Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədri Vladimir Ruşaylo ilə söhbətindən - 15 may 2001-ci il


Heydər Əliyev: Hörmətli Vladimir Borisoviç!

Hörmətli qonaqlar!

Sizi Azərbaycanda salamlayıram, buraya gəlməyinizə şadam və qeyd etməyi lazım bilirəm ki, Rusiya prezidenti Vladimir Vladimiroviç Putinin Azərbaycana rəsmi səfərindən sonra aramızda bütün istiqamətlərdə əlaqələr genişlənmişdir, tez-tez görüşürük. Əlbəttə, məsələ təkcə bunda deyildir. Başlıcası odur ki, yaxşı dialoq gedir və bu, Rusiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin inkişafına və möhkəmlənməsinə kömək edir. Biz buna həmişə çalışmışıq və indi də çalışırıq. Ona görə də sizin nümayəndə heyətinin indiki səfəri bu fikri bir daha təsdiqləyir.

Hesab edirəm ki, bu, zəruridir, çünki bu baxımdan keçmişdə biz bir qədər vaxt itirmişik. Lakin bunda kimin daha çox, kimin daha az təqsirkar olduğunu gəliş araşdırmayaq. Başlıcası odur ki, biz irəliyə baxmalıyıq. Bununla əlaqədar mən çox şadam ki, Vladimir Vladimiroviç Putin prezident olduqdan sonra Rusiya tərəfindən Azərbaycana diqqət artmışdır və bu, təbii olaraq, cavab reaksiyası doğurur. Axı məhəbbət həmişə qarşılıqlı olmalıdır, o, birtərəfli ola bilməz.

Bizim əməkdaşlıq etdiyimiz və əməkdaşlıq edə biləcəyimiz problemlər, məsələlər olduqca çoxdur. Ancaq əməkdaşlığın hansı səviyyədə olması isə, əlbəttə, hər iki tərəfdən asılıdır. Bu yaxınlarda Moskvada hökumətlərarası komissiyanın iclası keçirildi. Biz bu barədə burada yanvarın 9-da, Vladimir Vladimiroviç Putin rəsmi səfərdə olarkən razılığa gəlmişdik. Mənə bildirdilər ki, iclas yaxşı keçdi. Hətta mayın 10-da Vladimir Vladimiroviç məlum hadisə ilə əlaqədar mənə zəng vurarkən, orada hökumətlərarası komissiyanın iclası keçirilirdi. O, bundan böyük məmnunluq duyduğunu bildirdi. Mən onunla tamamilə razılaşdım.

Rusiyanın və Azərbaycanın təhlükəsizlik şuraları arasında münasibətlər yaranmışdır. Deməliyəm ki, bu orqanlar sizdə də, bizdə də çoxdan mövcuddur. Amma aralarında əslində heç bir əlaqə yox idi. Bu əlaqələr də Rusiya Federasiyasının rəhbərliyi dəyişdikdən sonra yaranmışdır. Elə sizin səfəriniz də göstərir ki, bu sahədə Rusiya üçün də, Azərbaycan üçün də bir çox mühüm məsələlərdə birgə səylərimizi, təbii ki, qarşılıqlı fəaliyyətimizi gücləndirməyə lüzum var.

Ona görə də buraya gəlməyinizə şadam. Ramiz Mehdiyev mənə məlumat verdi ki, artıq sizin görüşləriniz, söhbətləriniz olmuşdur və bu gün onlar yəqin ki, davam etdiriləcəkdir. Qarşıda isə daha bir gün var. Odur ki, bir çox məsələlər barəsində fikir mübadiləsi aparmaq imkanına malikik.

Vladimir Ruşaylo: Hörmətli Heydər Əliyeviç!

Azərbaycan torpağında bizə göstərilmiş qonaqpərvərliyə görə Sizə təşəkkür etmək istərdim. Rusiya Federasiyasının prezidenti Vladimir Vladimiroviç Putinin tapşırığını yerinə yetirmək və ikitərəfli münasibətlərimizə dair, Qafqaz dördlüyünün qarşıdakı görüşünə dair Sizinlə məsləhətləşmələr aparmaq mənə xüsusilə xoşdur. Görüb vurulduğum və ilk növbədə Sizin səyləriniz, Azərbaycan xalqının səyləri sayəsində gözəlləşən Bakı şəhərində olmaq xüsusilə xoşdur.

Mən 2000-ci il fevralın 5-də Bakıda keçirilmiş əvvəlki görüşümüzü səmimiyyətlə xatırlayıram. Biz Sizinlə ikitərəfli münasibətlərimizə aid məsələləri müzakirə etdik. Rusiya Federasiyasında seçkilər ərəfəsində bizim indiki prezidentimiz Vladimir Vladimiroviç Putin haqqında necə böyük hörmət və səmimiyyətlə danışdığımız yadımdadır. O, ən xoş arzularını Sizə yetirməyi xahiş etdi və Sizinlə görüşü gözləyir.

Demək istərdim ki, son vaxtlar ikitərəfli münasibətlərimizin yaxşılaşması meyli əmələ gəlmişdir. Bu gün biz həmin məsələni Ramiz Ənvəroviç Mehdiyevlə saat yarımdan çox müzakirə etdik. Biz bu barədə Sizə daha ətraflı məlumat verəcəyik. Təhlükəsizlik şuraları aparatlarının fəaliyyətini yaxşılaşdırmağa dair, ikitərəfli münasibətlərin səviyyəsini yaxşılaşdırmaq üçün prezidentlərimizə təklif edə biləcəyimiz mexanizmlərə dair tam bir sıra təkliflər, o cümlədən konstruktiv təkliflər var.

Şübhəsiz ki, Rusiyanın Qafqazda maraqları, o cümlədən ilk növbədə ölkəmizin təhlükəsizliyi ilə bağlı maraqları var. Regional münaqişələr meydana gələndə biz də narahatlıq keçiririk. Ona görə də, şübhəsiz, Sizinlə birlikdə daha sabit şərait yaradılmasına çalışacağıq.

Hörmətli Heydər Əliyeviç, Sizin Qafqazda sabitliyə nail olmaq məqsədlərinə yönəldilmiş səylərinizi qiymətləndiririk. Bu, Rusiyada sizə dərin ehtiram qazandırmışdır. Moskvada yaxşı xatırlayırlar ki, Siz Sovet İttifaqında yüksək dövlət vəzifələrində olarkən, o vaxtkı vahid dövlətimizin təhlükəsizliyinin möhkəmlənməsi üçün olduqca çox işlər görmüsünüz.

Fürsətdən istifadə edərək, Sizi ad gününüz münasibətilə bir daha təbrik etmək, Sizə cansağlığı, Azərbaycan xalqının rifahı naminə və Rusiya-Azərbaycan münasibətlərinin inkişafı üçün uzun illər coşqun, səmərəli fəaliyyət arzulamaq istərdim.

Bizim üçün qarşılıqlı maraq doğuran bəzi məsələləri müzakirə etmək istərdik. Təhlükəsizlik şuralarının xətti ilə haqqında bayaq dediyim əməkdaşlıq və şübhəsiz, beynəlxalq terrorizmlə mübarizə məhz belə məsələlərdəndir. Mən bilən, bu problem bizim üçün də, sizin üçün də olduqca aktualdır. O, ümumi təhlükəsizliyin təmin edilməsi baxımından Müstəqil Dövlətlər Birliyinin bütün ölkələri üçün də aktualdır. Terrorizmlə mübarizədə Rusiya Federasiyasına göstərilmiş köməyə görə şəxsən Sizə və bütün hüquq-mühafizə strukturlarına, ilk növbədə daxili işlər nazirinə və onun əməkdaşlarına minnətdarlığımı bildirmək istərdim. Belə ki, bir ildən bir qədər artıq müddətdə bir sıra birgə əməliyyatlar aparılmış, bu əməliyyatlar nəticəsində Azərbaycan ərazisində bir sıra təhlükəli terrorçular yaxalanmışlar. Hazırda onlar Rusiya tərəfinə qaytarılıb və məhkəmə qarşısında cavab verirlər. Onlar ağır cinayətlər - partlayışlar törətmişlər, nəticədə günahsız insanlar zərər çəkmişlər.

Ona görə də biz Sizin mövqeyinizi qiymətləndiririk. Bizə göstərilmiş köməyə görə Rusiya Federasiyasının prezidenti Vladimir Vladimiroviç Putinin minnətdarlığını da Sizə çatdırmaq istərdim.

Biz başlanmış işi davam etdirmək istərdik. Bu gün biz daxili işlər naziri Ramil İdrisoviç Usubovla da görüşəcək və ümumən hüquq-mühafizə strukturlarımız arasında və daxili işlər nazirlikləri arasında qarşılıqlı fəaliyyət məsələlərini müzakirə edəcəyik.

Ötən il ərzində çox böyük iş görülmüşdür. Biz əməkdaşlığımızı müsbət qiymətləndiririk. Birgə əməliyyatlar aparılmış və onların nəticəsində üç mindən çox cinayət işi qaldırılmışdır. Azərbaycan ərazisində ağır cinayətlər törətmiş 800-dək cinayətkar son ilyarımda Rusiya Federasiyasının ərazisində axtarılıb tutulmuş və Azərbaycan tərəfinə verilmişdir. Düşünürəm ki, bu, ümumi işə əsl töhfədir və əlbəttə, bu birgə işi davam etdirmək istərdik.

Azərbaycan bütün sahələrdə - istər regional səviyyədə, istərsə də Ümumrusiya səviyyəsində bizim üçün ənənəvi tərəfdaşdır. Bizi belə bir fakt xüsusilə sevindirir ki, qarşılıqlı məqbul əməkdaşlığa Rusiya Federasiyasının subyektləri də qoşulmuşlar. Rusiyada Azərbaycan Respublikasının mədəniyyət günləri uğurla keçmişdir. Bu, humanitar əməkdaşlığımızın fəallığını yüksəltməyə imkan verir. Azərbaycan diasporu da böyük fəallıq göstərməyə başlamışdır. O, paytaxtın və Rusiyanın digər şəhərlərinin daxili həyatına getdikcə daha yaxından cəlb olunur.

Azərbaycan tərəfinin təşəbbüsünü xüsusi qeyd etmək istərdim. Zaqafqaziyada xidmət etmiş sərkərdələr, səhv etmirəmsə, altı ildir ki, mayın 10-da Azərbaycan Respublikasının səfirliyinə yığışırlar, orada Qələbə günü qeyd olunur. Ən yaxşı insanlar bir yerə toplaşırlar, bu isə Azərbaycan və Rusiya xalqları arasında dostluğu, əlaqələri möhkəmləndirir. Son vaxtlar getdikcə daha çox dəstəklənən bu təşəbbüslərə görə mən də Sizə minnətdarlığımı bildirmək istərdim.

Hörmətli Heydər Əliyeviç, nümayəndə heyətimizə haqqında bayaq danışdığınız ikitərəfli hökumətlərarası komissiyanın Rusiya tərəfindən ticarət-iqtisadi əməkdaşlıq üzrə nümayəndəsi İqor Nikolayeviç Karayev də daxildir. O da müvafiq iş aparır və bu gün də qarşılıqlı iqtisadi əməkdaşlığımıza dair bir sıra məsləhətləşmələr keçiriləcəkdir.

Son vaxtlar, Rusiya Federasiyasının prezidenti Vladimir Vladimiroviç Putinlə Sizin görüşləriniz nəticəsində dialoqumuz yeni vüsət aldıqdan sonra az iş görülməmişdir, o cümlədən də təhlükəsizlik şuraları aparatlarının xətti ilə. Bu, xarici siyasət, iqtisadiyyat, hüquq-mühafizə və güc strukturlarına aiddir. Biz bu istiqamətdə işimizi inkişaf etdirmək niyyətindəyik. Üstəlik, Ramiz Ənvəroviç Mehdiyevlə bugünkü birgə iş nəticəsində biz birgə iş planı hazırlamışıq. Onu günün sonunadək təsdiqləmək ümidindəyik və razılaşdırmaq üçün Sizə təqdim edəcəyik. Ona görə ki, Heydər Əliyeviç, biz bilən, əvvəlki plan Sizin protokolunuzla təsdiq olunmuşdu.

Xüsusi demək istərdim ki, ölkələrimiz arasında iqtisadi əlaqələr möhkəmlənir. Ticarət-iqtisadi məsələlər üzrə hökumətlərarası komissiyanın bu yaxınlarda Moskvada keçirilmiş iclası ölkələrimizin qarşılıqlı surətdə faydalı bazar münasibətlərini inkişaf etdirməyə çalışdıqlarını bir daha göstərmişdir. Qarşılıqlı maraq burada da nəzərə çarpır. Bu baxımdan Azərbaycanın sənaye müəssisələrinin yenidən qurulmasına və modernləşdirilməsinə Rusiyanın maliyyə vəsaitinin cəlb edilməsi bizə perspektivli görünür. Siz razılıq versəniz, bu istiqamətdə daha təfərrüatlı işləmək olar.

Zənnimizcə, yanacaq-energetika kompleksi obyektlərinin özəlləşdirilməsində Rusiya təşkilatlarının da iştirakı Azərbaycan üçün faydalı olardı və bu, həmin kompleksi keyfiyyətcə daha yüksək səviyyəyə qaldırmağa imkan verərdi. Qara və əlvan metallurgiyada, mədən sənayesində, aqrar-sənaye kompleksində və nəqliyyatda da bu məsələləri nəzərdən keçirmək olar.

Biz neftin hasilatı, emalı və nəqli sahəsində Rusiya-Azərbaycan əməkdaşlığının əhəmiyyətini xüsusi vurğulamaq istərdik. Ekspertlərimiz bunun üzərində də işləyir və qarşılıqlı surətdə faydalı razılaşmalara gəlirlər.

Bir çox illər ərzində bir qədər durğunluq vəziyyətində olmuş hərbi-texniki əməkdaşlığımızda nəzərə çarpan irəliləyişi məmnunluqla qeyd edirik. Bununla əlaqədar, sovet dövründə istehsal olunmuş silahların, hərbi texnikanın modernləşdirilməsi, hərbi təyinatlı obyektləri yenidən qurmaq sahəsində xidmətlər göstərilməsi barədə hərbi mütəxəssislərin məsləhətləşmələri, Rusiya Müdafiə Nazirliyinin tədris müəssisələrində hazırlıq keçilməsi kimi əməkdaşlıq formalarının inkişaf etdirilməsi ümumi maraqlarımıza uyğun olardı. Rusiya Federasiyasının müdafiə naziri Sergey Borisoviç İvanov yaxın günlərdə Azərbaycana gələcək və həmin sahəyə aid hələ bir sıra danışıqlar və məsləhətləşmələr aparacaqdır.

Biz Qafqaz dördlüyünün işindən də söz açmaq istərdik. İndi bu istiqamətdə hazırlıq işi görürük. Deyə bilərəm ki, dördlük üçün əməkdaşlığımızın mexanizmini biz birlikdə işə salmağa müvəffəq olmuşuq. Burada Cənubi Qafqazdakı münaqişələrin dincliklə aradan qaldırılması, beynəlxalq terrorizmlə mübarizə sahəsində əməkdaşlıq da daxil olmaqla, regional təhlükəsizliyin möhkəmləndirilməsi məsələləri, habelə humanitar sahədə və digər sahələrdə inkişafın, qarşılıqlı fəaliyyətin perspektivləri etimad şəraitində müzakirə edilir. Bizə elə gəlir ki, yaxın vaxtlarda Minskdə olacaq görüş məhz bu istiqamətdə işin genişləndirilməsinə yeni təkan verəcəkdir. Zənnimizcə, dördlüyün potensialı yenicə üzə çıxmağa və addım-addım irəliləməyə başlayır. Şübhəsiz, dövlət başçılarının mövqelərindən çox şey asılıdır. Ümidvarıq ki, dövlət başçılarının görüşü zamanı müsbət qərarlar tapılacaqdır.

Rusiyada bunu son dərəcə mühüm hesab edirlər ki, yüksək səviyyədə Rusiya-Azərbaycan danışıqlarında ən kəskin problemlər barəsində qarşılıqlı anlaşma tapmaq mümkün olur. Ümidvarıq ki, Minskdə keçiriləcək növbəti zirvə toplantısı Qafqazda qarşıda duran problem məsələləri daha keyfiyyətlə həll etməyə imkan verəcəkdir.

Biz 2000-ci ilin iyunundakı zirvə toplantısında razılaşdırılmış ideyanın, Qafqazın problemlərinə dair elmi-praktik konfransın, - onu mayın axırlarında Moskvada keçirmək nəzərdə tutulub, - gerçəkləşdirilməsindən də danışarkən ümid edirik ki, Azərbaycan alimləri gündəliyə daxil olan məsələlərin müzakirəsinə fəal qoşulacaqlar. Çünki biz hesab edirik ki, onlar bu sahədə çox böyük potensiala malikdirlər. Güman edirik ki, bu forumda dörd ölkənin alimləri regionun gələcəyi və tərəqqisi naminə birgə işləmək əzmində olduqlarını nümayiş etdirəcəklər.

Dörd Qafqaz ölkəsini yaxınlaşdıran, ümumi mənafeləri göstərən və münaqişələrin nizama salınmasına kömək edən amilləri maksimum aydınlığı ilə müəyyənləşdirmək lazımdır. Biz burada Azərbaycan tərəfi ilə əməkdaşlığı yüksək qiymətləndiririk və bir sıra məsələlərdə eyni mövqe tuturuq. Konfransın yekunlarını Qafqaz dördlüyü ölkələri prezidentlərinin Minskdə keçiriləcək görüşündə müzakirə etmək planlaşdırılır. Ümumiyyətlə, ümidvarıq ki, bugünkü görüşümüz də, ekspertlərimizin işi də bizə mövqelərimizi yaxınlaşdırmağa, Rusiya-Azərbaycan münasibətlərini inkişaf etdirmək və yaxşılaşdırmaq üçün daha dəqiq yollar tapmağa imkan verəcəkdir.

Heydər Əliyev: Sağ olun, Vladimir Borisoviç. Mən sizin fikirlərinizlə razıyam. Mühüm haldır ki, biz bir çox məsələlərdə, ən əvvəl, beynəlxalq terrorizm ilə bağlı məsələlərdə bir-birimizi başa düşürük. Beynəlxalq terrorizm təkcə Rusiya üçün deyil, Azərbaycan üçün də, Qafqaz ölkələri üçün də artıq təhlükəli hadisəyə çevrilmişdir. Bu, bütün beynəlxalq birlik üçün təhlükəyə çevrilmişdir. Ola bilsin ki, ayrı-ayrı ölkələr haradasa, nə vaxtsa beynəlxalq terrorizmi ya təşviq etmiş, ya da buna göz yummuşlar. Beynəlxalq terrorizm artıq yayıldıqdan sonra və əvvəllər bundan kənarda olmuş və buna fəal qarışmaq istəməmiş bir çox ölkələrin özləri indi beynəlxalq terrorizm prosesinə cəlb edilməyə başlandıqdan sonra görürəm ki, getdikcə daha çox ölkələr yaxından əməkdaşlıq etmək arzusundadırlar. Təbii ki, hərə öz xətti ilə lazımi tədbirlər görür.

Sizinlə biz bu məsələni eyni cür başa düşürük. Azərbaycanda biz terrorizm, o cümlədən beynəlxalq terrorizm nəticəsində çox müsibətlər çəkmişik. Bu gün də çox təhlükə olduğunu görürük. Ona görə də bu məsələdə sizinlə əməkdaşlıq bizim üçün öncül xarakter daşıyır. Siz ötən illər ərzində əldə edilmiş birgə uğurlardan danışdınız. Mən sizə, Rusiya hökumətinə, hüquq-mühafizə orqanlarına və xüsusən bu yaxınlaradək başçılıq etdiyiniz Daxili İşlər Nazirliyinə təşəkkürümü bildirirəm, ona görə ki, sizin orqanlar Rusiyanın müxtəlif regionlarında gizlənmiş bu qədər cinayətkarı, çox təhlükəli cinayətkarları aşkara çıxarmağa və bizə verməyə müvəffəq olmuşlar. Burada isə nəinki onlar özləri müvafiq cəzalarını almışlar, eləcə də hər bir bu cür hal bizə bir sıra digər cinayətləri də açmağa imkan vermişdir.

Amma təəssüf ki, Qafqaz buna daha çox məruz qalmışdır və görünür, burada da ilk vaxtlar ona lazımi əhəmiyyət verilməmişdir. İndi isə bunun nə demək olduğunu və nə etmək lazım gəldiyini hamı görür. Məhz bizim regionda, - mən Rusiyanı və Azərbaycanı nəzərdə tuturam, - birgə işimiz öz nəticələrini verir. Şadam ki, siz bizim tərəfimizdən görülmüş işləri qiymətləndirirsiniz. Mən Rusiya tərəfindən görülmüş işləri yüksək qiymətləndirirəm və sizi əmin edə bilərəm ki, biz bu istiqamətdə əməkdaşlığı daha da genişləndirəcək və gücləndirəcəyik.

Haqqında danışdığınız digər məsələlərə gəldikdə, əlbəttə, daim işləməyə ehtiyac var. Nail olduğumuz nə varsa, bunlar ümumən yaxşıdır. Qarşıda daha nə kimi işlər durur, daha nə etmək lazımdır - bu, əlbəttə, işləmək üçün, xüsusən qarşılıqlı tədbirlərimiz üçün, birgə fəaliyyətimiz üçün çox geniş meydandır. Biz məhz belə hərəkət etmək mövqelərində möhkəm dayanmışıq.

İqtisadi əməkdaşlığımız, deyildiyinə görə, daha yaxşı inkişaf etməyə başlayır. Azərbaycanın müxtəlif məsələlərinin modernləşdirilməsində və ya özəlləşdirilməsində Rusiyanın işgüzar dairələrinin iştirakı barədə təkliflərinizi bizim üçün çox faydalı iş kimi qiymətləndirirəm. Biz sizinlə bu sahədə, o cümlədən, energetika kompleksində və başqa sahələrdə əməkdaşlıq etməyə hazırıq. Bizim vaxtilə Sovet İttifaqının ehtiyaclarını ödəmək üçün nəzərdə tutulmuş olduqca çox sənaye müəssisələrimiz var. Belə istehsal həcmi, belə məhsul nomenklaturası olan bu qədər müəssisə Azərbaycanın özünə, şübhəsiz, lazım deyildi. Lakin biz ayrılandan və inteqrasiya əlaqələri qırılmağa başlayandan sonra, əlbəttə, biz də zərər çəkdik, siz də.

Mən bizim maşınqayıranlarla, neft maşınları istehsalçıları ilə söhbət etmişəm. Onlar deyirlər ki, bu məsələdə canlanma var. Yəni iki-üç il bundan əvvəllə müqayisədə indi onlar neft sənayesi üçün avadanlıq istehsalı barədə Rusiyanın ayrı-ayrı regionlarından sifarişlər alırlar. Bizim böyük neft maşınqayırma kompleksimiz var. Dediyiniz kimi, alüminium sənayesində də, başqa sahələrdə də belədir. Bir sözlə, hesab edirəm ki, bu məsələdə bizim aramızda fikir ayrılıqları yoxdur. Sadəcə olaraq, elə etmək lazımdır ki, məsələyə bizim tərəfimizdən də, sizin tərəfinizdən də işgüzarlıqla yanaşılsın.

Hazırda biz dövlət sektorunda, xüsusən iqtisadi sektorda çox böyük struktur dəyişiklikləri aparırıq və düşünürəm ki, bu, əməkdaşlığın inkişafı üçün, xüsusən Azərbaycana sərmayələr qoyulması üçün daha böyük imkanlar açacaqdır. Biz bir çox nazirlikləri birləşdirmişik və qarşıda hələ görüləsi işlər var. Yəni nazirliklərin sayını azaldırıq, onları birləşdiririk. Çünki eyni bir məsələni həll etməli olan müxtəlif nazirliklər çox böyük bürokratik çətinliklər yaradırlar. Biz onları birləşdirərək belə hesab edirik ki, bürokratik əngəllərdən xeyli dərəcədə azad olacağıq. Hərçənd bürokratizmə tamamilə son qoyulması böyük zəhmət tələb edir.

Daxili İşlər Nazirliyi ilə, Milli Təhlükəsizlik Nazirliyi ilə bilavasitə əlaqələr çox böyük əhəmiyyətə malikdir. Ayın 18-də burada MDB ölkələri müdafiə nazirlərinin görüşü olacaqdır. Yeri gəlmişkən, bu, Azərbaycanda ilk dəfədir. Rusiyanın müdafiə naziri kimi İvanov da gələcəkdir. Yəqin ki, onunla hərbi əməkdaşlıq məsələlərini müzakirə edəcəyik. Bir sözlə, bizim bu sahədə də olduqca çox imkanlarımız var.

Qafqaz dördlüyü barədə. Əslinə qalsa, o, Vladimir Vladimiroviç Putinin təşəbbüsüdür və mən bu işə çox müsbət yanaşıram. Hərçənd deməliyəm ki, Qafqaz dördlüyünün fəaliyyətinin səmərəli olması üçün münaqişələri, xüsusən Ermənistanla Azərbaycan arasındakı münaqişəni həll etmək lazımdır. Gürcüstanda da münaqişə var, Şimali Qafqazda da münaqişələr var. Amma onlar məhdud xarakter daşıyır. Ermənistanla Azərbaycan arasında baş verənlər isə Qafqaz dördlüyünə daxil olan iki ölkə arasında hərbi münaqişədir.

Ona görə mən əvvəllər də, bu görüş Moskvada keçirilən vaxtda da demişəm və bu gün də deyirəm ki, Qafqaz dördlüyünün sözdə yox, həqiqətən uğurla işləyə bilməsi üçün münaqişə məsələsini, münaqişənin dincliklə nizama salınması məsələsini həll etmək lazımdır. Sadəcə olaraq ona görə yox ki, o, Qafqaz dördlüyü adlanır, məhz ona görə ki, bura Rusiya üçün də əhəmiyyəti olan geniş regionu və bizim yaşadığımız regionu əhatə edir.

Bilirsiniz ki, bu sahədə müəyyən iş görülür. Bizim axırıncı görüşümüz Birləşmiş Ştatlarda, Ki Uestdə olmuşdur. Amerika Birləşmiş Ştatlarının nümayəndəsi Kerri Kavano bu yaxınlarda buraya gəlmişdi, onunla ətraflı söhbət oldu. Bu gün mən həmin məsələ ilə əlaqədar Vyaçeslav İvanoviç Trubnikovla da görüşəcəyəm. Sonra, məncə, ayın 18-də Minsk qrupu həmsədrlərinin hamısının buraya gəlməsi gözlənilir. Bir sözlə, mən bu fəallığı alqışlayıram. Ona görə ki, bir müddət əvvəl bu iş də donmuş vəziyyətdə idi. Mən qarşılıqlı məqbul qərarlar tapılmasına yönəldilmiş bu fəallığı alqışlayıram. Məhz qarşılıqlı məqbul qərarlar. Əgər belə bir qərar olmasa, - təəssüf ki, Ki Uestdə bu baxımdan heç də hər şey baş tutmadı, - əgər belə olmasa, onda münaqişə həll edilə bilməz. Əgər münaqişə həll edilməmiş qalsa, onda Qafqaz dördlüyü üzrə də işimiz formal xarakter daşıyacaqdır. Çünki Qafqaz dördlüyünün fəaliyyəti bütün sahələri - terrorizmlə mübarizəni də, təhlükəsizlik məsələlərini də, bir çox digər məsələləri də, iqtisadi əməkdaşlığı da əhatə etməlidir.

Məsələn, biz Rusiya ilə iqtisadi əməkdaşlığın artıq yaxşı perspektivinə malikik. Bizim Gürcüstanla normal iqtisadi əməkdaşlığımız var. Lakin biz Ermənistanla hərbi münaqişə vəziyyətində olduğumuza görə onunla hətta azacıq belə iqtisadi əməkdaşlığa malik ola bilmərik, - hərçənd hərdən bizi buna sövq edirlər, - buna baxmayaraq ki, Ermənistan bu əməkdaşlığa can atır.

Siz bilirsiniz, 1992-ci ildə Birləşmiş Ştatlar Konqresdə Azərbaycan haqqında çox ədalətsiz akt qəbul etmişdir. Bu bədnam 907-ci maddə Amerika Birləşmiş Ştatlarının bütün dövlət orqanlarının Sovetlər İttifaqının süqutundan sonra müstəqillik qazanmış digər ölkələrə göstərdikləri yardım kimi, Azərbaycana da yardım göstərməyi qadağan edir. O cümlədən, Ermənistan çox böyük yardım alır, Gürcüstan da çox böyük yardım alır.

Biz Birləşmiş Ştatlar qarşısında dəfələrlə məsələ qaldırmışıq ki, bu, ədalətsiz qərardır. Onlar özləri də başa düşürlər ki, o, ədalətsiz qərardır. Prezident Klinton da dəfələrlə bildirmişdi. Hətta Vaşinqtonda onunla imzaladığımız birgə bəyanatımızda onun imzaladığı sənəddə yazılmışdır ki, 907-ci maddəni aradan götürmək lazımdır. Amma onlar bunu edə bilmədilər. Klinton öz səlahiyyətlərini yeni prezidentə verməzdən üç gün əvvəl mən ondan məktub aldım. Məktubda deyilirdi ki, əgər siz Ermənistana tərəf hər hansı bir jest etsəniz, sərhədin hər hansı bir kiçik sahəsində ticarət üçün imkan açsanız, biz 907-ci maddəni ləğv edə bilərik. Mən imtina etdim. İmtina edib bildirdim ki, biz indiyədək 907-ci maddə ola-ola yaşamışıq və bundan sonra da yaşayacağıq, amma bunu edə bilmərik. Əsas məsələni həll etmək lazımdır. Münaqişəni aradan qaldırmaq lazımdır. Sülhü bərqərar etmək lazımdır. İşğal olunmuş Azərbaycan torpaqlarını azad etmək lazımdır. Sülh olandan sonra, münaqişə aradan qaldırıldıqdan sonra bütün işlər çox uğurla gedəcəkdir.

Xüsusən də Ermənistanda necə ağır iqtisadi vəziyyət olduğu sizə və hamıya məlumdur. Onların iqtisadi əməkdaşlığa ehtiyacı var. Ərazimizi işğal edərək, məhz özlərinin bağladıqları kommunikasiyalara onların ehtiyacı var. Əgər onların buna ehtiyacı varsa, əgər onlar bunun açılmasını istəyirlərsə, onda münaqişə məsələsini həll etmək lazımdır. Münaqişə məsələsini həll etmədən hər hansı əməkdaşlığın olmasına müəyyən cəhdlər göstərilməsinə biz yol verə bilmərik. Qətiyyən yol verə bilmərik.

Vladimir Vladimiroviç Putinlə biz Qafqaz dördlüyünün Minskdə keçiriləcək görüşü barədə, sonra isə Vladimir Vladimiroviçin, Ermənistan prezidentinin və Azərbaycan prezidentinin üçtərəfli görüşü barədə telefonla danışdıqda, mən buna razılıq verdim. İndi hesab edirəm ki, bu görüşlər keçirilməlidir. Lakin eyni zamanda Qafqaz dördlüyü ilə əlaqədar çox böyük çətinlik var. Bu çətinlik bizdən asılı deyildir. Biz sülh istəyirik. Məsələni dinc yolla həll etmək istəyirik. Biz istəyirik ki, Azərbaycanın işğal olunmuş əraziləri dinc yolla azad edilsin, çadırlarda yaşayan qaçqınlar, - onlar təxminən bir milyon nəfərdir, - öz yaşayış yerlərinə qayıtsınlar. Əgər bütün bunlar olmasa, biz Ermənistanla lap az da olsa, necə ticarət edə bilərik? Əvvəla, biz bunu edə bilmərik. İkincisi isə, xalqımız bunu bizə bağışlamaz.

Ona görə də düşünürəm ki, təhlükəsizliyin təmin edilməsi üçün də, beynəlxalq terrorizmlə daha uğurlu mübarizə üçün də, yeri gəlmişkən, narkotiklərlə, onların nəqli ilə mübarizə üçün də, bir çox digər işlər və iqtisadi əməkdaşlıq üçün də Qafqazda ən başlıca, ümdə məsələ Ermənistanla Azərbaycan arasında münaqişənin aradan qaldırılması və sülhün bərqərar olunması məsələsidir. Olduqca çox şey itirməyimizə, işğal edilmiş ərazilərdə hər şeyin talanmasına baxmayaraq, biz buna gedirik. Həmin əraziləri bərpa etmək üçün nəinki illər, hətta on illər lazımdır. Odur ki, biz sülh əldə edildikdən sonra da böyük çətinliklər çəkəcəyik.

Bununla belə, sülh gərəkdir. Artıq hər yerdə, hər yanda hamı yəqin edir ki, sülh gərəkdir. Münaqişələr hər zaman heç kimə fayda gətirmir. Əgər indi onlar, məsələn, işğal olunmuş ərazilərimizdə məskən salmışlarsa, bu o demək deyil ki, hansısa böyük fayda qazanıblar. Yox, onlar heç nə qazanmayıblar. Əksinə, sizə də, bizə də məlumdur ki, onların iqtisadi vəziyyəti çox mürəkkəbdir və bundan da mürəkkəb olacaqdır. İqtisadi vəziyyət isə əsas məsələdir. Normal iqtisadi vəziyyət olsa, insanlar yaşayacaqlar, iqtisadiyyat inkişaf edəcək, islahatlar həyata keçiriləcək, bazar iqtisadiyyatı uğurla irəliləyəcəkdir. Bir sözlə, bu barədə mənim fikrim belədir, mən bunu demək istəyirdim.

O ki qaldı Rusiyanın və Azərbaycanın təhlükəsizlik şuraları arasında konkret əməkdaşlığa, bəli, həqiqətən, belə protokol var idi, indi onu təzələmək olar, biz bunu istəyirik və mən onu fəal surətdə dəstəkləyirəm.

Vladimir Ruşaylo: Heydər Əliyeviç, sağ olun, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Sizin narahatlığınıza şərikəm. Biz Bakı ilə Yerevan arasında yüksək səviyyədə davam edən birbaşa dialoqa böyük ümidlər bəsləyirik. Biz onu əsas tuturuq ki, Azərbaycan və erməni xalqları üçün məqbul və qeyri-məqbul hallar arasındakı həddi Sizinlə prezident Koçaryandan başqa heç kəs hiss edə bilməz, münaqişə vəziyyətindən çıxmağa imkan verəcək kompromisli təklifləri formalaşdıra bilməz. Şübhəsiz ki, Rusiya tərəfi Ermənistan prezidenti ilə razılığa gələcəyiniz nizamasalma formulunu qəbul etməyə hazır olardı. Biz əldə edilmiş sazişin təminatçısı ola bilərdik. Amma təbii ki, qərar qəbul etmək səlahiyyəti Sizə məxsusdur. Qərarı Siz və Ermənistan prezidenti qəbul etməlisiniz. Əlbəttə, vəziyyətin mürəkkəbliyini başa düşürük və bu məsələnin həlli üçün lazım gələn köməyi göstərməyə hazırıq.

Təhlükəsizlik Şurasının aparatı ilə qarşılıqlı fəaliyyətimizə gəldikdə, Siz tamamilə haqlı olaraq qeyd etdiniz ki, qarşılıqlı fəaliyyətimizin səviyyəsini yüksəltmək məqsədəuyğundur. Bu gün biz də bundan danışdıq. Biz görülmüş işi nəzərdən keçirib araşdırdıq. İlə təxminən iki görüş düşür. Görüşlər ya Bakıda, ya da Moskvada keçirilmişdir. Bu gün biz Ramiz Ənvəroviçlə belə bir qənaətə gəldik ki, bu, şübhəsiz, azdır, bugünkü münasibətlərimizin səviyyəsinə uyğun deyildir. Ona görə də belə bir qənaətə gəldik ki, görüşlərin sayını artırmaq məqsədəuyğundur. Həm də vacib deyil ki, bu, katiblərin, yaxud da onların müavinlərinin görüşləri olsun. Bu, işgüzar səviyyədə görüşlər, ekspertlərin görüşləri olmalıdır və onların sayı konkret məsələlərin həlli üçün tələb edilən qədər olmalıdır. Əgər Siz bu işdə bizi dəstəkləsəniz, onda bu qərarları həyata keçirmək üçün qəbul edərik.

Heydər Əliyev: Bilirsinizmi, əlavə etmək istərdim, biz çox məmnunuq ki, son vaxtlar Rusiya Minsk qrupunun tərkibində öz fəaliyyətini gücləndirmişdir. Bu, çox müsbət haldır. Mən bunu alqışlayıram. Yeri gəlmişkən, prezident Vladimir Vladimiroviç Putinlə görüşlərimiz zamanı biz bu barədə bir neçə dəfə danışmışıq. Bu fəallaşma hiss edilir. Bu gün mən Vyaçeslav İvanoviçlə də bu mövzuda danışacağam. İstərdim ki, Minsk qrupunun, - Rusiya ötən vaxtlarla müqayisədə burada çox fəal mövqe tutur, - yaranmış bax, bu fəallığı davam etsin. Bunsuz biz bir qərara gələ bilmərik. Gələ bilmərik.

Vladimir Ruşaylo: Heydər Əliyeviç, sağ olun. İcazə versəydiniz, İqtisadi İnkişaf və Ticarət Nazirliyinin departament rəhbəri İqor Nikolayeviç Kareyev bir neçə kəlmə demək istərdi.

İqor Kareyev: Hörmətli Heydər Əliyeviç, Sizin yanvar ayındakı razılaşmalarınızla bağlı yalnız bir neçə söz demək istəyirəm. Biz azərbaycanlı həmkarlarımıza bir neçə təklif gətirmişik. Bu gün Sizin razılaşmaların həyata keçirilməsi sahəsində, sadəcə, tədbirlər planı deyil, həm də uzunmüddətli iqtisadi proqramın hazırlanması üçün yaxşı baza olduğu aydın görünür. Hökumətimiz bu işi əlaqələndirməyi bizim nazirliyə tapşırmışdır. Bizim müəyyən təcrübəmiz var. Proqramda qarşılıqlı münasibətlərin əslində bütün sahələri əhatə olunmuşdur. Etiraz etmirsinizsə, Sizin rəsmi səfərinizə qədər belə bir sənədin hazırlanması üçün İqtisadi İnkişaf Nazirliyinizdəki həmkarlarımızla birlikdə işləyə bilərdik.

Heydər Əliyev: Mən bunu tamamilə dəstəkləyirəm və nümayəndələrimizə bir daha göstəriş verəcəyəm. Xahiş edirəm, siz də mənim sizə dediklərimə doğru istiqamət götürün, fəal işləyin. Mən isə bu sənədi prezident Vladimir Vladimiroviç Putinlə birlikdə məmnuniyyətlə imzalayacağam.

"Azərbaycan" qəzeti, 16 may 2001-ci il.