Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ABŞ Konqresi Xarici Əlaqələr Komitəsinin sədri Bencamin Gilman və Komitənin üzvləri ilə görüş zamanı söhbətindən - Vaşinqton, Kapitoli, 30 iyul 1997-ci il


Hörmətli cənab Gilman!

Hörmətli xanımlar və cənablar!

Mən ilk növbədə səmimi və mehriban görüşə, xoş sözlərə görə cənab Gilmana və Xarici Əlaqələr Komitəsinin üzvlərinə minnətdarlığımı bildirirəm və Azərbaycan ilə ABŞ arasındakı əlaqələrin hazırkı inkişafından razılıqla söhbət açmağı özümə borc bilirəm.

Məmnunluqla vurğulayıram ki, böyük tarixi ənənələrə malik olan ABS Konqresi ilə müstəqil Azərbaycan Respublikası arasında münasibətlərin daha da sıxlaşdırılmasının vacib olduğu indiki zamanda Xarici Əlaqələr Komitəsi sədrinin və üzvlərinin respublikamızda gedən demokratik proseslərə, hüquqi dövlət quruculuğu, islahatların həyata keçirilməsi sahəsində görülən işlərə böyük maraq göstərirlər. Həqiqətən də müstəqil Azərbaycan Respublikasında istər ictimai-siyasi vəziyyətin sabitləşməsi, bazar münasibətləri yolunun qəti olaraq seçilməsi, demokratik hüquqi dövlət quruculuğu sahəsində böyük işlər görülmüşdür və görülməkdədir. İstər prezident Bill Klintonla, istərsə də son illər şəxsi dostluq münasibətləri saxladığım ABŞ-ın digər yüksək vəzifəli şəxsləri ilə görüş və söhbətlərində bu barədə ətraflı məlumat verdiyim kimi, sizində görüşümdə də bunu bir daha vurğulamaq istəyirəm.

Nəzərinizə çatdırıram ki, müstəqil respublikamızın qarşılaşdığı ən ağrılı problem - Ermənistanın təcavüzü nəticəsində yaranmış və bu günə qədər də həllini tapmamış Ermənistan-Azərbaycan münaqişəsidir. 1988-ci ildən başlayaraq davam edən hərbi təcavüz nəticəsində ölkəmizə böyük ziyanlar vurulmuş, Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş, bir milyondan çox vətəndaşımız yerindən-yurdundan didərgin düşərək çadırlarda ağır vəziyyətdə yaşayır.

Yeri gəlmişkən, ATƏT-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının 1996-cı ilin dekabrında Lissabonda keçirilən Zirvə toplantısında bu münaqişənin həlli ilə əlaqədar qəbul edilmiş prinsipləri təcavüzkar Ermənistan tərəfi qulaqardına vurmaqda davam edir. Prezidentlər Bill Klintonun, Boris Yeltsinin və Jak Şirakın Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması haqqında Denverdə imzaladıqları birgə bəyanat və respublikamızın sülh təşəbbüsləri də münaqişənin tezliklə aradan qaldırılmasına, şübhəsiz, yardım göstərə bilər, lakin təəssüf ki, Ermənistan tərəfi müxtəlif əsassız iddialarla birgə bəyanatın müddəalarının və bizim sülh təşəbbüslərimizin əhəmiyyətini heçə endirməkdədir.

Təəssüflə bildirmək istəyirəm ki, təcavüzə məruz qalmış Azərbaycana qarşı ABŞ Konqresi "Azadlığı müdafiə aktı"na 907-ci düzəlişi qəbul etməklə respublikamızı ona ABŞ-ın dövlət xətti ilə maliyyə yardımı göstərilməsi imkanından da məhrum etmişdir. Bir daha nəzərə çatdırıram ki, Azərbaycan-Amerika əlaqələrinin yaxşılaşdırılmasına maneçilik törədən bu düzəlişin aradan qaldırılmasında konqresmenlərdən çox şey asılıdır və ümidvaram ki, onlar bu yolda öz səylərini əsirgəməyəcəklər.

Mən burada iştirak edən konqresmen Pallonenin guya SSRİ dağılan zaman Konstitusiyada Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsi haqqında maddənin mövcudluğu barədə fikrinə aydınlıq gətirmək üçün faktlara əsaslanan cavab vermək istərdim. Dağlıq Qarabağ həmişə Azərbaycan torpağı olmuşdur. 1923-cü ildə Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdır. 1988-ci ildə münaqişə başlayan zaman Dağlıq Qarabağda yaşayan 170 min əhalinin 70 faizini ermənilər, 30 faizini isə azərbaycanlılar təşkil edirdi. İndi azərbaycanlılar oradan qovulmuş və öz respublikalarında qaçqın vəziyyətində yaşamağa məcbur edilmişlər. Qeyd etdiyim kimi, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. 1988-ci ildə Sovet İttifaqı zamanı heç bir qanuni əsası olmadan Ermənistan SSR Ali Soveti Dağlıq Qarabağı Ermənistana birləşdirmək haqqında qərar çıxarmış və bundan sonra münaqişə başlanmış, qan tökülmüşdür. Qarşımızda olan xəritə Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağın işğalını başa çatdırdıqdan sonra ətrafındakı daha 7 Azərbaycan rayonunun ərazisini işğal etməsi barədə aydın təsəvvür yaradır. Görüşün sonunda Azərbaycan prezidentinin ABŞ-a ilk rəsmi səfərini tarixi hadisə adlandıran konqresmenlərə ürəkdən təşəkkür edir və onları Azərbaycanda demokratiya, hüquqi dövlət quruculuğu, islahatlar yolunda həyata keçirilən böyük işləri öz gözləri ilə görmək üçün Azərbaycana dəvət edirəm. Gəlin və əsl Azərbaycan həqiqətlərini öz gözlərinizlə görün.

"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - Azərnəşr, Bakı - 2003. 11-ci cild, səh.159-161