Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Ukrayna Təhlükəsizlik Xidmətinin sədri general-polkovnik Leonid Derkaçı ilə görüşdəki söhbəti - Prezident sarayı, 4 mart 1999 -cu il


Heydər Əliyev: Leonid Vasilyeviç, Sizi salamlayıram. Mən Sizin səfərinizi Ukrayna ilə Azərbaycan arasında əməkdaşlıq prosesində yaxşı əlamət kimi qiymətləndirirəm. Şadam ki, dövlətlərimiz arasında çox yaxşı münasibətlər, yaxşı əməkdaşlıq, yaxşı qarşılıqlı əlaqələr təşəkkül tapmışdır. Xüsusən şadam ki, mənimlə prezident Leonid Daniloviç Kuçma arasında çox yaxşı və mebriban münasibətlər yaranmışdır. Biz MDB-də də, beynəlxalq təşkilatlarda da bir çox məsələlərdə eyni mövqe tutur, bir-birimizi dəstəkləyir, bir-birimizə kömək edirik. Ukrayna bizim üçün strateji tərəfdaşdır və biz bunu çox yüksək qiymətləndiririk. Bu baxımdan sizin səfəriniz, Ukrayna və Azərbaycanın təbhlükəsizlik orqanları arasında əlaqələr məhz kompleks əməkdaşlığımız məcrasındadır. Mən buna şadam.

Leonid Derkaç: Ən əvvəl, Prezidentimiz Leonid Daniloviç Kuçmanın salamını və ən səmimi arzularını yetirmək istərdim. O arzu edir ki, Siz həmişə sağlam olasınız, ölkənizdə asayiş olsun, ən əvvəl sülh olsun və iqtisadi vəziyyətiniz daim yaxşılaşsın və xalqınız firavan yaşasın.

O ki qaldı səfərimizə, demək istəyirəm ki, xüsusi idarələrimiz arasında çox səmimi və yaxşı münasibətlər var. Prezidentlər dostluq edirlərsə, xüsusi idarələr də dostluq etməlidirlər. Özü də təkcə dostluq xatirinə yox. Məhz ona görə ki, indi biz həqiqətən informasiya mübadiləsi aparırıq, bir- birimizə kömək götəririk və mütəşəkkil cinayətkarlıq, narkomaniya, korrupsiya, terrorizm kimi məsələlər əməkdaşlığımızın diqqət mərkəzindədir. Bu sahədə müsbət nəticələrimiz var. Bundan əlavə, biz rabitənin xüsusi növləri haqqında təxminən apreldə imzalayacağımız müqavilə ilə bağlı məsələlər barəsində də danışdıq. Hər cür digər maraqlardan kənar, yalnız bizim ölkələrimiz arasında rabitə yarada bilərik. Biz normativ-qanunvericilik bazası sahəsində kömək edəcəyik, çünki bu sahədə bir qədər irəli getmişik. Bu gün biz bir çox məsələləri müzakirə etdik və düşünürəm ki, yaxın vaxtlarda mütəxəssisləriniz ölkəmizə təhsil almağa gələcəklər. Zənnimcə, əlaqələrimiz davam va inkişaf edəcəkdir. Bizim maraqlarımız da, vəzifələrimiz də eynidir. Ona görə də xüsusi idarələrimizin bir- birindən sirləri yoxdur. Biz bir istiqamətdə işləyirik. Zənnimcə, bunun qarşılıqlı faydası olacaqdır.

Heydər Əliyev: Doğrudur, mən razıyam. Lakin, ən əvvəl, dostum Prezident Leonid Daniloviç Kuçmanın salamını va xoş arzularını mənə yetirdiyinizə görə təşəkkür etmək istəyirəm. Mənim səmimi salamımı va ən xoş arzularımı ona yetirin. Ona cansağlığı, uğurlar, xalqınıza firavanlıq və müvəffəqiyyətlər arzu edirəm. Ona deyin ki, səhhətim yaxşıdır, narahatlığa qətiyyən əsas yoxdur. Leonid Daniloviçlə biz hələ bir çox illər ərzində ölkələrimizə rəhbərlik edəcək və Ukrayna ilə Azərbaycan arasında dostluğu və əməkdaşlığı möhkəmləndirəcəyik. Görüş və əməkdaşlıq barədə məlumatınızı məmnunluqla qarşılayıram. Dediklərinizin hamısı ilə tam razıyam. Sizin kimi mən də bu fikirdəyəm ki, Ukraynanın və Azərbaycanın xüsusi idarələri ələlxüsus sizin dediyiniz sahələrdə sıx əməkdaşlıq etməlidirlər. Mən bu barədə Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinə göstəriş vermişəm və həmin xətti bundan sonra da dəstəkləyəcəyəm. Bir sözlə, hesab edirəm ki, sizin əməkdaşlığınız, əvvəla, Ukraynada da, Azərbaycanda da dövlətçiliyin möhkəmlənməsinə, ikincisi, ümumən dövlətlərimiz arasında dostluq münasibətlərinin və əməkdaşlığın inkişafına kömək edəcəkdir.

Leonid Derkaç: Sizə həmişə sağlam olun deməyimiz onunla bağlı deyil ki, səhhətinizdə nəsə var, ona görə deyirik ki, Leonid Daniloviç həmişə hamıya cansağlığı diləyir. Cansağlığı olarsa, səmərəli iş də olar.

Heydər Əliyev: Sizinlə razıyam, mən də Leonid Daniloviç Kuçmaya bunu arzu edirəm.

Leonid Derkaç: Sizə təşəkkür edirəm. Arzularınızı Ukrayna Prezidentinə hökmən yetirəcəyəm.

"Azərbaycan" qəzeti, 5 mart 1999-cu il