Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin birgə mətbuat konfransında Azərbaycan Prezidenti Heydər Əliyevin bəyanatı - Moskva, 23 sentyabr 2002-ci il


Hörmətli Vladimir Vladimiroviç!

Hörmətli xanımlar və cənablar!

Vladimir Vladimiroviç, bu işgüzar səfəri həyata keçirmək və məncə, Sizin artıq dediyiniz işləri görmək üçün Moskvaya gəlmək barədə dəvətə görə Sizə ürəkdən təşəkkür edirəm. Mən bir daha bəyan etmək istəyirəm ki, Rusiya-Azərbaycan münasibətləri həmişə normal olmuşdur, lakin Rusiya prezidenti Vladimir Vladimiroviç Putinin Azərbaycana ilk rəsmi səfərindən sonra bu münasibətlər xüsusilə inkişaf etmişdir. 2001-ci il yanvarın 9-dakı həmin səfər Rusiya prezidentinin XXI əsrdə ilk səfəri idi və bu səfəri o, Azərbaycana etmişdir. Ancaq məsələ təkcə bunda deyildir. Məsələ ondadır ki, biz o vaxt Rusiya-Azərbaycan münasibətlərinə aid bir çox məsələləri olduqca ətraflı müzakirə etdik. Doğrudur, həm bizim üçün, həm də Rusiya üçün olduqca gərəkli olan bir çox digər məsələləri də müzakirə etdik.

Rusiya-Azərbaycan münasibətlərinin inkişafında yeni mərhələ məhz həmin dövrdən başlanmışdır. Bu proses inkişaf edir və mən deməliyəm ki, yüksək sürətlə inkişaf edir. Heç iki il keçməyib ki, biz, ilk növbədə, iqtisadiyyat sahəsində, siyasi sahədə və bütün digər sahələrdə nəzərəçarpacaq nəticələrə nail olmuşuq.

Vladimir Vladimiroviç burada bu gün gördüyümüz işlərdən, hansı sənədləri imzaladığımızdan danışdı. Mən sizi bir daha yormayacağam, amma belə bir cəhət mühümdür ki, Vladimir Vladimiroviçin nəzərə çarpdırdığı ən mühüm məqamları mən də sözbəsöz təkrarlayardım. Bizim bugünkü münasibətlərimiz, bax, bu deməkdir.

Vladimir Vladimiroviç, Rusiya-Azərbaycan münasibətlərinə güclü təkan verdiyinizə görə mən Sizə minnətdaram. Mövcud olan bəzi maneələri məharətlə aradan qaldırdınız. Bu cəhətdən Siz özünüzü çox uzaqgörən siyasi xadim kimi göstərdiniz, o mənada ki, əvvəllər olanları arxada qoydunuz. Həmin vaxtdan biz, hər şeydən öncə, prezident Vladimir Vladimiroviç Putinin Azərbaycana, xalqımıza səmimi münasibətini, ikincisi isə, onun münasibətlərimizin inkişafına çox böyük maraq göstərdiyini, - biz bunu daha çox istəyirik, - üçüncüsü, onun Azərbaycana, bizim işlərimizə hədsiz diqqətini hiss edirik.

Yayda Vladimir Vladimiroviçlə biz Sankt-Peterburqda görüşdük, dahi Azərbaycan şairi Nizaminin abidəsini açdıq, birlikdə açdıq. Bu faktın özünün rus və Azərbaycan xalqları, Rusiya ilə Azərbaycan arasında dostluğun möhkəmlənməsi üçün çox böyük əhəmiyyəti var. Mən Vladimir Vladimiroviçin orada necə gözəl nitq söylədiyini xatırlayıram. Sonra isə, onun dediyi kimi, biz yenə də bir çox məsələlərə dair ətraflı fikir mübadiləsi apardıq. Mən həmin səfərimdən çox məmnun oldum.

Vladimir Vladimiroviç, madam ki, mən Sizin dəvətinizlə artıq üç dəfə Moskvada olmuşam, - zənn edirəm ki, ilin sonunadək bəlkə yenə belə bir imkan oldu, - Sizi münasib vaxtda Azərbaycana dəvət etməyə tam əsasım vardır. Siz xalqımızın Sizə olan münasibətini bilirsiniz. Mən deməliyəm ki, Vladimir Vladimiroviç Putin elə ilk günlərdən həm Rusiyada, həm də bizim respublikada hörmət və nüfuz qazanmışdır. Çünki gördüyü işlərdən, verdiyi bəyanatlardan hamıya bəlli olmuşdur ki, o, həqiqətən, bütün MDB ölkələri ilə, o cümlədən Azərbaycanla münasibətlərin möhkəmlənməsini istəyir.

Vladimir Vladimiroviç, buna görə Sizə təşəkkür edirəm.

İmzaladığımız əsas sənədə gəldikdə isə, Siz ona qiymət verdiniz. Mən bu qiymətlə tam razıyam. Mən bəyan edirəm ki, bu, çox mühüm addımdır. Xəzər dənizinin statusu, onun sektorlara bölünməsi məsələsi artıq bir çox illərdir ki, gündəlikdədir və müzakirə olunmuşdur. Siz qısa vaxt ərzində bu işə qoşuldunuz və Qazaxıstanla saziş imzaladınız. Bilirəm ki, onlarla da, Azərbaycanla da bu sənədlər üzərində çox işləmisiniz. Biz də uzun müddət işləmişik. Dediyiniz kimi, biz üç Xəzəryanı dövlət mövqeyimizi müəyyənləşdirmişik və bu, digər sahilyanı ölkələr üçün nümunə olacaqdır. Başqa yol yoxdur. Biz bu məsələ ilə çox illər məşğul olmuşuq və çoxlu variantlar tapmışıq. İndiki variant, beynəlxalq hüquq normaları prinsiplərinə, orta xətt prinsiplərinə uyğundur. Bunda da Vladimir Vladimiroviçin böyük rolu olmuşdur.

Vladimir Vladimiroviç, Siz Xəzər dənizində yaxşı hərbi təlimlər keçirdiniz. Xatirimdədir, Aşqabadda şəxsi söhbətimizdə bu barədə mənə demişdiniz. Mən təəccübləndim, Siz Aşqabaddan dərhal Həştərxana getdiniz, digər işlərlə məşğul oldunuz, müvafiq adamları oraya çağırdınız, yaxşı hazırlaşdınız. Deməliyəm ki, bu, ümumiyyətlə, Xəzərin tarixində belə böyük miqyaslı ilk təlimlər idi. Biz bu təlimlərdə iştirak edirdik, onları dəstəklədik və dəstəkləyirik.

Bir daha bəyan etmək istəyirəm ki, Rusiya-Azərbaycan münasibətləri bizim xarici siyasətimizin öncül istiqamətidir. Biz təxminən iki əsr birlikdə olmuşuq və o qədər qaynayıb-qarışmışıq, o qədər yaxınlaşmışıq ki, bu əlaqələri qırmaq olmaz. Dövlət müstəqilliyi qazanmağımız bir-birimizdən uzaqlaşmağa heç bir əsas vermir, əksinə, bu münasibətləri möhkəmləndirmək və inkişaf etdirmək lazımdır. Biz öz tərəfimizdən bunları edirik. Vladimir Vladimiroviç, bir daha çox sağ olun.

"Azərbaycan" qəzeti, 26 sentyabr 2002-ci il.