Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Moldova Respublikasının Prezidenti zati-aliləri cənab Vladimir Voroninə məktubu - 21 avqust 2003-cü il


Hörmətli Vladimir Nikolayeviç!

Moldova Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə sizi və dost Moldova xalqını ürəkdən təbrik edirəm.

Müstəqillik əldə etdikdən sonra Moldova islahatlar yolunu tutaraq, cəmiyyətin həyatının bütün sahələrində əsaslı dəyişikliklərə nail olmuş, beynəlxalq miqyasda nüfuz qazanmışdır.

Bu gün Azərbaycan ilə Moldova arasında ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin genişlənməsi, bir çox beynəlxalq və regional layihələrdə ölkələrimizin birgə fəaliyyəti məmnunluq doğurur.

Əminəm ki, dövlətlərarası münasibətlərimiz və əlaqələrimiz xalqlarımızın rifahı, regionda sülh və sabitlik naminə daim inkişaf edəcəkdir.

Hörmətli Vladimir Nikolayeviç, sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Moldova xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 27 avqust 2003-cü il.