Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin adından Azərbaycan Respublikası Prezidentinin şərəfinə təşkil edilmiş rəsmi qəbulda nitqi - 25 yanvar 2002-ci il


Hörmətli Vladimir Vladimiroviç!

Xanımlar və cənablar, dostlar!

Bu yaxınlarda biz ölkəmizin müstəqilliyinin onuncu ildönümünü qeyd etdik. Rusiya Federasiyası ilə Azərbaycan arasında diplomatik münasibətlər yaradılmasının on ili tamam olur. Bütün bu illər ərzində suveren Rusiya ilə suveren Azərbaycan arasında dövlətlərarası münasibətlər qurulmuşdur. Heç də hər şey rəvan deyildi, problemlər olmuşdur, çətinliklər olmuşdur, maneələr olmuşdur. Ancaq bu proses getmişdir, indi yüksələn xətlə gedir. 1997-ci ildə biz Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə imzaladıq. Biz qeyd etdik ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Sonrakı illərdə xeyli iş görüldü. Lakin təəssüflə deməliyəm ki, biz ölkələrimiz arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilənin bütün potensialını reallaşdıra bilmədik.

Ötən ilin yanvarında Rusiya Federasiyasının prezidenti Vladimir Vladimiroviç Putinin Azərbaycana rəsmi səfəri oldu. Bu bizim üçün tarixi hadisə oldu, ona görə ki, bu səfər Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra Rusiya Federasiyası prezidentinin suveren Azərbaycana ilk səfəridir. Biz bunu yüksək qiymətləndiririk. Bu səfər Rusiya-Azərbaycan münasibətlərinin inkişafında yeni mərhələnin başlanğıcını qoydu. Ötən bir il ərzində çox iş görülmüşdür və indi biz, həqiqətən, strateji tərəfdaşlıq səviyyəsinə tam nail olmuşuq. Bütün bunlar bu gün bizə dövlətlərarası münasibətlərin bir çox məsələlərini müzakirə etməyə və olduqca mühüm sənədlər imzalamağa imkan verdi. Ona görə də Vladimir Vladimiroviç Putinin Azərbaycana səfəri münasibətlərimizin daha da inkişaf etməsi üçün zəmin olmuşdur. Budur, indi biz əldə olunmuş razılaşmalarımızın əməli nəticələrinin, həmin səfərin əməli nəticələrinin şahidiyik. Vladimir Vladimiroviç, Moskvaya, Rusiyaya dövlət səfərinə gəlmək barədə dəvətinizə görə Sizə təşəkkür edirəm. Mehribancasına qarşılandığımıza görə, səmimi görüşə görə, mənə və bütün numayəndə heyətimizə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə təşəkkür edirəm. Dünən Sizin evinizdə və bu gün keçirilmiş cox səmərəli təkbətək söhbətlərə görə Sizə təşəkkür edirəm. Hesab edirəm ki, nümayəndə heyətlərimiz arasındakı danışıqlar uğurlu olmuşdur. Bütün bunlar bizim üçün olduqca böyük əhəmiyyətə malik hadisədir. Ona görə də indi, burada, Rusiyada olduğumuz vaxtda özümüzü ən yaxın dostlar arasındakı kimi hiss edirik.

Rusiya.Azərbaycan münasibətlərinin tarixi böyük və zəngindir. Biz bir çox onilliklər ərzində birlikdə olmuş, bir dövlətdə yaşamışıq. Bu bizi yaxınlaşdırmışdır. O illərdə Azərbaycan da cox şeyə nail olmuşdur. Rusiya Azərbaycanın sosial-iqtisadi inkişafında, elm, mədəniyyət və təhsilin inkişafında çox böyük rol oynamışdır. Ona görə də bu gün belə deməyə tam əsasımız var ki, Rusiya ilə Azərbaycan arasında dostluq münasibətləri bünövrəsi əcdadlarımızın bir çox onilliklər ərzində qoyduqları möhkəm təməl üzərində qurulur.

Vladimir Vladimiroviç fikir mubadiləsi apardığımız əsas məsələlərdən və Rusiya ilə Azərbaycan arasında gələcək əməkdaşlığın, əslində bünövrəsi olan məsələlərdən danışdı. Vladimir Vladimiroviç, mən Sizinlə tam razıyam. Odur ki, bu məsələlər üzərində dayanmayacağam. Təkcə onu demək istəyirəm ki, Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizlik məsələsi - biz Sizinlə bu barədə dünən və bu gün danışdıq - bizim üçün də, Rusiya üçün də, bütün Avropa üçün də son dərəcə əhəmiyyətlidir. Bu baxımdan Ermənistan-Azərbaycan, Daşlıq Qarabağ münaqişəsinin nizama salmasının bizim üçün müstəsna əhəmiyyəti var. Bildiyimiz kimi, bu münaqişə artıq çoxdan davam edir. O, Azərbaycan ərazisinin bir hissəsinə iddia edən Ermənistan tərəfindən başlanmışdır. Bu münaqişə müharibəyə gətirib çıxarmışdır. Yeddi il bundan əvvəl biz muharibəni dayandırdıq. Lakin son nəticədə Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuşdur və işğal edilmiş rayonlardan olan bir milyon qaçqın artıq neçə illərdir ağır vəziyyətdədir, onların əksəriyyəti çadırlarda yaşayır.

Bütün bu illər ərzində biz bu məsələ barədə Rusiya Federasiyası ilə əməkdaşlıq edirik. Rusiya Federasiyası ATƏT-in Minsk qrupunun həmsədridir və Rusiya çox iş görmuşdür. Vladimir Vladimiroviç Putin Rusiya prezidenti seçildikdən sonra bu məsələyə böyük diqqət yetirmişdir və yetirir. Mən buna görə Vladimir Vladimiroviçə minnətdaram. Amma məsələ indiyədək həll edilməyibdir. Vladimir Vladimiroviç bu barədə danışdı. Mən Sizin belə bir bəyanatınızı minnətdarlıqla qəbul edirəm ki, Rusiya münaqişənin dincliklə nizama salınması üçün bundan sonra da tədbirlər görəcəkdir. Biz münaqişənin məhz dincliklə nizama salınması mövqelərində durmuşuq, Qafqazda və Cənubi Qafqazda sülh olmasını istəyirik, Ermənistanla Azərbaycan arasında sülh olmasını istəyirik və hesab edirəm ki, bütün Cənubi Qafqaz ölkələrinin Rusiya ilə əməkdaşlığı üçün bunun böyük əhəmiyyəti olacaqdır. Ona görə də biz gələcəyə ümidlə baxırıq və təbii olaraq, ölkəmizin ictimaiyyəti adından bu dəvətə görə Sizə bir daha təşəkkür etmək istəyirəm və bu gün demək istəyirəm ki, Rusiya ilə münasibətlərin bizim üçün xüsusi əhəmiyyəti var. Rusiya bizim şimal qonşumuzdur. Rusiya böyük ölkədir. Rusiya nəhəng iqtisadi potensiala və böyük beynəlxalq nüfuza malik ölkədir. Rusiyada böyük dəyişikliklər baş verir. Son vaxtlar xüsusilə müsbət dəyişikliklər baş verir. Rusiyada dövlətçilik möhkəmlənir, iqtisadiyyat inkişaf edir, Rusiyanın beynəlxalq nüfuzu möhkəmlənir. Bütün bunlar bizi sevindirir, biz bunu dostcasına izləyirik, ona görə ki, Rusiyada baş verən hər şey bizim üçün böyük əhəmiyyətə malikdir. Vladimir Vladimiroviç Putinin Rusiya prezidenti seçilməsinin bunların hamısında olduqca böyük əhəmiyyəti var. Bütün bunlar onun xidmətləridir.

Vladimir Vladimiroviç, mən Sizi bu uğurlar münasibətilə təbrik etmək, Rusiya dövlətinin möhkəmləndirilməsində və Rusiya Federasiyasının inkişafında Sizə yeni-yeni müvəffəqiyyətlər arzulamaq və Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafında ən xoş diləklərimi bildirmək istəyirəm.

Mən Rusiya prezidenti Vladimir Vladimiroviç Putinin şərəfinə badə qaldırıram! Rusiya Federasiyasının şərəfinə! Rus xalqının şərəfinə! Rusiya-Azərbaycan dostluğunun şərəfinə! Sizin sağlığınıza!