Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin görkəmli dövlət xadimi, general - leytenant Arif Heydərovun 70 illiyinə həsr olunmuş yubiley gecəsində nitqi - Şəhriyar adına mədəniyyət sarayı, 28 iyun 1996-cı il


Hörmətli xanımlar və cənablar, hörmətli dostlar!

Bu gün Arif Heydərovun xatirəsinə həsr olunmuş yubiley mərasimi son illər Azərbaycanda keçirilən silsilə yubiley mərasimlərindən fərqlidir. Fərq də ondan ibarətdir ki, səhv etmirəmsə, ilk dəfədir Azərbaycanda, ölkəmizdə hüquq-mühafizə orqanlarında həyatını keçirmiş, xidmət etmiş şəxsin 70 illik yubileyi belə təntənəli şəraitdə keçirilir. Bu birinci növbədə bizim hamımızın, ictimaiyyətin, dövlətin hüquq-mühafizə orqanlarında çalışan və keçmişdə çalışmış insanlara və ümumiyyətlə dövlətin hüquq-mühafizə orqanlarına olan qayğının, diqqətin rəmzidir. Eyni zamanda bu general Arif Heydərovun şəxsiyyətinə və onun xalqımız qarşısında etdiyi xidmətlərə göstərilən hörmət və ehtiramın rəmzidir.

Bu gün buraya toplaşanların əksəriyyətini Arif Heydərovun qohum-əqrabası, ailə üzvləri ilə bərabər, hüquq-mühafizə orqanlarında işləyənlər, yaxud da bu orqanların veteranlarıdır. Hamınızı ürəkdən salamlayır və sizinlə yenidən məhz burada, sizin üçün və məndən ötrü əziz olan bu sarayda görüşməyimdən çox məmnun olduğumu bildirirəm.

Hüquq-mühafizə orqanları dövlətin çox əhəmiyyətli bir hissəsidir. Heç bir dövlət öz dövlətçiliyini saxlamaq üçün belə orqanları olmadan yaşaya bilməz. Hüquq-mühafizə orqanlarında çalışan insanlar da dövlətə, xalqa xidmət edirlər. Bu orqanların hər bir dövlətdə, о cümlədən bizim bugünkü dövlətimizdə də, keçmişdə yaşadığımız dövlətdə də xüsusi rolu var. Əgər bizim Azərbaycanda bu orqanlardan bəhs etsək, onu deyə bilərəm ki, 1920-ci ildən indiyə qədər həmin orqanlarda keçmişdə işləmiş, çalışmış, fəaliyyət göstərmiş insanlar da və bu gün xidmət edənlər də dövlətə, Azərbaycan xalqına xidmət edirlər. Keçmişdə xidmət edənlər də fəaliyyətlərini və həyatlarını öz xalqına həsr ediblər.

Bu orqanların işi çox mürəkkəbdir. Həmin orqanlarda işləmək üçün xüsusi keyfiyyətlərə malik olmaq, bir çox xüsusi tələblərə uyğun olmaq lazımdır. Hüquq-mühafizə orqanlarında həqiqi iş görən adam məhz bu keyfiyyətlərə, xüsusiyyətlərə malik olmalıdır. Əgər bunlar olmasa, belə adamlar hüquq-mühafizə orqanlarında ya işləyə bilməzlər, yaxud, işləsələr də, onların işinin səmərəsi olmaz. Bu gün burada gənc nəslin nümayəndələri var. Müstəqil Azərbaycan dövlətinin ordusunda, Daxili İşlər Nazirliyində, Milli Təhlükəsizlik Nazirliyində, prokurorluq, məhkəmə orqanlarında işləyən, fəaliyyət göstərən şəxslər var. Eyni zamanda bu salonda keçmişdə həyatının, demək olar, hamısını məhz bu xidmətə həsr etmiş insanlar var. Keçmişdə işləyənlər də, bu gün veteran kimi burada iştirak edənlər, yaxud Azərbaycanda veteran adı daşıyanlar da və indi bizim bu orqanlarda fəaliyyət göstərənlər də - hamısı Azərbaycan xalqına, müstəqil Azərbaycan dövlətinə, doğma torpağımıza xidmət edirlər. Ona görə keçmişdəkilər də bizim üçün qiymətlidir, mən onların da xidmətinə yüksək qiymət verirəm, bu gün fəaliyyət göstərənlər də qiymətlidir, onların da işini yüksək qiymətləndirirəm. Keçmiş zamanlarda öz həyatını, fəaliyyətini təhlükəsizlik orqanlarında, Daxili İşlər Nazirliyində işləməyə həsr etmiş adamlar bunu özlərinə böyük bir şərəfli iş kimi qəbul ediblər. Həqiqətən də belə olubdur. Keçmişdə bu sahələrdə işləmək hər adama nəsib olmayıbdır. Hər adam bu sahələrdə istədiyi kimi işləmək arzusuna nail ola bilməyibdir. О illərdə insanlar bu sahələrdə işləmək üçün xüsusi seçilirdi. Birinci, mənəvi keyfiyyətlərinə görə, ikinci də bu sahədə iş görmək bacarığına, qabiliyyətinə görə seçilirdi.

Əgər tariximizə, respublikamızın, о cümlədən dövlət təhlükəsizliyi orqanlarının, Daxili İşlər Nazirliyi orqanlarının tarixinə nəzər salsaq, görərik ki, bu tarixin cürbəcür mərhələləri olubdur. Vaxt olub ki, bu orqanlar çox yüksək qiymətləndirilib. Vaxt olub ki, ciddi tənqid edilib, onların işində çox qüsurlar qeyd olunubdur, bir çoxları da gördükləri bəzi işlərə, yaxud buraxdıqları səhvlərə görə cəzalanıblar. Ancaq bunlar hamısı həm xalqımızın tarixidir, həm də bu orqanların tarixidir. Bu tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi də qiymətləndirmək lazımdır, tarixi təhrif etmək də olmaz, tariximizdəki qara ləkələri, qara səhifələri unutmaq da olmaz.

Çekistlərin ən yüksək simvolu Dzerjinski idi. Çekistlər, yəni təhlükəsizlik, daxili işlər orqanlarında işləyənlər onu bir ideal kimi qəbul etmişdilər. İdeallıq təkcə ondan ibarət deyildi ki, o, kommunist ideyalarına sadiq bir insan, həmin ideyaları həyata keçirən şəxs idi. İdeallıq ondan ibarət idi ki, Dzerjinskinin şəxsiyyətində sədaqət, mənəvi saflıq, mənəvi sağlamlıq, fədakarlıq, cəsurluq, qəhrəmanlıq nümunələri əks olunmuşdu. Ona görə də о illərdə özünü, həyatını dövlət təhlükəsizliyi orqanlarında, daxili işlər orqanlarında xidmətə həsr edən adamlar bu prinsipləri əsas tuturdular. Məsələn, bu sözləri vaxtilə Dzerjinski deyibdir, ancaq hər dövr üçün yarayan sözlərdir: "Yalnız soyuq mühakiməli, coşğun qəlbli və saf vicdanlı adam çekist ola bilər".

Bu sözü mən bu gün də deyə bilərəm. Bəli, dövlət işində, milli təhlükəsizlik orqanlarında, Daxili İşlər Nazirliyində, digər hüquq-mühafizə orqanlarında işləyənlər, indi müstəqil Azərbaycana xidmət edənlər gərək məhz belə keyfiyyətlərə malik adamlar olsunlar, mənəviyyatca təmiz, saf adamlar, doğrudan da çox təmkinli adamlar olsunlar. Eyni zamanda onların qəlbləri həmişə gərək coşğun olsun, millətə, ölkəyə ürək yandırsınlar.

Arif Heydərov məhz belə insan idi, məhz belə bir həyat yolu keçmiş zabit, belə keyfiyyətlərə malik olan dövlət xadimi idi. Məhz buna görə, bu keyfiyyətlərinə görə də Arif Heydərov dövlət təhlükəsizliyi orqanlarında şərəfli yol keçdi və yüksək vəzifələrə layiq oldu, həyatını da öz xidməti borcunu yerinə yetirərkən itirdi. Məsələn, mən qırxıncı, əllinci illəri xatırlayıram. О zaman Azərbaycanda dövlət təhlükəsizliyi orqanlarında azərbaycanlılar çox az idi. Dövlət təhlükəsizliyi orqanlarının rəhbər vəzifələrində işləyənlər və bütün belə dairələrdə vəzifələri tutanlar başqa millətlərə mənsub olan adamlar idi, azərbaycanlılar çox az idi. Azərbaycanlılar içərisindən bu orqanlarda işləyib, fəaliyyət göstərib yüksək qiymətə layiq olan adamlar yalnız və yalnız öz şəxsi keyfiyyətləri ilə buna nail ola bilirdilər, ona da çox çətinliklə. О vaxt burada, yanımızda olan binada, - biz orada işləyirdik, azərbaycanlı üçün özünü göstərmək, vəzifə almaq çox çətin idi.

Mən 1950-ci ildə Leninqradda yüksək təhsil alandan sonra Bakıya döndüm və о vaxtdan burada, həmin bu küçənin о biri tərəfindəki binada işləməyə başladım. О vaxt mən о kollektivlə rastlaşarkən oradakı mürəkkəb vəziyyəti və gənc azərbaycanlılardan ötrü işləmək, xalqına, ölkəsinə xidmət etmək üçün şəraitin nə qədər məhdud olduğunu gördüm. Bir də qeyd edirəm, yalnız çox istedadlı və çox yüksək keyfiyyətlərə malik olan gənclər bax, bu çətin yollardan keçib xalqına xidmət etmək üçün layiqli vəzifələr tuta bilirdilər. Onlardan biri də məhz Arif Heydərovdur.

О vaxt həmin bu orqanlarda yaranmış mürəkkəb vəziyyətə, cürbəcür çətinliklərə baxmayaraq, bu gün demək istəyirəm ki, bu orqanlarda eyni zamanda insanlar çox yaxşı yetişirdi, bərkdən-boşdan çıxaraq möhkəmlənirdi, qüdrətlənirdi, siyasi cəhətdən çox inkişaf edirdi. Əlbəttə ki, istedadı, saf mənəviyyatı olan adamlar. Çünki bu orqanlarda başqaları da var idi. Yenə də deyirəm, bu orqanlar belə istedadlı, saf mənəviyyatlı Azərbaycan gəncləri üçün çox yaxşı yollar açırdı. Bu yollardan istifadə edənlərdən biri də Arif Heydərovdur. Mən Arif Heydərovla 1950-ci ildə Azərbaycana, Bakıya işə gələndən sonra tanış oldum. Bizim tanışlığımız qısa bir müddətdə yaxınlığa çevrildi. О zamanlar Arif Heydərovun həyatının son dəqiqələrinə qədər onunla həm iş sahəsində sıx əlaqəm olub, eyni zamanda şəxsi dostluğum olubdur.

Bilirsiniz, indi mənim həyatım artıq Azərbaycanın gözünün qabağındadır. Həyatımda о qədər şəxsi dostlarım olmayıbdır. Mənim dostlarım əhatəmdə olan, mənimlə bərabər işləyən adamlar, Azərbaycanın bütün vətəndaşları olubdur. İndi bütün Azərbaycan xalqı mənim dostumdur. Heç vaxt seçməmişəm ki, bu mənim dostumdur, о isə dostum deyildir. Bunlara baxmayaraq, gənc yaşlarımda insanlar vardı ki, onlarla rəsmi münasibət saxlayırdım, amma insanlar da vardı ki, rəsmi münasibətdən savayı, onlarla şəxsi münasibət də saxlayırdım. Arif Heydərova münasibətim məhz belə, şəxsi münasibət xarakteri daşıyıbdır. Bir də qeyd edirəm, bu şəxsi münasibətimiz də о vaxtdan sona qədər davam edibdir. Bunun da əsası var. Əsası da ondan ibarətdir ki, mən yalnız öz xasiyyətimə uyğun olan adamla şəxsi münasibət saxlaya bilərəm. Arif Heydərovun mənəvi dəyərləri, mənəviyyatı hər şeydən üstün tutması, sadəliyi, işgüzarlığı, öz üzərində daim çalışması, özünü təkmilləşdirməsi, işə sağlam münasibəti, sağlam əxlaqı bunlar hamısı birlikdə mənim tələblərimə uyğun olduğuna görə mənimlə onun arasında şəxsi münasibətlər yaranmışdı.

Biz dövlət təhlükəsizliyi orqanlarında işləyərkən vəzifələrimiz fərqli olmuşdur. Ancaq buna baxmayaraq bu dostluq həmişə davam etmişdi. Bu dostluq əlaqələrinin nəticəsi də sonra bizi yüksək səviyyələrdə bir yerdə işləməyə gətirib çıxarmışdı. Dövlət təhlükəsizliyi orqanlarında uzun müddət bir yerdə işləyəndən, 1969-cu ildə mən Azərbaycan Respublikasının rəhbəri seçiləndən sonra bilirsiniz ki, üzərimə düşən vəzifələri həyata keçirmək üçün bir çox kadr dəyişiklikləri etdim. О zaman mənə sədaqətli kadrlar, mənəviyyatca saf, təmiz insanlar lazım idi. Çünki о vaxt, 1969-cu ilin iyulundan sonra mən xalqımızı, respublikamızı çox narahat edən bir çox hallarla rastlaşdım və onlara qarşı mübarizə aparmağa başladım. Xüsusən vəzifəsindən sui-istifadə edən şəxslərlə, rüşvətxorlarla, xalqın əmlakını dağıdanlarla, vəzifəsindən istifadə edib insanların hüquqlarını pozanlarla, iqtisadiyyatımıza zərər vuranlarla, mənəviyyatımıza ləkə gətirənlərlə, cürbəcür neqativ hallarla mübarizəyə başladım. Bu, Azərbaycanın tarixindən məlumdur. О zaman bu işləri aparmaq, ayrı-ayrı sahələrə rəhbərlik etmək üçün mənim tələblərimə uyğun insanlar lazım idi. Bunlardan birincisi, mən Arif Heydərovu seçdim.

1969-cu ilin iyulunda Azərbaycana rəhbər seçiləndən sonra həmin ilin sonunda mənim ilk addımlarımdan biri Daxili İşlər Nazirliyində yaranmış ağır vəziyyəti aradan götürməkdən ibarət oldu. Burada çıxış edən Arzuman Zülfüqarov о vaxtkı vəziyyət haqqında məlumat verdi. Doğrudan da Daxili İşlər Nazirliyinin rəhbərliyində dözülməz bir vəziyyət yaranmışdı. Onlar əhali arasında hörmətini itirmişdilər. Alınan şikayətlər həddindən artıq çox idi və mən Daxili İşlər Nazirliyinin rəhbərliyində ciddi dəyişikliklər etmək zərurətində idim. Mən bu addımı atarkən şübhəsiz ki, həmin vəzifəni о sahəni - dövlət üçün mühüm olan sahəni etibarlı, bu işi apara biləcək, sədaqətli bir adama tapşırmalı idim.

Arif Heydərov о vaxt Türkiyədə idi. Ümumiyyətlə o, dövlət təhlükəsizliyi orqanlarında işləyərkən çox vaxt kəşfiyyat sahəsində çalışırdı. Bundan əvvəl də xarici ölkələrdə işləmişdi və о vaxt Türkiyədə idi. Mən onu Türkiyədən dəvət etdim və ona daxili işlər naziri vəzifəsini təklif etdim. Doğrudur, o, bu işə о qədər də həvəslə girişmədi. Çünki bilirdi ki, bir tərəfdən bu, çətin, ağır işdir, digər tərəfdən də o, xaricdəki işindən ayrılmaq istəmirdi. Ancaq o, hiss edəndə ki, mənə burada kömək lazımdır və bu sahə çox mühüm sahədir. Söhbət ayrı-ayrı adamların vəzifəsindən yox, ümumxalq prinsiplərindən, mənafeyindən gedir, bu vəzifəni öz üzərinə götürməyə razı oldu. Ondan sonra da həyatının son dəqiqəsinə qədər bu vəzifədə sədaqətlə xidmət etdi.

Dediyim kimi, Arif Heydərov mənim iş yoldaşım, dostum olubdur, tutduğum yüksək vəzifələrdə mənim silahdaşım olubdur. Mən ona çox inanırdım, etibar edirdim. Onun fəaliyyətini çox yüksək qiymətləndirirdim. Ona görə də mən Azərbaycanda rəhbər olarkən o, əsas dayaqlarımdan biri idi. Deyə bilərəm ki, əvvəl dövlət təhlükəsizliyi orqanlarında olduğu kimi, Azərbaycanın Daxili İşlər Nazirliyinə rəhbərlik etdiyi dövrdə - səkkiz il müddətində də çox fədakarcasına çalışdı, çox işlər gördü. O, orqanlarda sağlam mühit yaratmaq, cinayətkarlığa qarşı mübarizəni həqiqətən gücləndirmək, ictimai asayişin qorunmasını təmin etmək üçün, Daxili İşlər Nazirliyinin üzərinə düşən bütün başqa vəzifələri həyata keçirmək üçün çox səmərəli işlər gördü. O, çox tədbirlərin təşəbbüskarı idi və mən onun təşəbbüslərini həmişə dəstəkləyirdim, onlara kömək edirdim, onların həyata keçirilməsi üçün öz tərəfimdən lazımi tədbirlər görürdüm.

Arif Heydərov mənim üçün sevimli bir insan idi. Ona görə də mən hələ Təhlükəsizlik Nazirliyinin rəhbəri olarkən onun xidmətlərinə yüksək qiymət verir, təltif olunması üçün lazımlı qərarlar qəbul edirdim. O, daxili işlər naziri işlədiyi dövrdə də onun fəaliyyətini yüksək qiymətləndirərək ona lazımi rütbələr, təltiflər verilməsi üçün lazımi qərarlar qəbul edirdim. Ona verilən adlara, rütbələrə, ordenlərə, medallara o, tam layiq idi və öz sədaqətli işi, saf əməlləri ilə bunların hamısını almağa haqq qazanmışdı.

Mən qeyd etdim ki, Arif Heydərov bir insan kimi çox sadə, təvazökar və yaxşı bir yoldaş idi. Ona görə də mən onunla şəxsən yoldaşlıq edirdim. Arif Heydərovun oğlanları, onun həyat yoldaşı Adilə xanım indi burada iştirak edirlər. Nə qədər vaxt keçib? Arif Heydərovun toyunu biz bir yerdə etmişik. Arif Heydərovun Adilə xanımla evlənmə mərasimində, toyunda mən iştirak etmişdim. Bir yerdə işləyərkən nə qədər asudə vaxtlar da keçirmişdik. Mən bunların hamısını daim keçmişin ən xoş günləri kimi xatırlayıram. Mənim həyatım həmişə çox gərgin olubdur. Həyatımda demək olar ki, gərginliklə yanaşı, asudə bir vaxt kimi xatirimdə qalan günlər çox az olub. Həm də belə günlər mənim gənclik dövrümdə olubdur. Bunların da bir çox hissəsi məhz Arif Heydərovla bir yerdə olubdur. Bunlar hamısı mənim üçün əzizdir. Biz həmin bu binada, salonda bir yerdə böyük iclaslar da, konsertlər də keçirmişik. Bəzən böyük bir kollektivlə burada yeni ili bir yerdə qarşılayırdıq. Bir yerdə çox yaxşı, şən axşamlar da keçirmişik. O vaxt çox mehriban bir kollektivimiz var idi. Nə qədər çətinliklərimiz olsaydı, içimizdə nə qədər nadürüst adamlar olsaydı da bunlarsız deyildi, - amma ümumiyyətlə çox mehriban, çox gözəl kollektivimiz var idi. Mən məhz bu kollektivin içərisindən çıxıb Azərbaycanın rəhbəri oldum. Arif Heydərov da məhz bu kollektivin içərisindən çıxıb Azərbaycanın daxili işlər naziri oldu.

Arif Heydərov eyni zamanda, Azərbaycanın ictimai-siyasi həyatında çox fəal iştirak edirdi, o vaxt bizim dövlət tədbirlərinin hamısının fəal iştirakçısı idi. Həm Ali Sovetin deputatı idi, həm də bizim bütün yüksək dövlət orqanlarının üzvü idi. Yəni mənimlə bərabər işlədiyi zaman o, təkcə daxili işlər naziri kimi yox, Azərbaycanın görkəmli dövlət xadimi kimi həmişə fəal mövqedə olubdur, respublikamızın ictimai-siyasi həyatının fəal iştirakçısı olubdur. Bunların hamısına görə də o, çox silinməz izlər qoyubdur: həm dövlət təhlükəsizliyi orqanlarının işində onların nümayəndələri, veteranları, bu gün orada çalışanlar da burada iştirak edirlər, - Daxili İşlər Nazirliyinin işində, həm də respublikanın ictimai-siyasi həyatında çox dərin, silinməz izlər qoyubdur.

Arif Heydərovun həyatı çox faciəli şəkildə, fəlakət nəticəsində qırıldı. Gözlənilməz faciəli bir hadisə bizi, bütün respublikanı, məni sarsıtdı. Ancaq bu faciəli ölümü də onun iş başında, iş yerində baş verdi. O, demək olar ki, son damla qanına, son dəqiqəsinədək öz səngərində oldu. Onun həyatına qəsd edən, onu qətl edən cani, günahkar o vaxt nə qədər böyük cinayət etdi! Bilirsiniz, indi ictimaiyyət belə cinayətlərə artıq alışıbdır. Amma o vaxt respublikamızda, yaşadığımız ümumi dövlətdə - Sovetlər İttifaqında əsasən əmin-amanlıq dövrü idi. Belə hallar çox nadir idi. Ona görə də bu, bizi həm sarsıtdı, həm kədərləndirdi. O günlər biz həyatımızda çox faciəli günlər yaşadıq. O hadisədən sonra, o güllə yarasından sonra Arif Heydərov hələ yaşayırdı. Onun həyatının xilas olunması üçün mən bütün imkanlardan istifadə etdim. Dərhal, bir neçə saatdan sonra mən Moskvadan ən yüksək səviyyəli cərrahları, professorları, akademikləri dəvət etdim, onları buraya gətirdim. Əlimdə olan bütün imkanları, təkcə Azərbaycanda yox, o vaxt Moskvada olan tibb imkanlarını səfərbər etdik. Təəssüf olsun ki, onun həyatını xilas edə bilmədik.

Bu, bizim üçün böyük itki oldu, xalqımız, respublikamız üçün böyük itki oldu, şəxsən mənim üçün çox böyük itki oldu. Onun vəfatı günü bütün Azərbaycan matəmə batdı. Bu, bizim hamımız üçün matəm oldu, bütün Azərbaycan xalqı üçün matəm oldu. Onu əziz dost, qardaş kimi, şəxsən mən öz çiynimdə son mənzilə yola saldım. O günləri xatırlamaq çox çətindir. Mən bu gün salonda oturmuşam, düşünürəm, həyatının ən bəhrəli, ən çiçəklənən bir dövründə, xalqımız, respublikamız, millətimiz üçün onun təcrübəsinin, imkanlarının ən lazım olduğu bir dövrdə o, həyatdan getdi. Özü də gənc bir vaxtda həyatdan getdi. Bu, ailəsi üçün də böyük bir itki oldu. Biz bu faciəni çox ağır hisslərlə yaşadıq.

Bu gün onun 70 illiyini qeyd edərkən mən bir tərəfdən qəm-qüssə keçirirəm. Eyni zamanda ölümündən, vəfatından 18 il sonra onun xatirəsinin, 70 illik yubileyinin bu gün belə qeyd edilməsi məndə böyük qürur hissi doğurur ki, mənim silahdaşım, dostum, yoldaşım gözəl həyat yolu keçib, xalqına, millətinə sədaqətlə xidmət edib və bu gün müstəqil Azərbaycan Respublikasının dövləti, bugünkü nəsillər onun xidmətlərini böyük hörmət, ehtiramla yad edirlər. Mən bu gün bu mərasimə yalnız və yalnız Arif Heydərova olan şəxsi münasibətim və onun şəxsiyyətinə olan hörmətim ilə əlaqədar gəlmişəm. Mən çox məmnunam ki, bura toplaşanların hamısı - onu tanıyanlar da, onunla bir yerdə işləmiş adamlar da və gənc nəslin nümayəndələri də Arif Heydərovun 70 illiyinə belə həvəslə, yüksək hisslərlə gəliblər.

Arif Heydərovun gördüyü işlər yaşayır. Bu gün məndən əvvəl çıxış edən natiqlər bu barədə çox sözlər dedilər. Qeyd etdiyim kimi, o, böyük izlər qoyub gedibdir. Onun xatirəsini mən 1979-cu ildə verdiyim qərarla da əbədiləşdirmişdim və indi onun 70 illik yubileyinə hazırlıq zamanı da dünən sərəncam verdim. O, bunlara layiqdir. Burada Arzuman Zülfüqarovun təklifini də mən bəyənirəm və qərar verirəm ki, Daxili İşlər Nazirliyinin qospitalına - bilirəm, o, Arif Heydərovun rəhbərliyi altında tikilib - Arif Heydərovun adı verilsin. Biz tariximizi həmişə qiymətləndirməliyik. Azərbaycan xalqının böyük tarixi var. Arif Heydərov da Azərbaycan tarixində özünəməxsus görkəmli yer tutubdur. Tarix görkəmli insanların işləri, fəaliyyətləri ilə yaranır. Tarixi yaradan insanlardır. Bu gün bu yubiley mərasimini keçirərək, biz bir daha öz tariximizə hörmət və ehtiramımızı bildiririk. Bir daha bəyan edirik ki, Azərbaycan xalqının zəngin tarixi, keçmişi və xalqımızın dəyərli şəxsiyyətləri var. Bu şəxsiyyətlərdən biri də görkəmli dövlət xadimi, Azərbaycan xalqının generalı, unudulmaz Arif Heydərovdur. Onun xatirəsi bizim qəlbimizdə və gələcək nəsillərin qəlbində əbədi yaşayacaqdır.

Tarixi arayış

SOSİUM

Əlavə sənədlər