Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki - Bakı şəhəri, 19 mart 2003-cü il


Hörmətli həmvətənlər!

Sizi - respublikanın bütün vətəndaşlarını xalqımızın əziz Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm.

Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir. Mehribanlıq və qardaşlıq tellərini gücləndirən bu bayram cəmiyyətdə xoş münasibətlər bərqərar edərək, onun üzvlərinin bir-birinə diqqət və qayğısını artırır.

Azərbaycan xalqı ötən əsrlərin bütün ağır sınaqları içində dilini, dinini, mənəviyyatını saf bir şəkildə qoruduğu kimi, milli bayramlarını, o cümlədən Novruz bayramını da qoruyub saxlamış, hər gəlişini çox böyük arzularla gözlədiyi bu bayramı tarix boyu həmişə əziz tutaraq, onu dərin ehtiram və məhəbbətlə qeyd etmişdir. Onun milli bayram kimi bu gün dövlət səviyyəsində keçirilməsi isə Azərbaycanımızın müstəqilliyinin bəhrələrindən biridir.

Azərbaycan xalqının sonsuz sevinclə qarşıladığı Bahar bayramını dünyanın hər bir guşəsində yaşayan bütün soydaşlarımız böyük təntənə ilə qeyd edirlər. Qoy milli həmrəyliyin rəmzinə çevrilən bu bayram həmvətənlərimizi azərbaycançılıq məfkurəsi ətrafında daha sıx birləşdirsin. Bu gün ölkəmizin hüdudlarından uzaqlarda olan soydaşlarımızın hər birini hərarətlə salamlayır, onlara ən səmimi bayram təbriklərimi yetirir, neçə belə bayramlara çatasınız deyirəm.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş övladlarımızın əziz xatirəsini bu bayram günlərində bir daha dərin ehtiramla yad edirik. Əmin olduğumu bildirirəm ki, ölkəmizin möhkəmləndirilməsi yolunda atdığımız hər bir yeni addım şəhidlərimizin ruhlarını şad edəcəkdir.

Bu yaz ətirli bayramda, bahar nəfəsli gözəl Novruz bayramında hər birinizi bağrıma basır, müstəqil Azərbaycan Respublikasının daha da inkişaf etdirilməsi və xalqımızın firavan həyata qovuşması naminə apardığınız işlərdə sizə uğurlar arzu edirəm.

Bahar bayramınız mübarək olsun!

"Azərbaycan" qəzeti, 20 mart 2003-cü il.

Tarixi arayış

SOSİUM

Əlavə sənədlər