Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti Ernst Mülemanla görüşdə söhbəti - Prezident sarayı, 22 may 1998-ci il


Heydər Əliyev: Xoş gəlmişsiniz! Sizin yenidən Azərbaycana gəlməyinizdən çox məmnunam. Sizinlə keçən görüşümü çox məmnuniyyətlə xatırlayıram. Bizim çox maraqlı söhbətimiz olmuşdu. Ümumiyyətlə, Sizin Avropa Şurasındakı fəaliyyətinizi də müəyyən qədər izləyirik. Sizin bu fəaliyyətiniz bizdə rəğbət doğurur. Şadam ki, aramızda yaxşı əlaqələr yaranıbdır və biz əməkdaşlıq edirik.

Ernst Müleman: Cənab prezident, mən də çox sevinirəm ki, Sizi bir daha görmək imkanı əldə etmişəm. Bir az əvvəl parlamentin sədri ilə də cənab Yeltsinin Kremldəki görüşləri barədə söhbət etmişik. Məndən soruşdular ki, Yeltsinin davamçısı kim olacaq - Lujkov, Nemtsov, yaxud

Lebed? Mən dedim ki, ən yaxşı namizədi bilirəm, - o, Bakıdan olan cənab Əliyevdir. Cənab prezident, zarafatı bir kənara qoyaq, Siz bu regionda sabitliyin dayağısınız. Mən İsveçrə prezidenti Flavio Kottinin və xarici işlər nazirinin salamlarını Sizə gətirmişəm.

Biz bilirik ki, Balkan yarımadası Avropada "barıt çəlləyi"dir. Əfsuslar olsun ki, bu çəllək artıq partladı. Qafqaz da "barıt çəlləyi"dir, lakin bu çəllək partlamadı. Bəlkə ona görə ki, burada Sizin kimi çox güclü siyasət xadimləri fəaliyyət göstərirlər. Buna baxmayaraq, cənab prezident, mən Sizə qibtə etmirəm. Sizin, doğrudan da, gözəl ölkəniz var. Bu, Xəzər dənizi, son dərəcə zəngin neft yataqları deməkdir. Dünyada hər bir uşaq da bilir ki, neft paytaxtının adı Bakıdır. Bilirlər, burada bütün insanlar əl-ələ verib işləyirlər. Ümumiyyətlə, bir daha Qarabağ müharibəsi olmayacaqdır.

Əfsuslar olsun ki, Sizin iki böyük qardaşınız var - biri Moskvada yaşayır, o biri də Vaşinqtonda. Mən Moskva barədə fikirlərimi dedim və bu haqda şərhimi Sizin xarici işlər nazirinizə bildirdim. Rusiya NATO-nun şərqə doğru genişlənməsindən narahatdır. Amerikanın irəliləməsi ilə Rusiya özünü divara qısnanmış hesab edir. Rusiya təcavüzkar diplomatiya arayır - məsələn, İran görfəzində. Rusiya Kosovada da ABŞ-la qarşıdurmada oldu. Burada - Sizin fəaliyyət göstərdiyiniz önəmli neft regionunda da Rusiya öz təsirini itirmək niyyətində deyildir. Digər tərəfdən, Amerika Birləşmiş Ştatları indi dünyanın lideridir və bir növ qibtə olunmalı ölkədir. Əfsuslar olsun ki, ABŞ-ın da çox təhlükəli dövlət niyyəti var. Mənim kiçik ölkəm İsveçrə Vaşinqtonla münasibətlərdə çətinliklərlə üzləşir. Amerikalılar İkinci dünya müharibəsindən sonra bizə irad tutdular ki, biz müharibənin tələblərini ödəyək. Bunu ona görə edirdilər ki, güya biz Adolf Hitlerin "ev bankı" olmuşuq və almanların Stalinqraddakı məğlubiyyətindən sonra da bitərəfliyimizdən əl çəkməmişik. Bu, gözlənilməz, ağlasığmaz suçlandırma idi və təbii ki, biz də bunu qəbul edə bilməzdik. Biz çox kiçik ölkəyik, hər şeyi hakimiyyətin, gücün üzərində yox, qanun üzərində qururuq. Bu yolla biz Amerika ilə hüquqilik uğrunda mübarizə aparırıq.

Cənab prezident, biz Sizə məftunuq. Çünki Sizə bu iki dövlət - Amerika ilə Rusiya arasında ortaq bir yol tuta bilmək nəsib olmuşdur. Ümid edirik ki, Siz indiyə qədər olduğu kimi, bundan sonra da haqqın təminatçısı olaraq qalacaqsınız. Cənab prezident, dediklərim dünyanın indiki durumuna aid qısa fikirlərdir.

Heydər Əliyev: Fikirlərinizə görə, xüsusən ölkəmiz haqqında və mənim barəmdə dediyiniz xoş sözlərə görə təşəkkür edirəm. Siz dediniz ki, Yeltsindən sonra Rusiyada kim prezident ola bilər. Şübhəsiz ki, orada prezident olmaq istəyən adamlar çoxdur. Amma mən Yeltsin ilə son görüşüm zamanı belə hiss etdim ki, Yeltsin hələ 2000-ci ildə də yenidən prezident seçilmək arzusundadır. O ki qaldı mənə, mən artıq başqa ölkənin vətəndaşıyam. Doğrudur, keçmişdə biz bir ölkənin vətəndaşı olmuşuq. Mən Sovetlər İttifaqının rəhbərlərindən biri olmuşam. O vaxt bir məqamda mənim haqiqətən Sovetlər İttifaqının başçısı olmaq şansım var idi. Ancaq indi çox məmnunam ki, bu, baş vermədi. Çünki bugünkü Azərbaycanın dövlət başçısı olmağı özüm üçün hər bir başqa dövlətin başçısı olmaqdan üstün tuturam. Çünki bu, mənim doğma xalqımdır, doğma vətənimdir. Doğma xalqıma və vətənimə xidmət etməyi özümün ən şərəfli vəzifəm hesab edirəm.

Rusiyada da əmin-amanlığın olmasını arzu edirəm. Çünki Rusiya böyük dövlətdir və bizimlə də qonşudur. Rusiya ilə tarixi əlaqələrimiz də Sizə məlumdur. Ona görə əgər Rusiyada əminamanlıq olsa, bu, Azərbaycan üçün də faydalıdır. Mən bir neçə dəfə bəyan etmişəm və bu gün də deyirəm, - prezident Boris Yeltsinə, Rusiyanm başqa rəhbərlərinə də demişəm, - biz istəyirik ki, Rusiyada demokratiya inkişaf etsin, Rusiya müstəqil demokratik dövlət olsun. Yalnız belə halda Rusiyanın ətrafında olan, indi müstəqillik əldə etmiş ölkələr Rusiya ilə normal əlaqələr saxlaya bilərlər. Rusiyanın keçmiş rejimə qayıtması isə, hesab edirəm ki, hər bir ölkə üçün zərərli olar. Ona görə də biz Rusiyada əmin-amanlıq olmasını, demokratiyanın inkişafını arzulayırıq.

Siz doğru buyurdunuz, bizim region mürəkkəb regiondur. Qafqaz, Qafqazətrafı region bu gün də, gələcəkdə də özündə çox potensial münaqişələr saxlayan regiondur. Ona görə də bizim, şəxsən mənim də borcumuz ondan ibarətdir ki, birinci növbədə bölgəmizdə - Azərbaycanda sülhün, əmin-amanlığın qorunub saxlanmasını təmin edək. Mən çox məmnunam ki, Siz gördüyümüz bu işlərə və əldə etdiyimiz nəticələrə qiymət verirsiniz. Çünki biz nəyə qabiliksə, onu görürük. Ancaq eyni zamanda bizə dəstək, başqa ölkələrin dəstəyi də lazımdır. O cümlədən Avropanın dəstəyi lazımdır. Sizin ölkəniz çox gözəl bir ölkədir. Keçmiş zamanlarda Sizin ölkəniz bizim xəyallarımızda bir cənnət kimi təsəvvür olunurdu: dünyanın ən sakit, ən rahat, ən normal ölkəsi. Bu, böyük nailiyyətdir ki, Siz ölkənizi qanunlar əsasında, qanunların gücü ilə idarə edirsiniz. Şübhəsiz ki, buna bir gündə, bir ildə nail olmamısınız. Bu, ölkənizin, xalqlarınızın tarix boyu keçdiyi yolun nəticəsidir. Sizin bitərəfliyiniz də həm ölkəniz üçün çox faydalar gətiribdir, həm də dünya birliyi üçün əhəmiyyətli bir amildir. Ona görə də mən Sizin ölkənizə, quruluşunuza öz hörmət-ehtiramımı bildirirəm.

Siz bilirsiniz, - bunu keçən dəfə müzakirə etmişdik, - biz Avropa Şurası ilə çox geniş və sıx əməkdaşlıq etmək istəyirik. Azərbaycanın Avropa Şurasına daxil olmaq arzusu və cəhdi təkcə ona görə deyil ki, biz bunu moda üçün edirik. Biz Avropa Şurasına daxil olmaq istəyərkən və bu yolda addımlarımızı atarkən, şübhəsiz ki, birincisi, üzərimizə böyük məsuliyyət götürürük, ikincisi də istəyirik ki, ölkəmizi Avropa Şurası ölkələrinin standartları səviyyəsinə qaldıraq. Güman edirəm, Sizin müşahidələriniz bunu göstərməlidir ki, biz bu sahədə çox şeyə nail ola bilmişik. İndi biz bu sınaq dövrünü keçirik və istəyirik ki, sınaqdan müvəffəqiyyətlə çıxaq, imtahanı verək. Siz də ki, bizim bu imtahanımıza qiymət verənlərdənsiniz. Hansı qiyməti verəcəksiniz, - özünüz bilərsiniz. Amma aydındır ki, imtahan verən hər bir adam istəyir ki, yüksək qiymət alsın. Güman edirəm ki, keçmiş səfərinizlə bu səfəriniz arasındakı dövrdə də Azərbaycanda mövcud olan dəyişiklikləri hiss etmisiniz. Bu meyl get-gedə güclənəcək və inkişaf edəcəkdir.

Ernst Müleman: Cənab prezident, İsveçrə barədə dediyiniz tərifli sözlərə görə Sizə minnətdarlığımı bildirirəm. Bitərəflilik o vaxt yaxşı olur ki, passiv şəkildə edilməsin. Bitərəfliyin o vaxt əhəmiyyəti olur ki, başqalarına müşahidəçi gözü ilə baxılmasın, həm də onun taleyinin birbaşa iştirakçısı olsun. Mən müəllim təhsili verən akademiyanın iki il rektoru olmuşam və rəqəmlərlə qiymət vermək işinə yaxşı yiyələnmişəm. İnsanları rəqəmlərlə dəyərləndirmək, qiymətləndirmək olmaz. Yəqin ki, Siz heyrətlənməzsiniz ki, mən Azırbaycana ən yuxarı qiymət olan 6 qiyməti verirəm. Mən Avropa Şurasında çox mübariz yol tutmuşam ki, bu da Avropaya aid olan dövlətlərin hamısının bir yerdə birləşməsinə yönəlir. Mənim yuxuma haram qatılıb ona görə ki, Azərbaycan, Gürcüstan, Ermənistan və Belarus hələ Avropa Şurasının üzvü deyillər. Biz kiçik olmağımıza baxmayaraq, bu sahədə böyük işlər görürük.

Siz çox güclü prezidentsiniz. Avropa Şurası üçün çox böyük nümunələr göstərmisiniz. Azərbaycan üçüncü ölkədir ki, burada ölüm cəzası ləğv olunmuşdur. Sizin qanunvericiliyinizdə yaxşılığa doğru həddən artıq irəliləyişlər var. Sizin standartlarınız hətta Avropa Şurası üzvlərinin çoxlarının standartlarından yüksəkdir. Mən bu gün ona görə məmnuniyyətlə buradayam ki, Sizinlə çox konstruktiv dialoq apara bilirəm. Sizin Minskdəki həmkarınız Lukaşenko ilə sohbət aparmaq mənim üçün hədsiz dərəcədə ağırdır. O, bizimlə danışmağın yolunu hələ tapmayıb, baxmayaraq ki, bu önəmli ölkələrdən biridir, Berlinlə Moskva arasında Polşa böyüklükdə bir dövlətdir.

Cənab prezident, tam konkret olmaq üçün deyim ki, gələn həftənin birinci günü biz Lissabonda Avropa Şurasının Siyasi Komitəsində Gürcüstanın məsələsi barədə söhbət aparacağıq. Mümkündür ki, o, birinci görüşdən qəbul olunsun. Mən özüm Azərbaycanın, Gürcüstanın və Ermənistanın Avropa Şurasına eyni vaxtda qəbul olunmasının tərəfdarıyam. Ola bilsin ki, bu, siyasi bir çeviklikdir ki, əvvəlcə Gürcüstan, sonra da çox qısa bir vaxtda Azərbaycan və Ermənistan qəbul edilsinlər. Əfsuslar olsun ki, Avropa Şurasında çoxlu formalistlər - sağlam insan düşüncəsi olmayan hüquqşünaslar var. Onlar da deyirlər ki, Qarabağ münaqişəsi həll olunmamış biz Avropa Şurasına qəbul edə bilmərik. Cənab prezident, biz Moldovanı məhz münaqişə mərhələsində Avropa Şurasına qəbul etmişik. Orada da Kişinyovla Tiraspol arasında münaqişə var idi, o məsələ bu günə qədər də həllini tapmayıbdır. Buna baxmayaraq, Moldova Avropa Şurasının üzvüdür. Eyni hüquqla da Azərbaycan Avropa Şurasının üzvü ola bilər.

Siz həmişə aydın şəkildə ifadə etmisiniz ki, Qarabağ probleminin həlli sülh, barışıq yolu ilə olmalıdır, hərbi yolla heç cür əldə edilə bilməz. Biz inanırıq ki, elə bunun özü yetərlidir. Əgər Sizin Yerevandakı həmkarınız da eyni sözləri deyirsə, maneə görə bilmirəm ki, Siz Avropa Şurasına nə üçün qəbul oluna bilməzsiniz. Cənab Bomel Avropa Şurasında Azərbaycan üzrə məsul şəxsdir. Cənab prezident, Siz də bilmirsiniz, Ermənistan prezidenti də bilmir və sevimli Allah da bilmir ki, ümumiyyətlə Dağlıq Qarabağ münaqişəsi nə vaxt həll olunacaqdır. Ona görə də mənim fikrim belədir ki, Sizin Avropa Şurasına qəbul edilməyinizi tam asanlıqla tələb etmək olar. Sizin nümayəndə heyəti Strasburqda həddən artıq fəal olmalıdır. Onlar qapını aşkar döyməlidirlər, deməlidirlər ki, "Sim-sim, qapını aç, mən içəri girmək istəyirəm".

Heydər Əliyev: Biz Sizin Avropa Şurasındakı çox obyektiv, ədalətli mövqeyinizi həmişə yüksək qiymətləndiririk. Bu gün ifadə etdiyiniz fikirlərə görə də Sizə bir daha təşəkkür edirəm. Siz prinsip etibarilə məsələni tamamilə düzgün qoyursunuz ki, Avropa ölkələrinin hamısı Avropa Şurasında olmalıdır. Mən çox məmnunam ki, Siz dediniz yaxın vaxtlarda Gürcüstanın qəbul olunması haqqında müzakirə aparacaq və qərar qəbul edəcəksiniz. Gürcüstan bizim qonşumuzdur, çox sıx dostluq əlaqələrimiz var. Onların da Abxaziya münaqişəsi var və biz arzu edirik ki, o münaqişə sona çatsın, Gürcüstanın ərazi bütövlüyü bərpa olunsun. Ümumiyyətlə, mən istərdim Siz biləsiniz ki, Gürcüstan ilə Azərbaycan arasında sıx dostluq, qardaşlıq və əməkdaşlıq əlaqələri Qafqazda sülhün, əminamanlığın qorunub saxlanması üçün çox əhəmiyyətli amildir. Ona görə də mən alqışlayıram ki, Siz Gürcüstanı yaxın zamanlarda qəbul edəcəksiniz.

Eyni zamanda anlamaq mümkün deyil: Nə üçün Avropa Şurasında üç Zaqafqaziya ölkəsini birbirindən ayırırlar? Dağlıq Qarabağ münaqişəsi 10 ildir davam edir. Ancaq bu 10 ildən son dörd ilini biz atəşkəs rejimində yaşayırıq. Ermənistan ilə Azərbaycan arasında atəşkəs haqqında saziş imzalanmasının dörd ili mayın 12-də tamam olub və biz bu atəşkəs rejimini qoruyub saxlamışıq. Aprelin 29-da mən Moskvada Ermənistanın yeni seçilmiş prezidenti Robert Koçaryanla görüşdüm. Görüşün nəticəsi olaraq biz birgə bəyanat verdik və orada elan etdik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bundan sonra da sülh yolu ilə həll olunmasına söz veririk. Ermənistan və Azərbaycan prezidentləri bəyan etdilər ki, biz məsələ həll olununana qədər atəşkəs rejimini qoruyub saxlayacaq və onun pozulmasına yol verməyəcəyik. Şübhəsiz ki, bu məsələnin tez həll olunmasını istəyirik. Çünki Siz bilirsiniz ki, ölkəmizin ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunubdur. İşğal edilmiş torpaqlardan bir milyondan artıq Azərbaycan vətəndaşı zorla çıxarılıb, onların əksəriyyəti çadırlarda yaşayırlar. Ona görə də münaqişənin sülh yolu ilə həlli, işğal edilmiş torpaqlarımızın azad olunması, vətəndaşlarımızın öz yerinə-yurduna qayıtması bizim üçün ən vacib məsələdir. Biz buna tezliklə nail olmağa çalışırıq. Ancaq hər şey bizdən asılı deyildir. Məsələn, Ermənistanda hakimiyyət dəyişikliyi - prezident dəyişikliyi olduğuna görə, demək olar, son beş ayda Minsk qrupunun həmsədrləri heç bir fəaliyyət göstərə bilmədilər. Əlbəttə, bu məsələnin həlli müəyyən vaxt tələb edir. Hesab edirəm ki, Avropa Şurasında kimsə əgər Ermənistanın və Azərbaycanın Avropa Şurasına daxil olmasını münaqişənin həlli ilə bağlayırsa, bu, çox perspektivsiz bir şeydir. Görünür, belə fikri irəli sürən adamlar həqiqəti, reallığı olduğu kimi bilmirlər. Amma eyni zamanda Avropa Şurasında bu məsələlərə çox real və ədalətli baxan Sizin kimi xadimlər də var. Güman edirəm ki, Avropa Şurasının Sizin kimi görkəmli xadimlərinin fikirləri üstünlük qazanacaqdır. Güman edirəm ki, Siz hər halda çalışırsınız və bundan sonra da çalışacaqsınız ki, bu məsələ tezliklə həll olunsun.