Azərbaycan Prezidentinin şərəfinə Fransanın xarici işlər naziri Erve de Şarettin təşkil etdiyi rəsmi qəbulda nitqi - Paris, 14 yanvar 1997-ci il


Cənab nazir Erve de Şarett, xanım De Şarett!

Cənab nazirlər, senatorlar, Fransa parlamentinin üzvləri, hörmətli xanımlar və cənablar!

Fransa Respublikasına mənim rəsmi səfərimin ikinci günü başa çatır. Mən buraya Fransa prezidenti cənab Jak Şirakın dəvəti ilə gəlmişəm. İki gün ərzində biz burada böyük və səmərəli iş görə bilmişik, bunlar Fransa ilə Azərbaycan arasında münasibətlərin daha da inkişafı üçün əsas olacaqdır.

Mən və məni müşayiət edən şəxslər Parisə gəldiyimiz andan səmimi qonaqpərvərliklə, xoş münasibətlə qarşılamışıq və biz özümüzü burada, Parisdə, Fransada çox yaxşı hiss edirik.

Fransa qədim tarixi, zəngin ənənələri olan böyük ölkədir. O, dünya sivilizasiyasına çox böyük töhfələr veribdir. Fransa, fransız xalqı, Fransa mədəniyyəti hər yerdə, dünyanın bütün ölkələrində həmişə özünə diqqəti cəlb edibdir. Azərbaycan xalqı da Fransaya, fransız xalqına dərin hörmət bəsləyir.

Fransanın tarixi və fransız xalqının dünya mədəniyyətinə verdiyi böyük töhfələr, bütün dünyada olduğu kimi, Azərbaycanda da yaxşı məlumdur. Biz demokratiya prinsiplərinin formaşalşmasına və təşəkkülünə fransız xalqının verdiyi töhfələri yüksək qiymətləndiririk. Yeni Fransanın başlanğıcını qoyan Fransa inqilabı təkcə Fransa, fransız xalqı üçün deyil, həm də bütün bəşəriyyət üçün tarixi hadisədir. Fransanın görkəmli xadimləri Didronun, Monteskyenin, Jan Jak Russonun işləyib hazırladıqları demokratiya prinsipləri dövləti, ölkəni idarə etməyin demokratik prinsiplərinin hazırlanması və bərqərar olması üçün əsas olubdur.

Gənc müstəqil dövlət olan, demokratik inkişaf yolu tutan Azərbaycan Fransa demokratiyasının təcrübəsindən və görkəmli fransızların işləyib hazırladıqları, fransızların bir çox nəsilləri tərəfindən həyata keçirilmiş zəngin irsin hamısından geniş istifadə edir.

Fransa gözəl ölkədir. Fransa dünya mədəniyyətinin beşiyidir. Fransa Yer kürəsinin bütün insanlarını özünə cəlb edən ölkədir. Fransızlar həmişə özlərinin müdrikliyi, dühası, zəkası ilə şöhrət tapmışlar və fransızların bir çox nəsilləri bəşər sivilizasiyasını zənginləşdirmişdir. Ona görə də Fransaya gəlmək, gözəl Paris şəhərində olmaq hər bir kəs üçün, o cümlədən də bizim üçün böyük hadisədir.

Bu iki ərzində burada qarşılaşdığımız qonaqpərvərlik, səmimilik şəraitinə görə sizin hamınıza minnətdarlığım bildirmək istəyirəm. Dəvət üçün, dünən keçirdiyimiz gözəl görüş üçün, səmərəlı söhbət üçün və Azərbaycan haqında, Fransa - Azərbaycan münasibətləri haqında dediyi gözəl fikirlər üçün Fransa prezidenti cənab Jak Şiraka təşəkkürümü bildirmək istəyirəm.

Prezident Jak Şirak zəmanəmizin görkəmli siyasi və dövlət xadimidir. Onun qızğın fəaliyyəti, həyat yolu və Fransa Respublikasının möhkəmlənməsinə verdiyi çox böyük töhfələr bizə yaxşı məlumdur. Prezident Jak Şirak dünyada sülhün, dünyanın bir çox regionlarında sabitliyin möhkəmlənməsinə böyük töhfələr vermiş, bununla da Yer kürəsinin bir çox ölkələrində dərin hörmət qazanmışdır. Prezident cənab Jak Şirak ilə görüş mənim üçün və məni müşayiət edənlər üçün böyük hadisə idi. Hesab edirəm ki, bizim aramızda dostluq münasibətləri yaranıbdır. Mən bunu yüksək qiymətləndirirəm və bu münasibətlərin daha da inkişaf etməsi üçün hər şeyi edəcəyəm.

Cənab Erve De Şarett, son vaxtlar Fransa - Azərbaycan münasibətlərinin genişləndirilməsi və dərinləşdirilməsi üçün gördüyümüz böyük iş üçün sizə təşəkkür edirəm. Fransanın xarici işlər naziri vəzifəsində siz Fransa ilə Azərbaycan arasında münasibətlərin belə yüksək səviyyəyə qaldırılması üçün qısa müddətdə çox iş görmüsünüz. Cənab Erve De Şarett, keçən ilin oktyabrında Sizin Azərbaycana gəlişiniz bizim münasibətlərimizdə yeni mərhələ oldu və mən şadam və minnətdaram ki, sizinlə görüşümüz, münasibətlərimizin bir çox problemləri, regionumuzla bağlı problemlər barəsində açıq söhbətimiz əməkdaşlığımızı uğurla davam etdirə bilməyimiz üçün əsas oldu.

Mərhum Fransua Mitteranın dəvəti ilə mənim Fransaya ilk səfərimdən üç il keçmişdir. O zaman biz Fransa ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq haqqında saziş və bəzi başqa sənədlər imzaladıq. Fransa ilə Azərbaycan arasında münasibətləri inkişaf etdirmək və dərinləşdirmək üçün ötən üç ildə müəyən iş görülmüşdür. Lakin indiki görüş, xüsusən Prezident cənab Jak Şirak ilə görüş, xarici işlər naziri cənab Erve De Şarett ilə danışıqlar və görüşlər, Senatın sədri, Milli Məclisin sədri ilə, Fransanın digər dövlət xadimləri ilə mənim görüşlərim Fransa - Azərbaycan münasibətlərinin yeni mərhələsinin başlanğıcıdır.

Mən şadam ki, Fransa Azərbaycanı əməkdaşlıq üzrə tərəfdaş kimi qəbul edir və sizi əmin etmək istəyirəm ki, biz layiqli tərəfdaş olacağıq. Biz bütün sahələrdə - iqtisadi, mədəni, siyasi, humanitar sahələrdə Fransa ilə Azərbaycan arasında əməkdaşlığı genişləndirmək və dərinləşdirmək mövqeyində dayanırıq. Biz Azərbaycanda demokratik, hüquqi, sivilizasiyalı dövlət qururuq və dövlət quruculuğu təcrübəsinə, demokratiya təcrübəsinə, bazar iqtisadiyyatı, azad sahibkarlıq yaratmaq təcrübəsinə ehtiyacımız var. Bu məqsədlə biz Fransanın zəngin təcrübəsindən istifadə edirik və edəcəyik. Məhz bu, bizi Fransa ilə sıx əməkdaşlığa sövq edir.

Fransa ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq üçün böyük imknalra var. Biz bu istiqamətdə bəzi addımlar atmışıq. Azərbaycanın neft yataqlarının birgə işlənməsi haqqında Fransanın "Elf Akiten" və "Total" şirkətləri ilə Azərbaycan milli neft şirkəti arasında dünən Yelisey sarayında prezident cənab Jak Şirakın iştirakı ilə imzalanmış müqavilə iqtisadi əməkdaşlığımızın mühüm səhifəsidir. Siz yəqin bilirsiniz ki, Fransanın "Elf Akiten" şirkəti hələ keçən ilin iyununda digır fövqəlmilli şirkətlərlə birlikdə iri neft müqaviləsinin iştirakçısı olmuşdur. Həmin şirkətlər konsorsium yaratmış və Azərabaycanın iri neft-qaz yatağının işlənməsinə başlamışlar. Əməkdaşlığa dair bir çox başqa layihələr də var, cənab Erve De Şarett bunların haqqında danışdı. Mən bəyan edirəm ki, bu layihələrin reallığa çevrilməsi üçün biz bütün tədbirləri görəcəyik.

Gənc müstəqil dövlət kimi Azərbaycan, təəssüf ki, daxili və xarici xarakterli bir çox çətinliklərlə qarşılaşıbdır. Biz daxili çətinlikləri öz imkanlarımızla aradan qaldırırıq və mən əminəm ki, bunları aradan qaldıracağıq. Bu baxımdan biz iqtisadi islahatların həyata keçirilməsinə, dövlət mülkiyyətinin özəlləşdirilməsinə, Azərbaycanın iqtisadiyyatını inkişaf etdirmək üçün xarici sərmayələrin səlb edilməsinə böyük əhəmiyyət veririk. Biz ölkəmizi bütün dünya üçün açmışıq. Mən bu gün burada bir daha bəyan edirəm ki, Azərbaycanda birgə fəaliyyət göstərmək, birgə bzneslə məşğul olmaq istəyənlərin hamısı sərbəst surətdə ölkəmizə gələ bilər və sərbəst əməkdaşlıq üçün əlverişli şəraitə malik ola bilər.

O ki qaldı xarici çətinliklər, burada Azərbaycan ərazisinin bir hissəsini - Dağlıq Qarabağı qoparmaq məqsədi ilə hələ 8 il bundan əvvəl Ermənistan tərəfindən başlanmış hərbi təcavüzdən söhbət gedir. Bu təcavüz qanlı münaqişəyə, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan silahlı birləşmələri tərəfindən işğalına, həmin ərazilərdən Azərbaycanın bir milyondan çox sakinin zorla qovulmasına səbə olmuşdur. Bu insanlar dörd ildən çoxdur ki, çadır şəhərçiklərində yaşayırlar.

1994-cü ilin mayında Ermənistan ilə Azərbaycan arasında atəşkəs haqqında saziş əldə olundu. Bu atəşkəs iki il səkkiz aydır ki, davam edir. Biz bundan sonra da tədbirlər görəcəyik ki, Böyük Sülh Sazişi bağlanana qədər atəşkəs davam etsin. Biz Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ilə aradan qaldırılması mövqeyində qəti dayanırıq və məsələnin bu cür həllinə nail olmaq üçün öz tərəfimizdən hər şeyi edəcəyik.

Bunun üçün üç şərt keçən il dekabrın əvvəlində Lissabon sammitində ATƏT sədrinin bəyanatında öz ifadəsini tapmış prinsiplərdir: Ermənistan Respublikasının və Azərbaycan Respublikasının ərazi bütövlüyü, Azərbaycan dövlətinin tərkibində Dağlıq Qarabağa yüksək dərəcədə özünüidarəetmə hüququ verilməsi, Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təmin edilməsi. Biz bu prinsiplərlə razılaşmışıq və Ermənistan - Azərbaycan münaqişəsi sülh yolu ilə tam aradan qaldıılana qədər həmin prinsiplər əsasında danışıqlar aparmağa hazırıq.

Lakin Ermənistan bu prinsiplərlə razılaşmır. Ona görə də ATƏT-in üzvü olan bütün ölkələrin, Minsk qrupunun üzvü olan bütün ölkələrin köməyi və dəstəyi lazımdır. Şübhəsiz, biz Minsk qrupunun üzvü olan Fransanın da köməyinə və dəstəyinə ümid bəsləyirik, bu imkandan istifadə edərək bəyan etmək istəyirəm ki, biz müharibə istəmirik, biz sülh istəyirik. Biz Ermənistanla Azərbaycan arasında sülh olmasını, Qafqazda, bütün dünyada sülh olmasını istəyirik və inanırıq ki, bütün sülhsevər ölkələr və xalqlar bu məsələdə bizi müdafiə edəcəklər. İnanırıq ki, Fransa bizim bütün bu təkliflərimizi dəstəkləyəcəkdir.

Fransaya səfərim sabah başa çatır, mən Vətənə qayıdıram. Bu gün isə demək istəyirəm ki, mən Parisdə Fransada olmağımdan, prezident cənab Jak Şirak ilə və Fransanın digər dövlət xadimləri ilə belə səmərəli görüşlər keçirməyimdən və söhbətlər aparmağımdan duyduğum dərin məmnuniyyət hissi ilə Vətənə qayıdıram. Azərbaycan Fransanın dostu olmaq istəyir. Siz bizə əmin ola bilərsiniz. Biz dostluqda etibarlı olacağıq. Fransa - Azərbaycan münasibətlərinin, bütün sahələrdə əməkdaşlığın bundan sonra da inkişaf etməsi üçün mövcud olan böyük imkanlardan tamamilə istifadə edəcəyik.

Fransaya səadət və tərəqqi arzulayıram, bütün fransızlara sülh və xoş həyat arzulayıram! Böyük Fransanın şərəfinə, Fransa Respublikasının şərəfinə, Fransa demokratiyasının şərəfinə, Fransa mədəniyyətinin şərəfinə, fransızların şərəfinə badə qaldırmağı təklif edirəm! Fransa prezidenti, mənim dostum cənab Jak Şirakın şərəfinə! Fransanın xarici işlər naziri cənab Erve De Şarettin, xanım De Şarettin şərəfinə! Hörmətli dostlar, sizin sağlığınıza! Sağ olun!

"Müstəqiliyimiz əbədidir" VIII kitab, Azərnəşr, Bakı - 1998.