Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin faşizm üzərində qələbənin 58-ci ildönümü münasibətilə Azərbaycan xalqına müraciəti - 8 may 2003-cü il


Əziz həmvətənlər!

Hörmətli müharibə veteranları!

Bu il İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 58-ci ildönümü tamam olur. Bu müharibə miqyasına, vurulan maddi zərərin həcminə və həlak olmuş insanların sayına görə bəşər tarixində baş vermiş müharibələrin ən böyüyü və ən dəhşətlisidir. Məlumdur ki, İkinci Dünya müharibəsi Yer üzünə hökmranlıq etmək iddiasında olan militarist qüvvələr, ilk növbədə isə faşist Almaniyası tərəfindən törədilmişdi. 1939-cu ilin sentyabrında başlanan müharibə qısa müddətdə bütün Avropanı bürümüş, daha sonra digər qitələrə də yayılaraq altı il davam etmişdir. 1941-ci il iyunun 22-də SSRİ üzərinə faşist Almaniyasının hücumu ilə Azərbaycanın da mənsub olduğu Sovet İttifaqı faşizmlə ölüm-dirim mübarizəsinə qoşulmuş, tarixə sovet xalqının Böyük Vətən müharibəsi kimi daxil olan müharibə başlanmışdı.

Müharibənin gedişində təcavüzkarlar ağlagəlməz vəhşiliklər törədərək milyonlarla insanı qətlə yetirmiş, şəhər və kəndləri xarabazara çevirmiş, istehsal müəssisələrini və mədəniyyət abidələrini darmadağın etmişdilər. Lakin bəşəriyyətə fəlakət gətirən faşistlərin ağalığı uzun müddət davam edə bilməzdi. Müharibə illərində formalaşan anti-Hitler koalisiyası ölkələrinin, ilk növbədə ABŞ-ın, Sovet İttifaqının, İngiltərənin və Fransanın birgə səyləri nəticəsində 1945-ci ildə faşist Almaniyası və onun müttəfiqləri darmadağın edildi, İkinci Dünya müharibəsi başa çatdı. Bu müharibədəki qələbə mütərəqqi qüvvələrin irtica, sivilizasiyanın barbarlıq və insanlığa nifrət ideologiyası üzərində təntənəsi oldu.

Faşizm üzərində qələbənin qazanılmasına Azərbaycan xalqı da öz sanballı töhfəsini vermişdir. Rusiya, Ukrayna, Moldova və Belarusun, Baltikyanı respublikaların, Şərqi Avropa ölkələrinin hitlerçilərdən azad edilməsində, Qərbi Avropada genişlənən Müqavimət Hərəkatının uğur qazanmasında həmvətənlərimiz mühüm rol oynamışlar. 1941-1945-ci illərdə 600 min həmvətənimiz ön cəbhəyə yollanmış, qəddar düşmənlə mərdliklə vuruşmuşdur. Onların yarıdan çoxu döyüş meydanlarında qəhrəmancasına həlak olaraq geri qayıtmamışdır.

Azərbaycanlılar ön cəbhədə qəhrəmanlıq göstərməklə yanaşı, arxa cəbhədə də misilsiz fədakarlıq nümayiş etdirmiş, döyüşən ordunun yanacaq, silah, ərzaq və geyimlə təchiz olunmasına böyük kömək göstərmişlər. Məlumdur ki, İkinci Dünya müharibəsi əvvəlki müharibələrdən fərqli olaraq, süvari və piyadaların deyil, ilk növbədə motorların, tankların, qırıcı və bombardmançı təyyarələrin, digər döyüş maşınlarının müharibəsi olmuşdur. Neft və neft məhsulları olmadan hərbçilər bu texnikanı hərəkətə gətirib düşmən üzərində qələbəni təmin edə bilməzdilər. Müharibə illərində Azərbaycan neftçiləri bütün çətinliklərə baxmayaraq, silahlı qüvvələri kifayət qədər yanacaqla təmin edə bilmişdilər. Bu gün hər bir azərbaycanlı fəxr edir ki, o dövrdə Sovet İttifaqında hasil edilən neftin 70 faizindən çoxu məhz bizim respublikanın payına düşmüşdür.

Müharibənin məşəqqətlərini və məhrumiyyətlərini görmüş xalqımız yeni qanlı müharibələrin və münaqişələrin əleyhinə çıxış edir, müstəqil Azərbaycan dövləti regionda və bütün dünyada möhkəm və davamlı sülhün bərqərar olması uğrunda ardıcıl mübarizə aparır. Biz qonşu dövlətin ərazi iddiaları nəticəsində başlanmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc şəkildə, danışıqlar yolu ilə həllinə tərəfdar olduğumuzu dəfələrlə bəyan etmişik. Biz inanırıq və İkinci Dünya müharibəsinin tarixi də göstərir ki, zora söykənən siyasət, işğala və təcavüzə əsaslanan, başqa xalqlara nifrət və düşmənçilik təbliğ edən ideologiya gec-tez məhvə məhkumdur.

Bu gün Azərbaycan xalqının güclü ordusu, müasir tələblərə cavab verən Silahlı Qüvvələri vardır. Xalqımız bilməlidir ki, Azərbaycan rəhbərliyi ərazilərimizin azad edilməsi üçün beynəlxalq hüququn və diplomatiyanın bütün imkanlarından istifadə edəcək. Ordumuzun gücü, insanlarımızın vətənpərvərliyi isə bu haqq işimizdə etibarlı təminat və səmərəli vasitə olacaqdır.

Faşizm üzərində Qələbə günü - Azərbaycan Respublikasının mühüm dövlət bayramlarından biridir. 58 ildir ki, biz bu günü unutmur, qazanılmış qələbə ilə fəxr edir və hər il mayın 9-nu bayram kimi qeyd edirik. Bu əziz gündə Azərbaycan xalqının bütün qəhrəmanlarının, həyatını qurban vermiş oğul və qızlarının xatirəsini dərin ehtiramla yad edirəm. Əlamətdar hadisə münasibətilə həm ön cəbhədə vuruşmuş, həm də arxada fədakarlıq göstərmiş müharibə veteranlarını, Azərbaycanın hər bir vətəndaşını səmimi qəlbdən təbrik edir, xalqımıza sülh, əmin-amanlıq, yüksək rifah və firavanlıq arzulayıram.

"Azərbaycan" xidməti, 9 may 2003-cü il.

Tarixi arayış

SOSİUM

Əlavə sənədlər