Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki - Bakı şəhəri, 19 mart 1998-ci il


Hörmətli həmvətənlər!

Xalqımızın əziz bayramı - qədim Novruz bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, sizə Novruz əhval-ruhiyyəsi arzulayıram. Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Onun tarixi də Azərbaycan xalqının tarixi kimi kəşməkəşli, enişli-yoxuşlu olmuşdur. Bu ulu bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir.

Zəngin mənəvi dəyərlərimizə söykənərək insanlar arasında qarşılıqlı hörmət, səmimiyyət və mehribanlıq münasibətlərini bərqərar edən Novruz bayramı xalqda gələcəyə nikbinliklə, ümidlə baxmaq hissləri doğurur.

Novruz təbiətin oyanması, saf duyğuların, ülvi niyyətlərin, xoş arzuların çin olduğu gündür. Qoy ürəyimizdə tutduğumuz bütün istəklər - müharibəyə birdəfəlik son qoyulması, torpaqlarımızın azad edilməsi, erməni təcavüzü nəticəsində didərgin düşmüş soydaşlarımızın öz doğma yurdlarına qayıtması kimi müqəddəs diləklərimiz həyata keçsin və biz gələn Novruz bayramımızı daha şad və xoş əhval-ruhiyyə ilə qarşılayaq.

Novruz bayramını dünyanın müxtəlif ölkələrində yaşayan bütün azərbaycanlılar böyük məhəbbətlə, əcdadlarına, el-obalarına, müstəqil Azərbaycan Respublikasına bağlılıq hissləri ilə qeyd edirlər. Qoy bu hisslər Novruz nəfəsi ilə vətənin tərəqqisi, xalqın xoş güzəranı naminə çiçəklənib qüvvətlənsin!

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhid olmuş övladlarımızı bu bayram günlərində xatırlayaraq onlara Allahdan rəhmət diləyib qəbirləri nurla dolsun deyirəm, şəhidlərin əzizlərinə və bütün xalqımıza ulu Tanrıdan səbr arzulayıram.

Əziz bacılar və qardaşlar!

Bu bahar bayramında hər birinizə möhkəm cansağlığı, ailə səadəti və işlərinizdə müvəffəqiyyət diləyirəm. Bayramınız mübarək olsun!

"Azərbaycan" qəzeti, 20 mart 1998-ci il.

Tarixi arayış

SOSİUM

Əlavə sənədlər