"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğanı və onun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən söhbətindən" (7 yanvar 2003-cü il) sənədinə tarixi arayış


2002-ci ilin noyabrında Türkiyədə hakimiyyətə gəlmiş Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının idarəçiliyi dövründə Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı fəal şəkildə davam etdirilib. 2003-cü ilin yanvarında partiyanın sədri Rəcəb Tayyib Ərdoğan Türkiyənin dövlət nazirlərinin də daxil olduğu böyük bir nümayəndə heyəti ilə birlikdə Azərbaycana səfər edib. (http://www.dosyalar.hurriyet.com.tr/)

7 yanvar 2003-cü ildə Rəcəb Tayyib Ərdoğan və onun başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevlə görüşü olub. Heydər Əliyev Türkiyədə Ədalət və İnkişaf Partiyasının hakimiyyətə gəlməsini əlamətdar hadisə kimi qiymətləndirib. O, bu partiyanın rəhbərliyi ilə Türkiyənin daha da inkişaf edəcəyini, Azərbaycanın da bundan faydalanacağını bəyan edib. Heydər Əliyev Rəcəb Tayyib Ərdoğanın millət vəkili və Türkiyənin baş naziri olacağına inandığını bildirib.

Rəcəb Tayyib Ərdoğan Heydər Əliyevlə söhbətində Azərbaycan və Türkiyə arasında ciddi qardaşlıq əlaqələri olduğunu bildirib və bunun daha da inkişaf edəcəyini deyib. O, Türkiyə iş adamlarının Azərbaycanda fəaliyyətinin daha da genişləndirilməsini arzuladığını ifadə edib.

Azərbaycana səfəri zamanı Türkiyə Ədalət və İnkişaf Partiyasının rəhbəri digər hökumət nümayəndələri ilə də görüşlər keçirib. O, müsahibələrində Dağlıq Qarabağ münaqişəsində yeni hökumətin də Azərbaycanı müdafiə edəcəyini bəyan edib. (http://www.eraren.org/)

O, həmçinin Türkiyənin təhlükəsizlik sahəsində Azərbaycanla uğurlu əməkdaşlığından razı qaldığını bildirib. (http://www.bizimasr.media-az.com/)

2003-cü ilin martında Türkiyənin baş naziri kimi fəaliyyətə başlayan Rəcəb Tayyib Ərdoğan həmin il dekabrın 15-də Türkiyənin digər dövlət rəhbərləri ilə birlikdə Heydər Əliyevin dəfn mərasimində iştirak edib. (http://www.dosyalar.hurriyet.com.tr/)

30 iyun 2005-ci ildə Rəcəb Tayyib Ərdoğan Azərbaycanda səfərdə olub. Səfər zamanı Prezident sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olub. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Türkiyənin tutduğu mövqeyə və Azərbaycana verdiyi dəstəyə görə təşəkkürünü bildirib. Baş nazir Rəcəb Tayyib Ərdoğan Azərbaycanla ikitərəfli əlaqələrin inkişafından məmnunluğunu söyləyib, beynəlxalq təşkilatlarda mövcud əməkdaşlığın gələcəkdə davam edəcəyini və Azərbaycanın ədalətli mövqeyini bundan sonra da dəstəkləyəcəklərini xüsusi vurğulayıb. (http://www.president.az/) 

9 mart 2007-ci ildə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan türk və azərbaycanlıların diaspora təşkilatlarının rəhbərlərinin forumunda iştirak etmək üçün növbəti dəfə Azərbaycanda səfərdə olub. Səfər zamanı Türkiyənin baş naziri çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı tələblərini müdafiə etdiyini təkrarlayıb və Dağlıq Qarabağı işğal etmiş ermənilərin separatçı rejiminin orada o zaman qanunsuz seçkilər keçirməsini ittiham edib və bunun dünya tərəfindən tanınmadığını xatırladıb. (http://www.ans.az/)

20 avqust 2008-ci ildə Türkiyənin Baş naziri Rəcəb Təyyub Ərdoğan Azərbaycanda işgüzar səfərdə olub. Prezident İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olub. Görüşdə ölkələrimiz arasında əməkdaşlığın, ikitərəfli münasibətlərin bütün sahələrdə daim inkişaf etdiyi bildirilib və əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub. Söhbət zamanı ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. (http://www.president.az/)

Tarixi arayış 11 sentyabr 2008-ci ildə yeniləşdirilib.