Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki - Bakı şəhəri, 18 mart 2001-ci il


Hörmətli həmvətənlər!

Əziz və müqəddəs Novruz bayramı münasibətilə sizi ürəkdən təbrik edir, hamınıza xoş bayram əhval-ruhiyyəsi arzulayıram.

Dünyanın yaranışını tarixən ilk yaz günü ilə bağlayan xalqımız əsrlər boyunca bahar bayramını əziz tutmuşdur. Təbiətin oyanışını, varlığın yenidən canlanmasını müjdələyən Novruz bayramı sadəcə şadlıq, sevinc, səadət bayramı olmamış, tariximizin ən çətin anlarında insanlarımızın ürəyində özünə yer eləmiş, həyatına daxil olmuş, işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusunu yaşatmışdır.

Təbiətlə bağlı olan bu gözəl bayramda ulu əcdadlarımızın xatirəsinə dərin ehtiram ifadə olunur. Xalqımızın tarixi yaddaşından süzülüb gələn ənənələr keçmişimizi və gələcəyimizi bir-biri ilə bağlayan bu bahar bayramında bütöv bir şəkildə yaşayır.

Bu Novruz bayramı həm də onunla əlamətdardır ki, yeni yüzillikdə və yeni minillikdə keçirilən ilk yaz bayramımızdır. İnanıram ki, təbiətin təzələnməsi ilə birlikdə insanlarımızın ovqatının da yeniləşdiyi bu bayramın gəlişi ilə Azərbaycanın taleyüklü məsələləri xalqımızın qüdrəti sayəsində öz ədalətli həllini tapacaq, doğma yurd-yuvalarından didərgin düşmüş bacı-qardaşlarımızın köçkünlük və qaçqınlıq həyatına son qoyulacaq, xalqımız layiq olduğu xoşbəxt həyata qovuşacaqdır.

Dünyanın dörd bir yanında yaşayan bütün yurddaşlarımız bu ulu və mübarək bayramı böyük təntənə ilə qeyd edirlər. Qoy bu bayram Yer kürəsinin müxtəlif guşələrinə səpələnmiş, ayrı-ayrı bölgələrdə məskunlaşmış soydaşlarımız arasında birlik, həmrəylik rəmzinə çevrilsin və onları Azərbaycanın müstəqilliyi ilə fəxr etməyə ruhlandırsın. Mən bu gün ölkəmizin hüdudlarından kənarda yaşayan bütün azərbaycanlıları da ürəkdən salamlayır, bayram münasibətilə hər birinə ən səmimi duyğularımı yetirirəm.

Bu bayram günlərində dünyanın Azərbaycan adlı həqiqətinin sonsuzluğa qədər var ola bilməsi yolunda şəhid olmuş övladlarımızı böyük ehtiramla yad edirik. İnanıram ki, uğrunda onların baş qoyduqları ideallar ən yaxın bir zamanda gerçəkliyə çevriləcək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün möhkəmləndirilməsi yolunda atdığımız hər bir addım şəhidlərimizin ruhlarını şad edəcəkdir.

İlin bu əziz bahar bayramında, buy az ətirli bayramda vətənin çiçəklənməsi naminə gedəcəyiniz yolda hər birinizə uğurlar diləyirəm.

Bayramınız mübarək olsun!

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 19 mart 2001-ci il.

Tarixi arayış

SOSİUM

Əlavə sənədlər