Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Ukrayna Respublikasının Prezidenti Leonid Kuçmanın şərəfinə təşkil edilən qəbulda nitqi - "Gülüstan" Sarayı, 27 iyul 1995-ci il


Cənab Ukrayna prezidenti, hörmətli Leonid Daniloviç Kuçma!

Hörmətli qonaqlar!

Hörmətli xanımlar və cənablar!

Ukrayna prezidentinin Azərbaycana bu gün başlanan rəsmi səfəri respublikamızın həyatında mühüm hadisədir və dövlətlərarası münasibətlərimizin daha da inkişaf etməsinə şübhəsiz təkan verəcəkdir. Ukrayna və Azərbaycan xalqları arasında əlaqələr zəngin çoxəsrlik tarixə malikdir. Bu əlaqələr yazıçıların, alimlərin, mütəfəkkirlərin, mədəniyyət və incəsənət xadimlərinin əsərlərində əksini tapmışdır. Bu əlaqələr Ukrayna və Azərbaycanın şəhərləri, rayonları arasında, sənaye müəssisələri və onların kollektivləri arasında iqtisadi, sosial və mədəni həyatın bütün sahələrində çoxillik əməkdaşlıqla əksini tapmışdır. Bu əlaqələr yazıçıların, şairlərin, bəstəkarların əsərlərində daha parlaq əks olunmuş və elə bir dostluq və əməkdaşlıq körpüsü yaratmışdır ki, bu körpü uzun illərdən, onilliklərdən və əsrlərdən bəri xalqlarımızı birləşdirir, bizi yaxınlaşdırır və dostluq münasibətləri üçün, səmərəli əməkdaşlıq üçün şərait yaradır.

Ukraynanın ədəbiyyat, incəsənət xadimlərinin əsərləri Azərbaycanda məşhurdur. Onların çoxu Azərbaycan dilinə tərcümə edilmiş və geniş şöhrət qazanmışdır. Taras Şevçenko, İvan Franko, Lesya Ukrainka, Maksim Rilski, Mikola Bajan, Aleksandr Korneyçuk, Oles Qonçar kimi görkəmli Ukrayna yazıçı və mütəfəkkirlərinin, digərlərinin əsərlərinin külliyyatı, seçilmiş əsərləri Azərbaycan dilinə tərcümə olunmuşdur və bir daha təkrar edirəm ki, bu əsərlər geniş şöhrətə malikdir və təbii olaraq, Ukrayna xalqının həyat və tarixini daha yaxşı başa düşməyə, dostluq münasibətlərimizin daha da möhkəmlənməsinə kömək edir.

Hələ ötən əsrdə, XIX əsrdə görkəmli Ukrayna yazıçısı və mütəfəkkiri Nikolay İvanoviç Qulak məşhur Azərbaycan şairləri və mütəfəkkirləri Nizami Gəncəvinin "İsgəndərnamə", Füzulinin "Leyli və Məcnun" poemalarını, XIX əsrdə yaşayıb-yaratmış yazıçı, mütəfəkkir Mirzə Fətəli Axundovun əsərlərini Ukrayna, rus və alman dillərinə tərcümə etmişdir. Belə misallardan çox çəkmək olardı. Lakin elə deyilənlər də sübut edir ki, xalqlarımız bir-birindən uzaqda yaşasalar da, bir-biri ilə sıx bağlı olmuşlar. Bu gün xalqlarımız arasında mövcud olan münasibətləri də, əslində, məhz həmin əlaqələr yaratmışdır.

Bu gün hörmətli Leonid Daniloviç Kuçma Azərbaycan neft sənayesinin nümayəndələri ilə görüşdü. Qısa söhbət əsnasında məlum oldu ki, Azərbaycan neftçiləri ilə Ukraynanın sənaye mərkəzləri arasında geniş əlaqələr mövcuddur. Bu əlaqələr əslində bir çox onilliklər ərzində, əsrin əvvəlindən, Azərbaycanda, Bakıda neft sənayesi sürətlə inkişaf etməyə başladığı vaxtdan, Bakıda neft sənayesi sürətlə inkişaf etməyə başladığı vaxtdan bəri mövcuddur. Bu əlaqələr Xarkovla da, Dnepropetrovsk ilə də, Nikolayevlə də, Odessa ilə də və bir çox digər şəhərlərlə də yaradılmışdır. Bu əlaqələr indiyədək mövcuddur.

60-cı, 70-ci və 80-ci illər Ukrayna və Azərbaycan arasında əlaqələrin gur inkişafı ilə səciyyəvidir. Hamımızın yadındadır, nə qədər festivallar, dostluq günləri, habelə Azərbaycanda Ukrayna ədəbiyyatı və incəsənəti günləri, Ukraynada Azərbaycan ədəbiyyatı və incəsənət günləri keçirilmişdir. Hətta hesablamaq belə çətindir ki, Ukraynanın nə qədər mədəniyyət, incəsənət xadimi Azərbaycanda olmuş, Azərbaycanın nə qədər ədəbiyyat və incəsənət xadimi Ukraynada olmuşdur. Bir daha təkrar edirəm, bunların hamısı elə böyük sərvət, elə qiymətli dəyərdir ki, onlar xalqlarımız tərəfindən toplanmışdır, bu gün və gələcəkdə münasibətlərimiz üçün əsasdır.

Lakin bu gün münasibətlərimiz prinsipcə başqa xarakter daşıyır. Ukrayna müstəqil dövlətdir. Azərbaycan da müstəqil dövlətdir. Odur ki, biz öz dövlətlərarası münasibətlərimizi dünya praktikasında hamılıqla qəbul edilmiş prinsiplər əsasında qururuq. Özü də, zənnimcə, yaxşı qurur, müvəffəqiyyətlə qururuq. İri Avropa dövləti kimi, böyük iqtisadi potensiala, güclü elmi potensiala, intellektual potensiala və qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlara malik olan ölkə kimi Ukrayna bizdən ötrü böyük maraq doğurur. Belə düşünürəm ki, Azərbaycan da Ukrayna üçün heç də az maraq doğurmur.

Bizim üçün çox mühümdür ki, müstəqil bir dövlət kimi Ukrayna müstəqillik mövqelərində möhkəm durur və öz dövlətçiliyinin, öz iqtisadiyyatının inkişafı üçün fəal tədbirlər görür. Biz Ukraynada baş verən bütün prosesləri izləyirik, həm də Ukrayna xalqına, müstəqil Ukrayna dövlətinə xoş duyğularla, böyük ehtiram hissi ilə izləyirik və əminik ki, hazırda müstəqil Ukrayna dövlətinin yolunda duran bütün çətinliklər, bütün problemlər uğurla aradan qaldırılacaqdır.

Biz istər Birləşmiş Millətlər Təşkilatında və ATƏT-də - Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında, istər MDB-də, istərsə də digər beynəlxalq təşkilatlarda Ukrayna ilə fəal əməkdaşlıq edirik. Buna görə də bu gün qeyd etmək xoşdur ki, beynəlxalq sahədə, beynəlxalq təşkilatlarda əməkdaşlığımız əməli xarakter daşıyır, bir-birimizə xoş təsir bağışlayır və əsas yaradır ki, belə əməkdaşlıq gələcəkdə daha müvəffəqiyyətlə davam etdiriləcəkdir.

Mən dedim ki, Ukraynada iqtisadi sahədə, ictimai-siyasi həyatda bəzən mürəkkəb proseslər gedir. Lakin təkrar edirəm, biz əminik ki, müstəqil Ukrayna bu mərhələni uğurla keçəcək, müstəqil dövlətin inkişafı üçün lazım olan hər şeylə öz xalqını, öz cəmiyyətini tamamilə təmin edəcəkdir. Biz bunu yüksək qiymətləndiririk ki, Ukrayna müstəqillik prinsiplərində möhkəm durur, öz ölkəsinin ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını qətiyyətlə qoruyur. Bu baxımdan Ukraynada və Azərbaycanda olan problemlər müəyyən dərəcə oxşardır. Buna görə də biz Ukraynada görülən işlərə böyük hörmətlə yanaşırıq.

Müstəqil Azərbaycan dövləti qarşısında, respublikamızın qarşısında da çoxlu mürəkkəb problem durur. Təkrar edirəm, onlar Ukraynada gedən proseslərlə, Ukraynada qarşıya çıxan problemlərlə çox oxşardır. Ukrayna da demokratik dövlət, demokratik cəmiyyət qurur, bazar islahatları keçirilməsi yolu ilə gedir, öz dövlət müstəqilliyini möhkəmlətmək yolu ilə gedir. Bunlar Azərbaycanda da edilir. Biz demokratik hüquqi dövlət quruculuğu yolu ilə gedirik, demokratik cəmiyyət yaradırıq, bütün sahələrdə geniş iqtisadi islahatlar keçirilməsi yolu ilə gedirik. Dövlət mülkiyyətini özəlləşdirmək haqqında bu yaxınlarda proqram qəbul edilmişdir, aqrar sektorda islahat aparılır. Müstəqil Azərbaycan Respublikasının parlamentinə seçkilər, ilk seçkilər noyabrın 12-nə təyin olunmuşdur, müstəqil Azərbaycan Respublikasının Konstitusiyası hazırlanır.

Bununla yanaşı, bizim böyük bir problemimiz, ağır problemimiz də var. Bu da ondan ibarətdir ki, Azərbaycan yeddi ildir Ermənistan Respublikası tərəfindən təcavüzə məruz qalır. Bu hərbi təcavüz nəticəsində Azərbaycan ərazisinin bir hissəsi - təqribən 20 faizi Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuşdur. İşğal edilmiş torpaqlardan Azərbaycanın bir milyondan çox vətəndaşı qovulmuşdur və onlar çox ağır vəziyyətdədirlər, çadır şəhərciklərində yaşayırlar, məşəqqət içindədirlər.

Bu gün hörmətli qonağımız Leonid Daniloviç Kuçma Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarından olan qaçqınların yaşadıqları kiçik bir rayona getmiş, orada çox təsirli görüş olmuşdur. Qaçqınlar böyük ümidlə Leonid Daniloviçə müraciət edərək, onların doğma yerlərinə qayıtmalarına kömək göstərməsini xahiş etdilər. Adamlar daha heç nə istəmirlər, onlar haqq-ədalət istəyirlər, istəyirlər ki, işğal edilmiş torpaqlar azad olunsun, özü də bu məsələ sülh yolu ilə həll edilsin. Onlar istəyirlər ki, öz yerlərinə qayıda bilsinlər, baxmayaraq ki, bu yerlərdə çox şey dağıdılmış, talan olunmuşdur.

Ona görə də indi bu problem bizdən ötrü ən mühüm problemdir. Hamı bilir və mən bu gün Leonid Daniloviçə də danışdım ki, biz əməli yol tuturuq, həmin məsələnin sülh vasitəsilə həlli yolunu tuturuq. On dörd aydan artıqdır ki, atəşkəs rejimi mövcuddur. Biz bundan sonra da, Azərbaycanın tam ərazi bütövlüyünü və onun beynəlxalq miqyasda tanınmış sərhədlərinin toxunulmazlığını təmin edə biləcək sülh sazişi imzalanana qədər bu rejimə əməl edəcəyik.

Biz əminik ki, məsələnin bu cür həllinə nail olacağıq. Əminik, ona görə ki, beynəlxalq təşkilatlar, xüsusən ATƏT bununla fəal məşğul olur. Əminik, çünki beynəlxalq ictimaiyyət getdikcə daha çox etiraf edir ki, Azərbaycan təcavüzə məruz qalmışdır. Azərbaycana qarşı tarixi ədalətsizlik edilmişdir, separatçılığa yol vermək olmaz, bir dövlətin zor işlətməklə başqa dövlətin ərazi bütövlüyünü pozmasına yol vermək olmaz. Ona görə də biz əminik ki, bu məsələləri sülh yolu ilə həll edəcəyik.

Lakin bu, bizim problemimizdir, Ukraynanın problemi bir qədər başqadır. Hər halda bütün bunları əsas tutaraq, hamı tərəfindən tanınmış beynəlxalq normaları əsas tutaraq biz belə hesab edirik ki, hər bir dövlətin ərazi bütövlüyü onun dövlət müstəqilliyinin sarsılmaz bünövrəsidir və Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi, Azərbaycanın ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının möhkəmlənməsi üçün əlimizdən gələni edəcəyik.

Çox hörmətli Leonid Daniloviç Kuçmanın Azərbaycana gəlməsi bir çox məsələlərə dair fikir mübadiləsi aparmağa, lakin ilk növbədə indi tamamilə başqa zəmində qurulan ikitərəfli münasibətlərimizlə bağlı məsələləri müzakirə etməyə imkan verir. Bizim dövlətlərarası münasibətlərimizin perspektivi böyükdür. İqtisadiyyatın bir çox sahələrində, elm, mədəniyyət, təhsil sahəsində, bütün digər sahələrdə əməkdaşlıq etmək üçün bizim böyük imkanlarımız var. Mən belə hesab edirəm ki, biz bu məsələlər barədə razılığa gələcək və bu münasibətlərin inkişafına güclü təkan verəcəyik.

Biz Ukrayna prezidentini xeyirxah dost, Ukraynanın hörmətli nümayəndəsi kimi qəbul edirik. Biz onu Ukrayna xalqına, müstəqil Ukrayna Respublikasına dərin hörmət hissi ilə qəbul edirik. Ukrayna xalqına bu gün bir daha ən xoş münasibətlər, dostluq münasibətləri bəslədiyimizi bildiririk.

Ukrayna xalqının şərəfinə, müstəqil Ukraynanın şərəfinə, Ukrayna və Azərbaycan xalqları arasındakı dostluğun şərəfinə, Ukraynanın prezidenti, hörmətli dostumuz Leonid Daniloviç Kuçmanın şərəfinə badə qaldırmağı təklif edirəm.

"Azərbaycan" qəzeti, 28 iyul 1995-ci il.