Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğanı və onun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən söhbətindən - 7 yanvar 2003-cü il


Heydər Əliyev: Hörmətli cənab Ərdoğan!

Hörmətli nazirlər!

Hörmətli qonaqlar!

Siz Azərbaycana xoş gəlmisiniz, səfa gətirmisiniz! Sizin bu səfərinz bizim üçün çox əhəmiyyətli və qiymətlidir. Çünki Türkiyədə hökumət dəyişikliyi baş veribdir. Biz Turkiyədəki işlərin hamısını daim ürəkdən, qəlbdən Türkiyəyə bağlı olaraq izləmişik. Ona görə də belə bir səfərin indi baş verməsini mən Türkiyə-Azərbaycan əlaqələrində xüsusi tarixi əhəmiyyətə malik olan bir hadisə hesab edirəm.

Cənab Ərdoğan, keçən il noyabr ayında Türkiyədə keçirilmiş seçkilərdə böyük qələbə qazandığınıza görə, Ədalət və İnkişaf Partiyası böyük qələbə qazandığına görə sizi ürəkdən təbrik edirəm. Bu qələbəniz sizə Böyük Millət Məclisində çoxsaylı millət vəkillərinin olmasını təmin edib və beləliklə, Ədalət və İnkişaf Partiyası təkbaşına Türkiyədə hökumət təşkil etmək, iqtidarda olmaq imkanı əldə edibdir. Bu, Türkiyənin tarixində çox əlamətdar hadisədir. Biz indi sizinlə söhbət edəndə tarixə bir az nəzər saldıq. Keçmişdə belə hallar çox az olmuşdur. Amma hər dəfə hökumət təkbaşına iqtidarda olan qüvvələr tərəfindən idarə olunarkən Türkiyə yüksəlmiş, inkişaf etmişdir. Ona görə də mən düşünürəm ki, Türkiyə Cümhuriyyətinin vətəndaşları sizə çox səs verərək, sizi bu cür böyük uğurla seçərək, təbiidir ki, sizə böyük ümidlər bəsləyiblər. Güman edirəm ki, sizin partiya və yaratdığınız hökumət bu ümidləri doğruldacaqdır.

Cənab Ərdoğan, mən sizi xüsusi təbrik edirəm. Çünki sizin partiya sədri oldmağınız və bu partiyaya böyük uğur qazandırmağınız da qeyri-adi hadisədir. İndi siz onun problemlərini hamıdan yaxşı bilirsiniz. Sizin hələ indiyə qədər millət vəkili olmaq imkanınız yoxdur, amma belə olan halda da sizin qurduğunuz, yaratdığınız, başçılıq etdiyiniz partiyanın xalq arasında bu cür hörmət qazanması, səs alması şəxsən sizin fəaliyyətinizin çox yüksək qiymətidir. Mən bu münasibətlə sizi təbrik edirəm. Şübhə yoxdur ki, siz millət vəkili olacaqsınız. Güman edirəm, siz baş nazir də təyin olunacaq, hökumətə başçılıq edəcəksiniz. Ancaq bunlar hamısı qeyri-adi bir prosesdə getdiyinə görə mən buna xüsusi əhəmiyyət verirəm.

Cənab Ərdoğan, qələbə qazandıqdan sonra şəxsən sizin dinamik fəaliyyətinizi də biz Azərbaycanda çox böyük sevgi və məhəbbətlə izləyirik. Mən bunu alqışlayıram. Çünki Türkiyə Cümhuriyyəti dünyanın böyük ölkələrindən biridir. Türkiyə Cümhuriyyəti inkişaf etmiş bir dövlətdir, demokratik ölkədir, bazar iqtisadiyyatı yolu ilə gedən ölkədir. Uzun illər NATO-nun tərkibində olan bir ölkədir. Belə bir ölkənin hökuməti, təbiidir ki, gərək dinamik olmağa qadir olsun. Sizin ilk addımlarınız, Türkiyənin Avropa Birliyinə daxil olması istiqamətindəki fəaliyyətiniz, Kipr məsələsi ilə əlaqədar fəaliyyətiniz - bunlar hamısı onu göstərir ki, sizin əlinizdə baş nazir mandatı olanda bu işləri daha çox, daha asanlıqla görəcəksiniz. Mən bütün bunlara görə sizi təbrik edirəm. Bunlar hamısı sevindirici haldır.

Sizin bu qələbənizi, Türkiyənin indi belə inkişaf yoluna düşməsini biz Azərbaycanda özümüzün belə bir səviyyəyə qalxmağımız kimi qəbul edirik. Çünki Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr, dostluq, qardaşlıq əlaqələri əvvəldən olubdur. Təbiidir, bizim dərin köklərimiz məlumdur. Ancaq Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra Türkiyə həmişə Azərbaycanın ən yaxın dostu, qardaşı olubdur. Bu gün də belədir. Artıq biz bir-birimiz ilə strateji əməkdaşlıq səviyyəsində əlaqələr həyata keçiririk. Elə bir sahə yoxdur ki, bizim orada əməkdaşlığımız olmasın.

Təbiidir ki, əsas sahələrdən biri də Türkiyə ilə Azərbaycanı bağlayan, Azərbaycanın böyük təbii sərvətlərinin, Xəzər dənizində olan sərvətlərin dünya bazarlarına çıxarılması üçün Bakı-Tbilisi-Ceyhan boru xəttinin məhz Türkiyənin ərazisindən keçirilməsi, Azərbaycanın böyük təbii qaz ehtiyatlarının yenə də Türkiyəyə və Türkiyədən Avropaya çıxarılması haqqında bizim birgə qərarlarımız və bir çox başqa işlərimizdir. Bunlar bizim hələ görəcəyimiz işlərin əsasıdır. Qarşıda çox böyük imkanlar, böyük perspektivlər var. Onlardan da biz birgə istifadə edəcəyik.

Mən sizi bir daha salamlayıram. Xoş gəlmisiniz. Sizin Azərbaycanda az müddətdə olmağınıza baxmayaraq, biz çalışacağıq sizə şərait yaradaq ki, maksimum çox iş görə biləsiniz. Buyurun.

Rəcəb Tayyub Ərdoğan: Hörmətli cümhur başqanım!

Hörmətli nazirlər!

Çox təşəkkür edirəm. Biz, nümayəndə heyətinin bütün üzvləri qardaş Azərbaycanı ziyarət etməkdən və zati-aliləri ilə bir arada olmaqdan böyük məmnunluq və şərəf duyuruq. Təbii, biz bu gün yenə öz evimizdəyik. On il bundan öncə Azərbaycana gəlmişdim, o gündən bu günə baxanda Azərbaycanda zati-alilərinin rəhbərliyi altında əldə olunan nailiyyətləri, inkişafı, çox fərqli inkişaf görürəm. Doğrudan da Azərbaycan çox ciddi bir dəyişiklik yolunu keçmiş, çağdaşlaşma yolunda çox ciddi bir dəyişikliyi bacarmışdır. İnanıram ki, bu dəyişiklik dünyada da örnək bir yer alır.

Türkiyə ilə Azərbaycan arasında, əslində, anlatmağa ehtiyac olmayan çox ciddi qardaşlıq kökləri var. Biz hər şeydən əvvəl qardaşıq. Təbii, bu qardaşlıq kökləri bizim iş adamlarımızın Azərbaycan daxilində gördüklərində, sizlərin onlara qucağınızı açmağınızda özünü göstərir. Amma könlümüz bunun daha çox olmasını istəyir. İnşallah, bu, Sizin onlara göstərəcəyiniz himayə ilə daha da irəliyə gedəcəkdir. Mən buna inanıram. Bizim əl-ələ verərək həm siyasətdə, həm iqtisadiyyatda, həm də mədəni sahədə bunları yüksəlişlə, irəliyə aparmaq və inkişaf etdirməyimiz əsas şərtdir. Hazırda bizim ən önəmli münasibətlərimizi daha da genişləndirmək üçün əsas sahələr onlar olduğu üçün biz bu gün buraya xarici işlər nazirimizi, daxili işlər nazirimizi, enerji nazirimizi və mədəniyyət nazirimizi də gətirmişik.

Təbiidir ki, noyabrın 3-də Türkiyə yeni bir dövrə qədəm qoydu. Xalqımız bizə parlamentdə yerlərin 66 faizi ilə təmsil olunmaq hüququ verdi. Bu, seçim sistemindən qaynaqlanan bir fərqlilikdir. Xalq bizə 34,4 faiz səs verdi və bizim partiya parlamentdə yerlərin 66 faizini qazandı. Təbiidir ki, bu, bizim üzərimizə çox böyük məsuliyyət qoyur. Biz də bu məsuliyyəti bilərək, Sizin də bir az əvvəl dediyiniz kimi, əvvəlcə Avropa Birliyi ilə bağlı münasibətlərdə yüksək bir dinamiklik göstərdik, 20 gündə Avropa Birliyinin üzvü olan 14 ölkəni ziyarət etdik. Arada Amerika Birləşmiş Ştatlarını ziyarət etdik. Sonra Rusiyaya bir ziyarətimiz oldu. Ondan sonra da dedik ki, indi artıq türk cümhuriyyətlərini ziyarətə başlamalıyıq və bunu Azərbaycandan başladıq.

Ramazan ayında yemək zamanı dəyərli böyük elçinizə söyləmişdim. Demişdim ki, inşallah, yaxın vaxtlarda türk cümhuriyyətlərini ziyarətə başlayacağıq və ilk səfər edəcəyimiz yer Azərbaycan olacaqdır. Bu gün ona söylədim ki, artıq bu səfəri həyata keçiririk. İndi buradan Türkmənistana, daha sonra da Qazaxıstana səfər edib ilk turu bitirəcəyik. Sonra isə inşallah, ikinci turu yerinə yetirəcəyik.

Bizim aramızda olan qardaşlıq telləri yalnız keçmişimizdən deyil, həm də gələcəyimizdən ilham alır. Çünki qardaşların arasındakı bağlar zaman baxımından sərhədsizdir. Arzumuz, diləyimiz bu həmrəyliyimizi, bu birliyimizi, bu bərabərliyimizi gələcəyə doğru daha şövqlə, sevgi və məhəbbətlə aparmaqdır. Çünki bizə bizdən fayda var. Bunu bacarmağımız lazımdır.

Az öncə sizə ifadə etdiyimiz kimi, inşallah, Bakı-Tbilisi-Ceyhan 2005-ci ildə yox, daha tez hazır olsun. Bizim enerji naziri də buradadır. Böyük səylə, gecə-gündüz durmadan işləməklə bunu daha erkən bitirmək lazımdır. Çünki zamanla yarışmaq məcburiyyətindəyik.

Heydər Əliyev: Çox gözəl.

Rəcəb Taayib Ərdoğan: Bəli, zamanla yarışacağıq və bu işi tezliklə bitirməyimiz lazımdır. Eyni şəkildə mədəniyyət sahəsində fəaliyyətimizi daha çox zənginləşdirməyimiz lazımdır. Bizim ortaq mədəniyyətimiz var. Bunun zənginləşdirilməsi lazımdır. Çünki mədəniyyət mədəniyyətdir, əgər mədəniyyətimiz yoxdursa, demək, mədəniyyət baxımından dünyada da yoxsan. Azərbaycanın bu sahədə çox dərin zənginliyi var. Mən bələdiyyə başqanı olduğum dövrdə Azərbaycan ilə çox sıx əlaqələrim var idi. Bunları hörmətli naziriniz də bilir. İnşallah, bundan sonra bunu daha da artıraraq davam etdirəcəyik. Hazırda bu çalışmalar davam edir və edəcəkdir.

Enerji sektorunda söylədiyimizdən əlavə, daxili işlərdə də - hörmətli daxili işlər nazirimiz də buradadır, onların keçmişə əsaslanan zəngin təcrübələri var - əlaqələrimizi davam etdirmək amalı ilə birlik, bərabərlik, bütünlük içində gələcəyə yönəldilmiş fəaliyyətimizi sürdürəcəyik.

Hörmətli cümhur başqanım, çox qiymətli vaxtınızı nümayəndə heyətimizə ayırdığınıza görə Sizə təkrar təşəkkür edirəm. Bu görüşümüzün bundan sonra müştərək atacağımız addımlar üçün xeyirli olmasını diləyirəm. Təşəkkür edirəm.

Heydər Əliyev: Çox sağ olun, təşəkkür edirəm.

"Azərbaycan" qəzeti, 8 yanvar 2003-cü il.