Azərbaycan Prezidenti Heydər Əliyev Rusiya səfirinin etimadnaməsini qəbul edərkən söhbətindən - 12 oktyabr 2000-ci il


Nikolay Ryabov: Çox hörmətli cənab prezident, etimadnamənin təqdim olunması ilə əlaqədar Sizin tərəfinizdən qəbul edilməyimiz mənim üçün, həyat yoldaşım və diplomat həmkarlarım üçün böyük şərəfdir.

Mən buraya Rusiya Federasiyası prezidentinin və parlamentinin iradəsi ilə, ikitərəfli münasibətlərimizin kökündən yaxşılaşmasına kömək etmək üçün açıq ürəklə və səmimi niyyətlərlə gəlmişəm. İkitərəfli əlaqələrimizin vəziyyəti bizi heç də tamamilə qane etmir, ən əvvəl ona görə ki, dövlətlərimizin, habelə əvvəlki bir çox nəsillərin dostluğu ilə təsdiqlənən qarşılıqlı məhəbbət və hörmətin həmişə birləşdirdiyi xalqlarımızın son dərəcə böyük potensialından bu əlaqələrin inkişafı və dərinləşməsi üçün istifadə olunmamışdır. Güman edirəm ki, etimad və hörmət ikitərəfli əlaqələrimizin inkişafı və dərinləşməsinin mənəvi bünövrəsi olacaqdır. Rusiya Federasiyası Azərbaycan Respublikasının dövlət suverenliyinə və müstəqilliyinə böyük hörmət bəsləyir, qarşılıqlı münasibətlərdə özünü bərabərhüquqlu tərəfdaş hesab edir və mən də öz fəaliyyətimdə hər şeydən əvvəl bu prinsipləri rəhbər tutacağam. Mən öz vəzifəmin həyata keçirilməsində həm Sizin şəxsi dəstəyinizə və yardımınıza, həm də köməkçilərinizin dəstəyinə ümid bəsləyirəm.

İndi isə icazənizlə, sələfim cənab Aleksandr Bloxinin etimadnaməsini və Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri kimi mənə verilmiş etimadnaməni Rusiya prezidenti Vladimir Vladimiroviç Putinin Sizə yetirməyi xahiş etdiyi dərin hörmət sözləri ilə, cansağlığı, uğurlar və tezliklə görüşmək arzuları ilə təqdim edim.

Heydər Əliyev: Hörmətli cənab səfir, sizi Rusiya Federasiyasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin olunmağınız münasibətilə təbrik edirəm və sizə gələcək işinizdə uğurlar arzulayıram.

Azərbaycanda Rusiyanı yaxın dost və tərəfdaş hesab edirlər. Xalqlarımızı çoxillik dostluq və birgəyaşayış telləri bağlamışdır, biz iki əsr birlikdə yaşamışıq. Biz dövlət müstəqilliyyinə nail olduqdan və Rusiya Federasiyasının suverenliyi və dövlət müstəqilliyi elan edildikdən sonra münasibətlərimiz, şübhəsiz, başqa xarakter almışdır. Biz bu münasibətlərin ən yüksək səviyyədə olmasına çalışmışıq, çalışırıq və çalışacağıq.

Bu illər ərzində az iş görülməmişdir. Ancaq elə məsələlər, elə problemlər də var ki, onların həllini, şübhəsiz hər iki tərəfdən sürətləndirmək lazımdır ki, münasibətlərimiz ən yüksək səviyyədə olsun. Siz əmin ola bilərsiniz ki, Azərbaycanda təkcə prezident deyil, təkcə hökumət deyil, xalq da bunu istəyir və arzu edir. Rusiya Federasiyasının prezidenti Vladimir Vladimiroviç Putinin salamını yetirdiyinizə görə təşəkkür edirəm, mən Amerika Birləşmiş Ştatlarının Klivlend şəhərində xəstəxanada olarkən mənə göstərdiyi qayğıya görə ona təşəkkür edirəm. Əlbəttə, onun Azərbaycana rəsmi səfərini səbirsizliklə gözləyirəm. Razılaşdığımız kimi, bu səfər noyabrın ikinci yarısında olmalıdır.

Hesab edirəm ki, Rusiyanın səfiri kimi sizin fəaliyyətinizin, şübhəsiz, böyük əhəmiyyəti olacaqdır. Başlıcası, gərək doğru-düzgün informasiya olsun. Dövlətlər arasında münasibətləri müxtəlif kütləvi informasiya orqanlarının xəbərləri əsasında qurmaq olmaz. Xüsusən də indi hər yerdə və hər yanda, o cümlədən Rusiyada da, Azərbaycanda da kütləvi informasiya orqanları, təbii olaraq tamamilə sərbəstdir və tez-tez Rusiya ilə Azərbaycan arasında münasibətlərə şübhəsiz, Rusiyanın da maraqlarına ziyan vuran materiallar dərc edirlər.

Buna görə də Azərbaycanda gedən proseslərə obyektiv yanaşılması, Rusiya - Azərbaycan münasibətlərinin hazırkı vəziyyətinə obyektiv qiymət verilməsi və bu münasibətləri inkişaf etdirmək niyyəti sizin indicə söylədikləriniz üçün, şübhəsiz, zəmindir. Ümidvaram ki, siz yeni səfir kimi, dediyiniz bu prinsiplərə əməl edəcəksiniz. Bizim tərəfimizdən, prezident kimi mənim tərəfimdən, dövlət orqanları, hökumət tərəfindən bütün tədbirlər görüləcəkdir. Hər şeydən əvvəl, səfir kimi siz səmərəli fəaliyyətiniz üçün ən əlverişli şəraitə malik olacaqsınız. İkincisi isə, ona görə ki, sizin vasitənizlə, səfir vasitəsilə əməkdaşlığımız bəzi məsələlərin daha da yaxşılaşmasına və münasibətlərimizin daha da yaxşılaşmasına və dərinləşməsinə kömək edərdi.

Mən sizi bir daha təbrik edirəm. Düşünürəm ki, siz Azərbaycanda işləyəcəyinizdən razı qalacaqsınız. Sizə fəaliyyətinizdə bir daha uğurlar arzulayıram.

Nikolay Ryabov: Cənab prezident, bu səmimi görüş məni çox təsirləndirdi. Sizə tam açığını deyəcəyəm ki, mən əvvəllər təmtəraqlı, təntənəli prosedur görmüşdüm, amma belə səmimisi olmamışdı. Burada isə mən çox mehriban bir şərait olduğunu hiss etdim.

Heydər Əliyev: Biz sizə ümid bəsləyirik. Mən sizə dedim və bir daha təkrar edirəm ki, əgər xalqlarımız və ölkələrimiz arasındakı əlaqələri müstəqilliyə qovuşmuş digər ölkələrlə olan əlaqələrimizlə tutuşdursaq, görərik ki, burada heç bir müqayisə ola bilməz. Təkrar edirəm, çünki biz iki yüz il birlikdə olmuşuq. Sovet hakimiyyəti illərində də biz birgə yaşamışıq, inkişaf etmişik. Odur ki, bu əlaqələri bir günün içində, bir ilin içində qırmaq mümkün deyildir. Əgər kimsə bunu istəyirsə bu, olmayacaqdır. Məsələn, biz, mən Azərbaycanın hakimiyyət orqanlarını nəzərdə tuturam, bu fikirdəyik ki, nə olmuşsa, müstəqillik şəraitində nə varsa onları, əlbəttə, inkişaf etdirmək və dərinləşdirmək lazımdır. Məsələn, Azərbaycanda heç bir başqa dil rus dili qədər geniş yayılmamışdır. Burada, Bakıda siz elə bir adam tapmazsınız ki, onunla rus dilində danışa bilməzsiniz. Ona görə də siz şübhə etməyə bilərsiniz ki, keçmişdəki bəzi çox ağır epizodlara baxmayaraq, bizdə dövlət siyasəti şimal qonşumuzla, böyük Rusiya ilə ən xoş, ən mehriban, ən səmimi münasibətlər olmasına yönəldilmişdir. Odur ki, özünüzün arzu etdiyiniz kimi, siz burada çox işlər görməlisiniz. Yəni, əgər bizim gördüyümüz işləri və sizin gördüyünüz işləri birləşdirsək, onda bu, təbii ki, həm Azərbaycanın, həm də Rusiyanın xeyrinə olacaqdır.

Çox məsələlər var, çox problemlər var. Elə götürün iqtisadi əməkdaşlığı. Mədəniyyət sahəsində münasibətlərimiz çox yüksək səviyyədədir, təhsil sahəsində də yaxşı səviyyədədir, elm sahəsində də. İqtisadi münasibətlər də yaxşı səviyyədədir, amma daha yaxşı ola bilər, çünki biz Sovetlər İttifaqının tərkibində olarkən Rusiya Azərbaycanda istehsal edilən bir çox malların satış bazarı idi.

O vaxtlar müstəqil iqtisadi siyasət yox idi, Sovetlər İttifaqının ümumi siyasəti vardı, mən şərti olaraq deyirəm, sənayedə də, kənd təsərrüfatında da, bütün digər sahələrdə də belə idi. İndi iqtisadi münasibətlərimizi bu təməl üzərində inkişaf etdirmək lazımdır.

O ki qaldı siyasi münasibətlərimizə, burada bir problem var - bu, Ermənistan-Azərbaycan münaqişəsi problemidir. Bizim arzumuz bu münaqişəni dinc yolla aradan qaldırmaqdır. Yeri gəlmişkən, Rusiya bu münaqişənin yarandığı ilk gündən onun həllində iştirak edir. Mən bu yaxınlarda düşündüm, axı, bu münaqişə 1988-ci ildə başlamışdır, o vaxtlar isə Azərbaycan, Ermənistan, Rusiya sovet dövlətinin tərkibində idilər. İki müttəfiq respublika dörd il ərzində - 1988-ci ildən 1991-ci ilədək sovet dövlətinin tərkibindəki müharibə vəziyyətində olmuş, bir-birini qırmışdır. Son nəticədə Ermənistan silahlı qüvvələri bir çox obyektiv və subyektiv səbəblərə görə yaranmış müxtəlif şəraitdən istifadə edərək, Azərbaycan ərazisinin 20 faizini işğal etmiş və həmvətənlərimizi oradan qovmuşlar. Demək istəyirəm ki, bu, birinci mərhələ idi və Sovetlər İttifaqı onun qarşısını ala bilərdi. Amma təəssüf ki, mən belə olduğunu deyə bilmirəm, bildiyiniz kimi, mən özüm beş il Sovetlər İttifaqının rəhbərliyində olmuşam, sovet hökumətinin o dövrdəki imkanlarına bələdəm, bu münaqişənin qarşısını almaq olardı. Lakin, görünür, bu, kimlərəsə lazım deyildi. Bu isə Sovetlər İttifaqının digər respublikaları üçün də, Rusiya üçün də çox ağır nəticələrə gətirib çıxardı. Axı, bütün sonrakı münaqişələr, məsələn, Gürcüstanda abxaz və osetin münaqişələri, Dnestryanı bölgədəki münaqişə, yaxud neçə illərdən bəri davam edən və nə qədər qanlar tökülən Çeçenistan münaqişəsi zəncirvari reaksiya kimidir. Bunlar hamısı Dağlıq Qarabağ üstündə başlanmış Ermənistan-Azərbaycan münaqişəsindən sonra yarandı və belə vəziyyət aldı.

Ona görə də, məsələn, mən, əlbəttə, keçmiş Sovetlər İttifaqının rəhbərlərindən biri kimi və Azərbaycana uzun illər rəhbərlik etmiş şəxs kimi həmişə demişəm və açıq deyirəm: mən buna görə sovet hökumətini, rəhbərliyini, Siyasi Büronu ittiham edirəm. Onlar heç nə etmədilər.

Sovetlər İttifaqının dağıldığı və Rusiyanın özünün suverenliyini, müstəqilliyini elan etdiyi həmin dövrə gəldikdə isə, Rusiya yenə də bütün bu proseslərdə iştirak edirdi, amma bunun nəticələri yoxdur. Sonra bu işə 1992-ci ildə yaradılmış Minsk qrupunun üzvləri kimi başqa ölkələr də qoşuldular. Lakin Minsk qrupuna uzun müddət Rusiya başçılıq etmişdir - bir vaxt İtaliya ilə birlikdə, başqa vaxt İsveçlə, sonra isə Finlandiya ilə birlikdə. Bütün bunlar 1996-cı ilədək, ATƏT-in Lissabon zirvə görüşünədək davam etdi. Lissabon zirvə görüşündə isə Minsk qrupunun, ən əvvəl, Rusiyadan, Birləşmiş Ştatlardan və Fransadan ibarət üç həmsədri olması haqqında qərar qəbul edildi.

Üç böyük dövlət. Əlbəttə, xalqımız və biz hamımız ümidlə yaşayırdıq ki, həmin üç dövlət öz səylərini birləşdirərək, bu münaqişəni həll edə biləcəkdir, amma münaqişə həll olunmayıbdır. Yeri gəlmişkən, mən bu yaxınlarda Amerika Birləşmiş Ştatlarında olarkən burada da öz narazılığımı bildirdim. Mən onlara dedim ki, Azərbaycanda biz Birləşmiş Ştatların həmsədrliyinə böyük ümidlər bəsləyirik, amma hələlik bir nəticə görmürük. Mən eyni narazılığı ən çox, əlbəttə, Rusiya barəsində dəfələrlə söyləmişəm. Bu məsələnin həlli üçün Rusiya Federasiyasının imkanlarına bələd olaraq, həmin mövzuda prezident Yeltsinlə də danışmışam. İndi Vladimir Vladimiroviç Putin prezidentdir. Onunla bir neçə görüşümüz olub və noyabrda da görüşəcəyik. Təsəvvür edirsinizmi, bu, Rusiya Federasiyası prezidentinin Azərbaycana ilk səfəri olacaqdır. Rusiya Federasiyasının prezidenti belə səfərləri uzaq-uzaq ölkələrə edir, yaxınlıqdakı qonşuya isə səfəri olmamışdır. Mən Yeltsini bir neçə dəfə dəvət etdim, hər dəfə də "yaxşı", "yaxşı" dedi. Amma şükür ki, prezident Vladimir Vladimiroviç Putin dəvətimə dərhal cavab verdi. Mən axırıncı dəfə Birləşmiş Ştatlarda, Klivlenddə olarkən onunla telefonla danışdım və bu səfər baş tutmalıdır.

Əgər problem, - o, Rusiya üçün də problemdir, Qafqaz üçün də problemdir, - həll edilsə, bu, həm Rusiyanın Qafqazla, Cənubi Qafqaz respublikaları ilə əməkdaşlığının inkişafından ötrü böyük perspektivlər açar, həm də vəziyyət tamamilə dəyişər. Biz buna ümid edəcəyik.

Bir sözlə, hesab edirəm ki, səfir kimi siz bütün məsələlərlə məşğul olacaqsınız. Amma siz ən çox məhz bu məsələ ilə məşğul olsanız, bu, əlbəttə, bizim üçün daha dəyərli olardı.

Nikolay Ryabov: Dağlıq Qarabağ problemi Rusiyanı da ciddi narahat edir. Bu istiqamətdə birgə iş problemin qəti həlli yolunu tapmağa imkan verəcəkdir.

Rusiyada Heydər Əliyevi dünyanın ən müdrik siyasətçilərindən, liderlərindən biri hesab edirlər.

Biz prezident Vladimir Putinin Azərbaycana səfərinə böyük əhəmiyyət veririk. Bu səfər iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələ olacaqdır.

"Azərbaycan" qəzeti, 13 oktyabr 2000-ci il.