Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiyanın daxili işlər naziri Vladimir Ruşaylonu qəbul edərkən söhbətindən - 5 fevral 2000-ci il


Heydər Əliyev: Şadam ki, siz təklifimizi qəbul edərək Azərbaycana gəlmisiniz. Buna böyük ehtiyac vardı.

Bu başdan qeyd etmək istəyirəm ki, Azərbaycanın və Rusiyanın daxili işlər nazirlikləri arasında əməkdaşlığı biz müsbət qiymətləndiririk. Bu baxımdan son illərdə çox işlər görülmüşdür. Mən buna çox şadam. Azərbaycanın və Rusiyanın xarici işlər nazirlikləri arasında olan səviyyədə əməkdaşlıq, təəssüf ki, ölkələrimizin digər müvafiq güc strukturları arasında yoxdur. Odur ki, bu, bir nümunədir.

Onu da dərhal demək istəyirəm ki, Azərbaycanda cinayət törədərək Rusiya ərazisində gizlənən təhlükəli dövlət cinayətkarlarının, Azərbaycan vətəndaşlarının axtarışı və yaxalanması üçün çox işlər görüldüyünə görə sizə, nazirliyinizə, sizin orqanlara minnətdarıq.

Lakin məsələ təkcə bunda deyildir. Məsələ həm də ondadır ki, nazirliklərimiz arasında da, nazirlərimiz arasında da prinsipcə çox xeyirxah, çox səmimi münasibətlər var. Mən buna şadam.

Əlbəttə, biz sizin buraya gəlməyinizi çox istəyirdik. Şadam ki, siz imkan tapıb gəldiniz. Ümidvaram ki, siz peşəkar fəaliyyətinizlə bağlı konkret məsələləri müzakirə etmisiniz və yenə də müzakirə edəcəksiniz. Siyasi baxımdan, Rusiya ilə Azərbaycan arasında münasibətlərin daha da inkişaf etdirilməsi baxımından mən bunu mühüm addım kimi qiymətləndirirəm.

Bu yaxınlarda Moskvada sizinlə qısa görüşümüz oldu. Bu yaxınlarda MDB dövlət başçılarının iclası ilə əlaqədar Moskvada olmağım və Rusiya prezidentinin vəzifəsini icra edən Vladimir Vladimiroviç Putinlə şəxsi görüşüm mənə çox yaxşı təsir bağışladı. Mən MDB-nin iclası haqqında təəssüratımı bu iclasdan sonra keçirilmiş mətbuat konfransında açıq şəkildə bildirdim. Vladimir Vladimiroviç Putinlə görüşümün, təkbətək söhbətimin əhəmiyyətindən sonra kütləvi informasiya vasitələrində də danışdım. Biz bir çox məsələlər barəsində fikir mübaliləsi apardıq və Azərbaycanla gələcək əməkdaşlığa böyük arzü olduğunu eşitməyimə, ölkələrimiz arasında münasibətləri hər hansı dərəcədə mürəkkəbləşdirməyə can atan qüvvələrin, xüsusən kütləvi informasiya vasitələrindəki qüvvələrin nə Rusiyanın, nə də Azərbaycanın dövlət siyasətinə heç bir təsir göstərə bilməməsinə çox şad oldum.

Buna görə də sizin səfərinizə ümumi kontekstdə - təkcə Rusiyanın və Azərbaycanın daxili işlər nazirlikləri arasında əlaqələr və əməkdaşlıq kimi deyil, həm də Rusiya ilə Azərbaycan arasında münasibətlərin və əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi baxımından yanaşıram. Odur ki, sizi bir daha salamlayıram.

Vladimir Ruşaylo: Hörmətli Heydər Əliyeviç, Azərbaycana gəlmək barədə dəvətinizə görə və sizinlə görüşmək imkanına görə sizə minnətdarlığımı bildirmək istərdim.

Bu gün biz Azərbaycanın daxili işlər naziri ilə bir sıra mühüm idarələrarası sənədlər imzaladıq. Bunlar terrorizmə qarşı mübarizə, - bu, bizim ölkəmiz üçün də, zənnimcə, sizin ölkəniz üçün də mühümdür, - sərhədyanı ərazilərdə qarşılıqlı fəaliyyət haqqında sənədlər və 2000-ci ildə əməkdaşlıq haqqında protokoldur.

Azərbaycan DİN ilə qarşılıqlı fəaliyyətimizi biz də çox yüksək qiymətləndiririk. Biz uzun müddətdən bəri birgə tədbirlər həyata keçiririk. Bu gün biz Azərbaycan DİN-də olarkən xüsusən ötən il gördüyümüz işə bir daha diqqəti cəlb etdik. Azərbaycanın daxili işlər naziri Ramil İdrisoviç Usubov Rusiya ərazisində gizlənmiş 500-dək cinayətkarın axtarılmasında göstərilmiş köməyə görə bizə təşəkkürünü bildirdi. Biz də konkret işlərdə, bizim üçün əməliyyat marağı doğuran şəxslərin axtarışı işində Azərbaycan DİN-in bizə göstərdiyi köməyi yüksək qiymətləndiririk.

Biz sərhədyanı ərazidə birgə tədbirlər görürük. Ötən il iki dəfə birgə "Sərhəd-sipər" əməliyyatı aparmışıq, onun axırıncı mərhələsi yanvarın 25-dən 29-dək keçirilmişdir. Bu əməliyyat zamanı yaxşı nəticələr əldə etdik. Buna görə də mən cinayətkarlığa qarşı mübarizə işində bizə göstərdiyiniz köməyə görə sizə təşəkkür etmək istərdim.

İstintaq bölmələrimizin işi nəzərəçarpacaq dərəcədə canlanmışdır. Bu gün mən nazirə məlumat verdim ki, 1999-cu ilin 11 ayı ərzində Azərbaycana 439 istintaq tapşırığı göndərilmiş və onların, demək olar, hamısı yerinə yetirilmiş, bu tapşırıqlarla əlaqədar böyük iş görülmüşdür. Nəqliyyat bölmələrimizin işi canlanıb, bir sıra birgə tədbirlər həyata keçirilmiş, nəticədə silahların, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan qruplar yaxalanmışdır.

İqtisadi cinayətkarlığa qarşı mübarizə bölmələrimizin də işi canlanır. Bu gün mən Ramil İdrsoviçə dedim ki, oktyabr ayında bizdə hüquq-mühafizə orqanlarının iki ciddi müşavirəsi olmuşdur. Onları prezident vəzifəsini icra edən Vladimir Vladimiroviç Putin keçirmişdir. Yanvarın 21-də kollegiyamızda o, ötən il ərzindəki, əməliyyat-xidmət fəaliyyətinə yekun vurmuşdur. O, qarşımızda vəzifələr qoymuş, öncül istiqamətləri göstərmişdir - bunlar terrorizmə qarşı, iqtisadi cinayətkarlığa və korrupsiyaya qarşı, narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədir.

Mən bilən, bu öncül istiqamətlər Azərbaycan DİN üçün də aktualdır. Odur ki, bu məsələdə biz bir-birimizi başa düşürük, birlikdə işləyirik, konstruktiv səpkidə çalışırıq, bir-birimizə kömək edirik və zənnimizcə, nəticələri çox gözləmək lazım gəlməyəcəkdir.

Hazırda mütəşəkkil cinayətkarlığa qarşı mübarizə üzrə baş idarələr səviyyəsində bir sıra əməliyyat qruplarımız işləyir, çoxlu birgə nəticələr əldə edilmişdir və buna görə də biz azərbaycanlı həmkarlarımızla qarşılıqlı əməkdaşlığımızı, əlbəttə, yüksək qiymətləndiririk. Bu yüksək səviyyədə qarşılıqlı fəaliyyətə görə sizin hüzurunuzda minnətdarlığımı bildirmək istərdim. Əlbəttə, Azərbaycanın daxili işlər naziri ilə bizə xoşdur ki, siz qarşılıqlı fəaliyyətimizin səviyyəsini və işimizi yüksək qiymətləndirirsiniz. Sağ olun.

Heydər Əliyev: Terrorizmə, narkotiklərə, ekstremizmə, separatizmə qarşı mübarizə bu gün çox aktualdır, çünki bu hallar dünyanın müxtəlif bölgələrində, o cümlədən, Rusiyada və Azərbaycanda, Qafqazda təzahür edir. Buna görə də, - mən bu barədə Moskvada, MDB-nin iclasında da demişəm, indi də deyirəm, - biz, Azərbaycan və Rusiya bu məsələdə tamamilə eyni mövqeləri əsas tuturuq.

Əslinə qalsa, başqa cür ola da bilməzdi, ona görə ki, bu təhlükəli cinayətlər hər bir sivilizasiyalı dövlət üçün, hər bir demokratik dövlət üçün qorxuludur. Odur ki, bu sahədə qarşılıqlı fəaliyyət zəruridir, o mənada ki, bizdə, Azərbaycanda keçmişdə terrorizm cəhdləri olmuşdur. Biz 1988-ci ildən etibarən, yəni Dağlıq Qarabağ, Ermənistan -Azərbaycan münaqişəsinin başlandığı vaxtdan bəri separatizmdən əzab əziyyət çəkirik. Bizdə silahlı yolla dövlət çevrilişi cəhdləri, terror cəhdləri olmuşdur. Yeri gəlmişkən, Rusiya Federasiyasında gizlənmiş və sizin idarələr tərəfindən aşkara çıxarılaraq bizə verilmiş bəzi cinayətkarlar bu cür niyyətlərdə olmuş və ya bu cür cinayətlər törətmişlər. Ona görə də bu cinayətlər bizim üçün, Azərbaycan üçün xüsusilə təhlükəlidir.

Bilirsiniz ki, Ermənistanla Azərbaycan arasında münaqişənin başlandığı vaxtdan bəri Azərbaycanda, bir tərəfdən, müharibə gedirdi, digər tərəfdən isə ölkənin daxilində ictimai-siyasi sabitlik pozulmuşdu. Öz torpağını, öz ölkəsini qorumaq üçün silahı olan bir çox adamlar sonra silahdan öz şəxsi məqsədlərinə çatmaq, silahlı yolla hakimiyyətə yiyələnmək üçün istifadə etməyə başladılar və bu şübhəsiz ki, istər terror əməlləri törədilməsi ilə, istərsə silahlı yolla dövlət çevrilişi həyata keçirmək cəhdləri ilə bağlı idi. Bunlar sizə məlumdur. Bir də deyirəm, əvvəllər bu cinayətlərin bir çox iştirakçıları Rusiyada gizlənmişdilər və sizin nazirliyin, onların Rusiyanın ayrı-ayrı regionlarındakı müxtəlif bölgələrinin köməyi ilə onlar yaxalandı və Azərbaycana gətirildi.

Lakin bəziləri yenidən buraya soxulurdular. 1996-cı ilin payızını xatırlayıram, 1995-ci ildə dövlətə qarşı qiyam qaldırmış, dövlət çevrilişinə cəhd göstərmiş, sonra isə müxtəlif regionlarda - Ukraynada, Rusiyada, Şimali Qafqazda gizlənmiş, orada sığınacaq tapa bilmiş üzdəniraq omonçuların bir qrupu o vaxt Dağıstan vasitəsilə Azərbaycana soxulmuşdular. Onların dövlət başçısına qarşı necə terror hərəkəti etmək və dövlət çevrilişini necə həyata keçirmək barədə çox konkret planları vardı.

Bu gün deməliyəm ki, bir vaxtlar bizim Daxili İşlər Nazirliyi yaxşı işləyirdi və bu adamların hamısı yaxalandı, həbs edildi və təbii ki, məhkəmə məsuliyyətinə cəlb olundular. Onlar bu məqsədlərlə Dağıstanın digər Şimali Qafqaz respublikalarının ərazilərindən istifadə edirdilər. Buna görə də məhz sərhədyanı zolaqda, xüsusən Rusiya Daxili İşlər Nazirliyinin Dağıstandakı, digər Şimali Qafqaz respublikalarındakı orqanları ilə Azərbaycanın Daxili İşlər Nazirliyi arasındakı əməkdaşlıq bizim üçün çox böyük əhəmiyyətə malikdir.

Şadam ki, siz bu məsələləri müzakirə etmiş, razılaşmalara nail olmusunuz, müvafiq sənədlər imzalamısınız. Əmin ola bilərsiniz ki, bu sahədə bizim mövqeyimiz çox dəqiq və aydındır - Azərbaycanda cinayət törətmiş, digər həmsərhəd dövlətlərdən Azərbaycana keçmiş cinayətkarları Rusiya ərazisinə buraxmamaq, bu cinayətkarların vaxtında yaxalanması və onların əməllərinin qarşısının alınması üçün ən fəal birgə tədbirlər görmək.

Hesab edirəm ki, sizin səfəriniz, görüşləriniz, imzaladığınız sənədlər bu istiqamətdə daha uğurlu iş aparılmasına şərait yaradır.

Vladimir Ruşaylo: Hörmətli Heydər Əliyeviç, fürsətdən istifadə edərək, sizin dəstəyinizə zəmanət almaq istərdim. Bir sıra daxili işlər nazirləri ilə, o cümlədən Azərbaycanın daxili işlər naziri Ramil İdrisoviç Usubovla belə bir razılaşmamız var ki, terrorizmə qarşı mübarizə tədbirlərinin müzakirəsi üçün Daxili İşlər Nazirləri Şurasının növbədənkənar iclasının martın 10-11-də Moskvada keçirilməsi məqsədəuyğundur. Ona görə də etiraz etmirsinizsə, Daxili İşlər Nazirləri Şurasının iclasını keçirərdik və biz sizin rəyinizi öyrənmək, dəstəyinizə ümid bəsləmək istərdik.

Heydər Əliyev: Mən bu təklifi tamamilə dəstəkləyirəm və çox gərəkli, faydalı hesab edirəm. Odur ki, bizim nazir iştirak edəcəkdir. Mən bu fikirdəyəm ki, nəzərdə tutduğunuz görüş də çox aktualdır və fayda gətirəcəkdir.

Vladimir Ruşaylo: Biz Borjomi dördlüyü çərçivəsində çox fəal əməkdaşlıq edirik. Burada məsələlər bütün Qafqaz bölgəsi üçün olduqca aktualdır. Ona görə də biz ermənistanlı və gürcüstanlı həmkarlarımızla da daim əlaqə saxlayır və əməkdaşlığımızı dördtərəfli əsasda qururuq. Hesab edirəm ki, son vaxtlar biz müsbət mənada xeyli irəliləmişik.

Qafqaz problemləri gündəlikdə çox kəskin şəkildə durur və siz bilirsiniz ki, bütün dünya Çeçenistanda aparılan antiterror əməliyyatını necə böyük diqqətlə izləyir. Ümidvarıq ki, biz onu lap yaxın vaxtlarda uğurla başa çatdıracağıq.

Əlbəttə, Çeçenistan torpağında sülh bərqərar olmalıdır. Artıq indinin özündə biz, o cümlədən də Daxili İşlər Nazirliyi tam bir sıra sosial proqramlar həyata keçiririk. Biz təhsilə kömək edirik. Rusiya DİN Tolstoy-yurd yaşayış məntəqəsindəki üç məktəbi hamiliyə götürmüşdür. Biz dərsliklər, dəftər-qələm sarıdan yardım göstəririk, məktəblərə istilik vermişik, avtonəqliyyatla kömək edirik. Düşünürəm ki, sosial proqramlar çox vacibdir və bir müddətdən sonra bu, Çeçenistan Respublikasında normal gündəlik həyatın bərqərar olmasına imkan verəcəkdir.

Heydər Əliyev: Doğrudur, Cənubi Qafqaz respublikalarının və Rusiyanın əməkdaşlığına gəldikdə isə, biz - Vladimir Vladimiroviç Putin, Gürcüstan prezidenti, Ermənistan prezidenti və Azərbaycan prezidenti Moskvada məhz bu cür görüş keçirdik. Biz Rusiyanın iştirakı ilə Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq paktı yaradılması haqqında fikir mübadiləsi apardıq.

Əlbəttə, burada imkanlar da var, çətinliklər də. Qeyd etdiyimiz kimi, Rusiya Federasiyası ilə bizim çox uğurlu əməkdaşlığımız, Gürcüstanla çox səmimi münasibətlərimiz, mehriban qonşuluğumuz və bütün istiqamətlərdə, o cümlədən cinayətkarlığa qarşı mübarizə sahəsində yaxşı əməkdaşlığımız var. Təəssüf ki, Ermənistanla Azərbaycan arasında hələlik sülh yoxdur. Biz hələ 1994-cü ilin yanvarından başlayaraq bu məsələnin dincliklə həll edilməsinə çalışırıq. Minsk qrupu çox fəal işləmişdir və işləməkdə davam edir. Minsk qrupunun həmsədrləri Rusiya, Amerika Birləşmiş Ştatları və Fransadır. Lakin biz - Ermənistan prezidenti və Azərbaycan prezidenti ötən il ərzində və cari ilin əvvəllərində bir neçə bilavasitə görüş keçirmişik, yəni nəzərə alırıq ki, bu cür görüşlər sülh əldə edilməsində, ola bilsin fayda, bəlkə də vasitəçilərin işindən daha çox fayda gətirə bilər.

Biz buna çalışırıq. Bəyan etmək istəyirəm ki, biz Ermənistan-Azərbaycan münaqişəsinin dincliklə nizama salınmasını istəyirik, ancaq, əlbəttə, bir şərtlə ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən tamamilə çıxsın, bütün qaçqınlar, - onlar təxminən bir milyon nəfərdir, - öz yaşayış yerlərinə qayıtsınlar, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun və möhkəm, etibarlı və uzunmüddətli sülh bərqərar edilsin. Biz bunu istəyirik.

Mən artıq demişəm və sizə də bəyan etmək istəyirəm ki, ayrı yol, başqa alternativlər yoxdur. Məsələnin dincliklə həlli yolu var, məsələnin beynəlxalq hüquq prinsiplərinə müvafiq şəkildə ədalətli həlli yolu var və biz buna çalışırıq. Ümidvaram ki, biz buna nail olsaq, onda bütün istiqamətlərdə bu əməkdaşlıq çox uğurlu olacaqdır. Biz Ermənistanla Azərbaycan arasındakı mövcud çətinlikləri qısa müddətdə aradan qaldıra bilərik, əlbəttə, sülh müqaviləsi bağlanarsa. Onda bu əməkdaşlıq da uğurlu olacaqdır.

Bu gün isə biz, əlbəttə, Rusiya ilə, Gürcüstanla fəal əməkdaşlıq edirik. Ermənistanla münaqişə vəziyyətindəyik. Şükürlər olsun ki, müharibə getmir, döyüş əməliyyatları aparılmır, qan tökülmür. Amma hələlik sülh də yoxdur. Nadir bir haldır ki, hər hansı vasitəçilərin, sülhyaratma qüvvələrinin iştirakı olmadan 1994-cü ilin mayından bəri biz atəşkəs rejiminə əməl edirik.

Ermənistan prezidenti ilə görüşlər zamanı hiss etdim ki, bizim kimi, onlar da məsələni sülh yolu ilə həll etmək əzmindədirlər. Məhz bu, təminat verir ki, biz başqa bir ölkənin müdaxiləsi olmadan atəşkəs rejimini saxlaya bilərik. Ümidvaram ki, biz sülhə nail olacağıq və ondan sonra bu bölgədə əməkdaşlıq, şübhəsiz, daha dolğun olacaqdır.

"Azərbaycan" qəzeti, 6 fevral 2000-ci il.