Görkəmli şahmatçı Anatoli Karpova - Bakı şəhəri, 21may 2001-ci il


Hörmətli Anatoli Yevgenyeviç, əlamətdar yubiley - anadan olmağınızın 50 illiyi münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Siz XX əsrin ən yaxşı şahmatçılarından biri, dəfələrlə dünya çempionusunuz, dünya şahmat sənətinin tarixinə həmişəlik daxil olmuşsunuz. Sizin son dərəcə nadir istedadınız, yorulmaz əməyiniz parlaq qələbələrin rəhni olmuş və Sizə dünya şöhrəti qazandırmışdır.

Siz seçdiyiniz işə dərindən sadiq qalaraq, şahmat ənənələrinin təbliğinə və yayılmasına, şahmatçıların yeni nəslinin yetişdirilməsinə özünüzə xas məqsədyönlüklə, tükənməz enerji və fədakarlıqla olduqca böyük töhfə verirsiniz.

Siz uzun müddət Beynəlxalq Sülh Fondları Assosiasiyasına başçılıq edərək, coşğun ictimai fəaliyyətinizlə ölkələr və xalqlar arasında dostluğun, əməkdaşlığın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə kömək edirsiniz.

Sizə möhkəm cansağlığı, səadət və çoxsahəli fəaliyyətinizdə böyük uğurlar arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 23 may 2001-ci il.