Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiyanın "NTV" telekanalı proqramlarının Azərbaycanda yayımlanmasının rəsmi açılışı mərasimində çıxışı - "MİR" dövlətlərarası teleradio şirkəti Azərbaycan nümayəndəliyinin binası, 29 may 1997-ci il


Hörmətli xanımlar və cənablar!

Hörmətli qonaqlar!

Bu gün çox böyük əhəmiyyətə malik bir hadisə baş verir - təkcə Ruisyada deyil, onun hüdudlarından kənarda da məşhur olan NTV telekanalının Azərbaycanda translyasiyasına başlanır. Bu hadisə münasibətilə bütün mərasim iştirakçılarını və xüsusən NTV kanalının rəhbərlərini, bütün jurnalistləri, bütün televiziya işçilərini təbrik edir və ümidvaram ki, bu, həmin telekanalın köməyi ilə Azərbaycan vətəndaşlarının mühüm informasiya ilə zənginləşməsi üçün daha böyük imkan açacaqdır.

Qəbul etdiyimiz qərarın və indi baş verən hadisənin, Rusiyanın NTV telekanalının öz verilişlərini Azərbaycanda yayımlamağa başlamasının nəinki bu televiziya şirkətinin və ya hər hansı digər strukturların kommersiya maraqları baxımından, həm də Azərbaycanın maraqları baxımından olduqca böyük əhəmiyyəti var. Bu, Rusiya ilə Azərbaycan arasında münasibətlərin möhkəmlənməsi və inkişaf etməsi nöqteyi-nəzərindən olduqca böyük əhəmiyyətə malikdir.

Hər hansı ölkənin və bütün dünyanın müasir ictimai-siyasi həyatında informasiya, xüsusən televiziya informasiyası çox mühüm rol oynayır. İndi televiziya kimi digər elə bir informasiya vasitəsi yoxdur ki, insanlara müəyyən təsir göstərsin. Buna görə də televiziyanın imkanlarından fəal istifadə olunması hər bir dövlət üçün, habelə ölkələr arasında münasibətlərin inkişaf etdirilməsi üçün böyük əhəmiyyətə malikdir.

Biz Rusiya Federasiyası ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələri daha da möhkəmlətmək, inkişaf etdirmək, genişləndirmək zəruriliyi prinsipini əsas tuturuq. Bu baxımdan dövlət xətti ilə, müxtəlif idarələrimizin xətti ilə çox iş görülmüşdür. Bununla yanaşı, biz belə bir fikirdəyik ki, qarşıya qoyduğumuz məqsədə çatmaq üçün hələ çox şey etmək lazımdır. Odur ki, Azərbaycanda Rusiya haqqında və təbii olaraq Rusiyada Azərbaycan haqqında tam, səhih, obyektiv informasiya alınmasının çox böyük əhəmiyyəti var. Biz NTV televiziya kanalının Azərbaycanda translyasiyasına razılıq verərkən hər şeydən əvvəl məhz bunu əsas tutmuşuq. Ümidvaram ki, NTV Azərbaycanda öz translyasiyaları ilə bu məqsədlərin həyata keçirilməsinə yardımçı olacaq, biz isə öz tərəfimizdən hər şeyi edəcəyik ki, NTV ölkəmiz haqqında lazımi informasiyanı ala bilsin və beləliklə də biz Azərbaycan haqqında informasiyanın Rusiyada yayılması üçün NTV-nin imkanlarından istifadə edə bilək.

Doğrudur, indiki halda Azərbaycanda NTV ən çox və əsasən informasiyanı bir istiqamətdə, yəni öz ölkəsində, dünyada, Azərbaycanda gedən proseslər barədə Rusiyanın informasiyasını verəcəkdir. Bizim isə bu kanal vasitəsi ilə Azərbaycandan Rusiyaya o qədər informasiya və ya heç olmasa müəyyən qədər informasiya verməyə eyni dərəcədə imkanımız olmayacaqdır. Buna görə də inanıram ki, NTV buradan informasiya verəcək, eyni zamanda burada yaradılacaq NTV müxbir məntəqəsi fəal əməkdaşlıq edəcəkdir ki, NTV öz imkanları daxilində Azərbaycan haqqında informasiya versin. Hesab edirəm ki, NTV bu imkanları axtarıb tapacaqdır.

Beləliklə, bütün bunlar, bir daha deyirəm, ən əvvəl dövlətlərimizin maraqları ilə bağlı işə, ölkələrimiz, xalqlarımız arasında əlaqələrin möhkəmlənməsi işinə xidmət edəcəkdir. Buna böyük ehtiyac var. Rusiya haqqında səhih, ədalətli informasiyaya ehtiyac duyan adamlar Azərbaycanda çoxdur. ORT və Ruisya televiziyasının kanalları Azərbaycanda heç bir məhdudiyyət olmadan bütün respublikaya yayımlanır. Deməliyəm ki, onların verilişləri ölkəmizdə populyardır və böyük fayda gətirir. Hesab edirəm ki, NTV bu sırada öz layiqli yerini tutacaqdır.

Bununla yanaşı, bugünkü hadisə Azərbaycanda baş verən prosesləri, hadisələri, Azərbaycanın vəziyyətini əks etdirir. Yəni müstəqil, suveren dövlət kimi Azərbaycan informasiya azadlığı, mətbuat azadlığı üçün bütün şəraiti yaradır. Bu sahədə azadlıq elə bir səviyyəyə çatmışdır ki, biz heç kəsdən qətiyyən qorxub-çəkinmədən NTV-nin - müstəqil televiziya kanalının ölkəmizə birbaşa translyasiyasını özümüzə rəva görürük. Bu, məhz onu sübut edir ki, Azərbaycanda demokratiya, azadlıq, söz azadlığı, mətbuat azadlığı, informasiya azadlığı olduqca inkişaf etmişdir. Bu onu göstərir ki, suveren, müstəqil dövlət kimi Azərbaycan öz milli mənafelərini qoruyub saxlamaqla və müdafiə etməklə yanaşı bütün dünya ölkələrinə, o cümlədən və ən əvvəl Rusiya kimi dost ölkəyə öz informasiyalarını ölkəmizdə azad surətdə yaymağa imkan verir.

Vətəndaşlarımız, adamlarımız bəlkə də ona öyrəşmişlər ki, sovet dövründə Moskva televiziyasının verilişləri, habelə o vaxtlarda "Vremya" adlanan proqram translyasiya olunurdu, ona görə də bunu adi bir hal kimi qəbul edirlər. Yaxud götürək sonralar meydana gələn Rusiya televiziyasının translyasiyasını, onu da adi hal sayırlar. Amma bu, adi hal deyildir. Hər bir ölkənin sərhədlərinin, suverenliyinin, müstəqilliyinin mövcud olduğu bir zamanda bir ölkənin televiziya verilişlərini digər ölkənin ərazisinə yayımlamaq imkanı, şübhəsiz, böyük hadisədir. Bir tərəfdən, Ruisya televiziyası verilişlərinin ölkəmizə translyasiyası Rusiya Federasiyasına Azərbaycan Respublikasının, Azərbaycan dövlətinin çox böyük hörmət bəslədiyini göstərir, digər tərəfdən isə, Azərbaycan cəmiyyətinin açıq olduğundan, Azərbaycanda demokratiyanın, azadlığın bütün prinsiplərinin möhkəm bərqərar olduğundan xəbər verir və biz əsla heç nədən narahatlıq keçirməyərək, belə müstəqil televiziya kanalının translyasiyasına da yol veririk. Məlum olduğu kimi, bu kanal hətta Rusiyada bəzilərində mənfi münasibət doğurur, buna baxmayaraq, bəri başdan deməliyəm ki, o, əlbəttə, böyük şöhrətə malikdir.

Ona görə də mən buraya məhz bu mülahizələrlə gələrək, bugünkü hadisəni siyasi nöqteyi-nəzərdən, dövlət nöqteyi-nəzərindən qiymətləndirirəm. İnanmaq istəyirəm ki, qəbul etdiyimiz qərar, birgə atdığımız addım Rusiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin möhkəmlənməsinə və inkişafına xidmət edəcək, Azərbaycanda informasiya xidmətinin gələcək inkişafına təkan verəcək, təcrübə mübadiləsinə, NTV-nin müsbət təcrübəsinin Azərbaycanda bizim televiziya işçiləri və jurnalistləri arasında yayılmasına təkan verəcək, Azərbaycanın hər bir sakininə fayda gətirəcəkdir. Mən buna əminəm.

Sizi bir daha təbrik edirəm, NTV-yə Azərbaycanda və digər ölkələrdə uğurlar arzulayıram.

"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - Azərnəşr, Bakı -2002, 10-cu cild, səh. 30