Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiyanın milli bayramı - Rusiya Federasiyasının dövlət müstəqilliyi haqqında bəyannamənin qəbul edilməsi günü münasibətilə təşkil olunmuş rəsmi qəbulda nitqi - Rusiyanın Azərbaycandakı səfirliyi, 12 iyun 2002-ci il


Hörmətli cənab səfir! Hörmətli xanımlar və cənablar!

Mən Rusiya günü, Rusiya Federasiyasının dövlət suverenliyinin elan edilməsi günü münasibətilə sizi səmimi-qəlbdən təbrik edirəm. Bu, böyük bayramdır, yeni Rusiyanın tarixində ən əsas bayramdır.

Məhz həmin gün, Rusiya Federasiyasının dövlət suverenliyi haqqında bəyannamənin qəbul edildiyi gün ilk öncə Rusiyanın özündə - çünki Rusiyanın özü o vaxtlar mövcud olan hər şeydən azad olmalı idi - və təbii ki, Rusiya ilə birlikdə Sovetlər İttifaqının tərkibində olmuş digər respublikalarda müstəqilliyə və azadlığa doğru hərəkat başlandı. Ona görə də biz bu günü təkcə rusiyalıların, Rusiya Federasiyasının bayramı kimi qiymətləndirmirik, biz bu günü Sovetlər İttifaqının tərkibinə daxil olmuş digər respublikaların, o cümlədən də Azərbaycanın azadlığının, müstəqilliyinin, suverenliyinin bünövrəsini qoymuş gün kimi də qiymətləndiririk.

Burada Nikolay Timofeyeviç Rusiyanın son vaxtlar qazandığı böyük uğurlardan və öz suverenliyini elan edərək müstəqil dövlət olduğu vaxtdan bəri Rusiyanın necə böyük və mürəkkəb yol keçməli olmasından çox yaxşı, aydın və inandırıcı şəkildə danışdı. Bəli, Rusiyada xüsusən son illərdə, həqiqətən böyük dəyişikliklər baş verir. Əlbəttə, bu dəyişikliklərin bünövrəsi əvvəllər, Rusiya demokratiya, azadlıq, bazar iqtisadiyyatı, aşkarlıq yolunu seçdiyi vaxtda qoyulmuşdur. Lakin bu yolda nə qədər çətinliklər, maneələr olduğu və rusiyalıların bunları necə çətinliklə və əziyyətlə dəf etdikləri xatirimdədir. Ancaq bunlar artıq arxada qalmışdır.

İndi Rusiya yüksəlişdədir və Rusiyanın iqtisadi inkişafı barədə Nikolay Timofeyeviçin gətirdiyi rəqəmlər, məlumatlar, şübhəsiz, dostcasına hörmət hissi doğurur. Mən buna sevinirəm. Biz Rusiyanın uğurlarına həmişə sevinmişik və uğursuzluqlarından kədərlənmişik. Lakin xoşbəxtlikdən, indi Rusiyada uğurlar daha çoxdur, uğursuzluqlar hələlik yoxdur və hesab edirəm ki, olmayacaqdır. Çünki indi Rusiya tamamilə düzgün istiqamətdə, özü də Prezident Vladimir Vladimiroviç Putin başda olmaqla çox layiqli qüvvələr tərəfindən idarə edilir.

Rusiyanın xarici siyasətindəki böyük dinamizmi bizdə böyük maraq doğurur. Bu dinamizmin təkcə Rusiyaya deyil, Avropaya, Dünya Birliyinə də aidiyyatı var. Bu proses, əlbəttə, birtərəfli deyildir. Amerika Birləşmiş Ştatlarında, Avropa ölkələrində görülən işlər, bununla əlaqədar Rusiyanın gördüyü işlər - bütün bunlar bir yerdə dünyada tamamilə yeni mühit, yeni şərait yaradır. İndi bütün dünya 11 sentyabr hadisələrindən sonrakı dövrü yaşayır. Həmin gün bəşəriyyət terrorizmlə, özü də tarixdə görünməmiş bir terrorizmlə üzləşdi. Bizi belə bir fakt sevindirir ki, 11 sentyabrdan sonra ötən müddət ərzində dünyanın aparıcı ölkələri - Amerika Birləşmiş Ştatları, Avropa ölkələri, Rusiya, NATO-nun üzvü olan bütün başqa ölkələr terrorizmə qarşı öz səylərini fəal surətdə birləşdirirlər.

ABŞ Prezidenti Buşun və Rusiya Prezidenti Putinin bu yaxınlarda Moskvada görüşü böyük hadisə oldu və çox mühüm nəticələrlə yadda qaldı. İndi Rusiya NATO ilə bir yerdədir. Bu, əlbəttə, belə fıkirləşməyə əsas verir ki, hələ də bəzi məsələlərdə mövcud olan və təzahür edən qarşıdurma tədricən aradan qaldırılır. Bütün bunlar Avropanın, Amerika Birləşmiş Ştatlarının həyatında, ümumiyyətlə, bütün dünyada çox böyük hadisədir, lakin bunlar bilavasitə digər ölkələrə, o cümlədən Azərbaycana da aiddir.

Biz öz dostlarımızı - rusiyalıları xarici siyasətdəki uğurlarına görə təbrik edə və əmin olduğumuzu deyə bilərik ki, Qərb ölkələri ilə, Amerika Birləşmiş Ştatları ilə əməkdaşlıq gələcəkdə də inkişaf edəcəkdir. Bu isə Avropada və bizim regionda sabitliyin, hər bir ölkənin öz problemlərini özü həll etməsinin, öz iqtisadiyyatını inkişaf etdirməsinin, beynəlxalq terrorizmin tamamilə dəf edilməsinin təminatı olacaqdır.

Rusiya ilə bizim münasibətlərimiz yaxşıdır. Nikolay Timofeyeviç bu əsrin, bu minilliyin əvvəlində Rusiya ilə Azərbaycan arasında baş vermis çox mühüm hadisələrdən - Prezident Putinin Azərbaycana səfərindən, Azərbaycan prezidentinin cavab səfərindən, bizim imzaladığımız çox mühüm sənədlərdən söhbət açdı.

Nəhayət, Vladimir Vladimiroviç Putinin dəvəti ilə Sankt-Peterburqda bu yaxınlardakı görüşümüz barədə. Görüş məhz indiki mərhələdə çox vacib idi. Biz dövlətlərarası münasibətlərimizin mühüm məsələləri, dünyada baş verən hadisələr barədə, regionumuzda vəziyyət, Qafqazdakı münaqişələrin, xüsusən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması üçün səyləri gücləndirməyin zəruriliyi haqqında fıkir mübadiləsi apardıq. Söhbətimiz dostluq, qarşılıqlı anlaşma, etimad və qarşılıqlı hörmət ruhunda keçdi. Mən bu görüşdən çox məmnunam. Məmnunam ki, biz Sankt-Peterburqda, bu çox gözəl şəhərdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsini birlikdə açdıq. Bu, qeyri-adi bir hadisədir.

Sankt-Peterburq elə bir şəhərdir ki, orada Rusiyanın - həm də təkcə Rusiyanın deyil - bir çox görkəmli adamlarının abidələri var.

Onlarla yanaşı, Sankt-Peterburqda Nizami Gəncəvinin abidəsinin də ucaldılması rusiyalıların Azərbaycan xalqına olan dərin ehtiramının əlamətidir, xalqlarımız və ölkələrimiz arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə yönəldilmiş bir aktdır. Heykəlin Rusiya Prezidenti Putin və Azərbaycan Prezidenti tərəfindən açılması bu hadisəni əlamətdar etmişdir.

Bu gün biz bu bayramda özümüzü çox gözəl hiss edirik. Çünki, əvvəla, Rusiya səfirliyində qonağıq, ikincisi isə, Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələrinin nümayəndələri ilə, səfirlərlə, diplomatlarla birlikdəyik. Yaxşı görüşdür! Mən bu görüşə görə minnətdaram. Sizi bu bayram münasibətilə bir daha təbrik edirəm və Sizə, bütün rusiyalılara və Yer kürəsinin bütün insanlarına xoşbəxtlik və fıravanlıq arzulayıram.