Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Yaponiyanın "Mitsui" şirkətinin prezidenti Yeşimo Şqeyi ilə görüşdəki söhbətindən - Tokio, Azərbaycan Prezidentinin iqamətgahı, 24 fevral 1998-ci il


Hörmətli cənab Şqeyi!

İlk əvvəl söylədiyiniz xoş sözlərə görə sizə təşəkkürümü bildirirəm. Müstəqil Azərbaycan Respublikasının prezidenti kimi Yaponiyaya ilk rəsmi səfərimdən məmnun qaldığımı vurğulayıram.

Sizin prezidenti olduğunuz "Mitsui" şirkəti barədə, onun dünyanın bir çox dövlətləri ilə, eyni zamanda Azərbaycanla bir çox sahələrdə əməkdaşlıq etdiyinə dair verdiyiniz ətraflı məlumat məndə hədsiz maraq oyatdı. Yaponiyanın "Toşiba" şirkətinin 1970-ci illərdə Bakıda onun rəhbərliyi ilə məişət kondisionerləri zavodu tikdiyini məmnunluqla xatırlayıram. Mənim üçün bunları eşitmək xoşdur ki, o zaman bu zavodun texniki avadanlıqla təchiz olunması üçün aparılan danışıqlarda "Mitsui" şirkəti də yaxından iştirak edirdi.

Xəzərin Azərbaycan sektorundakı yataqların birgə işlənilməsi üçün imzalanmış müqavilələrin həyata keçirilməsində Yapo-niyanın "İtoçu" və "Mitsui" şirkətləri müəyyən pay almışlar. "Mitsui"nin maraq göstərdiyi "Kürdaşı" yatağının çox böyük ehtiyatlara malik olduğunu vurğulamaq istəyirəm. Dünyanın bir çox ölkələrinin nüfuzlu şirkətlərinin bu yataqda işləməyə səy göstərməsinə baxmayaraq biz "Mitsui"yə üstünlük veririk. Yaponiyaya səfərim müddətində Azərbaycan Dövlət Neft Şirkəti ilə "Mitsui" şirkəti arasında pay iştirakının verilməsi barədə sazişin imzalanmasına razılığımı bildirmişəm.

"Mitsui" şirkətinin Azərbaycanla sıx əlaqə saxladığına dair verdiyiniz məlumat xüsusi əhəmiyyət daşıyır. Bakıda "Şimal" Buxar-Qaz Elektrik Stansiyasının və Onkoloji Mərkəzin tikintisində şirkətin yaxından iştirak etməsini müsbət qiymətləndirirəm. İnşasına hələ 1981-ci ildə başlanmış Onkoloji Mərkəzin tikilib başa çatdırılması məni həmişə düşündürmüşdür. Əgər bu işə sərfəli güzəştli kreditlər ayrılarsa, irəli sürülən təkliflər barədə razılığa gəlmək mümkündür.

Görüşə gəldiyinizə və qarşılıqlı faydalı təkliflərinizə görə sizə təşəkkürümü bildirirəm.