Bakı şəhərinin Yeni Günəşli massivində yaşayan keçmiş döyüşçü, "Azərbaycan Bayrağı" ordenli İbad Mövsüm oğlu Hüseynova - Bakı şəhəri, 12 noyabr 1999-cu il


Hörmətli İbad Hüseynov!

Məni toy mərasiminə dəvət etdiyinə görə sənə öz təşəkkürümü bildirirəm. Dəvət teleqramında sən 1994-cü ildə döyüş bölgəsində səngərdə mənimlə görüşüb şəkil çəkdirdiyini qeyd edirsən. Mən həmin il döyüş bölgələrində əsgər və zabitlərlə olan görüşlərimi yaxşı xatırlayıram.

Azərbaycan torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində göstərdiyin igidlik və şücaətə görə mən öz fərmanımla səni "Azərbaycan Bayrağı" ordeni ilə təltif etmişəm. Sənin kimi şanlı yolu keçmiş bir gəncin ailə qurmasına, əlbəttə, sevinirəm. Lakin işim çox olduğuna görə sənin toyunda iştirak edə bilməyəcəyəm.

Sevilə-seçdiyin gözəl azərbaycanlı qızı ilə birlikdə səni ürəkdən təbrik edir, sizə xoşbəxtlik, həyat, ailə səadəti arzulayıram. Bu şad gününüzdə hər ikinizin valideynlərinə, qohum-əqrəbalarına gözaydınlığı verir, onları səmimi - qəlbdən təbrik edirəm. Arzu edirəm ki, gənclərimizin belə xoş günləri çox, qəm-qüssələri az olsun.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Tarixi arayış

SOSİUM

Əlavə sənədlər