Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə Bakı Slavyan Universitetinin fəxri doktoru diplomunun təqdim olunması mərasimində Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - 10 yanvar 2001-ci il


Çox hörmətli Vladimir Vladimiroviç!

Hörmətli professorlar, müəllimlər, Azərbaycan Slavyan Universitetinin nümayəndələri!

Bugünkü hadisə Rusiya Federasiyasının prezidenti Vladimir Vladimiroviç Putinin Azərbaycana rəsmi səfəri çərçivəsində mühüm hadisələrdəndir. Biz dünən və bu gün çox səmərəli və böyük iş gördük. İndi, səfərə müəyyən yekun vuraraq deyirəm ki, o, Azərbaycan üçün, həm də Rusiya Federasiyası üçün, dostluq münasibətlərimizi, əməkdaşlığımızı, bütün sahələrdə qarşılıqlı fəaliyyətimizi daha da inkişaf etdirmək üçün həm çox gərəkli və faydalı olmuşdur.

Biz əvvəllər də, mən Vladimir Vladimiroviçlə Moskvada, digər şəhərlərdə görüşərkən də Azərbaycanın, Azərbaycan xalqının qədim ənənələrindən, rus və Azərbaycan xalqları arasında qarşılıqlı münasibətlərin böyük tarixindən danışmışıq. Fikirləşirəm ki, bugünkü hadisə mənim həmin fikirlərimin, həmin bəyanatlarımın parlaq sübutudur. Bizi böyük tarixi dostluq birləşdirir. Tarix necə olursa-olsun, ondan nəticə çıxartmaq, onu qiymətləndirmək lazımdır - həm yaxşı, həm də kədərli tərəflərini. Biz hesab edirik ki, tarixdə yaxşı olanı saxlamaq, zənginləşdirmək və qorumaq lazımdır. Bu baxımdan Azərbaycanda Rusiyaya, rus xalqına, rus dilinə münasibətdə məhz belə siyasət aparılır. Hamınız, xüsusilə Vladimir Vladimiroviç, siz əmin ola bilərsiniz ki, bu siyasət ilk öncə Azərbaycanın, Azərbaycan xalqının milli mənafelərinə uyğundur və bundan sonra da davam etdiriləcəkdir.

Dünən və bu gün çoxlu görüşlər olmuşdur. Lakin mən düşünürəm ki, bugünkü görüş Vladimir Vladimiroviç üçün və mənim üçün də xüsusilə təsirli, xüsusilə xoşdur. Əvvəla, burada tələbələr az olsa da, bütün müəllim heyəti, böyük kollektiv iştirak etməsə də, Rusiya prezidenti Vladimir Vladimiroviç özü Slavyan Universitetini gördü. Hər halda salonda olanlar, necə deyərlər, bu universitetin ən yaxşı nümayəndələridir, millətimizin qaymağıdır. Rus dilinin Azərbaycan gənclərinə öyrədilməsində, Azərbaycan məktəbləri üçün rus dili və ədəbiyyatı müəllimləri hazırlanmasında, rus dilinin həm keçmişdə, həm də indi xalqımız üçün çox zəruri olmasında, onun Azərbaycanda layiqli yer tutmasında bir il deyil, bir neçə on illər xidmət göstərmiş adamlardır.

Bu universitetin öz tarixi var, ikiillik müəllimlər institutundan başlayıblar. Lakin rektorun qeyd etdiyi kimi, 1972-ci ildə, məhz rus dili və ədəbiyyatı üzrə kadrlar hazırlanmasına böyük əhəmiyyət verərək, biz, necə deyərlər, bütün atributları olan xüsusi institut, ən yüksək səviyyəli institut yaratmağı qərara aldıq. İndi isə bu, Slavyan Universitetidir. Düşünürəm ki, bu universitetin böyük gələcəyi, böyük perspektivi var. Azərbaycan müstəqil dövlət olduqda, Sovetlər İttifaqının süqutundan sonra biz hamımız ayrılıb müstəqil dövlətlərə çevrildikdə hər bir xalq üçün dillərin, ümumən xarici dilin əhəmiyyəti, azərbaycanlılar üçün, Azərbaycan gəncləri üçün rus dilinin əhəmiyyəti azalmadı, əksinə, artdı. Vladimir Vladimiroviç rus dilinin xüsusən azərbaycanlılar üçün nə demək olduğundan çox doğru danışdı. Çünki elmin, mədəniyyətin, təhsilin yeni nailiyyətlərindən bəhs edən, Moskvada, Rusiyada nəşr olunmuş xeyli ədəbiyyat, təəssüf ki, Azərbaycan dilinə hələ tərcümə edilməmişdir. Ona görə də rus dilini bilmək, təbii olaraq, digər Avropa dillərini də bilmək indi çox böyük əhəmiyyətə malikdir. Odur ki, biz bu universitetə çox böyük ümidlər bəsləyirik.

Vladimir Vladimiroviç, mən olduqca şadam ki, Siz proqramınızda universitetin nümayəndələri ilə görüş üçün hər halda yer tapdınız. Şadam ki, universitet sizə fəxri doktor adı verdi. Deməliyəm ki, dövlət xadiminə, siyasi xadimə fəxri doktor adı verilməsi bu universitetin həyatında ilk hadisədir. Azərbaycanın Slavyan Universitetində, təbii olaraq, bütün xalqımız arasında belə yüksək şərəfə layiq görülmüş bu ilk adam bizim dostumuz Vladimir Vladimiroviç Putindir.

Vladimir Vladimiroviç, bugünkü hadisə münasibətilə sizi ürəkdən təbrik edir və inanıram ki, bugünkü görüş daha çox sübuta yetirəcək ki, - sizə sübut etmək lazım deyil, lakin Rusiyada çoxlarına lazımdır, - Rusiya ilə Azərbaycan arasında münasibətlər yaxşıdır və daha yaxşı, çox yaxşı ola bilər.

Vladimir Vladimiroviç, 1949-cu ildə Leninqradda, Peterburqda xüsusi məktəbi bitirdiyim haqqında şəhadətnaməni mənə təqdim etməklə siz məni çox təsirləndirdiniz. Mən Leninqradda bu məktəbi bitirəndə siz hələ dünyaya gəlməmişdiniz. Leninqradda təhsil aldığım dövrdə çox şey öyrəndim. Həm də bu təhsil ocağını tamamilə bitirmək üçün, görünür, icbari olan həmin fənlər çərçivəsində deyil, eləcə də başqa fənlər çərçivəsində çox şeyi öyrəndim. Mən çox şeyə nail oldum və bu, gələcək fəaliyyətimdə, mədəniyyətdə, elmdə, təhsildə mənə çox kömək etdi.

Mən Leninqrad Universitetinin bu məktəbə dəvət edilən bir çox görkəmli professorlarının mühazirələrini dinləyirdim. Siz bu məktəbi tanıyırsınız, onun ünvanını bilirsiniz, siz də oranı bitirmisiniz. O, Qoroxovaya küçəsində, Aleksandr bağının yaxınlığında yerləşir. Bir sözlə, o vaxtlar mən Leninqradı sevdim. Lakin Leninqradı sevməyim nə deməkdir? Mən şəhərin nəinki arxitekturasını, bütün tarixini, mühitini, eləcə də mədəniyyətini, dilini sevdim. Bu, mənim bütün sonrakı həyatımda olduqca böyük rol oynadı. Ona görə də bu şəhadətnaməni mənə təqdim etdiyiniz üçün sizə çox minnətdaram. Bu şəhadətnamə məndə bəlkə də yoxdur. Amma görürəm ki, Siz onu qovluqdan çıxarmısınız və Azərbaycanın fəxri adamlarının, professorlarının, alimlərinin yanında mənə təqdim etdiniz.

Hesab edirəm ki, Bakı Slavyan Universitetinin doktoru kimi siz Rusiya ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı üçün daha böyük səylər göstərəcəksiniz. Mən isə sizi əmin edirəm ki, biz öz tərəfimizdən hər şeyi edəcəyik. Mən sizi bir daha təbrik edirəm, sizə cansağlığı, firavanlıq arzulayıram. Bir halda ki, Azərbaycanda görüşlər bugünkü hadisə ilə başa çatır, siz tezliklə geriyə, Moskvaya yola düşürsünüz, səfərinizə görə, birgə işimizə görə, səfərin nəticələrinə görə, imzalanmış sənədlərə görə sizə bir daha təşəkkür etmək istəyirəm. Bizdə, cəmiyyətimizdə belə bir cəhəti xüsusi qeyd edir və qiymətləndirirlər ki, bu, Rusiya Federasiyası prezidentinin 2001-ci ilin, XXI əsrin, üçüncü minilliyin başlanğıcında ilk səfəridir. Bir sözlə, bunun da böyük əhəmiyyəti var.

Səfərə görə sizə təşəkkür edir, sizi təbrik edirəm, mürəkkəb, çətin və məsul işinizdə sizə uğurlar arzulayıram. Əminəm ki, Rusiya Federasiyasının prezidenti kimi sizin rəhbərliyiniz altında Rusiya ölkənin həyatında olan çətinlikləri aradan qaldıracaqdır. Rusiya iqtisadi potensialına görə də, elmi potensialına, mədəni potensialına görə də daha güclü olacaqdır. Ən başlıcası isə, dünya birliyində öz layiqli yerini tutacaqdır. Rusiya Federasiyasının prezidenti kimi siz bu vəzifədə fəaliyyətinizin qısa müddəti ərzində, zənnimcə, rusiyalılara da, bütün dünyaya da sübut etdiniz ki, buna nail olmağa qadirsiniz, böyük rus xalqı sizin arxanızda dayanıb, Rusiyanın bütün xalqları sizin arxanızda dayanmışlar. Sizi bir daha təbrik edirəm.