"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ABŞ Konqresi Xarici Əlaqələr Komitəsinin sədri Bencamin Gilman və Komitənin üzvləri ilə görüşü zamanı söhbətindən" (Vaşinqton, Kapitoli, 30 iyul 1997-ci il) sənədinə tarixi arayış


27 iyul - 7 avqust 1997-ci ildə ABŞ-a ilk rəsmi səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti həmin ölkənin siyasi dairələrinin rəhbərləri ilə çoxsaylı görüşlər keçirib. Əhəmiyyətli görüşlərdən biri 1997-ci il iyulun 30-da ABŞ Konqresinin Nümayəndələr Palatasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Bencamin Gilman və komitənin üzvləri ilə olub. Məhz bu komitə 1992-ci ildə ABŞ-ın Azərbaycana dövlət yardımını qadağan edən 907-ci düzəlişin qəbulunda əsas addım atan qurumlardan sayılır.

Komitə sədri Bencamin Gilman Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda gedən inkişafdan razı qaldığını bildirib. O, Heydər Əliyevi görkəmli lider, ABŞ-a səfərini isə tarixi hadisə adlandırıb. Gilman həmçinin, artıq Konqres üzvlərinin əksəriyyətinin 907-ci düzəlişin əleyhinə olduğunu, yaxın gələcəkdə bu məsələnin həll edilə biləcəyini qeyd edib.

Komitənin üzvü, ABŞ-da nüfuzlu konqresmenlərdən sayılan Li Hamilton da Heydər Əliyevin Azərbaycanın prezidenti kimi fəaliyyətini və demokratiya və insan hüquqları sahəsində addımlarını təqdir edib.

Həmin söhbətdə ABŞ -dakı erməni lobbisinin təsirində olan senatorlardan sayılan Frenk Polloni də iştirak edib. Heydər Əliyev onun SSRİ konstitusiyasına istinad edərək Dağlıq Qarabağın guya ki öz müqəddəratını təyin etmək hüququna malik ola bilməsi fikrinə etirazını bildirib və Ermənistanın məhz həmin qanunsuzluğu əsas götürərək münaqişəyə başladığını söyləyib: "... Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. 1988-ci ildə Sovet İttifaqı zamanı heç bir qanuni əsası olmadan Ermənistan SSR Ali Soveti Dağlıq Qarabağı Ermənistana birləşdirmək haqqında qərar çıxarmış və bundan sonra münaqişə başlamış, qan tökülmüşdür". 

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədr müavini Riçard Luqar da dəfələrlə Azərbaycanda səfərdə olub. Belə səfərlərdən biri 2006-cı ilin avqustunda olub. O, Azərbaycan Prezidenti İlham Əliyev və digər hökumət rəhbərləri ilə görüşüb. Həmin görüşlərdə və mətbuata müsahibəsində ABŞ senatoru Azərbaycanın yüksək inkişafa nail olduğunu bildirib.

2006-cı ilin dekabrında ABŞ-da səfərdə olan millət vəkili, ABŞ-Azərbaycan parlamentlərarası işçı qrupunun rəhbəri Mehriban Əliyevanın da iştirak etdiyi ziyafətdə Xarici Əlaqələr Komitəsinin sədri Riçard Luqar çıxış edərək iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu söyləyib.

Azərbaycan Prezidenti 2008-ci il yanvarın 13-də ABŞ senatoru Riçard Luqarın aşçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezident ABŞ-la Azərbaycan arasında ikitərəfli əməkdaşlığın bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib. İlham Əliyev həmçinin, ABŞ senatorunun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana bu səfərinin bir çox ikitərəfli və regional inkişafa dair məsələlərin müzakirə olunmasına, iki ölkənin mühüm strateji sahalərdə daha da möhkəm tərəfdaşlıq əlaqələrinin inkişaf etdirməsinə kömək edəcəyini bildirib. Senator Riçard Luqar Azərbaycanla ABŞ arasında güclü tərəfdaşlıq əlaqələrinin olduğunu bildirib. O, Azərbaycanın anti-terror koalisiyasındakı fəal iştirakını yüksək qiymətləndirib.

ABŞ Senatı Xarici Əlaqələr Komitəsinin sədr müavini Riçard Luqarın növbəti səfəri 2008-ci ilin avqustunda olub. O, prezident İlham Əliyevlə regionda təhlükəsizlik, enerji və kənd təsərrüfatının inkişafını müzakirə edib. Riçard Luqar bu dəfəki səfərində həmçinin, Azərbaycan prezidenti ilə "Nabucco" layihəsini müzakirə edib, bu məsələ ilə bağlı bp şirkətinin nümayəndələri ilə görüşüb. 

Tarixi arayış 1 sentyabr 2008-ci ildə yeniləşdirilib.