Azərbaycan ilə Türkiyə arasında diplomatik əlaqələr yaradılmasının on illiyi münasibətilə "Avropa" mehmanxanasında keçirilmiş mərasimdə Azərbaycan Prezidenti Heydər Əliyevin çıxışı - 14 yanvar 2002-ci il


Hörmətli cənab səfir!

Xanımlar və cənablar!

Sizin hamınızı Türkiyə ilə Azərbaycan arasında diplomatik əlaqələr qurulmasının onuncu ildönümü münasibətilə ürəkdən təbrik edirəm.

Bu bayram xüsusi xarakter daşıyır. Adətən biz, hər ölkənin bayramını qeyd edirik. Öz ölkəmizin, dost ölkələrin bayramlarını qeyd edirik. Amma indi hər iki ölkə bir bayramı qeyd edir. Bu, Türkiyə üçün də bayramdır, Azərbaycan üçün də bayramdır. Çünki iki dövlətin bir-biri ilə diplomatik əlaqələr qurması bayramıdır.

Azərbaycan on il bundan öncə öz dövlət müstəqilliyini əldə etdi. Bu, bizim çoxəsrlik tariximizdə olduqca böyük bir tarixi hadisədir. Müstəqilliyi elan edən kimi, təbiidir ki, dünya ölkələrinə Azərbaycanı müstəqil dövlət kimi tanıtmalı idik. Bilirsiniz ki, bu özü də böyük bir prosesdir. Əvvəlki vaxtlarda dediyimiz kimi, bu gün də deyirik ki, çox böyük xoşbəxtlikdir ki, Azərbaycanın müstəqilliyini ilk tanıyan Türkiyə Cümhuriyyəti olmuşdur. Bu, eyni zamanda təbii bir haldır. Çünki bizim xalqlarımızı bağlayan dərin köklər var. Həqiqətən 1918-ci ildə də Azərbaycan müstəqilliyini elan edən kimi, ölkəmizi ilk olaraq Türkiyə tanımışdı. Bu dəfə də belə olmuşdur. Ancaq eyni zamanda, Türkiyənin bu addımı Azərbaycanın bütün dünya ölkələri tərəfindən tanınmasına böyük təkan verdi. Qısa bir müddətdə Azərbaycan müstəqil dövlət kimi tanındı. İndi on ildir ki, müstəqil dövlət kimi yaşayır.

On il içərisində Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı böyük sınaqlardan keçibdir. Doğrudur, bizim dostluq, qardaşlıq əlaqələrimizdə on ildə heç bir problem olmayıbdır. Çünki bizim dostluğumuz çox sağlam təməllər, dərin tarixi köklərimiz üzərində qurulubdur. Güman edirəm ki, belə də olmalı idi. Əminəm ki, bundan sonra da heç bir problem olmayacaqdır. Amma buna baxmayaraq, on il içərisində Azərbaycan öz müstəqilliyini qoruyub saxlamaq üçün böyük sınaqlardan keçdi.

Bütün bu mərhələlərdə də Türkiyə Cümhuriyyəti həmişə Azərbaycanın yanında olubdur, Azərbaycana dəstək veribdir və beynəlxalq aləmdə Azərbaycanın problemlərinin həll olunmasında ölkəmizə həmişə dayaq olubdur.

Bizim Azərbaycan üçün ən ağrılı məsələ Dağlıq Qarabağ məsələsi, Ermənistan-Azərbaycan münaqişəsi, onun həll olunmasıdır. Bu münaqişənin həll olunmasında da Türkiyə Cümhuriyyəti, Türkiyə dövləti elə bu münaqişə başlayandan Azərbaycana həmişə dəstək veribdir. Baxmayaraq ki, o vaxt hələ Azərbaycan müstəqil deyildi, sadəcə, öz mənəvi dəstəyi ilə Azərbaycana yardım edibdir. Azərbaycan müstəqil dövlət olandan sonra isə bu, artıq bizim dövlətimizə verilən dəstək olubdur. İndi də bu ağır və çətin məsələnin həll olunması yollarının axtarılmasında Türkiyə Cümhuriyyəti Azərbaycana yaxından yardım edir, Azərbaycanla bir yerdədir, Azərbaycanın mövqelərini həmişə dəstəkləyib və əminəm ki, bundan sonra da dəstəkləyəcəkdir.

On il biz müstəqil dövlətlər kimi bir-birimizlə əlaqədə inkişaf etmişik. Heç şübhə yoxdur ki, bu, gələcək üçün böyük bir əsasdır. Biz gələcəyin çox möhkəm təməlini qoymuşuq. Əminəm ki, bu təməl üzərində böyük bir Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı abidəsi yaradılacaqdır. Bu abidə gələcək illərdə də, gələcək əsrlərdə də Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının yenilməz rəmzi olacaqdır.

Bir daha sizi təbrik edirəm.

"Azərbaycan" qəzeti, 15 yanvar 2002-ci il.