Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Moskva merinin birinci müavini Lyudmila Şvetsovanın başçılıq etdiyi Rusiya hökumətinin nümayəndə heyətini qəbul edərkən söhbətindən - 10 oktyabr 2001-ci il


Mən sizi Azərbaycanda salamlamağa şadam və şadam ki, Azərbaycan ilə Moskva şəhəri arasında iqtisadi, mədəni və elmi-texniki əməkdaşlıq üzrə birgə komissiya fəaliyyətini uğurla davam etdirir. Burada bizim Azərbaycan-Rusiya əməkdaşlığı komissiyamız var, amma Azərbaycan-Moskva komissiyası də var. Bu, bir tərəfdən, o qədər də aydın deyildir, digər tərəfdən isə, Rusiyanın iqtisadi, sosial və mədəni həyatında Moskvanın ümumən böyük yer tutduğunu nəzərə aldıqda, tamamilə qanunauyğundur. Vaxtilə, Yuri Mixayloviç Lujkov burada olarkən biz bu komissiyanın yaradılması haqqında onunla razılığa gəlmişdik. İndi görürəm ki, siz müvəffəqiyyətlə işləyirsiniz, yaxşı əməkdaşlıq edirsiniz. Azərbaycana belə bir mötəbər nümayəndə heyətinin gəlməsi də sübut edir ki, Moskva nümayəndələri, Moskva Azərbaycana, bizimlə əməkdaşlığa maraq göstərir.

Görünür, bunu artıq mövcud nəticələrin amili kimi qiymətləndirmək lazımdır. Nəticələr var, boş-bekar görüşlərin vaxtı artıq keçmişdir. Mənə məlumat verdilər ki, nəticələr var, ancaq bunula yanaşı, bu nəticələr daha çox olmalıdır. Bu baxımdan bizim kifayət qədər böyük imkanlarımız vardır. Əlbəttə, Moskvanın imkanları daha böyükdür və hətta hüdudsuzdur. Ona görə də ümidvaram ki, siz indiki görüş zamanı həmin məsələləri müzakirə etmiş və əməkdaşlığın daha da genişləndirilməsi yollarını müəyyənləşdirmisiniz. Ona görə də şadam və mənə deyəndə ki, siz mənimlə görüşmək istəyirsiniz, mən də belə arzuda olduğumu bildirdim.

Lyudmila İvanovna, sizi görməyimə xüsusilə şadam. Köhnə dostları görmək həmişə xoşdur. Təkcə siz yox, Ernest Bakirov və başqaları da buradadırlar. Səfir də burada təzə adam deyildir.

Lyudmila Şvetsova: Çox hörmətli Heydər Əliyeviç, müsaidənizlə, mən hətta əziz Heydər Əliyeviç deyərdim, çünki şəxsən mən də, moskvalılar da, hətta tam əsasla deyə bilərəm, rusiyalılar da Sizi özümüzün çox əziz və yaxın bir adamı hesab edirik.

Əvvəla, icazə verin, əlbəttə, Yuri Mixayloviç Lujkovun salamını yetirim, çünki bizi bu səfərə o göndərmişdir. O dedi ki, münasibətlərimizin bir yerdə dayanıb qalmaması, inkişaf etməsi, onlara yeni keyfiyyət və vüsət verilməsi üçün getmək lazımdır. Bu bir yana, hətta elə dəqiqələr oldu ki, biz buraya gəlməyə hazırlaşarkən müharibə başlandı, vəziyyət mürəkkəbləşdi və düşündük ki, nə bilmək olar, bəlkə də bu səfər sizə də, bizə də mane olar. O, qəti şəkildə dedi ki, getmək lazımdır. Dedi ki, biz digər çətin illərdə də oraya getmişik, hər şeydən öncə işdir, biz əlaqələrimizi inkişaf etdirməli və genişləndirməliyik.

Sizə demək istəyirəm ki, mən burada bir il əvvəl olmuşam, onda mədəniyyət günləri keçirilirdi. Biz Sizinlə görüşdük, çox şeydən danışdıq. Əvvəla, dərhal demək istəyirəm ki, şəhər məni heyran etdi. Bu müddət ərzində şəhər necə də dəyişmişdir. Bu, Sizin nəzərinizə bəlkə çox da çarpmır, ona görə ki, Siz burada yaşayırsınız, biz isə, səliqəli, gözəl bir şəhər gördük. Təbii ki, Azərbaycanın belə bir paytaxtı olduğuna görə sevindik. İkincisi, həmvətənlərimiz Rus Mədəniyyəti Mərkəzimizdə işləyib hazırladıqları layihənin gerçəkləşdirilməsinə kömək göstərdiyinizə görə Sizə ürəkdən təşəkkür etmək istəyirəm. Dünən biz orada balaca uşaqların çıxışlarını gördük, oraya toplaşan yaşlı adamları gördük. Bu, rus dilinin, rus mədəniyyətinin öyrənilməsi sahəsində də, Azərbaycanda bir çox millətlər arasında sülh şəraiti yaradılması sahəsində də Sizin burada, respublikada apardığınız siyasətdə daha bir addımdır. Bu şərait isə, sadəcə olaraq, əmrlə yaradılmayıb, əksinə, bundan ötrü çox işlər görülübdür.

Biz Slavyan Universitetində olduq. Düzünü deyəcəyəm, onun qəlbimi riqqətə gətirəcəyini güman edirdim, amma bu dərəcədə olacağını düşünmürdüm.

Əvvəlla, çoxmillətli tələbə kollektivi, fəal kollektiv bizi çox yaxşı qarşıladı. Orada slavyan dillərini öyrənmək üçün nə kimi işlər görüldüyünü bizə göstərdilər. Biz orada fəaliyyət göstərən Ukrayna Mədəniyyət Mərkəzinə getdik, tələbələrlə birlikdə Ukrayna dilində mahnı oxuduq.

Ukrayna dilini bir qədər bilməyim mənə kömək etdi.

Heydər Əliyev: Bəs necə, axı, Siz Ukraynada yaşamısınız, işləmisiniz.

Lyudmila Svetsova: Bəli. Amma bilirsinizmi, mən dərhal məyus oldum ki, bizim orada belə rus mərkəzimiz yoxdur. Əlbəttə, bu Sizlik deyildir. Siz Slavyan Universiteti yaratmısınız, o, mövcuddur, orada hər şey yaxşı və gözəldir. Sözün düzü, mən keçmiş ittifaqa daxil olan ölkələrə çox gedirəm, lakin heç yerdə beləsini görməmişəm. Bu yeganə çoxmillətli tələbə kontingenti olan Slavyan Universitetidir. Orada həm çoxlu azərbaycanlı və digər millətlərin nümayənələri təhsil alır.

Biz rektorla dərhal bir otaq seçdik, hətta birini yox, ikisini seçdik. Elə bu yaxın vaxtlarda nümayəndələrimiz buraya gələcəklər və Sizi əmin edirəm ki, etimadınızı doğruldacağıq, orada yaxşı bir rus mərkəzi yaradılacaqdır. Biz dilin öyrənilməsi, mədəni işin təşkili üçün onu ədəbiyyala da, bütün materiallarla da təmin edəcəyik. O ki qaldı universitetə, ona görə Sizə dərin minnətdarlığımızı bildiririk. Bu dahiyanə ideyadır və o, dahiyanə təcəssümünü tapmışdır. Mənə elə gəlir ki, hətta MDB-nin zirvə toplantısında mən Yarova deyəcəyəm ki, bu universitetin təcrübəsini öyrənmək və sadəcə olaraq, onun yayılmasını tövsiyə etmək lazımdır. Buradan qayıtdıqdan sonra onunla söhbətim olacaq və biz bu sahədə əməkdaşlıq edəcəyik.

Sizə məlumat verirəm ki, biz Abbas Aydınoviçlə, - hər ikimiz hökumətlərarası komissiyamızın həmsədriyik, - birlikdə işgüzar müşavirə keçirdik, bir-birimizin ünvanına heç bir kompliment demədik, hərçənd hər birimizin öyünməyə də əsası var. Bizim kifayət qədər ciddi söhbətimiz oldu və əməkdaşlıq haqqında razılığa gəldik. Bu əməkdaşlıq 20-dən çox bəndi əhatə edir və hamısı konkret məsələlərdir. Cavabdeh şəxslər, müddətlər barədə razılığa gəldik. Mən Sizə hər şeyi danışmayacağam, düşünürəm ki, Sizin tabeliyinizdə olan şəxslər bu barədə məlumat verəcəklər. Lakin, hər halda, bəzi məqamlar haqqında Sizə indi məlumat vermək istərdim.

Biz Abbas Aydınoviçlə razılığa gəldik ki, məhsul mübadiləsi, xüsusən Azərbaycandan meyvə-tərəvəz məhsulu göndərilməsi haqqında müqavilələrimizi süründürməçiliyə salmayaq, xurma yetişən kimi, mərkəzləşdirilmiş qaydada 100 maşın yükləyib, Bakıdan Moskvayadək olan bütün çətin yolu keçməyə çalışacağıq. Hətta Abbas Aydınoviç cavanlar sayağı dedi ki, bu karvanın önündə gedəcək maşının sükanı arxasında özüm əyləşəcəyəm. Onun özünün və ya hansısa mərhələlərdə daha kimlərin olacağını bilmirəm, lakin bz öz tərəfimizdən adamlarımızı cəlb edəcəyik.

Heydər Əliyev: Gərək onun özü olsun. Özü ola bilməsə də, maşından onun portretini asmaq lazımdır.

Lyudmila Şvetsova: Heydər Əliyeviç, əlbəttə, bizim bu yükü mənzil başına necə aparıb çatdıracağımız bəlkə də ən başlıca məsələ deyildir, lakin, ümumiyyətlə, biz Moskvada göstərmək istəyirik ki, azərbaycanlılar öz məhsulunu paytaxtımızda satacaqlar. Çünki azərbaycanlılar şəhərin ticarət şəbəkəsində, əlbəttə, çox böyük rol oynayırlar. Kim nə deyirsə desin, onlar yaşayış yerlərində köşklərin infrastrukturunu yaratmışlar. Orada onlar çətin, hətta bəzən, sadəcə olaraq, qeyri-insani şəraitdə, qarpızların, köşklərin yanında yaşayırlar, amma gecə-gendüz işləyirlər. Adamlar özlərinə gərək olan hər şeyi istənilən vaxt ala bilirlər. Ümumiyyətlə, bu, yaxşıdır və heç kimin buna etirazı yoxdur, üstəlik, biz hətta şadıq ki, bütün bunlar var. Lakin biz təkcə onların kimlərdənsə aldığı məhulu deyil, əsasən Azərbaycanın məhslunu nümayiş etdirməliyik. Bax, ona görə də biz xurmadan başlamağı qərara aldıq, çünki xurma təbiətin dahiyanə məhsuludur, o, təkcə meyvə deyil, həm də dərmandır. İndi biz onun dadına baxacağıq. Mən bu barədə Yuri Mixayloviçə də məlumat verəcəyəm. Bizim ərzaq ehtiyatları və istehlak bazarı departamentlərinin rəhbərləri də buradadırlar. Onlar bu layihəni onun təşkili və ödənişi baxımından əsaslandırmağa hazırdırlar. Biz bunu edəcəyik.

Lakin bu təcrübə layihəsi ilə yanaşı, biz ticarət evləri yaradılması haqqında da razılığa gəldik, çünki bizə elə bir mexanizm lazımdır ki, o, qeyri-mütəşəkkil bazar mühitini bizə - dövlət səlahiyyətlərinə malik adamlara lazım olan məcraya yönəltsin.

Biz bu barədə və 2003-cü ildə Moskvada Azərbaycan günləri, 2004-cü ildə isə Azərbaycanda Moskva günləri keçirilməsi haqqında da razılığa gəldik. Özü də onları mədəniyyət günlərinə nisbətən daha geniş keçirmək istəyirik, hərçənd mədəniyyət bu tədbirlərin əsas, parlaq tərkib hissəsi olacaqdır. Biz əməkdaşlıq etməli, birgə fəaliyyət göstərməli, şəhərsalma ilə bağlı sərgilər keçirmək istəyirik. Birgə fəaliyyət üçün meydan vardır və bu barədə razılığa gələcəyik. Düşünürəm ki, belə iri tədbirlər keçirilməsi baxımından bu, çox mühüm hadisə və irəliyə doğru addım olacaqdır.

Bundan əlavə, biz Mədəniyyət Nazirliyi ilə, Polad Bülbüloğlu ilə belə bir qənaətə gəldik ki, bu iki il istər Azərbaycanda, istərsə də Moskvada diqqəti özünə çəkən çox parlaq tədbirlərlə zəngin olacaqdır. Moskvada, Rossiya konsert salonu yaxınlığında Polad Bülbüloğlunun ulduz daşının qoyulduğu barədə Sizə məlumat verilib-verilmədiyini bilmirəm, amma deməliyəm ki, bu, çoxmillətli Moskvanın həyatında hadisə idi, çünki bu ulduz daşı Azərbaycanın mədəniyyət adamının və eyni zamanda Rusiya və keçmiş Sovet İttifaqı adamının şərəfinə qoyulmuşdur. Bu hadisə çox böyük diqqət cəlb etdi. Düşünürəm ki, belə hadisələr mədəniyyət sahəsində əməkdaşlığımız baxımından bundan sonra da baş verə bilər.

Sizə demək istəyirəm ki, biz buraya yola düşməzdən əvvəl səfir Ramiz Həsənoviçlə görüşdük, Sizə o da salam göndərmişdir. O, Moskvada qaldı, hələlik onun orada olmasına ehtiyac var. Biz onunla azərbaycanlıların Moskvada keçirilmiş konqresdən, əsl Azərbaycan Mədəniyyət Mərkəzi yaradılmasının zəruriliyindən bir daha danışdıq. Belə bir, yaxud, məsələn, Ukraynanın Arbatdakı mərkəzindən də yaxşı bir mərkəz yaratmaq olar. Ukrayna Mədəniyyət Nazirliyinin bir bölməsi olan bu mərkəz müxtəlif tədbirlər həyata keçirir. Mənə elə gəlir ki, biz hərtərəfli kömək göstərəcəyik. Hazırda söhbət yerin seçilməsindən gedir. Zənnimcə, biz də Bakıda belə bir mərkəz tikməliyik.

Bilirəm ki, bizim səfirin bu barədə öz ideyaları, təşəbbüsləri, təklifləri var. Çox güman ki, bu, sırf Moskvanın tədbiri deyil, məhz Rusiya miqyaslı tədbir olacaqdır. Biz bu işdə kömək göstərməyə hazırıq.

Sözümüzün əvvəlinə qayıdaraq demək istəyirəm ki, bütün funksiyaların bölüşdürüldüyü şəraitdə Azərbaycan və Moskva komissiyasının olmasının nə dərəcədə qanunauyğun olduğu barədə biz də çox düşünmüşük. Görünür, burada hüquqşünaslar üçün sual var. Lakin bizim üçün - praktiklər üçün burada, demək olar, suallar yoxdur, ona görə ki, əvvəlla, bizim artıq çoxdan bağlanmış sazişlərimiz var, onlar hətta dövlətlərarası sazişlərdən əvvəl imzalanmışdır.

Biz onları uğurla həyata keçiririk və mexanizm sahmanlanmışdır. Sonra, Moskvanın böyüklük iddiası yoxdur, biz Rusiya Federasiyasının subyektlərindən biriyik. Özü də elə bir subyekt ki, indi Rusiya Federasiyasının xəzinəsinə mədaxilin 44 faizini o təmin edir və bu, çox sanballıdır. Bundan başqa, MDB ölkələri ilə həyata keçirilən hər hansı əlaqə və münasibətlərin minimum üçdə bir hissəsi Moskvanın əmtəə dövriyyəsinin payına düşür. Zənnimcə, bunun hələlik belə bir səviyyədə olduğu vaxtda komissiya da tamamilə mövcud ola bilər və mövcuddur, onun fəaliyyətini Siz də dəstəkləmisiniz. Buna görə çox sağ olun. Mən bu çıxışımı bitirib Sizə demək istərdim ki, Azərbaycanla münasibətlərimizdə böyük, bəlkə də çox böyük varislik var və bu gün nümayəndə heyətimizə, - mən bunu iftixarla demək istəyirəm, - mənim müəllimim, mənim kuratorum Ernest Aleksandroviç Bakirov da daxildir. O, komissiya rəhbərliyi, habelə Azərbaycana məhəbbət və hörmət hisslərini estafet çubuğu kimi mənə ötürmüş və əməkdaşlığımızın təşkilinə dair konkret məsləhətlər vermişdir. Biz buraya gələrkən təyyarədə xatırladıq ki, 1992-ci ildə o, Abbas Aysınoviçlə birlikdə güllələrin altında nəyisə qurub-düzməyə çalışçış, Azərbaycanın o vaxtkı rəhbərlərinin Azərbaycan dilində danışdığı bir şəraitdə Abbas Aydınoviç tərcüməçi kimi çıxış etməli olmuşdur. İndi isə biz Sizin qanadınız altında, Sizin bilavasitə iştirakınıla istəyirik. Bu, əlbəttə, böyük məsuliyyətdir və inam yaradır ki, hər şey necə lazımdırsa, elə də olacaqdır.

Ernest Bakirov (Moskva merinin məsləhətçisi): Mən Yuri Mixayloviç Lujkovun ən xoş arzularını Sizə yeirməliyəm. Mən burada iki il əvvəl olmuşdum və müəyyənləşdirilmiş tədbirlərin əslində əksəriyyəti yerinə yetirilmişdir. Buna görə Sizə təşəkkür edirik, bu işdə də Sizin böyük xidmətiniz var. Biz Sizin komandanızdakı birliyi daim hiss edirdik. Onlar soruşdular ki, Heydər Əliyeviç buna necə baxar, necə münasibət göstərər. Çox istərdik ki, həmişə belə olsun. Biz Azərbaycan üçün, Bakı üçün səciyyəli olan səmimilik ruhunda aparılmış danışıqlardan məmnun qaldıq. İlk növbədə bütün bunlara görə Sizə təşəkkür edirik. Heydər Əliyeviç, sağ olun.

Heydər Əliyev: Ernest Aleksandroviç, sağ olun. Mən işlərin yaxşı getməsindən məmnunam. Sizin bugünkü Azərbaycan haqqında, Bakı haqqında təəssüratlarınız bizim üçün, əlbəttə, böyük əhəmiyyətə malikdir. Çünki biz burada yaşayırıq və çalışırıq, amma heç də hər şeyə diqqət yetirmirik. Bazar günü mən qəfildən şəhərə gəzintiyə çıxdım. Özü də heç nəyi planlaşdırmamışdım. Mən bağa getmək, dənizin sahilində gəzmək fikrində idim və maşına oturduqda dedim ki, gəlin, şəhərə baxaq, sonra da şəhər kənarına getmək mümkün olmadı.

Mən Bakının mərkəzi küçələri ilə təxminən iki saat gəzdim. Bilirsinizmi, bizim vəziyyətimiz elədir ki, müəyyən marşrutla gedib-gəlirik. İki-üç marşrut var. Amma maşında gedərkən nəyisə görürsən, nəyisə görmüsən. Əvvəllər maşınla keçib getmədiyin küçələrlə piyada getdikdə isə hər şeyi görürsən. Mən özüm də təəccübləndim, son vaxtlar hər şey, həqiqətən, necə də dəyişmişdir. Bakı mənim üçün yeni bir şəhər deyildir. Mən gənclik illərindən buradayam - 16 yaşımdan burada oxumuşam. Tələbə nə edir? Əlbəttə ki, oxuyur və küçələri gəzir, hər şeyə baxır. Üstəlik, mən buraya Azərbaycanın əyalətindən gəlmiş bir adam idim. Ona görə də mənim üçün hər şey maraqlı idi. Lakin sonralar, gənclik illərində, hələ subay olduğum vaxtlarda da bazar günləri şəhərə çıxır, baxırdım, bəzən gözaltı qızlara da nəzər salırdım. Ona görə də bütün bu küçələri yaxşı tanıyıram. Bu küçlərdə yoldaşlarımla, dostlarımla dəfələrlə gəzib dolaşmışam. İndi, aradan çox-çox illər ötdükdən, xüsusən də şəhərimiz çox ağır mərhələlər keçdikdən sonra isə... Siz dediniz ki, 1992-ci ildə burada, Bakıda olarkən şəhərin hər yerində avtomatlı adamlar gəzirdilər və Azərbaycan rəhbərləri ilə görüşləriniz zamanı Abbas Aydınoviç sizə Azərbaycan dilindən rus dilinə, rus dilindən Azərbaycan dilinə tərcümə edirdi.

Mən buraya bir il sonra, 1993-cü ildə gəldim. Vəziyyət ağır idi. Əlbəttə, o vaxt, sadəcə olaraq, dözmək lazım idi. Tikmək, inkişaf etdirmək, bəzəmək və başqa işlər görmək hayında deyildik. Lakin biz vəziyyəti sabitləşdirərək, təxminən 1995-1996-cı ildən bazar islahatları aparmağa başladıq, sahibkarlığa sərbəstlik verdik, hər şeyi, ilk növbədə isə ticarət sahəsini özəlləşdirdik.

Mən küçələri gəzərkən soruşurdum ki, bir vaxtlar burada mağaza vardı, indi isə onun yerində başqa mağaza var. Əvvəlki mağazaların qaldığı iki-üç yer gördüm, amma artıq onlar bayaqkı kimi deyildir, indi daha gözəldi, daha yaxşı tərtibatlıdır. Bir görün, xüsusi mülkiyyət, bazar ticarəti nə deməkdir. Məsələ hç də təkcə ticarətdə, mağazalarda deyildir. Çoxlu evlər tikilir, lakin indi dövlət daha ev tikmir, ayrı-ayrı firmalar tikib satırlar, hamısı da çox yaxşı, gözəldir. Bu nə deməkdir? Əvvəlla, elə firmalar meydana gəlmişdir ki, onlar evləri bizim keçmiş Bakı Baş Tikinti İdarəsindən də yaxşı tikirlər. Belə bir güclü təşkilat var idi. O vaxtkı evlərin hamısını bu təşkilat tikmişdir. İkincisi, onlar nə üçün tikməyə başladılar? Ona görə ki, tələbat var. Axı, onlar elə-belə tikmirlər, qazanmaq üçün tikirlər. Qazanmaq isə o zaman mümkündür ki, istehsal etdiyini sata biləsən. Onlar tikir, satır və qazanırlar. Digər tərəfdən isə, əgər insanlar bu evləri alırlarsa, - özü də bu mənzillər bahadır, - deməli, pnların pulu var. Çox belə evlər tikilmişdir. Mən maşında gedərkən bu evlərin hamısını görmüşəm, bazar günü isə daha yaxşı gördüm.

Əlbəttə, şəhər dəyişmişdir və dəyişir. Dəyişən təkcə şəhər deyil, respublikamızın kənd yerlərində çoxlu fərdi evlər tikilir. Yalnız rayon mərkəzlərində deyil, kəndlərdə də. Mənə deyirlər ki, buradan, Bakıdan, - bizim burada çox iri daş karxanalararımız, aqlay deyilən mişar daşlarımız var, - 300 kilometr uzağa, kəndlərə tikinti materialları aparırlar, çünki onları orada baha qiymətə alırlar. Əvvəllər isə yerli kərpicdən, hansısa yerli daşdan tikirdilər. Ona görə də şadam ki, indi bu, artıq gerçəkliyə çevrilir. Hərçənd bu, bütün əhalimizin həyatını səciyyələndirmir. Əvvəla, bizdə bir çox müəssisələr işləmədiyinə və ya tam gücü ilə işləmədiyinə görə işsizlər var. Bilirsiniz ki, Ermənistan silahlı qüvvələrinin işğal etdikləri ərazilərdən olan bir milyon qaçqınımız var, onlar Bakıda da, onun ətraf yerlərində də çadırlarda, yataqxanalarda yaşayırlar. Yəni bu da var. Amma bütövlükdə vəziyyət yaxşılaşmağa doğru gedir. Şadam ki, siz buna diqqət yetirmisiniz. Lakin biz Moskvanın da necə dəyişdiyini görürük. Mən Moskvanı da çoxdan, gənclik illərimdən tanıyıram. İlk dəfə Moskvada olanda hər şey mənə nə isə qeyri-adi görünürdü. Mən Moskvada uzun müddət, təxminən 1990-cı ilədək yaşamışam.

İndi isə Moskva bambaşqadır. Yəni, ictimai-siyasi münasibətlət, dövlət sistemi, iqtisadi sistem sahəsində baş vermiş dəyişikliklər bir çox çətinliklər doğurmaqla yanaşı, yaxşılığa doğru da yol açmışdır. Bu barədə mənim rəyim belədir. Rusiyada da belədir, Azərbaycanda da. Haradasa daha yaxşıdır, haradasa ondan pisdir, haradasa daha çoxdur, haradasa azdır.

O ki qaldı iclasınızın nəticələrinə, mən bunu alqışlayıram. Həqiqətən, Azərbaycan Mpskvanı vəzi çox nadir myvə və tərəvəzlə hər hansı bir uzaq ölkəyə nisbətən daha yaxşı təmin edə bilər. Özü də bizim məhsullar təbiidir. İndi biz bir çox Avropa ölkələrində oluruq. Mehmanxanaya və ya restorana gəlirsən, görürsən ki, hər şey gözəl düzülmüşdür, elə gözəl çiyələk var ki, deyirsən, xüsusi olaraq hazırlanmışdır. Dadı isə yoxdur, heç bir dadı yoxdur. Çünki bu, kütləvi istehsaldır, onların gözəl, iri, gözəgəlimli olması üçün müxtəlif vasitələrdən istifadə edilmişdir, keyfiyyəti isə itirir. Bizdə isə hər şey təbiidir. Mən yaxınlarda bir ölkədə oldum. Orada pomidor da, xiyar da, meyvə də verirdilər, amma onları heç bir dadı yox idi. Sonra mən xahiş etdim buradan bir neçə yeşik meyvə və tərəvəz göndərdilər. Mənimlə birlikdə olan adamlara bizim meyvə və tərəvəzin dadına baxmağı təklif etdim. Açıb onların dadına baxdılar, hətta xiyarın da, pomidorun da dadı tamam başqa idi. Ona görə ki, bizdə hər şey təbiidir. Əlbətə, xurma çox nadir, çox dadlı və çox faydalı meyvədir. Amma bizdə xurma ilə yanaşı, nar da var. Nə üçün buna diqqət yetirmirsiniz? Hələ sovet dövründə bizim vətəndaşlarımız Moskvaya çoxlu nar aparırdılar. Sovet İttifaqında nar yalnız Azərbaycanda və Orta Asiyada bitirdi. Amma Orta Asiya narları, - Abbas Abbasov Orta Asiyada yaşamışdır, mən onun haradasa bir müsahibəsini oxumuşam, ona Daşkənd Abbas deyirlər, - bizimkinin yanında bir şey deyildir.

Lyudmila Şvetsova: Mən də Daşkənddə yaşamışam. Lakin bazarda ancaq Azərbaycan narı alıram.

Heydər Əliyev: Amma o orada uzun müddət yaşamışdır. Buna görə də ondan müsahibə almışlar və o deyib ki, onun adı var - Daşkənd Abbas. Oranın da narı yaxşıdır, ancaq iqlim orada daha quru və isti olduğundan nar quru olur, bizim nar isə şirəlidir. Yeri gəlmişkən, həkimlər mənə deyiblər ki, nar həm də qanın tərkibini yaxşılaşdırmaq və s. üçün çox şəfalı meyvədir.

Xatirimdədir, Azərbaycanda işlədiyim vaxtlarda bəzi yoldaşlarım onlara nar göndərməyimi xahiş edirdilər, çünki həkimlər onlara nar yeməyi məsləhət görmüşdülər. Əvvəlcə məsləhət görürdülər ki, uşaqlara versinlər, sonra da demişdilər ki, hamı nar yeməlidir, çünki qan daha yaxşı olacaqdır. O illər isə biz burada nar istehsalını çox güclü inkişaf etdirməyə başlamışdıq. Doğrudur, bizdə cəmi iki sovxoz vardı. Lakin onda mən tədbir gördüm ki, kənd yerlərində, həyatyanı sahələrdə çoxlu nar ağacı əksinlər. Bu, çox sərfəlidir. Çünki bir nar ağacı yüz ədəd nar verir, üç nar isə bir kiloqram gəlir. Əgər kəndlinin öz həyətyanı sahəsində on nar ağacı varsa, deməli, o, narı satır və yaxşı pul qazanır. Yadımdadır, o illərdə biz bu yolla 50-60 min ton nar tədarük edirdik. Zənnimcə, indi daha çoxdur. Bir sözlə, başqa meyvələr barədə məsələni özünüz müəyyənləşdirin, xurmanı və narı isə Moskva Azərbaycandan savayı, heç yerdən ala bilməyəcəkdir. Yenə də ikiqat fayda olacaqdır. Bizimkilər öz məhsulunu hasil edəcəklər, onlara da elə bu lazımdır, moskvalılar isə həmin məhsuldan istifadə edəcəklər, onlara da bu lazımdır. Mən digər təfərrüat üzərində dayanmaq istəmirəm, sadəcə olaraq, məhsulumuzun bu iki mühüm növü barədə özüm danışmağı qərara aldım.

Şadam ki, Siz Bakı Slavyan Uniersitetinə yüksək qiymət verdiniz. Lakin biz bunu ona görə etməmişik ki, Rusiya bunu qiymətləndirsin, yaxud bu, kiminsə xoşuna gəlsin. Məsələn, Vladimir Vladimiroviç Putin də bu universitetdə oldu və ona universitetin fəxri doktoru adını verdilər. Biz hesab edirik ki, bu universitet gərəkdir. Bizdə Xarici Dillər Universiteti var, orada ingilis, fransız, alman dillərini və başqa dilləri öyrənirlər. Belə isə, nə üçün Slavyan Universiteti yaradıb kadrlar hazırlamayaq? Yeri gəlmişkən, slavyan xalqları Avropanın çox böyük məkanını əhatə edirlər. Siz orada tələbələrin necə ruh yüksəkliyi ilə oxuduqlarını gördünüz və bizim orada kifayət qədər sanballı professor-müəllim heyətimiz var. Bu da boş yerdən yaranmayıbdır, bu ali məktəb uzun illər ərzində yaradılmışdır və elə bir vaxt gəldi ki, biz onu Slavyan Universitetinə çevirdik.

Rusiya ilə Azərbaycan arasında çox sıx dostluq münasibətləri olduğunu bir daha təsdiqləmək üçün belə faktlardan çox gətirmək mümkündür. Biz bu münasibətləri daha da inkişaf etdirmək və dərinləşdirmək istəyirik.

Bilirsiniz, axı, indi söz azadlığıdır, hərə istədiyini yazır, bəzən hətta nə yazdığını da başa düşmür. Bu, Moskvada da belədir, Azərbaycanda da. Sizdə, Moskvada qəzetlər daha sivilizasiyalıdır, yazırlar, amma təhqir etmirlər. Bax, cənab səfir burada bizim müxalifət qəzetlərində adamların, o cümlədən prezidentin necə təhqir edildiyini bilir. Ona görə də demək istəyirəm ki, biz Rusiya ilə Azərbaycan arasında münasibətlər barəsində bəzi xoşagəlməz ifadələri Moskva qəzetlərində, mətbuatda da ozuyuruq. Lakin bizim qəzetlərdəki bu cür yazıları necə qarşılayırıqsa, o yazıları da eləcə qarşılayırıq. O ki qaldı belə işlərə ciddi, obyektiv şəkildə yanaşılmasına, hesab edirəm ki, burada bizim üçün problemlər yoxdur və zənnimcə, olmayacaqdır. Rusiya bizim üçün dost ölkədir, qonşumuzdur, indi biz müstəqil olsaq da, təxminən 200 il onun tərkibində birlikdə yaşamışıq. Odur ki, mən Azərbaycan ilə Rusiya arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı bütün tədbirləri dəstəkləmişəm və dəstəkləyirəm. Çox yaxşı haldır ki, Moskva ilə Azərbaycan arasında ayrıca əməkdaşlıq var.

Mən sizin səfərinizə çox şadam, sizinlə görüşmək mənim üçün xoş oldu. Xahiş edirəm, mənim salamımı və ən xoş arzularımı Yuri Mixayloviç Lujkova yetirəsiniz. O, Azərbaycanla münasibətlərin inkişaf etdirilməsinə, həqiqətən, böyük əhəmiyyət vrir. Bu, qarşılıqlıdır və birtərəfli deyildir. Arzum budur ki, Moskva daha çox inkişaf etsin və çiçəklənsin. Çox sağ olun.

Lyudmila Şvetsova: Heydər Əliyeviç, çox sağ olun. Bu gözəl və bizim üçün çox faydalı görüşə görə Sizə bütün nümayəndə heyətimiz adından təşəkkür etmək istəyirəm. Sizin dediklərinizin hamısı, Sizin mülahizələriniz əlaqələrimizin inkişaf etdirilməsi və genişləndirilməsi barədə bizim ümumi nöqteyi-nəzərimizlə, həqiqətən, üst-üstə düşür. Biz Sizin bütün dedikləriniz üzərində hələ düşünəcəyik. Mən Moskva hökuməti adından Sizə hədiyyə təqdim etmək istərdim. Bu, Tverskaya küçəsinə, meriyanın binasına açılan mənzərədir. Siz bu binada dəfələrlə olmusunuz, orada Sizi ən əziz qonaq kimi həmişə gözləyirlər. Biz yeni görüşlərimizə həmişə şad olacağıq və qoy, Moskvanın bu guşəsi həmişə Sizin yanınızda olsun, Sizə bəslədiyimiz məhəbbəti xatırlatsın. Mən Sizə möhkəm cansağlığı, uğurlar, ruh yüksəkliyi və Azərbaycanın naminə, birliyimiz, bütün MDB naminə, Sizə ümidlə baxan və Sizin onlar üçün çox işlər görməyinizi ürəkdən istəyən xeyirxah adamlar naminə hələ çox-çox işlər görməyinizi arzulamaq istəyirəm. Sağ olun.

Heydər Əliyev: Mən Azərbaycan prezidentinin mədəniyyət xadimləri ilə əlaqələri barədə materiallar, habelə Azərbaycanda Rusiya və Moskva mədəniyyəti günlərinin xronikası toplanmış kitabı sizə təqdim etmək istəyirəm. Görürsünüz, bu Polad Bülbüloğlunun şəklidir, bu da sizsiniz.

Lyudmila Şvetsova: Heydər Əliyeviç, yeri gəlmişkən, Sizə demək istəyirəm ki, biz üç qadın birlikdə olanda Sizi xatırlayırdıq. Yadımızdadır, mən və Tatyana Qriqoryevna Anoxina salonda Sizinlə yanaşı oturmuşduq, səhnədə isə Lyuda Nikolayevna çıxış edirdi, - indi biz onu Rusiyanın əməkdar artisti adına təqdim etmişik. Onun çıxışı Sizin çox xoşunuza gəldi, alqışlayırdınız, sonra isə aktyorlara yaxınlaşdınız. Bilirsiniz, onlar bunu necə yüksək qiymətləndirdilər. Onlar sonra deyirdilər ki, nə qədər konsert vermişik, lakin ölkə rəhbərinin səhnə arxasına gəlib aktyorların bir-bir əlini sıxdığını xatırlamırıq. Lyuda Nikolayeva ondan sonra Sizə vurulmuşdu və Azərbaycana bir daha nə vaxt gələ biləcəyini soruşur. Heydər Əliyeviç, kitaba görə çox sağ olun. Bu gün təyyarədə hamımız onu nəzərdən keçirəcəyik. Çox sağ olun.

Heydər Əliyeviç, əlbəttə ki, Sizi Moskvada görməyimizə hər zaman şad olarıq.

"Azərbaycan" qəzeti, 11oktyabr 2001-ci il.