"Azərbaycan ilə Türkiyə arasında diplomatik əlaqələr yaradılmasının on illiyi münasibətilə ‎‎"Avropa" mehmanxanasında keçirilmiş mərasimdə Azərbaycan Prezidenti Heydər ‎Əliyevin çıxışı" (Bakı, 14 yanvar 2002-ci il) sənədinə tarixi arayış


Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk dövlət ‎(noyabrın 9-da) Türkiyə Cümhuriyyəti olub. Xarici ölkələr ‎arasında Azərbaycanda diplomatik nümayəndəliyini açan birinci dövlət də məhz Türkiyə idi. 25 ‎may 1991-ci ildə baş konsulluq səviyyəsində Azərbaycan Respublikasında təmsil olunan Türkiyə ‎Cümhuriyyətinin 1992-ci il yanvarın 14-də səfirliyi fəaliyyətə başlayıb. Azərbaycan ‎Respublikasının Türkiyə Cümhuriyyətindəki səfirliyi isə 1992-ci ilin avqustunda açılıb. Həmin ‎ildə Azərbaycanın bu ölkədə baş konsulluğu İstanbul şəhərində fəaliyyətə başlayıb. 2004-cü ildə ‎Azərbaycan Respublikasının Türkiyənin Qars şəhərində baş konsulluğu öz işinə başlayıb.‎

Müstəqilliyin ilk illərindən başlayaraq Türkiyənin şirkətləri Azərbaycana gələrək iqtisadiyyat və ‎ticarət sahələrində fəaliyyət göstərməyə başlayıblar. Həmin dövrdən başlayaraq dövlətlər ‎arasındakı münasibətlərin müxtəlif sahələri üzrə sənədlər imzalanmağa başlanıb. Bu sənədlərdən ‎‎2 noyabr 1992-ci ildə imzalanmış "Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası ‎hökuməti arasında ticarət, iqtisadi əməkdaşlıq haqqında", "Azərbaycan Respublikası və Türkiyə ‎Respublikası arasında investisiyaların təşviqi və qorunması haqqında" sazişlər və s. göstərmək ‎olar. Bundan əlavə ölkələr arasında kənd təsərrüfatı, elmi, texniki, sosial, mədəni, tibbi və s. ‎sahələr üzrə əməkdaşlığı nəzərdə tutan sazişlər mövcuddur.‎

‎1993-cü ildə Azərbaycanda hakimiyyətə gələn Heydər Əliyevin yürütdüyü xarici siyasət ‎nəticəsində Bakı-Ankara münasibətləri özünün ən yüksək mərhələsinə çatıb. Heydər Əliyev ‎‎1994-cü ilin fevralında Türkiyə Cümhuriyyətinin Prezidenti Süleyman Dəmirəlin dəvətilə bu ‎ölkəyə rəsmi səfər edib. Səfər zamanı prezidentlər iki ölkə arasında dostluq, qarşılıqlı anlaşma və ‎hərtərəfli əməkdaşlıq haqqında müqavilə imzalayıblar. Azərbaycanla Türkiyə arasında daha ‎sonra iqtisadiyyat, səhiyyə, maliyyə, təhsil, mədəniyyət və s. sahələrdə qarşılıqlı əməkdaşlıq ‎haqqında 16 müqavilə imzalanıb. Heydər Əliyevin bu ölkəyə etdiyi növbəti səfərlər, eləcə də ‎Türkiyə rəsmilərinin Azərbaycana səfərləri ikitərəfli münasibətlərin daha da inkişaf etməsinə ‎səbəb olub.‎

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə münasibətdə Türkiyə bu problemin ‎Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdar ‎olduğunu dəfələrlə bəyan edib. Bu ölkənin Ermənistanla bağlı olan sərəhədlərini açması üçün ‎irəli sürdüyü əsas şərtlərdən biri də erməni silahlı birləşmələrinin işğal etdikləri Azərbaycan ‎ərazilərindən geri çəkilməsidir. Türkiyə-Azərbaycan münasibətləri hazırda strateji tərəfdaşlıq ‎səviyyəsinə yüksələrək, hərtərəfli sıx qarşılıqlı əməkdaşlıq şəraitində davam etməkdədir. Türkiyə ‎Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasını reallaşdıracaq Bakı-Tbilisi-Ceyhan neft ‎kəmərinin çəkilməsinə dair layihənin əsas təşəbbüskarlarından və icraçılarından biridir. ‎

‎14 yanvar 2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Azərbaycan ilə ‎Türkiyə arasında diplomatik əlaqələr yaradılmasının on illiyi münasibətilə Bakıdakı "Avropa" ‎mehmanxanasında keçirilən mərasimdə çıxış edərək Türkiyənin beynəlxalq aləmdə Azərbaycana ‎problemlərinin həllində həmişə dəstək verdiyini bildirib. ‎ "Türkiyə Cümhuriyyəti Azərbaycana yaxından yardım edir, Azərbaycanla bir yerdədir, Azərbaycanın mövqelərini həmişə dəstəkləyib və əminəm ki, bundan sonra da dəstəkləyəcəkdir".

13-15 aprel 2004-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə ilk rəsmi səfəri olub. Səfər zamanı aprelin 13-də Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Əhməd Necdət Sezərin təkbətək görüşü keçirilib. Görüşdən sonra ikitərəfli sənədlərin imzalanma mərasimi keçirilib.

24-25 may 2005-ci ildə Türkiyə Prezidenti Əhməd Necdət Sezərin Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Neft Kəmərinin Azərbaycan hissəsinin istismara verilməsi mərasimində iştirak etmək üçün Azərbaycana işgüzar səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli sahəsində Azərbaycanın mövqeyinin Türkiyə tərəfindən bundan sonra da dəstəklənəcəyi vurğulanıb, ikitərəfli və regional münasibətlərə dair bir sıra məsələlər haqqında fikir mübadiləsi aparılıb.

4-6 aprel 2006-cı ildə Türkiyə Respublikasının Prezidenti Əhməd Necdət Sezər və onun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvətilə növbəti dəfə Azərbaycanda rəsmi səfərdə olub. Görüş zamanı ikitərəfli siyasi-iqtisadi əlaqələr, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması və bu sahədə ATƏT-in fəaliyyətinin daha da intensivləşdirilməsi, beynəlxalq təşkilatlar, NATO, Avropa İttifaqı və digər məsələlər müzakirə olunub.

25 iyun 2007-ci ildə İstanbulun Çırağan sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Əhməd Necdət Sezərin görüşü olub. Prezidentlər dost və qardaş ölkələrimiz arasında münasibətlərin davamlı inkişafından məmnunluqlarını bildiriblər, bu əməkdaşlığın gələcəkdə də genişlənəcəyinə və möhkəmlənəcəyinə əminliklərini söyləyiblər.

6-8 noyabr 2007-ci ildə Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün Azərbaycana rəsmi səfəri olub. Noyabrın 6-da Prezident sarayında rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün təkbətək görüşü olub. Görüşdə Azərbaycan ilə Türkiyə arasında dost və qardaş münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının daim genişləndiyi vurğulanıb. Azərbaycan və Türkiyə tərəfindən həyata keçirilən qlobal enerji layihələrinin hər iki ölkə əhalisinin rifah halının daha da yaxşılaşdırılmasına, habelə bölgədə sülh və sabitliyin təmin olunmasına xidmət edəcəyi bildirilib. Dövlət başçıları ikitərəflimünasibətlərə, regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparıblar. ( http://www.azerbaijan.news.az/)

6 iyul 2008-ci ildə Astanada Prezident İlham Əliyev Türkiyə Prezidenti Abdullah Gül ilə görüşüb. Görüşdə Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə daim inkişaf etdiyi vurğulanıb. Qeyd olunub ki, hər iki ölkə beynəlxalq təşkilatlarda yüksək səviyyədə əməkdaşlıq edirlər. Münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunan görüşdə tərəflər arasında qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb. (http://www.president.az/)

24 iyul 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyə ərazisindəki hissəsinin təməlinin qoyulması mərasimində iştirak etmək üçün Qars şəhərində olub. Qarsda Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün görüşü olub. Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə daim sürətlə inkişaf etməsindən məmnunluqlarını ifadə edərək, Azərbaycan və Türkiyənin qlobal layihələrdə birgə iştirakının qarşılıqlı əlaqələrin möhkəmlənməsinə, habelə regional əməkdaşlığın daha da genişlənməsinə xidmət etdiyini vurğulayıblar. Prezidentlər Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyə hissəsinin təməlinin qoyulmasını mühüm hadisə kimi səciyyələndiriblər. Bildirilib ki, bu dəmir yolu ümumən regionda iqtisadi əməkdaşlığın genişlənməsi baxımından çox önəmli layihədir. (http://www.azerbaijan.news.az/)

20 avqust 2008-ci ildə Türkiyənin Baş naziri Rəcəb Təyyub Ərdoğan Azərbaycanda işgüzar səfərdə olub. Prezident İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olub. Görüşdə ölkələrimiz arasında əməkdaşlığın, ikitərəfli münasibətlərin bütün sahələrdə daim inkişaf etdiyi bildirilib və əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub. Söhbət zamanı ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. (http://www.president.az/)

Tarixi arayış 22 avqust 2008-ci ildə yeniləşdirilib.