Azərbaycan Respublikasının Prezidenti Heydər Əlliyevin Azərbaycan Respublikasının Türkiyədəki səfirliyinin yeni binasının təməlinin qoyulması mərasimində çıxışı - Ankara, 6 may 1997-ci il


Hörmətli prezident, əziz dostum və qardaşım Süleyman Dəmirəl!

Hörmətli dostlar, qardaşlar, xanımlar və cənablar!

Biz ikinci gündür ki, Türkiyə xalqının, Türkiyə Cümhuriyyətinin dostpərvərlik və qonaqpərvərlik mühiti içərisindəyik və həddindən artıq sevinirik, məmnunuq. Çünki dostlarımızla, qardaşlarımızla bir yerdə olmaq bizim üçün ən qiymətli hədiyyədir. Bizə göstərilən bu hörmətə görə, bu qonaqpərvərliyə görə, bu hərarətli münasibətə görə təşəkkür edirəm.

Burada, Ankaranın bu gözəl guşəsində Azərbaycan Respublikası səfirliyinin yeni binasının təməli qoyulur. Bu hadisəni Türkiyə Cümhuriyyətinin rəhbərləri o qədər yüksək qiymətləndirirlər ki, bununla əlaqədar belə geniş və təntənəli bir mərasim keçirilir. Mən Azərbaycanın səfirliyinə Ankaranın gözəl bir guşəsində bina yaratmaq üçün qərar qəbul etdiyinizə və yer ayırdığınıza görə sizə təşəkkür edirəm. Mən sizə təşəkkür edirəm ki, bu hadisə bu gün belə təntənəli şəraitdə qeyd olunur.

Azərbaycan ilə Türkiyə arasındakı əlaqələrin tarixində gözəl səhifələr var. Bilirsiniz ki, 1918-ci ildə Azərbaycanda ilk demokratik cümhuriyyət yaranan zaman Türkiyə Azərbaycanın bu hökumətini tanıdı və Türkiyə ilə Azərbaycan arasında dərhal diplomatik əlaqələr quruldu. Elə həmin 1918-ci ildə Türkiyə ilə ilk Azərbaycan Demokratik Respublikası arasında Batumi şəhərində ilk anlaşma imzalandı. 1918-ci ilin may ayında Azərbaycan öz demokratik cümhuriyyətinin qurulmasını elan etdi, həmin ilin iyun ayında isə ilk anlaşma imzalandı Bundan sonra Türkiyədə Azərbaycan səfirliyi açıldı və bu səfirlik Azərbaycanda demokratik cümhuriyyət süquta uğradıqdan sonra da burada fəaliyyət göstərirdi. Azərbaycanın Türkiyədə ilk səfiri Əbilov Böyük Mustafa Kamal Atatürk ilə şəxsi münasibətdə, onun yaxın dostu olmuşdur. Mən bu anları xatırladaraq Türkiyə-Azərbaycan əlaqələrinin çoxəsrlik tarixi ərzində Türkiyə-Azərbaycan diplomatik əlaqələrinin tarixinin də zəngin olduğunu qeyd edirəm.

Türkiyə Cümhuriyyəti də ölkəmiz Sovetlər Birliyinin tərkibində olduğu zaman Azərbaycana daim diqqət göstərib, münasibət göstərib, cürbəcür vasitələrdən istifadə edərək Azərbaycanla əlaqələr yaratmağa çalışıbdır. Xatirimdədir, 70-ci illərdə Sovet İttifaqı ilə Türkiyə arasındakı diplomatik əlaqələr bir balaca genişlənən zaman Türkiyə Cümhuriyyəti Sovetlər Birliyinin paytaxtı Moskvadakı səfirliyindən başqa, Sovetlər Birliyi kimi böyük əraziyə malik olan bir dövlətin şəhərlərindən birində baş konsulluq açmaq təklifi irəli sürmüşdü. Bilirsiniz ki, həmişə diplomatik əlaqələrdə bərabərlik olur. Sovetlər Birliyinin Ankaradakı səfirliyi ilə yanaşı, İstanbulda konsulluğu vardır. Onun müqabilində paritetə görə Türkiyə Cümhuriyyəti də Sovetlər Birliyinin şəhərlərindən birində konsulluq açmaq hüququ əldə etmişdi. Belə bir konsulluq Azərbaycanda açıldı. Təbiidir ki, Sovet İttifaqının ərazisində türk mənşəli, türk köklü, türk-dilli respublika tək Azərbaycan deyildi. Sovet İttifaqında Orta Asiyada Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan kimi Azərbaycana bərabər, yəni eyni hüquqlu müttəfiq respublikalar vardı, onların da paytaxtları vardı. Ancaq Türkiyə Cümhuriyyəti Sovetlər Birliyinin ərazisində paytaxtdan - Moskvadan sonra öz baş konsulluğunu Bakıda açdı. Hesab edirəm ki, bu da tarixin diqqətəlayiq bir səhifəsidir.

Fürsətdən istifadə edib, bunu sizin yadınıza salmaq istəyirəm. Azərbaycan dövlət müstəqilliyini əldə edən kimi, Türkiyə Cümhuriyyətinə diplomatik münasibətlər qurmaq barədə müraciət etdi. Deyə bilərəm ki, Türkiyənin baş konsulluğu vaxtilə Bakıda fəaliyyət göstərərkən çox dəyərli işlər görmüşdür. Məhz bu konsulluğun əsasında da dərhal Türkiyənin Azərbaycanda səfirliyi, böyük elçiliyi yarandı. Türkiyə Azərbaycanı müstəqil dövlət kimi birinci tanıyan dünya dövlətidir. Azərbaycan da dövlət müstəqilliyini əldə edən kimi öz səfirliyini, öz böyük elçiliyini birinci növbədə Türkiyədə, Ankarada açdı. Bu tarix Türkiyə ilə Azərbaycanın çox yaxın dost olmasını bir daha nümayiş etdirir, bir daha sübut edir. Bu gün bunları xatırlayaraq bildirmək istəyirəm ki, xalqlarımızın dostluğunun çoxəsrlik tarixi var, eyni zamanda Türkiyə-Azərbaycan diplomatik əlaqələrinin də XX əsrdə, demək olar, çoxillik tarixi var. Biz bu tarixlə, bu hadisələrlə fəxr edirik. Ona görə fəxr edirik ki, Türkiyə bizim üçün ən yaxın, ən dost, ən qardaş ölkədir. İndi Türkiyədə Azərbaycan səfirliyinin, böyük elçiliyinin səmərəli fəaliyyət göstərməsi üçün, onun şəraitinin yaxşılaşdırılması üçün belə bir bina tikilməsinin zəruriliyi meydana çıxıbdır və bu gün biz belə bir binanın təməlini qoyuruq. Mən sizin hamınızı bu münasibətlə təbrik edirəm və ümidvar olduğumu bildirmək istəyirəm ki, Türkiyə-Azərbaycan əlaqələrinin gözəl gələcəyi var və Türkiyədə Azərbaycan səfirliyi əsrlər boyu yaşayacaqdır. Mən əminəm ki, Azərbaycanın Türkiyədəki səfirliyi bu imkanlardan səmərəli istifadə edəcək və bizim aramızdakı əlaqələrin inkişaf etdirilməsi üçün səylərini daha da artıracaqdır.

Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyi, böyük elçiliyi Bakının mərkəzində olan, tarixi-memarlıq abidəsi sayılan bir binada yerləşir. Mən bu gün sizə xatırlatmaq istəyirəm ki, o binanın açılışı mənim əziz dostum, qardaşım, Türkiyənin cümhur başkanı Süleyman Dəmirəlin Azərbaycana ilk səfəri zamanı olubdur və bu, Azərbaycanın həyatında böyük bir əlamətdar hadisə kimi qəbul edilib və tarixə düşübdür.

Türkiyənin Azərbaycandakı səfirliyi genişlənir və biz çox çalışırıq ki, o, daha da geniş olsun, daha da güclü olsun. Mən bildirmək istəyirəm ki, Türkiyənin Azərbaycandakı səfirliyinin fəaliyyəti üçün, istədiyi qədər səmərəli fəaliyyəti üçün Azərbaycanın hər yerində, o cümlədən mərkəzdə, paytaxtımız Bakı şəhərində bütün imkanlar yaradacağıq və o gözəl memarlıq abidəsi olan bina, Bakının ən mərkəzində yerləşən bina ilə bərabər, eyni zamanda Bakının gözəl bir guşəsində Türkiyə Cümhuriyyəti səfirliyinin yeni binası ucalacaqdır. O gün olacaqdır ki, biz sizinlə birlikdə o binanın təməlini də qoyacağıq və o bina hazır olandan sonra onun açılışında da bir yerdə olacağıq.

Mən sizi ürəkdən salamlayıram, bu hadisə münasibətilə təbrik edirəm və Azərbaycan Respublikasına göstərdiyiniz bu qayğıya, bu diqqətə, bu hörmətə görə bir daha təşəkkürümü bildirirəm.