Nyu-Yorkda Minilliyin zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı - 7 sentyabr 2000-ci il


Hörmətli cənab sədr!

Hörmətli həmkarlar!

Xanımlar və cənablar!

XX əsr başa çatır. Bu yüzillik bəşəriyyətin yaddaşında mənəvi-intellektual tərəqqi ilə və iki dünya müharibəsində tökülmüş qanlarla, imperiyaların süqutu və onlarca yeni suveren dövlətlərin yaranması ilə, "soyuq müharibə"nin doğurduğu gərginlik və sülh, sabitlik naminə göstərilən kollektiv səylərlə qalacaqdır. Bəs qarşıdan gələn yüzillikdə dünya necə olacaqdır?

İki sistemin qarşıdurmasının tarixə qovuşması, demokratik və sərbəst bazar ideyalarının üstünlük qazanıb yayılması elə bir dünyanın qurulmasına kömək etməlidir ki, orada bütün dövlətlərin mənafeləri nəzərə alınacaq və həqiqətən bərabərhüquqlu tərəfdaşlıq sahmana salınacaqdır. Amma beynəlxalq vəziyyətin inkişafının təhlili bizi belə bir acı nəticəyə gətirir ki, rəqabət stereotipləri hələ də mövcuddur. Biz çox çətin dövrdə yaşayırıq, düzgün olmayan bircə addım vəziyyəti alt-üst edə və keçmişə faciəli qayıdışa səbəb ola bilər. Ədalətli və təhlükəsiz dünya qaydası yaratmaq üçün çətin yol keçmək lazım gələcək və biz hamımız bu məqsədə can atmalıyıq.

Dünyanın inkişafının indiki mərhələsinin başlıca meyli qloballaşmadır. Bu mürəkkəb və heç də birmənalı olmayan prosesin perspektivləri bizim hamımızı düşündürür. Qloballaşma dövlətlərin sabit inkişafının, bütövlüyünün və idarəetmə sistemlərinin sabitliyinin təmin olunmasına, iqtisadi münasibətlərdə ayrı-seçkiliyin aradan qaldırılmasına, xalqların rifah halının yüksəldilməsinə kömək etməlidir. Beynəlxalq hüququn prinsipləri və normalarının aliliyi, dəyişikliklərin təkamül xarakteri, tərəfdaşlıq və daha çox inkişaf etmiş dövlətlərin daha az inkişaf etmiş dövlətlərə köməyi, qarşılıqlı etimad və ümumbəşəri dəyərlərə sədaqətlə yanaşı, milli fərqlərin də qəbul olunması bu prosesin müəyyənedici istiqamətləri olmalıdır. Demokratik inkişafın gücü onun rəngarəngliyindədir.

Azərbaycan qloballaşmanın müsbət mənada inkişafına öz töhfəsini verir. Mənim ölkəm dünya miqyasında geostrateji əhəmiyyətə malik öz coğrafi mövqeyindən, ehtiyatlarından və potensialından istifadə edərək, Şərq ilə Qərb arasında zəngin tarixi keçmişdən başlanan və gələcəyə istiqamətlənən körpü rolunu səmərəli surətdə həyata keçirir. Biz Böyük İpək yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması və Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının hasilatı və dünya bazarlarına nəqli üçün çox böyük səylər göstəririk. Dünyanın bir neçə regionunun dövlətlərinin azad və mükəmməl inkişafı üçün bu layihələrin həlledici əhəmiyyəti var, bunlar fövqəlmilli əməkdaşlığa təkan verəcək və qlobal şəraitin inkişafına müəyyənedici təsir göstərəcəkdir.

Ancaq xaricdən olan təhlükələr və daxili problemlər, təzyiq göstərilməsi və nüfuz dairələri uğrunda mübarizəyə cəlbetmə hələ bərkiməmiş gənc demokratiyalara öz xalqlarının mənafelərinə və arzularına cavab verən xətlərini sərbəst şəkildə həyata keçirməyə, öz dövlətçiliyini möhkəmləndirməyə və inkişaf etdirməyə, dinc quruculuqla məşğul olmağa imkan vermir. Onlar mövcud olduqları ilk gündən özlərinin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda amansız mübarizəyə başlamağa məcbur olmuşlar.

Təcavüzlərdən, ərazi işğallarından və etnik təmizləmələrdən, təcavüzkar separatizmdən və terrorizmdən əzab çəkən dövlətlər tam hüquqla gözləyirlər ki, Birləşmiş Millətlər Təşkilatı ədalətli sülhün və təhlükəsizliyin bərqərar edilməsi və BMT nizamnaməsi prinsiplərinin müdafiəsi üçün maksimum səmərəli tədbirlər görəcəkdir.

Təəssüflər olsun ki, Cənubi Qafqaz həmin problemlərin, hədələrin və risklərin aydın şəkildə təzahür etdiyi regiona çevrilmişdir. Ermənistanın Azərbaycana qarşı təcavüzü - milyonlarla insana saysız-hesabsız fəlakətlər gətirmiş təcavüz Cənubi Qafqazda vəziyyətin sabitliyini pozan başlıca amil olmuşdur.

Bu təcavüzün gedişində Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisinin 20 faizini işğal etmiş, etnik təmizləmə aparmış və bir milyon azərbaycanlını öz doğma yerindən-yurdundan zorla qovub çıxarmışlar. Bununla əlaqədar BMT-nin Təhlükəsizlik Şurası qəbul etdiyi dörd qətnamədə Azərbaycan Respublikasının suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin pozulmasını birmənalı şəkildə təsdiqləmiş və Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal qeyd-şərtsiz çıxarılmasını tələb etmişdir. Ancaq Təhlükəsizlik Şurasının qərarları 1993-cü ildən bu günə qədər hələ də kağız üzərində qalmaqdadır.

1992-ci ildən etibarən Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması məsələsi ilə ATƏT məşğul olur, amma onun fəaliyyətinin nəticəsi yoxdur. Azərbaycan və Ermənistan prezidentlərinin ikitərəfli danışıqları davam edir, ancaq hələlik bunlar da bir nəticə verməmişdir. Altı ildən çoxdur ki, biz atəşkəsə əməl edirik, amma bu, problemi həll etmir. Mən Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi üçün bütün lazımi tədbirləri görməyə çağırıram.

Ermənistan-Azərbaycan münaqişəsini həll etmədən və digər münaqişələri aradan qaldırmadan, xaricdən təzyiq amillərinə, o cümlədən, xarici hərbi qüvvələrin olmasına son qoymadan regionda sülhə və təhlükəsizliyə nail olmaq mümkün deyildir.

Cənubi Qafqaz regionuna siyasi tamlıq və bitərəflik statusu verilməsi Cənubi Qafqaz dövlətlərinin normal qarşılıqlı münasibətlərini qaydaya salmağa və onların dünya iqtisadi sisteminə ahəngdar inteqrasiyasını təmin etməyə imkan verər.

Səkkiz ildən bəri fəlakətli vəziyyətdə yaşayan Azərbaycanın qaçqın və köçkünlərinə göstərilən köməyə görə mən BMT sistemindəki təşkilatlara və donor ölkələrə minnətdarlığımı bildirirəm. Biz son dərəcə vacib olan humanitar yardımın həmin insanlar öz yaşayış yerlərinə qayıdana qədər davam etdirilməsinə və artırılmasına kəskin ehtiyac duyuruq.

Birləşmiş Millətlər Təşkilatının üzərinə dünyanın taleyi üçün çox böyük məsuliyyət düşür, biz ümidlərimizi ona bəsləyirik. Ciddi və rasional islahat təşkilatın, o cümlədən Təhlükəsizlik Şurasının səmərəliliyini artırmalıdır.

Sözümün sonunda planetimizdə sülh və təhlükəsizlik üçün kollektiv məsuliyyət daşıdığımızı vurğulamaq və əmin olduğumu bildirmək istəyirəm ki, "Minillik zirvə görüşü"nün yekunları XIX əsrə doğru yolumuzun etibarlı bünövrəsi olacaqdır.

Oçerklər

Azərbaycan - BMT

Ümumi tarixi arayış

Azərbaycan - BMT‎

Tarixi arayış

Azərbaycan - BMT