Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan-Özbəkistan sənədlərinin imzalanmasından sonra birgə mətbuat konfransında bəyanatı - Prezident sarayı, 27 may 1996-cı il


Hörmətli xanımlar və cənablar! Bu gün səhər Özbəkistan Respublikasının prezidenti hörmətli İslam Kərimovun Azərbaycana rəsmi dövlət səfəri başlanıbdır. Biz səhərdən böyük və səmərəli iş görmüşük, danışıqlar aparılmış, ölkələrimiz arasında əməkdaşlığın gələcək inkişafı məsələləri müzakirə olunmuş, bir çox məsələlərə dair fikir mübadiləsi etmiş və belə bir yekdil rəyə gəlmişik ki, Özbəkistan ilə Azərbaycan arasında əməkdaşlığın inkişafı, müstəqil respublikalarımız arasında, özbək və Azərbaycan xalqları arasında qardaşcasına dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi üçün böyük ehtiyatlar və imkanlar mövcuddur. Biz həmçinin Özbəkistana və Azərbaycana aid olan bir çox məsələlər barədə, o cümlədən regionumuzun problemləri, Özbəkistan, Türkmənistan, Azərbaycan və Gürcüstanın nəqliyyat kommunikasiyalarından fəal istifadə edilməsi barədə, regionlarımızın həyatı və vəziyyəti ilə əlaqədar bir çox digər məsələlərə dair fikir mübadiləsi etdik. Biz beynəlxalq həyat məsələləri, o cümlədən həm Özbəkistanın, həm də Azərbaycanın daxil olduqları MDB-nin fəaliyyəti ilə bağlı məsələlər barədə fikir mübadiləsi apardıq. Müzakirə edilən bütün məsələlərdə baxışlarımızın eyniliyi, bir çox məsələlərdə yekdillik aşkar oldu ki, bu da əməkdaşlığımızın bundan sonra da inkişaf etməsi və möhkəmləndirilməsi üçün yaxşı əsas yaradır.

Danışıqlarımız, söhbətlərimiz zamanı, o cümlədən İslam Abduqəniyeviçlə təkbətək görüşümüz zamanı belə bir yekdil fikrə gəldik ki, əcdadlarımızın, bizdən əvvəlki nəsillərin topladıqları və bizə çatdırdıqları hər nə varsa, bunların əsasında xalqlarımız arasında dostluğu daha da möhkəmləndirmək üçün çox böyük imkanlar mövcuddur. Bütün bu söhbətlər və danışıqlar nəticəsində belə qənaətə gəldik ki, çoxlu sayda dövlətlərarası sənədlərin imzalanması mümkündür. Biz belə hesab edirik ki, bu sənədlər iqtisadiyyatın, elmin, mədəniyyətin müxtəlif sahələrində, həyatın bütün başqa sahələrində əməkdaşlığı təmin etmək üçün yaxşı hüquqi-qanuni əsas yaradır. Hesab edirəm ki, Özbəkistan və Azərbaycan arasında dostluq və əməkdaşlıq haqqında müqavilə çox mühüm sənəddir.

Prezident İslam Kərimovun Azərbaycana səfəri müstəqil Özbəkistan Respublikası rəhbərinin Azərbaycana ilk səfəri, iki müstəqil dövlətin prezidentlərinin Azərbaycan torpağında ilk görüşüdür. Ona görə də söhbətlərimiz, danışıqlarımız zamanı belə bir məsələdə tam yekdil idik ki, ölkələrimizin dövlət müstəqilliyinin möhkəmləndirilməsi və inkişaf etdirilməsi ən mühüm vəzifədir və bu məsələdə baxışlarımız və fikirlərimiz tamamilə üst-üstə düşür. Biz hesab edirik ki, Özbəkistanın və Azərbaycanın müstəqilliyinin bundan sonra da möhkəmləndirilməsi və inkişafı gələcək əməkdaşlığımızın əsası və etibarlı təminatıdır. Biz bu işdə bir-birimizə kömək göstərməyə söz verdik və imzaladığımız sənədlər bundan ötrü yaxşı əsas yaradır. Bu baxımdan Özbəkistan ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq haqqında müqavilədə çox mühüm müddəa var. Şəxsən mən bunu yüksək qiymətləndirir və bəyan edirəm ki, Azərbaycan bu sazişlərə, dostluq və əməkdaşlq haqqında müqaviləyə sadiq qalacaqdır. Bizim aramızda həll edilməmiş hansısa problem yoxdur və mən gördüyümüz işdən məmnunam. Lakin biz hələ bu gün və sabah da, prezident İslam Kərimov respublikamızdan yola düşənədək işləməliyik. Diqqətinizə görə təşəkkür edirəm.

Sual: Azərbaycan xarici neft şirkətləri ilə müqaviləyə daxil edilən yataqlardan çıxaracağı öz neftini Özbəkistana göndərəcəkmi? Qarabağ probleminin tənzimlənməsində ATƏT-in nə kimi rolu var? Sual İslam Kərimovadır: Özbəkistan ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq haqqında müqaviləni Özbəkistan necə həyata keçirmək niyyətindədir, bu sənəd iki dövlət arasında əməkdaşlığın inkişafına nə kimi təkan verəcəkdir? Azərbaycanın problemlərinin həllində ona köməkdən danışarkən siz nəyi nəzərdə tuturdunuz?

Heydər Əliyev: Birinci suala cavab verim. 1994-cü ilin sentyabrında ölkəmiz Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının birgə işlənməsi haqqında böyük müqavilə imzaladı. Müqavilə dünyanın on bir iri şirkətinin - ABŞ, Böyük Britaniya, Norveç, Türkiyə, Rusiya və Səudiyyə Ərəbistanı şirkətlərinin daxil olduğu konsorsiumla imzalanmışdır. Biz bu müqavilənin həyata keçirilməsi sayəsində çoxlu neft çıxarılacağını gözləyirik. Ona təxminən 8 milyard dollar əsaslı vəsait qoyulacaqdır. Neft çıxarmağa başladıqda Özbəkistanı unutmayacağıq, əlbəttə, onun neftə ehtiyacı olarsa, neftimizi ondan əsirgəməyəcəyik.

O ki, qaldı Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması barədə ikinci suala, bilirsiniz ki, bu münaqişə səkkiz ildir davam edir. İki il bundan əvvəl biz barışıq haqqında saziş bağladıq. O vaxtdan bəri döyüş əməliyyatları aparılmır, biz atəşkəs rejimi şəraitində yaşayırıq. Biz bütün bu dövrü məsələnin dincliklə tənzimlənməsinə nail olmaq üçün danışıqlara həsr etmişik. Biz bu gün də məsələnin sülh yolu ilə tənzimlənməsi mövqeyində durmuşuq, hərbi əməliyyatlara yenidən başlanmasının əleyhinəyik. Lakin məsələnin dincliklə nizama salınması Azərbaycanın ərazi bütövlüyünü tamamilə bərpa etməyi nəzərdə tutur. Bildiyimiz kimi, təcavüz nəticəsində Azərbaycan ərazisinin 20 faizi erməni silahlı birləşmələrinin işğalı altındadır, bu torpaqlardan bir milyon nəfərdən çox Azərbaycan sakini didərgin salınmışdır, onlar çox ağır şəraitdə, əksəriyyəti də çadırlarda yaşayır. Buna görə də məsələnin dincliklə nizama salınmasının əsas şərti erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan rayonlarından çıxarılmasından, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsindən, Azərbaycan vətəndaşlarının öz əvvəlki yaşayış yerlərinə qayıtmasından ibarətdir. Bu zaman biz digər tərəfin də, yəni Ermənistanın, habelə Dağlıq Qarabağın da mənafelərini nəzərə alırıq. Burada erməni millətindən təxminən yüz min adam yaşayır. Dağlıq Qarabağ Azərbaycan ərazisinin bir hissəsidir və Azərbaycanın tərkibində olmalıdır. Buna görə də ərazi bütövlüyündən danışarkən bildiririk ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibindədir və bu məsələ nizama salınarkən biz Dağlıq Qarabağa Azərbaycan Respublikasının tərkibində müasir dünya praktikasında mövcud olan ən yüksək muxtariyyət statusu verməyə hazırıq.

Bu məsələ ilə ATƏT və münaqişənin aradan qaldırılması üçün xüsusi olaraq yaradılmış onun Minsk qrupu məşğul olurlar. Təbii ki, prosesdə digər ölkələr də iştirak edərək, vasitəçilik funksiyalarını həyata keçirirlər. Biz bundan da istifadə edirik, amma ATƏT-in Minsk qrupu bu münaqişənin aradan qaldırılmasında aparıcı rol oynayır. İnanırıq ki, münaqişə dinc yolla aradan qaldırılacaqdır və biz öz tərəfimizdən, buna nail olmağa var qüvvə ilə səy göstəririk.

İslam Kərimov: Özbəkistan ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq haqqında müqaviləyə gəldikdə, əslinə qalsa, bu, əsas sənəddir və əməkdaşlığımızın prinsipial və başlıca istiqamətlərini göstərir. Zənnimcə, bu sənədi, habelə onun əsasında qəbul ediləcək sənədləri həyata keçirmək üçün hökumətlərarası komissiya yaradacağıq. Komissiya bu sənədin yerinə yetirilməsinə operativ nəzarət edəcək və bu zaman ortaya çıxan məsələləri operativ həll edəcəkdir. Mənə elə gəlir ki, bütün dövlətlərlə əlaqələrimizdə istifadə etdiyimiz beynəlxalq praktika məqbuldur. Ümidvaram ki, bu, Azərbaycan üçün də məqbul olacaqdır.

O ki qaldı Azərbaycanın qarşılaşdığı problemlərin həllinə maraq göstərməyimizlə bağlı məsələlərə, indi biz münasibətlərimizi möhkəmlətməkdən danışarkən təbiidir ki, Özbəkistan Azərbaycanda sabitlik olmasını, ona Qarabağ problemi nəticəsində vurulmuş yaraların tezliklə sağalmasını ürəkdən istəyir. Biz həmçinin istəyirik ki, Azərbaycan özünün olduqca böyük ehtiyat və insan potensialından, bütün imkanlarından istifadə etsin, inkişaf etmiş, qabaqcıl ölkələr sırasında tezliklə öz yerini tutsun, öz xalqına layiqli şərait yaratsın.

Transqafqaz kommunikasiyası haqqında sənədə, yaxud "TRASEKA" layihəsi adlandırılan layihəyə gəldikdə, Avropa İttifaqının bunda marağı var ki, Avropadan Mərkəzi Asiyaya və geriyə yüklər məhz bu dəhliz ilə daşınsın. Biz bilən, Avropa İttifaqı, onun strukturları bu layihənin həyata keçirilməsi üçün böyük məbləğdə vəsait ayırmaq niyyətindədirlər. Aydındır ki, bu yol istifadəyə verildikdən sonra Özbəkistan, eləcə də həmin nəqliyyat dəhlizindən istifadə edəcək digər dövlətlər Azərbaycanda sabitliyin qorunub saxlanmasını, onun çətin problemlərinin həllini eyni dərəcədə hiss edəcəklər. Ümidvarıq ki, Azərbaycan bu problemləri yaxın vaxtlarda aradan qaldıracaqdır.

Sual: Cənab Kərimov, Özbəkistan Transqafqaz dəhlizi vasitəsilə hansı layihələri həyata keçirmək niyyətindədir? Siz MDB çərçivəsində yeni ittifaqlar yaradılmasını necə qiymətləndirirsiniz?

İslam Kərimov: Əgər bu dəhliz bizim bütün yük axınını təmin etsə, biz bundan ancaq razı qalarıq. Onu nəzərdə tuturam ki, Özbəkistanın xarici ticarətdə əmtəə dövriyyəsi 6,5 milyard dollardır. Bunun nə demək olduğuna özünüz diqqət yetirin. Bu gün Özbəkistan bir çox Asiya, Avropa və Amerika ölkələri ilə sıx əlaqələrə malikdir. Odur ki, kommunikasiya məsələsi bizim ən zəif, necə deyərlər, yaralı yerimizdir. Bizim dənizə çıxışımız yoxdur. Belə çıxışı olan ölkələrə həsəd aparırıq. Çünki onlar bu cür imkanı olmayan ölkələrlə müqayisədə böyük üstünlüyə malikdirlər. Buna görə də biz bu gün Avropaya və digər ölkələrə pambıq, böyük həcmdə məhsul göndərmək, oradan isə boş dayanan müəssisələrimiz üçün dəzgahlar, avadanlıq gətirmək istəyirik. Bu dəhliz istifadəyə verildikdən sonra biz nəinki yükləri Azərbaycan vasitəsi ilə aparıb-gətirəcək, həm də öz məmulatlarımızı buraya gətirəcək, sizin məhsulunuzu da aparacağıq. Bunu bildirməyə şadam ki, Özbəkistandan ilk yük - 2 min ton pambıq Türkmənistan, Bakı və Gürcüstan yolları ilə mənzil başına, Poti limanına gətirilmişdir. Burada həmin yük gəmiyə vurulub, son ünvanına göndəriləcəkdir. Ümumiyyətlə, biz milyonlarla ton yük göndərmək fikrindəyik. Həm də Azərbaycan bu yüklərin tranziti üçün beynəlxalq normalar üzrə gəlir əldə edəcəkdir. Zənnimcə, bu, Azərbaycanı nəinki Avropa, dünya ölkələri ilə, həm də Mərkəzi Asiya ölkələri ilə birləşdirəcək. Yük axınına respublikanızı da cəlb edəcəkdir. Ümidvaram ki, bu, əməkdaşlığımızı möhkəmlətmək, əmtəə dövriyyəmizi genişləndirmək üçün yeni stimul və təkan olacaqdır.

O ki qaldı ikinci sualınıza, demək istəyirəm ki, dördlər ittifaqının, dördlər sazişinin, - ona müxtəlif adlar verirlər, - onu imzalamış dövlətlərin, yəni Belarus, Rusiya, Qazaxıstan və Qırğızıstanın daxili işidir. Hər dövlət öz taleyini özü təyin edir və kimsənin haqqı yoxdur ki, bu prosesləri qiymətləndirsin və ya onlara qarışsın. Əlbəttə, əgər bu proseslər həmin ölkələrə bilavasitə aid deyildirsə, Özbəkistan birmənalı şəkildə bildirmişdir ki, o, heç bir ittifaqa daxil olmayacaqdır.

Fürsətdən istifadə edib demək istəyirəm ki, biz dördlərin gömrük ittifaqına da daxil olmaq fikrində deyilik. Səbəb budur ki, dördlərin müqaviləsi, təsisçilərin bəyan etdikləri kimi, heç də dərinləşdirilmiş iqtisadi və humanitar inteqrasiya müqaviləsi deyildir. Mən qəti əminəm ki, bu, coğrafi-siyasi müqavilədir və fövqəldövlət vəzifələrinin həyata keçirilməsini nəzərdə tutur. Yəni elə fövqəldövlət strukturları yaradılır ki, onlar heç də təkcə iqtisadi xarakterli deyil, başqa səpkili bir çox məsələləri həll edəcəklər. Biz isə bunun qəti əleyhinəyik ki, suveren dövlətlər öz funksiyalarının bir qismini fövqəldövlət strukturlarına versin və bununla da öz suverenliyinin bir hissəsindən məhrum olsunlar. Bu, bir növ qovuşdurucu damarlardır. Fövqəldövlət strukturu yaradılmışdır və bu müqaviləyə daxil olan hər bir dövlət öz suverenliyinin bir hissəsini həmin fövqəldövlət strukturlarına verməlidir. Onlar öz üzərlərinə nə qədər səlahiyyət götürürlər, bu dövlətlər nə qədər itirirlər - məlum deyildir. Buna görə də bu müqavilədə suverenliyin tamamilə saxlandığına bizi nə qədər əmin etsələr də, bu, adicə tənqid əndazəsinə sığmır. Belə isə fövqəldövlət strukturlarını yaratmaq nəyə gərəkdir? MDB çərçivəsində qəbul olunmuş sənədlərin nə üçün yerinə yetirilmədiyini həll etməkdə kim bizə maneçilik törədir? Kim təminat verir ki, bu dörd dövlətin imzaladığı sənədlər yerinə yetiriləcəkdir? Məsələ bunda deyildir. Məsələ bundadır ki, MDB çərçivəsində elə strukturlar yaratmaq istəyirlər ki, onlar öz nizamnaməsinə və istiqamətinə, məqsədlərinə uyğun olaraq MDB çərçivəsindən kənara çıxırlar. Buna görə də biz bu məsələyə birmənalı yanaşırıq - biz fövqəldövlət, fövqəlmilli strukturların əleyhinəyik. Hesab edirik ki, MDB-nin ehtiyatlarından və potensialından hələ büsbütün istifadə olunmayıbdır. Buna görə də biz ona tərəfdarıq ki, MDB çərçivəsində proseslər fəallaşdırılsın.

Sual: Cənab Kərimov, Özbəkistanın Ermənistanla nə kimi əlaqələri var? Siz islam təməlçiliyi meyllərinə necə baxırsınız?

İslam Kərimov: Bizim Ermənistanla heç bir əlaqəmiz yoxdur. Bizim yalnız səfirliklər səviyyəsində rəsmi münasibətlərimiz var.

İslam təməlçiliyinə gəldikdə, zənnimcə, Özbəkistan öz xəttini, proqramını, perspektivini birdəfəlik müəyyənləşdirərək, birmənalı şəkildə bildirmişdir ki, o, hər hansı təməlçiliyin - dini təməlçiliyin də, kommunist təməlçiliyinin də əleyhinədir. Təməlçiliyin hər iki forması bizim üçün eyni dərəcədə qeyri-məqbuldur.

Bilirsinizmi, çoxları islamı səhv şərh edir və yeni problemlər yaratmaq və onları islam təməlçiliyi ilə bağlamaq üçün islamdan bir vasitə kimi istifadə edirlər. Biz hesab edirik ki, islam dini də hər hansı başqa bir din kimidir. Mən Quranı, digər dini kitabları oxumuşam. Özbəkistan İmam əl Buxarinin, İmam ət-termezinin vətənidir. Onlar Məhəmməd peyğəmbərin hədislərinin toplanmasında ən görkəmli din xadimləri sayılırlar. Bir vaxtlar onlar bu hədisləri toplayaraq çox böyük iş görmüşlər. Biz bu hədisləri indiyədək bərpa etməyə çalışırıq. Onlar islam dünyasının olduqca böyük əhəmiyyətli və dəyərli sərvətidir. Bu hədisləri, Quranı diqqətlə oxusanız, görərsiniz ki, islam ən demokratik dindir. Mən fəxr edirəm ki, ata-babalarımız bu dinə inanmış, ona etiqad etmişlər. Biz isə atalarımızın dininə böyük hörmət bəsləyirik.

Sual: Zəhmət olmasa, gələcək mədəni əlaqələrimiz haqqında danışın, Rusiyada seçkiqabağı kampaniyaya münasibətinizi də bildirin.

Heydər Əliyev: Özbək və Azərbaycan xalqları arasında mədəni əlaqələrin qədim tarixi var. Xalqlarımızın mədəni, ədəbi əlaqələrindən danışarkən çoxlu misallar və adlar çəkmək olar. Lakin bizim əsrimizdən, son onilliklərdən söhbət gedərsə, deyə bilərik ki, biz Azərbaycanda özbək mədəniyyəti günlərini uğurla keçirmişik. O zaman ongünlük ərzində özbək mədəniyyətinin bütün məşhur nümayəndələri Azərbaycanda idilər, respublikamızın sakinləri artistləri də, musiqiçiləri də, müğənniləri də, şairləri və yazıçıları da salamlayırdılar. Özbəkistanda Azərbaycan mədəniyyəti günləri də eynilə bu cür keçmişdir. Bizim rəssamlarımız, bəstəkarlarımız, artistlərimiz, şairlərimiz, yazıçılarımız tez-tez bir-birlərinə qonaq gedirdilər. Əlişir Nəvaidən tutmuş müasir özbək yazıçılarına, şairlərinə qədər bir çoxlarının külli miqdarda əsəri ölkəmizdə Azərbaycan dilinə tərcümə edilmişdir. Mən bilirəm ki, Özbəkistanda da belədir. Bir sözlə, bu baxımdan bizim çox böyük potensialımız, böyük zəminimiz var. Şübhə etməmək olar ki, indi, Özbəkistan prezidentinin buraya gəlişindən, sənədlərin imzalanmasından sonra mədəni əlaqələrimiz genişlənəcəkdir. Xüsusən də ona görə ki, bu sənədlərdən biri mədəniyyət sahəsində əməkdaşlığın inkişafına aiddir. Yəni demək istəyirəm ki, bu məsələdə heç bir problem olmayacaqdır. Bunlar xalqlarımız arasında dostluğun daha da möhkəmləndirilməsinə xidmət edəcəkdir. Bu baxımdan mədəniyyət həmişə son dərəcə mühüm rol oynayır.

Rusiyada seçkilərə gəldikdə isə, şəxsən mən arzu edirəm ki bu seçkilər demokratik əsasda keçsin, orada demokratiya, islahatlar prinsipləri bərqərar olsun.

İslam Kərimov: Heydər Əliyeviç mədəniyyət barədə çox tutarlı danışdı və mən deyilənlərə elə bir şey əlavə edə bilmərəm. Lakin Nizami Gəncəvi, Füzuli kimi böyük azərbaycanlıların adlarını çəkmək istərdim, onlar bəlkə də Özbəkistanda sizdə olduğundan daha məşhurdurlar. Ona görə belə deyirəm ki, Füzulinin özbək dilinə tərcümə edilmiş şerləri bizdə bütün dövrlərdə məşhurdur. Adamlar bu şerləri dinləyir və bunlardakı ecazkarlıq sayəsində həyatı yeni şəkildə dərk edirlər. Daha sonrakı dövrlərdə yaşamış müəlliflər, məsələn, Səməd Vurğun da çox məşhurdur. Mən bu siyahını artıra bilərdim. Demək istəyirəm ki, özbəklər sizin yazıçıları və şairləri özbək dilində oxuyurlar, bu fakt isə çox şey deyir. Rus dilində oxumurlar. Füzulini rus dilində oxumaq mümkün deyil. Füzulinin rus dilinə tərcümə edilmiş şerlərinə necə mahnı bəstələmək olar, təsəvvür etmirəm. Axı, onun qəzəllərini yalnız milli, dərindən bildiyin dildə oxumaq mümkündür: əks halda başlıca gözəlliyi, mənası itir.

Müasir ədiblərdən, məsələn, milliyyətcə azərbaycanlı olan yazıçımız Şeyxzadədən danışsan, o, Özbəkistanın ən nüfuzlu yazıçılarından biridir. Doğrudur, indi o, həyatdan getmişdir, lakin bu insan Azərbaycanın Özbəkistan tarixinə əbədi daxil olması üçün çox böyük töhfə vermişdir. O, Özbəkistanın tarixini elə dərindən bilirdi ki, Uluqbəyin, Teymurilərin həyatı haqqında klassik, tarixi əsərlər yazmışdır. Şeyxzadə azərbaycanlı olsa da, artıq bu gün özbək ədəbiyyatının klassiki sayılır. Bu barədə çox danışmayacağam. Lakin sizin dərin lirik, sırf milli musiqinizi biz çox gözəl duyuruq. Ən ucqar qışlaqda yaşayan hər hansı özbək Azərbaycan musiqisini məmnuniyyətlə dinləyir. Ona görə də biz günahkarıq ki, qəlbləri sevindirən və ilhama gətirən, ruhu sakitləşdirən, harmoniya yaradan və eyni kökdən olduğumuzu xəbər verən bu xəzinədən müəyyən bir müddət uzaqlaşmışıq. Əgər eyni kökdən olmasaydıq, musiqini və klassik şeri başa düşməzdik.

Bu mövzuda çox danışa bilərdim, çünki siyasət məni bezikdirir və bu məsələlərdən daha çox danışmağı üstün tuturam, ona görə ki, bunlar insana, onun qəlbinə yaxındır. Gündəlik siyasət arxasında bu həyatın bütün gözəlliyini, mənasını itirir, çox böyük kasadlıq duyuruq.

O ki qaldı ikinci suala, bu barədə Heydər Əliyeviçdən bir qədər çox danışacağam, çünki o, məndən təcrübəlidir, mənə nisbətən daha böyük diplomatdır. Demək istəyirəm ki, hazırda Rusiyanın seçkiqabağı meydanında çox sərt qarşıdurma gedir. Əgər mən rusiyalı seçici olsaydım, Yeltsinə səs verərdim. Ona görə yox ki, çox xoşuma gəlir, ona görə ki, digər namizədlərin arasında ondan yaxşısını görmürəm. Bu da sizə konkret cavab. Lakin başa düşürəm ki, səs verən yalnız Rusiya, yalnız onun insanları olacaqdır. Bununla belə, biz həmin seçkilərə biganə deyilik. Bu yaxınlarda, MDB-nin iclasında da hamımız bu barədə danışmışıq. Çünki sabah, məsələn, vətənpərvər-kommunist adlandırılanları seçsələr, qəti əminəm ki, qarşıdurma təkcə Rusiyanın özü ilə qurtarmayacaq. Geriyə qayıtma təkcə orada olmayacaq, ehtimal ki, bu, hazırda MDB çərçivəsində birləşmiş ölkələrin həyatına da təsir edəcəkdir. Belə nəticəyə gəlmək üçün ciddi əsaslar var.

Biz geriyə qayıtmağın əleyhinəyik, biz Rusiyanın demokratik ölkə olmasını istəyirik, onunla bərabər səviyyəli, qardaşlıq münasibətlərimizin olmasını istəyirik, bizi müstəqil, suveren dövlətlər kimi tanınmasını, gələcək üçün bizimlə bərabər səviyyəli münasibətlər yaratmasını istəyirik. Rusiyanın demokratik ölkə olmasının mənasını yalnız bunda görürük.

Əgər qısaca desək, iyunun 16-sı çox şeyi müəyyən edəcəkdir. Rusiyanın seçdiyi yol təkcə MDB-yə, Avropaya, Asiyaya deyil, həm də ümumən bütün dünyaya təsir edəcəkdir. Mən buna əminəm. Ona görə də Özbəkistanın rəhbəri kimi bir daha bəyan etmək istəyirəm ki, mən Rusiyanın demokratik yol seçməsinin, onu bundan sonra da demokratiya yolu ilə aparacaq adamı seçməsinin tərəfdarıyam.