Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşdə söhbəti - Moskva, Kreml, 22 iyun 2000-ci il


Vladimir Putin: xoş gəlmisiniz, cənab Prezident! Müstəqil Dövlətlər Birliyi ölkələri dövlət başçılarının zirvə görüşündə Sizin iştirak etmənizdən çox məmnun oldum. MDB mexanizminin təkmilləşdirilməsi barədə sizin fikirlərinizi bir daha yüksək dəyərləndirirəm.

Heydər Əliyev: Səmimi sözlərinizə görə Sizə təşəkkürümü bildirirəm. Müstəqil Dövlətlər Birliyi ölkələri dövlət başçılarının daha səmərəli keçmiş budəfəki sammitində iqtisadiyyat, regional təhlükəsizlik və strateji sabitlik sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi yollarının müəyyənləşdirilməsinə dair müzakirələrdən razı qaldım.

Vladimir Putin: Müstəqil Dövlətlər Birliyinin fəaliyyəti və perspektivləri haqqında ətrafli fikir mübadiləsi aparmaq çox vacibdir.

Heydər Əliyev: Mən də əminəm ki, Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin bütün sahələrdə qarşılıqlı surətdə faydalı əlaqələri bundan sonra daha da genişlənəcək və möhkəmlənəcəkdir.

Vladimir Putin: Ölkələrimizin ənənəvi dostluq və mehriban qonşuluq münasibətlərindən mən çox razıyam. Biz bundan sonra da siyasət, iqtisadiyyat, mədəniyyət, elm və digər sahələrdə əməkdaşlığın daha da dərinləşməsinə nail olmalıyıq.

Heydər Əliyev: Bu gün bizim ölkəmiz üçün ən agrili problem Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. 12 ildən bəri davam edən münaqişə nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunmus, bir milyondan çox vətəndaşımız yerindən-yurdundan zorla qovularaq çadırlarda ağır şəraitdə yaşayır. Bu münaqişənin sülh yolu ilə aradan qaldırıması üçün ATƏT-in Minsk qrupu çərçivəsində və birbaşa danışıqlar aparılır. Minsk qrupu həmsədrlərinin, o cümlədən Rusiya Federasiyasının bu sahədə səylərinin artırılmasına ehtiyac duyulur. Mən inanıram ki, ölkələrimizi maraqlandıran bir sıra digər məsələlər kimi, bu ağır problem də nəhayət ki, öz obyektiv həllini tapacaqdır.