Azərbaycan Prezidenti Heydər Əliyevin Rusiya Federasiyasının xarici işlər naziri İqor İvanovu qəbul edərkən söhbətindən - 26 yanvar 2002-ci il


Heydər Əliyev: Çox sağ olun, İqor Sergeyeviç. Mən bu dəvətə və səfərimin belə gözəl təşkil edilməsinə, bütün görüşlərə görə ilk növbədə Vladimir Vladimiroviçə öz minnətdarlığımı bildirmək istəyirəm. Hesab edirəm ki, bütün bu görüşlər təşkilati, bizə münasibət, qonaqpərvərlik və dostluq hissləri baxımından çox gözəl keçdi. Burada hər şey ən yüksək səviyyədə təşkil edilmişdir. Bütün bunlar məndə son dərəcə məmnunluq doğurur. Lakin ən başlıcası odur ki, biz fikir mübadiləsi etdik və çox mühüm sənədlər imzaladıq. Ona görə də hesab edirəm ki, Rusiya prezidenti Putin məni dəvət edəndə və mən buraya gələndə qarşımıza qoyduğumuz məqsədlərə prinsip etibarilə tamamilə nail olduq. Mən buradan böyük razılıq, minnətdarlıq, görülmüş işlərdən məmnunluq hissi ilə qayıdıram. Zənn edirəm ki, bir tərəfdən həm Rusiyaya, həm də Azərbaycana, eləcə də bütün başqa ölkələrə Rusiya ilə Azərbaycan arasında dostluq, strateji əməkdaşlıq münasibətləri olduğunu bir daha sübut etmək üçün birgə səylərlə xeyli iş gördük.

Digər tərəfdən isə, bundan sonra da uğurla işləməyimiz üçün çox şey etməyə nail olduq. Ona görə də mən çox razıyam və prezident Vladimir Putinə və səfərin təşkilinə görə sizə, - çünki təşkilatçılıq işi sizin xidmətinizdir, - bir daha öz təşəkkürümü bildirirəm.

İqor İvanov: Səfərin nəticələri bir tərəfdən bizi məmnun edir, digər tərəfdən isə, iki prezident arasında əldə olunmuş mühüm razılaşmaların əməli surətdə həyata keçirilməsi üçün birgə işləri gücləndirməyi tələb edir. Həm ikitərəfli münasibətlərlə bağlı, həm də bəzi beynəlxalq məsələlər var ki, onların həlli üçün birgə səylər tələb olunur. Bütün bu səylər ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının axtarılmasına yönəldiləcəkdir. Rusiya bu qərarın həm Azərbaycan, region üçün, həm də Rusiyanın özü üçün əhəmiyyətini başa düşür. Qafqazda yerli münaqişələr həll edilmədən bu regionda sabitliyə və mehriban qonşuluğa nail olmaq mümkün deyildir. Rusiya həm ATƏT-in Minsk qrupu çərçivəsində, həm də ikitərəfli səviyyədə öz səylərini göstərəcəkdir.

Heydər Əliyev: Xatirinizdədir, dünən mən dəfələrlə qeyd etdim ki, bu, bütövlükdə respublikamız üçün, o cümlədən Rusiya ilə qarşılıqlı münasibətlərimiz, əməkdaşlığımız üçün ən əsas məsələdir. Çünki, dünən həm söhbət zamanı, həm də ziyafətdə dediyim kimi, ictimaiyyətimiz Rusiyadan çox şey gözləyir. Çünki ictimaiyyətimizin və bizim hamımızın fikri belədir ki, Rusiya bu məsələni həlledici mərhələyə gətirib çıxara bilər, yəni qısa desək, Rusiya münaqişənin nizama salınmasında həlledici rol oynaya bilər. Buna görə də ictimaiyyətimizdə belə ümid var, təkcə ictimaiyyətimiz deyil, elə mən də bu fikirdəyəm. Mən buna əminəm və belə qənaətdəyəm. Buna görə də hesab edirəm ki, dünən əldə etdiyimiz razılaşmaları həyata keçirmək lazımdır və siz müsbət nəticələrə nail olmalısınız.

"Azərbaycan" qəzeti, 30 yanvar 2002-ci il.