Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fransa Respublikası Senatının prezidenti cənab Kristian Ponseleni və onun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən söhbətindən - Prezident sarayı, 22 iyul 1999-cu il


Heydər Əliyev: Hörmətli cənab prezident!

Hörmətli senatorlar, qonaqlar!

Siz Azərbaycana xoş gəlmisiniz! Mən sizi səmimi qəlbdən salamlayıram və sizin Azərbaycanı ziyarət etməyinizdən məmnun olduğumu bildirirəm.

Fransa ilə Azərbaycan arasındakı əlaqələr yüksək səviyyədədir - mən bunu belə qiymətləndirirəm - və günü-gündən inkisaf edir. Cənab prezdent, bunu təsdiq edən amillərdən biri də Fransa Senatının prezidentinin - sizin və sizinlə bərabər nümayəndə heyətinin Azərbaycana gəlməsidir.

Fransa ilə əlaqələrimizə biz Azərbaycanda çox böyük əhəmiyyət veririk. Məmnuniyyətlə deyə bilərəm ki, Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra Fransa ilə Azərbaycan arasında əlaqələr qısa bir zamanda yaranmışdır və bundan sonrakı dövrdə mütəmadi olaraq genişlənmiş və inkişaf etmişdir.

Mən 1993-cü ilin dekabr ayında Fransaya ilk rəsmi səfərimi çox məmnuniyyətlə xatırlayıram. Mən mərhum prezident Fransua Mitteranın dəvəti ilə o vaxt Fransanı ziyarət etdim. Bizim çox əhəmiyyətli görüşlərimiz oldu və ölkələrimiz arasında sənədlər imzalandı. O zaman mən Fransa parlamentində də oldum, orada da görüşlər keçirdik. Həmin ziyarət, səfər Fransa-Azərbaycan əlaqələrinin inkişaf etməsinə böyük bir təkan verdi.

1997-ci ilin yanvar ayında prezident cənab Jak Şirakın dəvəti ilə mən yenidən Fransaya rəsmi səfərə gəldim. O dövrdə də biz çox geniş görüşlər keçirdik, danışıqlar apardıq, müəyyən sənədlər imzaladıq. Mən o vaxt da Senatda oldum, parlamentdə görüşlər keçirdim. Ötən bu illərdə Fransadan da Azərbaycana həm parlament üzvləri, həm də Xarici İşlər Nazirliyinin işçiləri, dövlətin başqa nümayəndələri ziyarətə gəliblər və biz çox səmərəli danışıqlar aparmışıq. Fransanın xarici işlər naziri Erve de Şarett Azərbaycanda olmuşdur və biz çox geniş danışıqlar aparmışıq. Azərbaycanın xarici işlər naziri də Fransanı ziyarət etmişdir. Milli Məclisin sədri Murtuz Ələsgərov başda olmaqla respublikamızın parlament nümayəndə heyəti də Fransanı ziyarət etmişdir. Bu görüşləri, səfərləri daha da çox saymaq olar. Bir daha deyirəm, bunlar hamısı onu göstərir ki, bizim əlaqələrimiz yaxşı səviyyədədir.

Cənab prezident, sizin Azərbaycana bu ziyarətiniz isə, hesab edirəm, bizim əlaqələrimizin daha da çox genişləndirilməsinə imkan yaradacaqdır. Qeyd etmək istəyirəm ki, biz dövlət müstəqilliyini əldə edəndən sonra bu, Fransadan Azərbaycana gələn ən yüksək dövlət nümayəndə heyətidir ki, biz sizi qarşılayırıq. Cənab prezident, təəssüf ki, siz Azərbaycana çox az vaxt ayırmısınız - səhər gəlmisiniz, axşam gedirsiniz. Ancaq bu səfər çox əhəmiyyətli olduğuna görə mən elə bu qısamüddətli ziyarəti də çox yüksək qiymətləndirirəm.

Fransa ilə Azərbaycanın əlaqələrinin bizim üçün ən əhəmiyyətli cəhətlərindən biri də ondan ibarətdir ki, Fransa Minsk qrupunun 1997-ci ilin əvvəlindən Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə həll etmək üçün yaranmış həmsədrlərindən - Rusiya və Amerika Birləşmiş Ştatları ilə birlikdə həmsədrlərdən biridir.

Bizim əməkdaşlığımızı daha da gücləndirən bir də odur ki, prezident Jak Şirak ilə mənim aramda çox səmimi münasibətlər və dostluq əlaqələri yaranmışdır. Biz prezident Jak Şirakla son iki ildə bir neçə dəfə görüşüb danışıqlar aparmışıq. Bu danışıqlar, görüşlər çox əhəmiyyətli olubdur və bizim əlaqələrimizin inkişafına daim yardım edibdir. Əminəm ki, sizin bu səfəriniz də həmin əlaqələri daha da inkişaf etdirəcəkdir. Buyurun.

Kristian Ponsele: Cənab prezident, bu görüşümüzdə Sizə deyəcəyim ilk söz mənə olan tapşırıq və bu missiyanın məqsədlərindən biri ilə əlaqədardır. Bu da odur ki, Fransa Respublikasının prezidenti zati-aliləri Jak Şirak mən buraya gəlməmişdən əvvəl məndən xahiş edibdir ki, onun səmimi, ən sədaqətli, ən isti dostluq salamlarını, rəğbətini və dərin hörmətini Sizə çatdırım. O mənə bu tapşırığı verdiyi zaman onu da dedi ki, əlbəttə, müəyyən səbəblərə görə - o, bunu xüsusi qeyd etdi - Sizinlə görüşmək istəyir.

Cənab prezident, mən rəhbərlik etdiyim nümayəndə heyətinin ünvanına dediyiniz xoş sözlərə görə hər şeydən əvvəl Sizə dərin təşəkkürümü bildirmək istəyirəm.

Cənab prezident, mən Sizə bir daha təşəkkür etmək istəyirəm ki, nümayəndə heyətimizin Azərbaycana səfəri zamanı, qarşılanma prosesində bizə göstərilən diqqət, qayğı - bütün bunlar hamısı qeyri-adi idi. Biz elə bir yüksək səviyyədə qarşılandıq ki, belə isti münasibət Azərbaycan xalqının nadir qonaqpərvərlik xüsusiyyətlərindən biridir.

İcazə verin Sizə deyim ki, Azərbaycan Respublikasının Milli Məclisi sədrinin bizə göstərdiyi bu diqqət və qayğını, nümayəndə heyətimizi onun belə yüksək səviyyədə qarşılamasını biz heç bir vaxt unutmayacağıq. Burada olduğumuz bütün gün ərzində o, bizi diqqət və qayğı ilə əhatə etdi və əlindən gələn hər bir şeyi etdi ki, səfərimiz çox xoş keçsin. Nümayəndə heyətimizin Azərbaycana səfəri həm də zəngin xarakterli bir səfər oldu.

Mən Azərbaycanın xarici işlər naziri ilə bugünkü görüşüm haqqında da danışmaq istəyirəm. Mən onu vaxtilə Fransada qəbul etmişəm və onunla Senatın rəyasət heyətinin binasında söhbət etmişik. Bugünkü görüşümüz də xüsusi bir görüş oldu. Biz iki yaxın dost kimi bütün məsələlər barədə həqiqət notları üzərində söhbət apardıq.

Cənab prezident, nümayəndə heyətimizin Azərbaycana bir günlük səfəri barədə Sizin dediyiniz fikirlərə şərik çıxmamaq və səfərimizin belə qısa olmasına təəssüflənməmək mümkün deyildir. Mən Sizə onu da demək istəyirəm ki, bu məsuliyyət yalnız mənim üzərimə düşür. Çox xahiş edirəm ki, Siz məni başa düşəsiniz. Əminəm, Siz məni başa düşəcəksiniz, çünki iş rejimim elədir ki, bu dəfə mən bundan artıq bir şey edə bilmərəm.

Cənab prezident, mən bir daha demək istəyirəm ki, Azərbaycana bu səfərimiz zamanı diqqət və qayğı ilə əhatə edilməyimiz bizim üçün ən gözəl bir xatirə olacaqdır. Bu elə bir xatirə olacaqdır ki, Azərbaycana yenidən gəlməyi, dəvəti yerinə yetirməyi öz borcumuz kimi yadımızda saxlayacağıq. Əlbəttə, bu, yaxın vaxtlarda, gələcəkdə olacaqdır.

Cənab prezident, Siz qeyd etdiyiniz kimi, Fransa demokratiya yolunu seçmiş gənc Azərbaycan Respublikasını tez bir zamanda tanıdı və biz Sizin dövlətlə yaxın dostluq əlaqələri yaratdıq. Əlbəttə, burada söhbət şəraitə uyğunlaşmaqdan getmir.

Siz özünüz də dediniz, Fransaya ilk rəsmi səfəriniz zamanı mərhum prezident Fransua Mitteranla apardığınız mühüm əhəmiyyətli danışıqlar, söhbətlər, ondan sonra zati-aliləri prezident Jak Şirakla aranızda yaranmış dostluq münasibətləri çox vacibdir. Qeyd etmək istəyirəm ki, görürsünüz, bunların davamı kimi iki xalq arasında dostluq münasibətləri bərpa olunmuşdur və hər iki dövlətin qurumlarının da əlaqələri genişlənib möhkəmlənməkdədir. Siz qeyd etdiyiniz kimi, ölkələrimiz arasında münasibətlərin belə yüksək səviyyədə olması doğrudan da hər iki dövlətin maraqlarırna, Cənubi Qafqaz ölkələrinin maraqlarına və sülhə xidmət edir.

Cənab prezident, mən onu da demək istəyirəm ki, biz gənc Azərbaycan dövlətinin bütün fəaliyyətini, burada gedən prosesləri çox böyük diqqətlə izləyirik. Biz sizin gənc dövlətinizdə baş verən, həyata keçirilən iqtisadi prosesi, sosial tərəqqini izləyirik və buna çox həssas münasibət bəsləyirik. Biz bu qədər hünərli və cəsarətli fəaliyyətinizə görə şəxsən Sizə öz dərin minnətdarlığımızı bildiririk. Biz bilirik ki, siz demokratik bir dövlət qurursunuz, sizin dövlətiniz dözümlü bir dövlət olacaqdır, bu ölkədə demokratik prinsiplərə xas olan bütün azadlıqlar bərpa olacaqdır.

Cənab prezident, biz bilirik ki, Azərbaycanda söz azadlığı vardır, çoxlu partiyalar fəaliyyət göstərir. Biz bir daha gördük ki, Azərbaycanda söz, mətbuat azadlığı vardır, üstəlik də partiyalar vardır. Cənab prezident, bunların hamısı ilə birlikdə Siz bu gün Azərbaycanda dünyəvi dövlət qurursunuz və bunu çox böyük cəsarətlə edirsiniz. Biz elə bu cəsarətinizə, fəaliyyətinizə görə də Sizə "çox sağ olun" deyirik.

Cənab prezident, mən demək istəyirəm ki, ölkələrimizin parlamentləri arasında gözəl, səmimi münasibətlər yaranmışdır. Bu münasibətlər daim davam edir, diqqət mərkəzindədir. Münasibətlərimizin bugünkü səviyyəyə çatmasında göstərdiyi xidmətlərə görə bizim bugünkü görüşümüzdə iştirak edən, Milli Məclisdə Azərbaycan-Fransa dostluq qrupunun sədri Fatma Abdullazadəyə minnətdarlığımı bildirirəm, "sağ olun" deyirəm. Çünki doğrudan da o, bu münasibətlərin ən yüksək səviyyəyə çatması üçün əlindən gələni edir, iki ölkənin parlamentləri arasında əla münasibətlər yaranmasına çalışır.

Cənab prezident, mən bu münasibətlərdən danışandan sonra onu da bildirirəm ki, Fransa Senatı bu gün Sizə bir təkliflə müraciət etmək istəyir. Bu təklif isə bizim, daha doğrusu, Avropa Parlamentinin iş təcrübəsinin məntiqi məhsuludur.

Cənab prezident, mənim ölkəm Fransa öz tarixində çox şeylər - müharibələr, qələbələr, məğlubiyyətlər, soyqırım, deportasiyalar görübdür, çoxlu ölənlər, yaralananlar olubdur. Mən məşhur filmdən bir ifadəni Sizin nəzərinizə çatdırmaq istəyirəm: "Bizim xalqlar bu cür hadisələrdən artıq yorulublar".

Cənab prezident, təcrübəmiz onu qeyd etməyə imkan verir ki, biz öz fəaliyyətimizdə geriyə yox, yalnız gələcəyə, qarşıya baxmağa borcluyuq. Belə bir vəziyyətdə biz dərk edirik ki, necə qurub yarada bilərik, hansı cəmiyyəti qurmaq və yaratmaq lazımdır. Doğrusunu deyim ki, bunun üçün böyük hünər və cəsarət lazım idi. Amma onu da deməliyəm ki, Sizin hünər və cəsarəti heç kimdən borc almağa ehtiyacınız yoxdur.

Cənab prezident, beləliklə də biz özümüz istədiyimiz cəmiyyəti qurduq. Bizim yüksək keyfiyyətli, peşəkar xarici işlər nazirinin dediyi kimi, bu, qurmaq istədiyimiz cəmiyyətin birinci mərhələsi oldu və biz altı ölkə yığışıb belə bir cəmiyyət yaratdıq. Bunlar da Almaniya, İtaliya, Belçika, Lüksemburq, Fransa və Hollandiyadır.

Beləliklə, cənab prezident, biz qurduğumuz cəmiyyətin ilk mərhələsindən başlayaraq öz təbii ehtiyatlarımızı hamımızın qarşısına qoyduq. Onlardan birlikdə istifadə etməyə çalışdıq. Ondan sonra kənd təsərrüfatından birlikdə istifadə etməyə çalışdıq və bunu davam etdirdik. Bundan əlavə, həm də sıralarımızı genişləndirməyə başladıq. Beləliklə də Böyük Britaniyanı, İrlandiyanı, Danimarkanı buraya əlavə etdik. Bundan sonra növbəti mərhələ kimi yollarımızda olan əlaqələrimizi bir-birinə birləşdirdik, ilk birgə bazar yaratdıq, valyutalarımızı birləşdirdik.

Artıq franka da, markaya da yer yoxdur. Yalnız bir valyuta - yevro olacaqdır.

Cənab prezident, əlbəttə, mən bununla demək istəyirəm ki, hələ də özümüzün bütün məsələlərimizi həll etməmişik. Adını çəkdiyim dövlətlər, bir-biri ilə birləşən dövlətlər arasında fərqlər mövcuddur və bu da ondan doğur ki, biz çalışırıq hər bir ölkənin, hər bir xalqın öz tarixini, ənənələrini, qayda-qanunlarını, özünün mənliyini ayrıca saxlayaq və bunlara hörmət edək. Əlbəttə, bizim bu prosesimiz davam edir. Avropa hələ mən dediyim bütün ölkələrin hamısının birləşməsi deyildir. Özünüz bilirsiniz ki, burada başqa ölkələr də vardır. Elə bizim mərhum prezident Şarl de Qollun dediyi kimi, bir Avropa deyəndə Avropa qitəsində olan bütün ölkələr nəzərə alınmalıdır.

Cənab prezident, beləliklə mən Azərbaycan Milli Məclisinin sədrinə, Gürcüstan parlamentinin sədrinə, Ermənistan parlamentinin sədrinə belə bir təklif edirəm ki, bəlkə mənim indi dediyim təcrübədən istifadə edərək biz bir yerə yığışıb səmimilik, dostluq şəraitində, anlaşma şəraitində söhbət edək. Təklifim də odur ki, bizim Avropada yaratdığımız bu dövlətlər birliyi, birgə bazar kimi bir şeyi Cənubi Qafqazda, bu üç ölkənin nümunəsində də yaradaq.

Cənab prezident, əlbəttə, bilirik ki, Siz də, Sizin ölkə də çoxlu sınaqlardan keçmişdir. Məsələ burasındadır ki, mən dediyim cəmiyyəti qurmaq, - tutaq ki, Avropanı qurmağın özü də - asan deyil və heç də asan olmamışdır. Özünüz bilirsiniz ki, bu birləşən dövlətlər arasında müxtəlif və mühüm fərqlər olmuşdur. Onların müəyyən ictimai, maddi, vəziyyətləri eyni səviyyədə olmayıbdır. Başqa xüsusiyyətləri də bir-birindən fərqlənir və bizim əsas fikrimiz ondan doğur ki, belə bir vəziyyət əmələ gəlsəydi, varlı, zəngin dövlətlərlə kasıb dövlətlərin qonşuluğu istəsək də, istəməsək də, həmişə müəyyən toqquşmalara, müəyyən arzuolunmaz hadisələrə gətirib çıxaracaqdır.

Cənab prezident, biz fikirləşirik ki, təklif etdiyimiz belə bir təşkilatlanma, belə bir əməkdaşlıq, əlbəttə, burada da mümkün ola bilər və bu, Cənubi Qafqazda iqtisadi, ictimai inkişafa səbəb olar, bir tərəfdən də Avropanın qurulmasının tamamlanmasına öz töhfəsini verərdi. Axı hamımız bu gün görürük ki, Amerikada, Asiyada belə proseslər davam edir. Nə üçün Avropa onlardan geri qalsın, bu proses onlardan daha tez başa çatmasın?

Cənab prezident, Siz çox haqlı olaraq qeyd etdiniz ki, bizim ölkələrimiz arasında əlaqələr çox vacib və əhəmiyyətlidir. Bu ölkələrin arasında belə əlaqələrin yaranmasında, əlbəttə, Sizin özünüzün böyük rolunuz olmuşdur, böyük fəaliyyətiniz olmuşdur və elə bunun özü də Avropanın qurulmasının bir mərhələsidir. Belə bir dəstək üçün, Avropa ilə belə əlaqələrin yaradılması üçün mən Sizə minnətdarlığımı bildirirəm. Biz elə düşünürük ki, bütün sınaqlardan keçəcəyik və qarşımıza qoyduğumuz vəzifələri ləyaqətlə yerinə yetirəcəyik.

Cənab prezident, mənim Sizə demək istədiyim təklifin mahiyyəti bu idi. Diqqətinizə görə Sizə minnətdarlığımı bildirirəm.

Heydər Əliyev: Cənab prezident, təşəkkür edirəm. Azərbaycan haqqında, Azərbaycana ziyarətiniz haqqında və Azərbaycan müstəqillik əldə edəndən sonra ölkəmizdə gedən proseslər haqqında yüksək qiymətverici fikirlərinizə görə təşəkkür edirəm.

Mən çox şadam ki, cənab prezident, siz Fransada, Azərbaycanın dövlət müstəqilliyini əldə edəndən sonra keçdiyi yolu və çətinlikləri, eyni zamanda əldə etdiyi nailiyyətləri bilirsiniz və bu gün öz çıxışınızda bunları müsbət qiymətləndirdiniz. Həqiqətən də Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra birinci - öz müstəqilliyini möhkəmləndirmək və inkişaf etdirmək yolu ilə gedir. Bununla bərabər Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qurmaq prosesini həyata keçirir və Azərbaycanı açıq, azad, demokratik ölkə kimi yaratmaq istəyir, dünyaya tanıtmaq istəyir və dünya birliyində Azərbaycanın daha da görkəmli yer tutmasını görmək istəyir.

Bu yol bizim üçün heç də asan olmayıbdır. Biz çox çətinliklərlə rastlaşmışıq. Bizə ayrı-ayrı ölkələr tərəfindən təzyiqlər olubdur. Bizim daxilimizdə çox çətinliklər olubdur. Bir neçə il Azərbaycanın daxilində ictimai-siyasi sabitlik pozulubdur. İqtisadiyyat bir neçə il geriyə gedibdir, dağılıbdır, tənəzzül edibdir. Ancaq məmnuniyyətlə deyə bilərəm ki, biz bunların hamısını ötüb keçmişik. Artıq Azərbaycanın dövlət müstəqilliyi möhkəmdir, biz bu müstəqilliyi qoruyub saxlayırıq və saxlayacağıq. Azərbaycanın daxilində ictimai-siyasi sabitliyi təmin etmişik və bundan sonra da bu sabitlik Azərbaycan xalqının rahat yaşaması üçün, inkişafı üçün əsas şərt olacaqdır.

İqtisadiyyatımızı inkişaf etdirmək üçün vətəndaşlarımızın sosial vəziyyətini yüksəltmək və təmin etmək üçün bir yeganə yol - bazar iqtisadiyyatı yolunu seçmişik. Biz bu yol ilə gedirik, iqtisadiyyatda liberallaşmanı çox geniş aparmışıq, özəlləşdirmə proqramı həyata keçiririk, torpaq islahatı həyata keçiririk və artıq bunların da müsbət nəticəsini görürük.

Amma bilirsiniz ki, bu da bizim üçün asan deyildir. Çünki iqtisadiyyatda çox böyük dəyişikliklər, keçmiş iqtisadi sistemdən imtina, yeni iqtisadi sistem yaratmaq - bunlar şübhəsiz ki, bizim əhalinin həyat tərzini çətinləşdiribdir. Ancaq bunlara baxmayaraq hesab edirik ki, bunlar xırda bir çətinlikdən sonra Azərbaycanın iqtisadiyyatına böyük inkişaf sürəti verəcəkdir və biz buna inanırıq.

Biz Azərbaycanı bir azad ölkə kimi dünyaya açmışıq. Dünya iqtisadiyyatı ilə, dünya demokratiyası ilə bütün sahələrdə inteqrasiyanı təmin etmək istəyirik və bu sahədə artıq müəyyən nailiyyətlər əldə etmişik. Bu baxımdan xarici investisiyanın Azərbaycana cəlb edilməsi, xarici kapitalın gəlməsi, xarici ölkələrin inkişaf etmiş şirkətlərinin Azərbaycanda müştərək iş görməsi, Azərbaycana sərmayə qoyması çox əhəmiyyətli yer tutur və bu sahədə də bizim nailiyyətlərimiz az deyildir. Xüsusən, Azərbaycanın zəngin təbii sərvətlərinin, neft və qaz yataqlarının dünyanın böyük neft şirkətləri ilə müştərək işlənilməsi sahəsində biz çox iş görmüşük.

1994-cü ildə biz dünyanın bir çox böyük neft şirkətləri ilə Azərbaycanın Xəzər dənizində olan zəngin neft yataqlarının müştərək işlənilməsi üçün ilk müqavilə imzaladıq. O vaxtdan indiyə kimi xarici şirkətlərlə 19 böyük müqavilə imzalanıbdır. Onların içərisində Fransanın "Elf Akiten" və "Total" şirkətləri də çox görkəmli yer tutur. Bunların nəticəsində son iki-üç il içərisində Azərbaycana 2 milyard dollardan artıq sərmayə gəlibdir.

Azərbaycan iqtisadiyyatının başqa sahələrində də biz xarici şirkətlərlə əməkdaşlıq edirik. Demək olar ki, bir çox ölkələrin şirkətləri gəlib Azərbaycanda müştərək iş görürlər. O cümlədən, Fransanın şirkətləri. Məsələn, "Kostel" şirkəti burada artıq çox uğurlu fəaliyyət göstərir.

Xatirimdədir, 1993-cü ildə Parisdə mərhum prezident Fransua Mitteranla söhbət etdiyimiz zaman o mənə dedi ki, əgər siz Fransa ilə Azərbaycan arasında əlaqələri inkişaf etdirməyə çalışırsınızsa, birinci növbədə "Elf Akiten" ilə əlaqə qurun. Mən bu məsləhəti məmnuniyyətlə qəbul etdim və xatirimdədir, 1996-cı ildə böyük bir yatağın - "Şahdəniz" neft və qaz yatağının müştərək işlənilməsi üçün "Elf Akiten" də konsorsiuma daxil oldu. Bu konsorsium son vaxtlarda əldə etdiyi nəticələr barədə son günlər bizə məruzə edibdir və mən burada bu barədə geniş müzakirə apardım. Bir yataqdan - "Şahdəniz" yatağından 700 milyard kubmetrə qədər qaz almaq mümkündür. Ancaq bu rəqəm də hələ son hədd deyildir. Burada "Elf Akiten"in də böyük payı vardır.

1997-ci ildə mən Fransada rəsmi səfərdə olduğum zaman Parisdə biz prezident Jak Şirakla görüşəndən sonra Yelisey sarayında "Total" şirkətli ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında böyük bir müqavilə imzalandı. Bu müqavilə də həyata keçirilir.

Hesab edirəm ki, iqtisadi əlaqələrin genişlənməsi, inkişaf etdirilməsi Fransa ilə Azərbaycan arasındakı bütün əlaqələrin inkişaf etdirilməsi üçün çox böyük şərtdir. Biz bu işləri bundan sonra da davam etdirəcəyik. Bu yaxınlarda mən Fransanın səfirini qəbul etdim. Biz bu barədə müzakirələr apardıq və bir çox fikirləri bölüşdürdük.

Avropada gedən proseslər haqqında və son vaxtlar Avropanın bir neçə ölkəsinin bir-birinə daha da yaxınlaşması haqqında sizin dəyərli fikirləriniz çox əhəmiyyətlidir. Bu, çox sevindirici haldır ki, cəmi 50 il bundan öncə bir-biri ilə müharibə aparan Fransa və Almaniya, yaxud Almaniya və Hollandiya, yaxud da başqa ölkələr indi o qədər yaxınlaşıblar, o qədər birləşiblər ki, öz iqtisadiyyatlarını da bir-birinə calayıblar, öz valyutalarını da birləşdirdilər. Bu, həqiqətən çox təqdirəlayiq haldır. Biz bunu alqışlayırıq. Bu nailiyyətlər münasibətilə mən Sizi ürəkdən təbrik edirəm və Sizə bu işlərdə gələcək uğurlar arzulayıram.

Siz prezident de Qollun sözlərini xatırladınız və Avropanın birliyi haqqında öz dəyərli fikirlərinizi dediniz. Mən bunlarla tam razıyam.

Azərbaycan Avropanın bir hissəsidir. Biz bütün səylərimizi yönəltmişik ki, Azərbaycan Avropa strukturlarına daxil olsun və Avropa dövləti kimi inkişaf etsin. Bu sahədə - Avropa Birliyinə, Avropa Şurasına daxil olmaq üçün bizim gördüyümüz işlər sizə məlumdur. Nəhayət, 1996-cı ildə biz - Azərbaycan, Gürcüstan və Ermənistan Lüksemburqda Avropa Birliyi ilə müqavilələr imzalamışıq. Bu yaxın vaxtlarda Lüksemburqda həmin müqavilələrin təsdiqi mərasimi keçirildi.

Cənubi Qafqaz ölkələri, yəni Azərbaycan, Gürcüstan, Ermənistan haqqında da sizin fikirləriniz çox əhəmiyyətlidir. Biz də arzu edirik ki, birincisi, Cənubi Qafqazda sülh, əmin-amanlıq əldə olunsun və ondan sonra iqtisadi əlaqələr inkişaf etsin. Cənubi Qafqaz bir region kimi, iqtisadi cəhətdən bir-biri ilə bağlı ölkələr kimi, şübhəsiz ki, daha da sürətlə inkişaf edə bilər.

Ancaq sizə məlumdur ki, buna mane olan böyük bir amil var - o da Ermənistan-Azərbaycan münaqişəsidir, 1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana təcavüz etməsidir, müharibə, qan tökülməsi, qurbanlar verilməsidir.

Gürcüstanla Azərbaycan arasında səmimi dostluq əlaqələri var, heç bir problem yoxdur. Bu dostluq əlaqələri çox möhkəmdir, inkişaf edir və bundan sonra da inkişaf edəcəkdir. Ermənistanla isə münaqişəni həll etməyə çalışırıq. Bilirsiniz ki, hələ beş il bundan öncə atəşkəs haqqında saziş imzalanıbdır. Biz bu atəşkəs rejiminə sadiqik, bundan sonra da sadiq olacağıq.

Minsk qrupu və onun həmsədrləri - Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa bu sahədə çox işlər görürlər. Ancaq əsas nəticə münaqişəyə son qoyulması, Azərbaycanın işğal olunmuş torpaqlarının - 20 faiz torpaqlarımız işğal edilibdir - erməni silahlı qüvvələrindən azad olunması, bir milyondan artıq azərbaycanlıların öz yerlərinə, yurdlarına qayıtması, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, Azərbaycanın tərkibində Dağlıq Qarabağa yüksək dərəcəli özünüidarə statusu verilməsi və beləliklə də sülhün təmin edilməsi ola bilər. Hələ biz bunu əldə edə bilməmişik.

1997-ci ilin sonunda və 1998-ci ilin əvvəlində biz bu problemin həll olunmasına artıq yaxınlaşırdıq. Prezident cənab Jak Şirak da bu barədə ox gərgin fəaliyyət göstərirdi. Görüşlərdən başqa mən onunla telefon əlaqələri də saxlayırdım. Ancaq yaranmış vəziyyət sonra pozuldu. Ermənistanda hakimiyyət dəyişikliyi baş verdi. Beləliklə biz yenidən danışıqlar aparıb yenidən nəyəsə nail olmağa çalışırıq.

Mən aprel ayında Vaşinqtonda prezident cənab Jak Şirakla görüşdüm və bu barədə danışıqlar apardım, ona bir daha müraciət etdim ki, bu məsələnin həll olunmasına daha da çox diqqət yetirsin və yardım etsin. Aprel ayında Vaşinqtonda və bu yaxın günlərdə Cenevrədə Ermənistan prezidenti Robert Koçaryanla mənim təkbətək görüşlərim də məhz bu məqsədi daşıyır. Bu görüşlər müəyyən ümidlər verir, ancaq biz hələ çox iş görməliyik. Güman edirəm ki, bu görüşlər davam etdirilməlidir, - biz prezident Koçaryanla belə fikrə gəlmişik. Şübhəsiz, gərək hər iki tərəfdən səylər qoyulsun ki, biz həqiqətən məsələni həll edə bilək və Qafqazda, Cənubi Qafqazda Ermənistanla Azərbaycan arasında həqiqi sülh yaradaq. Biz bu səylərimizi davam etdirəcəyik və hesab edirəm ki, Ermənistanla Azərbaycan arasında sülh yaranandan sonra, Azərbaycanın ərazi bütövlüyü təmin olunandan sonra, şübhəsiz ki, Cənubi Qafqazda iqtisadi əlaqələri tamamilə genişləndirmək və yaxşı inkişaf etdirmək olar. Bu da hər bir Cənubi Qafqaz ölkəsi üçün çox faydalı olar. Mən buna inanıram və şübhə etmirəm ki, vaxt gələcək, Cənubi Qafqaz ölkələri Avropanın Şərqdə böyük bir hissəsi kimi Avropa dəyərlərini özündə tətbiq edərək Avropanın ayrılmaz bir hissəsi kimi yaşayacaqlar. Sizə təşəkkür edirəm.

Kristian Ponsele (Fransa Senatının prezidenti): Cənab prezident, mən də öz növbəmdə, bizə ünvanladığnız bu ümidverici sözlərinizə görə Sizə təşəkkür edirəm. Cənab prezident, mən əminəm ki, Sizin bu müdrik və cəsarətli fəaliyyətiniz nəticəsində bu regionun ölkələri də bir gün öz problemlərini və münaqişələrini həll edib Sizin dediyiniz səviyyəyə gəlib çatacaqlar. Əgər hər hansı bir fəaliyyətə başlayanda iradə və məsuliyyət hiss edilirsə, bilirəm ki, onda məsələnin həllinə, onun sonuna gəlib çatmaq həmişə mümkün olur.

Cənab prezident, mən belə başa düşürəm ki, dövlətlər arasında birlikdə müəyyən bir layihə irəli sürülərsə, - tutaq ki, kommunikasiya, ərazi problemi ilə bağlı, - yəni hər hansı müqavilənin irəli sürülüb həyata keçirilməsi birlikdə, hamı tərəfindən qəbul edilirsə, onda dünya ictimaiyyətinin də buna diqqəti artar, dünya bankları - Avropa Yenidənqurma və İnkişaf Bankı, Dünya Bankı da bundan yan keçməz. Bu işin özü də qarşıya qoyduğumuz məqsədimizə çatmağımıza, yəni Sizin burada sülh və əmin-amanlıq təmin etmək məqsədinizə çox kömək olar.

Sin indicə dediniz ki, ölkənizin qanuni istəyi, arzusu Avropa Şurasına daxil olmaqdır. Keçən illərdə olduğu kimi, Fransa bu işdə də Sizin həqiqi vəkiliniz olacaq və tezliklə Avropa Şurasına qəbul edilməyinizə öz dəstəyini verəcəkdir. Əlbəttə, indiyə qədər etdiyiniz - Siz bu haqda danışdınız - və bundan sonra edəcəkləriniz Avropa Şurasına daxil olmağınız üçün doğrudan da Sizə tutarlı dəlillər verir. Bu tutarlı dəlillər Sizin əlinizdə var və bu yolda Fransa, onun prezidenti, bütün qurumları Sizi dəstəkləyəcək və Avropa Şurasına daxil olmağınıza köməyini göstərəcəkdir.

Cənab prezident, bu görüşə, bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımı bildirirəm. Demək istəyirəm ki, bundan sonra hamımız bir məqsədə, bir arzuya çatmaq üçün çalışarıqsa və bu arzunun də əsas mahiyyəti insanın - istər erməni, istər gürcü, istərsə də fransız, yaxud belçikalı olsun, mahiyyətcə mənası yoxdur, - yaşayış şəraitinin yaxşılaşdırılması olarsa, qarşımızda belə məsuliyyət durarsa, biz buna çatarıqsa, onda gələcək nəsillərə gözəl miras qoyarıq. Əlbəttə, elə miras ki, onlar bundan çox gözəl və məharətlə istifadə edərlər.

Cənab prezident, nitqimin sonunda sadəcə bir söz demək istəyirəm: Sizinlə söhbətlərimizdə nə ediriksə, inanın ki, hər şeyi ürəkdən edirik, bunlar bizim ürəyimizdən gəlir. Sizə bir daha "çox sağ olun, minnətdaram" deyirəm.

Heydər Əliyev: Təşəkkür edirəm, cənab prezident. Sizin təklifiniz ki, Azərbaycan, Gürcüstan, Ermənistan parlamentlərinin sədrləri Fransada, Parisdə görüşsünlər - mən bununla razıyam. Sizi bir daha əmin edirəm ki, biz Ermənistanla Azərbaycan arasında sülh yaratmağa çalışacağıq, Cənubi Qafqazda əmin-amanlıq yaratmağa çalışacağıq. Bu işləri görmək üçün Fransaya çox böyük ehtiyacımız var. Əminəm ki, - burada dəfələrlə deyildiyi kimi, - Fransa bu işlərdə həmişə bizimlə bərabər olacaq, bizim yanımızda olacaqdır. Xahiş edirəm mənim hörmətimi, ehtiramımı, salamlarımı prezident Jak Şiraka çatdırasınız. Xahiş edirəm mənim salamlarımı, hörmət-ehtiramımı Fransanın Senatına, parlamentinə çatdırasınız. Bir daha təşəkkür edirəm.

Kristian Ponsele: Cənab prezident, belə bir qayda var ki, bütün hədiyyələr insanlar arasında dostluq hisslərini artırır. Mən də bizə göstərdiyiniz qayğı, diqqət üçün Sizə kiçik bir hədiyyə vermək istəyirəm. Bunu Fransa zavodlarının birində əl ilə hazırlayıblar. Bu, Mariya Antuanettanın dövrünə aid, onun istifadə etdiyi servizlərdən birinin reproduksiyasıdır. Bunu qəbul etməyinizdən çox xoşbəxt olardım. Bununla Sizə öz hörmət və məhəbbətimi bildirmək istəyirəm.


"Azərbaycan" qəzeti, 23 iyul 1999-cu il.