Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "Oqonyok" jurnalının Azərbaycana həsr olunmuş xüsusi nömrəsinin təntənəli təqdimat mərasimində nitqi - Azərbaycan Tarixi Muzeyi, 1 iyun 1996-cı il


Hörmətli xanımlar və cənablar!

Bu gün biz qeyri-adi bir hadisənin iştirakçısıyıq: "Oqonyok" jurnalı nömrəsinin təqdimat mərasimi keçirilir. Bu hadisə ona görə qeyri-adidir ki, bizim praktikamızda, hər halda, Azərbaycanda jurnal nömrəsinin təqdimat mərasimi heç vaxt keçirilməyib. Mən bilmirəm, bu, bəlkə də Rusiyanın təcrübəsində, başqa ölkələrin təcrübəsində var, amma bu hadisə bizim üçün tamam yenidir. Lakin belə düşünürəm ki, təkcə bizim üçün yox, başqaları üçün də yeni bir hadisədir. Bununla belə, bu, tamamilə qanunauyğun təzahürdür, çünki "Oqonyok" jurnalının Azərbaycana, müstəqil Azərbaycan Respublikasına həsr edilmiş nömrəsi Azərbaycan üçün olduqca böyük əhəmiyyətə malikdir.

Hesab edirəm ki, bu, sadəcə olaraq jurnalın bir nömrəsi deyil, Azərbaycan haqqında kitabdır, həm də çox yaxşı kitabdır. Keyfiyyətli, doğru-düzgün və səmimi yazılmış kitabdır. Buna görə də bu gün bu hadisəni respublikamızın həyatında, xalqımızın həyatında əlamətdar bir hadisə kimi böyük məmnunluq hissi ilə qeyd etməyə tam mənəvi haqqımız var. Mən jurnalın bu nömrəsini alqışlayıram. Mən "Oqonyok" jurnalının baş redaktoru, bizim hörmətli Lev Nikitoviç Quşşini alqışlayıram.

"Oqonyok" jurnalının böyük tarixi var. Burada dedilər ki, o, yüzillik tarixə malikdir. Əlbəttə, bütün yüz ilin hamısı yadımızda deyil, amma şəxsən mən özüm bu jurnalı ümumiyyətlə xatırlayıram, təxminən 50 ildən çoxdur, onun oxucusuyam. Jurnal çox məşhur və hamıya tanışdır. Lakin indiki halda mən öz hisslərimdən danışıram. O, mənə də yaxşı məlumdur. Hamıya məlum olanlar da, mənə məlum olanlar da onu göstərir ki, jurnal özünün bütün tarixi ərzində adamların tərbiyəsində, mədəniyyətin yayılmasında, insanlar arasında əlaqələr yaranmasında, xüsusən elmin, incəsənətin təbliğində çox böyük rol oynamışdır. Buna görə də bizim haqqımız var ki, bu jurnal barəsində, onun tarixi barəsində ən xoş sözlər söyləyək.

Lakin bununla yanaşı, bu jurnal öz tarixi ərzində zamana müvafiq olaraq, Rusiyada, keçmiş Sovet İttifaqında ictimai-siyasi şəraitə müvafiq olaraq öz üslubunu, xarakterini, məzmun və münasibətini dəyişmişdir. Bu gün mən jurnalın hər hansı dövrü barədə tənqidi baxımdan heç nə demək istəmirəm. Tənqid etmək həmişə olar, tənqid etmək asandır, amma bir iş görmək, yaratmaq, qurmaq tənqid etməkdən qat-qat çətindir. Buna görə də bu jurnal Sovet İttifaqında ən çox yayılan nəşr olduğu illərdə milyonlarla adam onu böyük həvəslə oxuyurdu. Biz jurnalın səhifələrində dünyanın, Rusiyanın, bütün xalqların, о cümlədən də ölkəmizin, xalqımızın sənət ustalarının, rəssamlarının misilsiz əsərlərinin əla reproduksiyaları, illüstrasiyaları ilə böyük məmnunluqla tanış olurduq.

Jurnalın həyatındakı mərhələlərdən çox danışmaq olar. Mən tarixə öz ehtiramımı bildirmək üçün yalnız bir neçə kəlmə dedim. Biz tarixi qiymətləndirməli və tarixə vicdanla və obyektiv yanaşmalı, heç nəyə bəzək-düzək vurmamalıyıq. Lakin bununla bərabər, heç nəyə də qara yaxmamalıyıq.

О ki qaldı bu jurnalın həyat və fəaliyyətinin son mərhələsinə, mən bunu, əlbəttə, ən yüksək pillə sayıram. Təbii ki, bu da əvvəlki ənənələrə, о gözəl keçmişə və ötən tarix ərzində toplanmış nəhəng intellektual jurnalist potensialına əsaslanır. Bu jurnal on il əvvəl olduğuna nisbətən indi bəlkə də daha az tirajla çıxır, amma öz şöhrəti, xüsusən öz məzmunu, üslubu və bədii tərtibi ilə bütün əvvəlki illərdə olduğundan, əlbəttə, üstündür.

Mən ürəkdən şadam ki, "Oqonyok" jurnalı məhz belə, bugünkü kimi olmuşdur. Təkrar edirəm, mən bu jurnala bələdəm, çox onillərdir onun pərəstişkarıyam. Buna görə də bir oxucu kimi mənim üçün xoş və sevindirici haldır ki, jurnal indi də məhz belədir. O, bütün dünya standartlarına, beynəlxalq standartlara uyğundur, təkcə öz ölkəsində deyil, həm də bütün dünyada oxunur, qiymətləndirilir və böyük nüfuza malikdir. Söz yox ki, o, nəinki Rusiya vətəndaşları, eləcə də dünyanın bir çox digər ölkələrinin, о cümlədən ölkəmizin vətəndaşları üçün həm təbliğat, həm təşviqat, həm də maarif sahəsində mühüm vasitədir.

Təkrar edirəm, mən bu jurnalı bir çox illər oxumuşam. Çox-çox illər əvvəl bu jurnalda mənim xatirələrim, məqalələrim, mənimlə müsahibələr dərc edilmişdir. Onlar mənim arxivimdə qalmaqdadır. Əlbəttə, haradasa, nəsə itib batmayıbsa. Hər halda, "Oqonyok"un arxivində onların hamısı yəqin ki, saxlanır. Mən bu jurnal ilə bağlıyam. Təkrar edirəm, bir çox illər artıq bəzi məqalələrin, müsahibələrin və digər yazıların müəllifi olmuşam.

Amma elə hallar da olub ki, bu jurnalda mənim barəmdə ədalətsiz qeydlər də verilib. Bu da olub. Ancaq bunların hamısı, zənnimcə, jurnalın məhz simasını müəyyənləşdirən zəngin tarixdir. О ki qaldı jurnalın bu gün belə olmasına, yəni demokratik olmasına, o, açıq və səmimi yazan, bununla yanaşı, çox məzmunlu, maraqlı nəşrdir. Bu isə olduqca böyük məmnunluq hissi doğurur. Mən jurnalın baş redaktorunu da, bütün kollektivini də bu böyük nailiyyət münasibətilə ürəkdən təbrik edirəm, bu jurnala yeni qələbələr və yeni yaradıcılıq uğurları arzulayıram.

Mən Azərbaycanda uzun illər rəhbər işləyərkən həmişə çalışırdım ki, respublikamız haqqında, xalqımız, mədəniyyətimiz, həyatımız haqqında, о vaxtlar dediyimiz kimi, mərkəzi mətbuatda, İttifaq mətbuatında, о cümlədən "Oqonyok" jurnalında bacardıqca daha çox məlumat, daha çox yazılar dərc edilsin. Biz bunu etməyə çalışır, buna nail olurduq. Lakin demək istəyirəm ki, jurnalın Ümumittifaq nəşri olduğu, hamımızın bir dövlətin, yəni Sovet İttifaqının tərkibində bərabər hüquqlu respublikalar olduğu əvvəlki dövrlərdə biz heç vaxt belə imkana malik deyildik.

Bir diqqət yetirin nə baş verir: bu jurnal Rusiyaya mənsub olduğu, Azərbaycan başqa ölkə müstəqil dövlət olduğu halda, Rusiyanın "Oqonyoq" jurnalı bütöv bir nömrəsini Azərbaycan Respublikasına, Azərbaycan xalqına həsr edir. Bu, olduqca böyük hadisədir. Mən bunu çox yüksək qiymətləndirirəm və buna görə də xüsusi minnətdarlığımı bildirirəm. Məsələ heç də onda deyil ki, jurnalın bir nömrəsi bütünlüklə və tamamilə Azərbaycana həsr olunmuşdur. Məsələ burasındadır ki, bu necə xeyirxahlıq hissi ilə, necə demokratizm hissi ilə edilmişdir. Bunların hamısı jurnalın səhifələrində, jurnala çox gözəl rövnəq verən reproduksiyalarda, fotoşəkillərdə öz əksini tapmışdır.

Buna görə də hesab edirəm ki, bu, bizim üçün hadisədir. Bu, Azərbaycan haqqında kitabdır. Bilirsinizmi, indi biz istəyirik ki, Azərbaycanda baş verən bütün hadisələr başqa ölkələrdə, о cümlədən Rusiyada hər yerdə və hamıya məlum olsun. Bizim buna ehtiyacımız var. Lakin buna hər bir xalqın, hər bir ölkənin də ehtiyacı var. Bu, təbii haldır. Lakin bizim buna xüsusən ona görə ehtiyacımız var ki, təəssüflər olsun, müəyyən səbəblərə görə, Rusiyada da, digər ölkələrdə də, Qərbdə də, Şərqdə də müxtəlif dairələrdə Azərbaycan barəsində ədalətsizliyə yol verilmişdir və indiyədək yol verilir. Odur ki, xalqımızın müasir həyatı barədə, vəziyyət və şərait barədə, Azərbaycanda, müstəqil bir dövlətdə baş verən proseslər barədə doğru-düzgün məlumatın yayılması bizim üçün olduqca böyük əhəmiyyətə malikdir, bu, bizim üçün çox mühüm məsələdir.

Mən açıq deyirəm, Rusiyada hansısa qəzetdə, hansısa jurnalda respublikamızın həyatının bu və ya başqa cəhətini doğru-düzgün əks etdirən bir məqalə dərc ediləndə biz buna sevinirik. Eyni zamanda istər Rusiyada, istərsə də başqa ölkələrdə qəzet və jurnallarda böhtan xarakterli, qərəzli məqalə və materiallar dərc olunanda kədərlənir və gizlətmirəm, bundan hiddətlənirik.

İndiki halda jurnalın bütöv bir nömrəsinin Azərbaycana həsr edilməsi və burada Azərbaycanın bu günü və tarixi barədə, hazırda Azərbaycanda nə kimi işlər görülməsi barədə düzgün, açıq yazılması bizim üçün çox böyük kömək, dəstəkdir.

Bildiyiniz kimi, mətbuat - jurnallar, qəzetlər, kütləvi informasiya vasitələri insanlara, cəmiyyətə, siyasi xadimlərə və dövlət xadimlərinə çox güclü təsir göstərir. Əlbəttə, bu mənada, bir daha təkrar edirəm, bu nömrənin buraxılması bizdən ötrü çox böyük kömək və dəstəkdir. Şübhəsiz ki, Azərbaycan haqqında - onun tarixi və bugünkü həyatı barədə çox yazmaq olar. Fikir verin, jurnalın həcmcə çox da böyük olmayan bir nömrəsində ölkəmizin həyatının demək olar bütün sahələri - tariximizi, keçmişimizi səciyyələndirən müəyyən epizodlar da, bugünkü həyatımızı xarakterizə edən bir çox cəhətlər də, həyatımızın faciəli dövrü də, müstəqil, demokratik, hüquqi dövlət qurmaq, demokratik cəmiyyət formalaşdırmaq, respublikada həyatı yenidən qurmaq, iqtisadiyyatı inkişaf etdirmək, insanların yaşayışını yaxşılaşdırmaq üçün atdığımız ilk addımlar da əksini tapmışdır.

Şübhəsiz ki, Ermənistan Respublikasının Azərbaycana qarşı artıq səkkiz il davam edən hərbi təcavüzü və bu təcavüzün ağır nəticələri barədə faktları əks etdirən materialların dərc olunması xüsusilə sevindiricidir. Bu materiallarda ərazimizin 20 faizinin Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilməsi, Azərbaycanın bir milyon vətəndaşının qaçqın vəziyyətinə düşməsi və onların əksəriyyətinin çadır şəhərciklərində yaşaması, xalqımızın bu təcavüzdən əziyyət çəkməsi, Azərbaycanın ərazi bütövlüyünün pozulması, Azərbaycan barəsində ədalətsizlik edilməsi və bunun indiyədək beynəlxalq təşkilatlar, beynəlxalq ictimaiyyət tərəfindən tam qiymətləndirilməməsi, müəyyənləşdirilməməsi ifadəsini tapmışdır.

Özü də təkcə məqalələrdə, söhbətlərdə deyil, həm də fotoşəkillərdə əksini tapmışdır və bunlar çox dəqiq, yaxşı və inandırıcı surətdə göstərir ki, bax, qaçqınlar bunlardır, onların yaşadıqları çadırlar bunlardır, uşaqlar, qadınlar, qocalar bax belə vəziyyətdə yaşayırlar, həmin təcavüzün qurbanları bunlardır. Bütün bunlar jurnalın səhifələrində əksini tapmışdır.

Bunların hamısı bizdən ötrü çox mühüm, olduqca mühümdür. Lakin bununla yanaşı, belə bir cəhət də bizi sevindirir ki, iqtisadiyyatı inkişaf etdirmək, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası üçün gördüyümüz tədbirlər, iqtisadiyyatımızı demokratikləşdirməyimiz və sərbəstləşdirməyimiz, Azərbaycan iqtisadiyyatını və ümumiyyətlə, Azərbaycanın təbii sərvətlərini xarici investisiyalar üçün açmağımız, bizim çox böyük təbii sərvətlərimizdən hazırda xarici şirkətlərin, о cümlədən Rusiya şirkətlərinin birgə səyləri ilə istifadə olunması və gələcəkdə də istifadə ediləcəyi jurnalın səhifələrində öz əksini tapmışdır.

Bir daha təkrar edirəm, məni xüsusilə sevindirir ki, jurnal on gün Azərbaycanda, demokratiya, plüralizm yolu ilə, hüquqi demokratik cəmiyyət və dövlət quruculuğu yolu ilə gedən Azərbaycanda mövcud real vəziyyəti obyektiv əks etdirir. Bununla əlaqədar jurnalistlərin böyük və dəyərli zəhmətindən danışmaq istəyirəm.

"Oqonyok" jurnalı redaksiyasının kollektivi təcrübəli jurnalistlərdən ibarətdir və onların arasında ən təcrübəli jurnalist baş redaktor Lev Nikitoviç Quşşindir. Mən onu çoxdan, hələ Moskvada işlədiyim vaxtlardan tanıyıram, özü də təcrübəli jurnalist kimi tanıyıram. Buna görə də şadam ki, o, jurnalist fəaliyyətində və "Oqonyok" redaksiyasında böyük yol keçərək (mən onu "Oqonyok"da başqa rollarda da xatırlayıram) indi bu jurnala başçılıq edir. Əminəm ki, jurnal öz baş redaktorunun, hörmətli Lev Nikitoviç Quşşinin məhz şəxsiyyəti, xarakteri, jurnalist peşəkarlığı və əlbəttə, vicdanlılığı və alicənablığı, demokratikliyi sayəsində məhz indiki kimi olmuş, Azərbaycana həsr edilmiş nömrədəki kimi belə demokratik, xeyirxah, səmimi olmuşdur.

Mən bu fürsətdən istifadə edərək, jurnalist əməyinə böyük hörmət etdiyimi bildirmək istəyirəm. Jurnalistlərin əməyi qeyri-adi əməkdir, olduqca böyük, zəhmətli əməkdir, çox səylər göstərilməsini, hətta cəsurluq, hünər, fədakarlıq tələb edən əməkdir, öz peşəsinə vurğunluq tələb edən əməkdir. İnsanın daxilində bu peşəyə xüsusi bir meyl, ehtiras olmasa, o, jurnalist peşəsinin öhdəsindən gələ bilməz. Siz dünya təcrübəsindən bilirsiniz ki, Yer kürəsinin qaynar nöqtələrində olan jurnalistlər bəzən necə həlak olurlar. Jurnalistlər bizdə, Azərbaycanda da həlak olmuşlar. Cəbhə zolağında, Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüz ilə bağlı döyüş əməliyyatları gedən zaman bizim neçə-neçə istedadlı jurnalistimiz həlak olmuşdur. İndi jurnalistlər Çeçenistanda da, Rusiyanın digər qaynar nöqtələrində də həlak olurlar. Onlar dünyanın başqa ölkələrində də həlak olurlar. Bəli, həlak olurlar, amma bununla belə, əsl jurnalistlər öz jurnalist peşəsindən imtina etmirlər. Buna görə də jurnalist peşəsi hünər tələb edən peşədir.

Əlbəttə, bizim hər birimiz jurnalistdən obyektivlik, düzlük, səmimilik gözləyirik. Lakin jurnalistlər bu və ya digər qüsurları aşkara çıxararaq, nöqsanları aşkara çıxararaq, qanuna, konstitusiyaya zidd faktları aşkara çıxararaq, bəlkə də başqalarına nisbətən sözü üzə daha şax və açıq deyir, bəzən də xoşagəlməz olurlar. Bununla bərabər, onlar cəmiyyətin demokratikləşdirilməsi işinə, siyasi plüralizm prinsipinin bərqərar edilməsinə və dərinləşməsinə olduqca böyük kömək göstərirlər.

Hərçənd bəzən onlar da ifrata varırlar, elə vicdansız jurnalistlər də olur ki, onlar tamahkarlıq məqsədi ilə və ya başqa məqsədlərlə qeyri-səmimi, qeyri-obyektiv yol tutur və bütövlükdə jurnalist peşəsinə böyük xələl gətirir və təbii olaraq, həyatın və cəmiyyətin bu və ya digər sahəsinə düzəldilməsi mümkün olmayan zərər vururlar. Lakin mən bunu müəyyən dərəcədə təbii hal sayıram: dünyada ideal heç nə yoxdur və heç kəs iddia edib deyə bilməz ki, o, hər şeyi ideal surətdə edir. Bu nöqsanlar, bu qüsurlar, bu çatışmazlıqlar jurnalistlərin gördükləri çox böyük işlə müqayisədə cüzi bir şeydir.

Mən jurnalist peşəsinə həmişə çox hörmətlə yanaşmışam. Biz Sovet İttifaqında olduğumuz illərdə, hamımız kommunist ideologiyasına xidmət etdiyimiz dövrlərdə çalışırdım ki, jurnalistlər hadisələrin fövqündə olsunlar, jurnalistlərə daha böyük imkanlar verilsin. Mən çalışırdım ki, jurnalistlər bacardıqca daha açıq yazsınlar, hərçənd о vaxtlar bu, dövlətdə və cəmiyyətdə mövcud olmuş ümumi konsepsiyaya görə çox çətin idi. Sözün düzü, bu gün iftixar hissi ilə deyə bilərəm ki, 1969-cu ildə mən Azərbaycan KP MK-nın birinci katibi, yəni Azərbaycanın rəhbəri seçildikdə ilk addımlarını məhz aşkarlıqla, açıqlıqla əlaqədar olmuşdur. İstəyirdim ki, heç nə gizlədilməsin, hər şey mətbuatda dərc edilsin və adamlara cəmiyyətimizdə nə varsa hamısını - yaxşını da, pisi də, qiymətli olanı da, mənfi olanı da bilməyə imkan verilsin.

Yeri gəlmişkən, deyim ki, "Oqonyok"un nömrələrində dərc edilən məqalələrimdən, müsahibələrimdən danışarkən (bunları qaldırıb baxmaq olar) bildirmək istəyirəm ki, öz yazdıqlarımın və ya müxbirlərlə söhbətlərimin hamısını о dövrün mənfi hallarına, bu halların, korrupsiyanın, rüşvətxorluğun, qəyyumçuluğun və əslində həmin quruluşun dağılmasına gətirib çıxaran bir çox digər mənfi halların kökünü kəsməyin zəruriliyinə həsr etmişəm. Mən bu barədə açıq danışır və açıq yazırdım. Ona görə bu gün də о zaman yazdıqlarım barədə, о cümlədən Oqonyok" jurnalının səhifələrində yazdıqlarım haqqında təmiz vicdanla danışıram.

Mən bunu məhz ona görə deyirəm ki, jurnalist. əməyinə uzun illər bəslədiyim dərin hörməti təsdiq edim. İndi belə deyirlər ki, jurnalistlər dördüncü hakimiyyətdir və mən istəyirəm ki, bu dördüncü hakimiyyət həmişə möhkəm olsun, lakin eyni zamanda ölkəmizdə və xüsusən demokratiya yolu, iqtisadiyyatını bazar prinsipləri əsasında inkişaf etdirmək yolu keçən ölkələrdə hakimiyyətin bütün qollarının möhkəmlənməsinə həmişə kömək etsin.

Bilirəm ki, "Oqonyok" jurnalı bu istiqamətdə çox iş görür və onun Azərbaycana həsr edilmiş nömrəsində də məhz belə materiallar çoxdur. Bir daha demək istəyirəm ki, Azərbaycan haqqında çox kitablar yazılıbdır və bu gün də çox yazılır, gələcəkdə də çox yazılacaqdır. Lakin jurnalın bu gün təqdimatını keçirdiyimiz nömrəsi Azərbaycanın tarixində, Azərbaycan tarixşünaslığında xüsusi yer tutur və tutacaqdır.

Jurnalın bu nömrəsini yaratmaq üçün səy göstərənlərin hamısını, bu nömrənin ərsəyə gəlməsi üçün əmək sərf etmiş jurnalistlərin, müxbirlərin hamısını - həm Azərbaycan jurnalistlərini, müxbirlərini, həm də Rusiya jurnalistlərini, müxbirlərini bu hisslərlə təbrik edirəm. Sözümün sonunda daha bir mühüm cəhəti, mühüm amili qeyd etmək istəyirəm. Bu da ondan ibarətdir ki, jurnalın həmin nömrəsi Rusiya ilə Azərbaycan arasında münasibətlərin möhkəmlənməsinə və inkişafına mühüm töhfədir.

Rusiya böyük ölkədir, bizim Şimal qonşumuzdur. Azərbaycanı Rusiya ilə çoxəsrlik tarix bağlayır. Hazırda Rusiyada demokratikləşdirmə prosesləri, çox qızğın ictimai-siyasi proseslər baş verir. Biz bu prosesləri diqqətlə izləyir və Rusiyada demokratiyanın qələbəsini arzulayırıq. Biz bütünlüklə və tamamilə Rusiyadakı demokratik qüvvələrin, siyasi və iqtisadi islahatları həyata keçirən islahatçı qüvvələrin tərəfindəyik. İndi Rusiya çox mühüm tarixi hadisə - prezident seçkiləri qarşısındadır. Biz burada, Azərbaycanda arzu edirik ki, Rusiyada demokratiya, islahatlar uğrunda hərəkat qalib gəlsin, islahatları beş ildən bəri həyata keçirən qüvvələr qalib gəlsin ki, bu xətti gələcəkdə də davam etdirmək mümkün olsun, bu xətt dəyişməsin, nəzərdə tutulan bütün planlar başa çatdırılsın.

Şübhəsiz ki, bununla əlaqədar Rusiya prezidenti, hörmətli Boris Yeltsinin rolu böyükdür. Biz burada, Azərbaycanda deyəndə ki, Rusiyada demokratiyanı, islahatlar xəttini tam dəstəkləyirik, bu zaman prezident seçkilərində Boris Yeltsini dəstəklədiyimizi nəzərdə tuturuq. Rusiyanın həyatının və bizim həyatımızın bu çox mühüm dövründə çap edilən bu jurnal da Rusiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi, Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın möhkəmləndirilməsi üçün çox böyük rol oynayır.

Bu gün bəyan edirəm ki, Rusiya ilə dostluğumuzun və əməkdaşlığımızın bizim üçün bu gün də, gələcəkdə də çox böyük əhəmiyyəti var. Rusiya ilə dostluq və əməkdaşlığı möhkəmləndirmək xəttini inkişaf etdirmək və genişləndirmək üçün əlimizdən gələni edəcəyik. "Oqonyok" jurnalı da bu işdə bizə kömək edir. Jurnalın redaksiyasına bir daha sağ ol deyirəm, baş redaktor Lev Nikitoviç Quşşinə və jurnalın bu nömrəsini yaradan bütün müəlliflərə, jurnalistlərə bir daha minnətdarlığımı bildirirəm.