətlə, Siz necə düşünürsünüz, ölkənizin gələcək inkişafında Avropaya meyliniz daha çoxdur, yoxsa Rusiya ilə birlikdə qalsanız Azərbaycanın milli maraqları öz həllini necə tapacaqdır?

Cavab: Birincisi, MDB-nin üzvü olan ölkələrin dövlət başçılarının Zirvə görüşü həqiqətən çoxdandır ki, keçirilmir. Boris Yeltsinin səhhəti ilə əlaqədar olaraq bu toplantı bir neçə dəfə təxirə salınıbdır. Hesab edirəm ki, sabahkı Zirvə görüşündə geniş fikir mübadiləsi aparılacaqdır. Biz isə hər dəfə olduğu kimi, sabah da Azərbaycanın milli mənafelərini qoruyaraq, eyni zamanda Müstəqil Dövlətlər Birliyində əməkdaşlığın inkişaf etdirilməsi üçün öz səylərimizi göstərəcəyik.

Siz soruşdunuz ki, biz Rusiya ilə qalmaq, yaxud Avropaya meyl etmək istəyirik. Mən buna bir balaca aydınlıq vermək istəyirəm. Elə Rusiya da Avropadır. Azərbaycan Avropaya daxil olan ölkədir. Biz Avropanın bütün strukturlarına daxil olmaq istəyirik. Biz, məsələn, Avropa Şurasına üzv olmaq istəyirik. Respublikamızı oraya xüsusi qonaq statusu ilə qəbul edirlər. Ancaq güman edirəm ki, bu ilin may-iyun aylarında bizim ona həqiqi üzv olmağımız məsələsi həll ediləcəkdir.

Keçən ilin aprel ayında biz Lüksemburqda Avropa Birliyi ilə əməkdaşlıq haqqında saziş imzalamışdıq. Biz Avropa Birliyinin bütün strukturları ilə əməkdaşlıq etmək istəyirik. Biz Avropa Birliyinin İqtisadi Komissiyası ilə yaxşı əməkdaşlıq edirik. Bunlar bizim Müstəqil Dövlətlər Birliyi ilə, o cümlədən Rusiya ilə ikitərəfli, qarşılıqlı surətdə əməkdaşlığımıza heç də zidd deyildir.

Biz müstəqil dövlətik və istəyirik ki, müstəqillikdən irəli gələn bütün hüquqlarımızdan tam istifadə edək. Hesab edirəm ki, hansısa bir başqa dövlət buna mane olmamalıdır.

Sual: Cənab prezident, mənim bildiyimə görə, bu günədək Azərbaycanın böyük ordusu olmayıbdır. Neft satışından gələn gəlirin müəyyən hissəsini belə ordu yaratmaq üçün istifadə etmək fikriniz varmı?

Cavab: Yox! Biz neft istehsalından gələn gəliri ölkəmizin iqtisadiyyatının və xalıqmızın sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəltməyə çalışırıq. Biz sülhsevər siyasət aparırıq və istəyirik ki, qonşu dövlətlərin hamısı ilə dostluq, mehribanlıq əlaqələrimiz olsun, böyük ordu saxlanmasına ehtiyac olmasın.

Ermənistan ilə münaqişəni aradan qaldırandan sonra bizim sülhsevər siyasətimiz daha da uğurlu ola bilər.

Sual: Cənab prezident, sizinlə qonşu olan bir dövlət də var, onun haqqında danışmamışıq. Bu, İran dövlətidir... Cənab prezident, bilmək istərdim ki, İrana Siz necə baxırsınız, ümumiyyətlə, İrandan inqilabın ixrac edilməsi faktı, prosesi olubmu? Ümumiyyətlə İranın gələcək inkişafını necə görürsünüz?

Cavab: İran bizim böyük qonşumuzdur. Bizim İranla çox böyük sərhədimiz var. İranda da çoxlu azərbaycanlı yaşayır. Bəzi məlumatlara görə, İranda 30 milyona qədər azərbaycanlı yaşayır. Elə bilməyin ki, siz burada, Fransada hər şeyi bilirsiniz. Çox şeyi bilmirsiniz.

Jurnalist: Siz bu 30 milyonu deyəndə mənşəcə azərbaycanlı olan iranlıları nəzərdə tutursunuz?

Cavab: Əlbəttə, azərbaycanlıları deyirəm. Necə mənşəcə? Bunlar həqiqi azərbaycanlıdırlar. Tarixən Azərbaycan keçmişdə bir olubdur. XIX əsrin əvvəlində Rusiya ilə İran arasında gedən müharibələr nəticəsində Azərbaycan iki yerə parçalanıbdır. Onun çox hissəsi İranın tərkibində qalıb, indi də oradadır. Az hissəsi Rusiyanın tərkibində qalıb. Rusiyanın tərkibində olan həmin o Azərbaycan da indi bizim yaşadığımız Azərbaycandır. Bizim aramızda ancaq Araz çayı var. Bəzi yerlərdə heç Araz çayı da yoxdur. İranda olan kəndlə bizim kəndin arasında yüz metrlik məsafə var. Ona görə də sərhədimizin İran tərəfində olan əhalinin hamısı azərbaycanlıdır. Bunu siz bilməlisiniz.

Ancaq şübhəsiz ki, onlar İran vətəndaşlarıdır. Biz hər bir ölkənin ərazi bütövlüyünü tanıdığımız kimi, İranın da ərazi bütövlüyünü tanıyırıq. Ona görə də İran ilə bizim aramızda yaxşı, mehriban dostluq əlaqələri var. Bir dinə mənsub olmağımız və ənənələrimizin də eyni olması bu əlaqələrimizi daha da yaxınlaşdırır.

O ki qaldı İslam inqilabının Azərbaycan təsirinə, bunun Azərbaycana heç bir təsiri yoxdur. Mənim təmsil etdiyim müstəqil Azərbaycan Respublikasının öz dövlət quruluşu, dövlət prinsipləri var. İran Respublikasının da öz dövlət quruluşu, öz yaşayış prinsipləri var. Biz onların daxili işlərinə qarışmırıq, onlar da bizim daxili işlərimizə qarışmamalıdırlar.

Sual: Siz belə düşünürsünüzmü ki, ümumiyyətlə, Azərbaycanın gələcəyi Amerika Birləşmiş Ştatlarından keçir, yoxsa Orta Asiya ölkələri ilə əməkdaşlıqdan?

Cavab: Nə oradan, nə o birindən. Azərbaycanın gələcəyi onun dövlət müstəqilliyindən keçir. Siz bilirsiniz ki, mən Azərbaycanın həyatında çox işlər görmüşəm və keçmişdə Sovetlər İttifaqı dövlətinin başçılarından biri olmuşam. Həyat təcrübəm və gördüklərim, bildiklərim məndə qəti bir fikir yaradıbdır: Azərbaycanın gələcəyi onun dövlət müstəqilliyi və milli azadlığı ilə bağlıdır.

Şübhəsiz ki, dövlət müstəqilliyini qoruyub saxlamaq asan bir şey deyildir. Amma sizə bildirmək istəyirəm ki, əhalimizin tam əksəriyyəti Azərbaycanı daim müstəqil dövlət kimi görmək istəyir. Şübhəsiz ki, biz bütün dövlətlərlə, o cümlədən, iqtisadi cəhətdən çox zəngin olan Amerika Birləşmiş Ştatları ilə əməkdaşlıq etmək istəyirik. İmzaladığımız neft müqavilələrinə əsasən, Amerikanın böyük neft şirkətləri artıq bizimlə müştərək iş görürlər. Mən bunu müsbət qiymətləndirirəm. Amma eyni zamanda bizim bu müqavilələrdə Böyük Britaniyanın "Bİ-Pİ", Norveçin "Statoyl" şirkətləri də çox böyük yer tuturlar. Fransanın "Elf Akiten" şirkəti də. Mən buraya gələndə Fransanın "Elf Akiten" şirkətinin prezidenti cənab Filipp Jafreni də gördüm, onunla görüşdüm. O da sizinlə qonşu otaqda oturub söhbət edir. Yanvarda biz burada bir müqavilə imzaladıq, "Elf Akiten" şirkəti ilə bərabər "Total" şirkəti də oraya daxil oldu.

Bizim neft müqavilələrində Yaponiya da iştirak edir, Rusiya iştirak edir, İtaliyanın "Acip" şirkəti, Səudiyyə Ərəbistanının "Delta", Türkiyənin "Türk petrolları" şirkətləri iştirak edir. Görürsünüz, əməkdaşlığımız nə qədər böyük çərçivədədir. Bizim müqavilədə İran da iştirak edir.

Biz istəyirik ki, sizin dediyiniz kimi, Orta Asiya ölkələri ilə də sıx əməkdaşlıq edək. Qonşu Gürcüstanla yaxşı əməkdaşlıq edirik. Məsələn, Amerikanın "Şevron" şirkəti Qazaxıstanın "Tengiz" yatağında neft çıxarır və onu ixrac etmək, xarici bazara çıxarmaq üçün Rusiyada olan neft kəmərindən istifadə edir, eyni zamanda Xəzər dənizindən və Azərbaycan, Gürcüstan ərazisindən keçməklə Qara dənizə də çıxarmaq istəyir. Biz buna da razılıq vermişik. Beləliklə, biz Qazaxıstanla da, "Şevron" ilə də əməkdaşlığa başlamışıq.

Nəhayət, keçən ilin mayında biz -Özbəkistan, Türkmənistan, Azərbaycan və Gürcüstan Mərkəzi Asiyadan yüklərin Avropaya Xəzər dənizi, Azərbaycan və Gürcüstan vasitəsilə daşınması üçün Transqafqaz magistralı haqqında böyük saziş imzalamışıq. Bu sazişə Ukrayna, Qazaxıstan, Qırğızıstan da qoşulublar.

Mən Ukraynada olarkən biz razılığa gəldik ki, gələcəkdə Xəzər dənizindən Azərbaycan neftinin Avropaya ixracının bir yolu da Ukrayna ərazisi ola bilər.

Beləliklə, mən Azərbaycanın gələcək inkişafını, bax, bu yollarda görürəm.

Sual: Cənab prezident, Sizə şəxsi sual vermək istəyirəm. Bu sualım Sizin söhbətinizdən alındı. Bayaq dediniz ki, Siz keçmiş SSRİ-nin rəhbərlərindən biri olmusunuz. O illərdə bir azərbaycanlı hissləri ilə SSRİ-nin rəhbəri olmaq arasındakı ziddiyyəti necə həll edirdiniz? Azərbaycanlıtək özünüzü bir vətənpərvər kimi görürdünüz, yaxud qarşınıza çıxan məsələlərdə bu iki qüvvə özünü necə göstərirdi?

Cavab: O vaxt belə bir ziddiyyət yox idi. Azərbaycan Sovetlər İttifaqının tərkibində olan bir respublika idi. Onsuz da Azərbaycanın başçısı kimi mən Sovetlər İttifaqının rəhbər orqanlarına daxil olan şəxs idim. Moskvada işləyərkən, Sovetlər İttifaqının rəhbərlərindən biri olarkən, şübhəsiz ki, mən öz üzərimə düşən vəzifəni də həyata keçirməyə çalışırdım. Amma eyni zamanda azərbaycanlılığımı da heç vaxt unutmamışdım, milliliyimi və vətənpərvərliyimi də heç vaxt unutmamışdım. Əksinə, mən Moskvada işləyərkən, Sovetlər İttifaqının rəhbərlərindən biri olarkən çalışırdım ki, bu imkanlardan istifadə edib Azərbaycanın inkişafını daha da sürətləndirim.

Amma eyni zamanda Sovetlər İttifaqının rəhbərlərindən biri olmağım, Moskvada yükəsk vəzifədə işləməyim də nadir, yəni o vaxta qədər olmayan bir hadisə idi. Tarixdə heç vaxt olmamışdı ki, azərbaycanlı, müsəlman, ya Rusiya imperiyasının, ya da Sovetlər İttifaqının başçılarından biri olsun. Bu onu göstərir ki, azərbaycanlı, müsəlman da belə mərtəbəyə çata bilərdi.

Jurnalist: Hər halda birinci başlayan gürcü olmuşdu.

Cavab: Gürcü həmişə olubdur. Amma müsəlman olmamışdı. Gürcü xristiandır, siz bilin. Amma Rusiya heç vaxt müsəlmanı Moskvaya qoymamışdı. Gürcü təkcə Stalin deyildi, Stalindən başqaları da olmuşdur.

Amma eyni zamanda mən orada işləyərkən razı olmadığım bir çox faktlarla da rastlaşdım. Bunların da nəticəsində mən 1987-ci ilin sonunda Moskvada vəzifələrimdən istefa verdim.

Sual: Cənab prezident, icazənizlə iqtisadiyyata aid sula vermək istəyirəm. Siz indicə dediniz ki, neft sahəsində əməkdaşlıq etmək istəyən tərəflər çoxdur. Təhlilə görə mütəxəssislər deyirlər ki, 2005-2010-cu illərdə Azərbaycan gündə təxminən 700 min barrel neft verəcəkdir. Bu, düzdürmü? İkinci sualım belədir: Siz dediniz və biz də yaxşı başa düşdük ki, neftdən gələn pulu güclü ordu yaratmaq üçün işlətməyəcək, ölkənizin iqtisadi inkişafını, rifahını yüksəltmək üçün istifadə edəcəksiniz. Sizin üçün hansı sənaye sahələri daha vacibdir? Nəhayət, bu gün bizim xarici işlər naziri ilə görüşəçəksiniz. Bilmək istərdik ki, Fransa hansı başlıca sahələrə kapital qoyuluşunda Sizə kömək edə bilərdi?

Cavab: Birincisi, ikimininci ilin əvvəlində nə qədər neft çıxarılacaq, - bunu dəqiq deyə bilmərəm. Amma hesab edirəm ki, Siz dediyiniz rəqəmdən çox olcaq. Şübhəsiz ki, maneçilik olmasa, yeni bir faciə üz verməsə, yəni işlər normal getsə. Güman edirəm, normal da gedəcəkdir. Kapital qoyuluşu ki deyirsiniz, şübhəsiz, indi bizə xarici sərmayə əsasən neftqaz sənayesi sahəsinə, infrastruktura gəlir. Bilirsiniz, indi Azərbaycanda Norveç kimi xırda ölkənin 60 şirkətinin ofisi var. Neft müqavilələri bunların həyata keçirilməsi üçün lazım olan yeni böyük şirkətlərin yaranmasına gətirib çıxarıbdır. Ona görə də təkcə neft müqaviləsi bağlamış şirkətlər deyil, o müqavilələri həyata keçirmək üçün dünyanın bir çox şirkətləri Azərbaycana gəlib yerləşirlər. Odur ki, indi infrastruktura çox sərmayə qoyulur. Neft və qazın emalı və onlardan müəyyən məhsullar alınması sənayesi də çox inkişaf edəcəkdir. O cümlədən kimya sənayesi, - çünki bu, neftlə, qazla çox bağlı olan sənayedir, - maşınqayırma sənayesi də.

Bizim böyük kənd təsərrüfatı kompleksimiz var. Kənd təsərrüfatı məhsulları emal edilir, pambıq, tütün istehsal olunur, bunların emalı, son məhsul əldə edilməsi, meyvə, tərəvəz istehsalı, sənaye üsulu ilə emal olunması da çox inkişaf edibdir.

Azərbaycanda toxuculuq sənayesi, qara və əlvan metallurgiya, alüminium istehsalı var. İndi bizdə özəlləşdirmə proqramı həyata keçirilir. Ölkəmizdə çox böyük sənaye müəssisələri var. Özəlləşdirmədən sonra bunların çoxu modernləşdiriləcək və böyük bir iqtisadi potensial yaranacaqdır.

Biz Müstəqil Dövlətlər Birliyi ölkələri, yəni keçmiş Sovetlər İttifaqına daxil olmuş dövlətlər içərisində torpaq islahatı ilə əlaqədar ən radikal qanun qəbul etmişik - kolxozların və sovxozların ləğv olunması və bütün torpaqların kəndlilərə, insanlara verilməsi haqqında. Torpaq şəxsi mülkiyyətə verilir, torpaq sahibi onu sata, başqasına da verə bilər. Hesab edirik ki, bu islahat kənd təsərrüfatı məhsulları istehsalının sürətlə inkişafını təmin edəcəkdir.

Ümumiyyətlə, ölkəmizdə bazar iqtisadiyyatı, iqtisadi islahatlar bu il, gələn illərdə çox sürətlə həyata keçiriləcəkdir.

Sual: Cənab prezident, Sizə son sualımı vermək istərdim. Siz özəlləşdirmədən danışdınız. Elə bir orqan yaradacaqsınızmı ki, o, Şərqi Almaniyadakı kimi, torpağın özəlləşdirilməsi ilə məşğul olsun? Torpaq özəlləşdirildikdən sonra Siz torpaqdan kapitalizmdə olan üsulla istifadə mədəniyyətini öyrənmək üçün Avropa dövlətlərinin, yaxud başqa ölkələrin investisiyasına müraciət edəcəksinizmi?

Cavab: Bəli, güman edirəm ki, biz bunların hamısından istifadə etməyə çalışacağıq. Həyat prosesləri bizi buna vadar edəcəkdir. Bir halda ki, biz özəlləşdirmə aparır, torpağı şəxsi mülkiyyətə veririk, ondan səmərəli istifadə olunması üçün tədbirlər də görməliyik. Avropada torpaqdan səmərəli istifadə etmək mədəniyyyəti çox yüksəkdir. Sizin ölkədə, Fransada bu sahədə çox gözəl təcrübə, çox gözəl nailiyyətlər var. Biz bütün bu təcrübələrdən, o cümlədən Fransanın təcrübəsindən istifadə etməyə çalışacağıq. Bir halda ki, bu yolla gedirik, bizdən qabaq bu yolla gedən ölkələrin sınaqdan keçmiş təcrübəsindən istifadə etməliyik.

Jak Rumelar: Çox sağ olun, cənab prezident. Qonaqpərvərlik üçün və bu gün bizə verdiyiniz izahatlar, gətirdiyiniz aydınlıqlar üçün Sizə minnətdarlığımızı bildirirəm. Siz Fransa mətbuatına çox böyük məlumat verdiniz. Bir daha Sizə Fransada xoş səfər arzulayırıq.

Heydər Əliyev: Sağ olun, təşəkkür edirəm. Mən bu görüşdən çox məmnunam, gələcəkdə də sizinlə hər dəfə görüşməyə hazıram. Sizin hamınızı, hər birinizi Azərbaycana dəvət edirəm. Vaxt tapın, Azərbaycana gəlin. Orada Azərbaycan haqqında daha çox məlumat toplaya bilərsiniz.

Sağ olun.