Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə məruzəçisi, Fransa parlamentinin deputatı Jak Bomeli və digər qonaqları qəbul edərkən söhbətindən - Prezident sarayı, 10 aprel 2000-ci il


Heydər Əliyev: Hörmətli dostumuz Jak Bomel!

Hörmətli qonaqlar!

Sizə bir daha təşəkkür edirəm ki, mənim dəvətimi qəbul edib Azərbaycana gəlmisiniz və bizim üçün tarixi əhəmiyyəti olan "Kitabi-Dədə Qorqud"un yubiley mərasimlərində fəal iştirak edirsiniz. Siz bu gəlişinizlə müstəqil Azərbaycana, xalqımıza, Azərbaycan xalqının keçmiş tarixinə, mədəniyyətinə, tarixi köklərinə öz hörmətinizi ifadə etdiniz. Mən bunu çox yüksək qiymətləndirirəm. Güman edirəm, siz hiss etdiniz ki, təkcə mən yox, bizim hökumətimiz, xüsusən ictimaiyyətimiz də bunu çox yüksək qiymətləndirir. Bununla bir daha nümayiş etdirdiniz ki, siz həqiqətən Azərbaycan xalqı ilə səmimi dostluq əlaqələri saxlayırsınız.

Mən bilirəm ki, öz ölkəniz Fransada da, Avropa Şurasında da işləriniz çoxdur. Çünki son illər sizinlə əlaqə saxlayaraq bilirik ki, həmişə çox məşğul olursunuz. Ancaq vaxt tapıb Azərbaycana gəlmisiniz. Güman edirəm, siz də razı olmalısınız ki, bu yubiley mərasimlərində, keçirilən elmi simpoziumlarda iştirak edərək Azərbaycanın tarixini daha da yaxşı tanıdınız. Təbiidir ki, bu, birinci növbədə bizim üçün lazımdır. Amma güman edirəm ki, sizin üçün də lazımdır. Siz artıq bizim üçün bir növ azərbaycanşünas kimi qəbul olunursunuz. Ona görə də Azərbaycanın keçmişini, tarixini, qədim mədəniyyətini bilməyiniz bir mütəxəssis, azərbaycanşünas kimi sizi daha da zənginləşdirir. Mən sizə təşəkkür edirəm.

Jak Bomel: Cənab prezident, mən hər şeydən əvvəl onu demək istəyirəm ki, Sizin tərəfinizdən dəvət edilmək şərəfinə nail olduğum üçün özümü çox xoşbəxt hiss edirəm. Bir də ona görə ki, bu dəvət xalqınız üçün xüsusi əhəmiyyət daşıyan iki böyük hadisənin - türkdilli dövlətlərin başçılarının zirvə görüşünün və "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyinin təntənəli surətdə qeyd edildiyi bir vaxta düşdü.

Cənab prezident, mən Sizə bir daha minnətdarlığımı bildirirəm. Çünki mən Sizin tərəfinizdən xüsusi şərəfə nail oldum. Birincisi ona görə ki, aprelin 9-da keçirilən rəsmi qəbulda Siz məni öz stolunuzun arxasında, YUNESKO-nun baş direktoru ilə yanaşı əyləşdirdiniz. İkincisi isə ondan bir gün əvvəl türkdilli dövlətlərin başçıları üçün təşkil etdiyiniz rəsmi qəbulda da Siz məni dövlət başçıları ilə eyni stol arxasında oturmaq şərəfinə qovuşdurdunuz.

Cənab prezident, istəyirəm Sizə məsləhət verəm ki, bir qədər ehtiyatlı olmaq lazımdır. Belə fikirləşirəm ki, əgər bu cür davam etsə, deyəsən, mən Fransadan daha çox Azərbaycanda məşhur olacağam. Bir gün məcbur qalıb burada keçirilən seçkilər zamanı gəlib namizədliyimi verərəm və seçkilərdə keçə bilərəm.

Heydər Əliyev: Bu, çox gözəl olar. Bizim parlamentə Sizin kimi bir adam lazımdır.

Jak Bomel: Mən bunu heç vaxt yadımdan çıxarmayacağam.

Heydər Əliyev: Ola bilsin, bizim Murtuz Ələsgərov bundan narahat olsun. Çünki qorxuram, sonra parlamentin sədri olmaq istəyəsiniz.

Jak Bomel: Yaşımı nəzərə alsaq, heç olmasa, onda mən Sizin Milli Məclisin ağsaqqalı ola bilərəm. Cənab prezident, çünki bu nöqteyi-nəzərdən Siz məndən yaşca çox-çox kiçiksiniz.

Heydər Əliyev: Biz bu barədə sonra danışarıq. Amma sizin bu fikriniz çox dəyərlidir. Çünki siz bizim parlamentdə olsanız, onda nə Avropa Şurasında, nə də Avropa Birliyində deməyəcəklər ki, Azərbaycanda demokratiya var, ya yoxdur, insan hüquqları qorunur, ya qorunmur. Bir halda ki, Jak Bomel kimi bir adam Azərbaycanın parlamentindədir, demək, orada hər şey düzdür.

Jak Bomel: Cənab prezident, bu zarafatlarıma baxmayaraq, indi ciddi deyirəm, - mən həm də çox məmnunam, xoşbəxtəm ki, Sizin səhhətinizi əla vəziyyətdə görürəm. Çünki bu günlər ərzində mən də Sizin yanınızda olmuşam. Bu iş rejimi ilə, belə bir dinamika ilə işləmək başqa insanlar üçün hətta müxtəlif yaşlarda olan bütün adamlar üçün də həddindən artıq çətin olardı. Mən çox şadam ki, sağlamlığınız belə gözəl, yüksək vəziyyətdədir.

Cənab prezident, mən bir məsələni də deməkdən çox məmnunluq duyuram. Bildirmək istəyirəm ki, Fransa Respublikasının prezidenti Jak Şirak Sizə yenə də əvvəlki kimi yaxşı münasibət bəsləyir. O, Sizin burada gördüyünüz işlərə heyrandır və bütün bu işlərinizdə Sizə tam dəstəyini göstərir.

Mən demək istəyirəm ki, Fransa ilə Azərbaycan arasında yaratdığınız bu dostluq münasibətləri çox mühüm bir amildir. Mən əminəm ki, elə bu amil Azərbaycanın Avropa Şurasına daxil olmasında və beynəlxalq aləmdə, regionda oynadığı rolun daha da yüksəlməsində xüsusi əhəmiyyət daşıyacaqdır.

Əlbəttə, bu dostluq həm də öz ifadəsini Azərbaycan ilə Fransa arasında siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələrin daha da gücləndirilməsində tapmalıdır. Mən bunları bir də ona görə deyirəm ki, həm Sizin dövlətin gələcəyi ilə bağlı, həm də sülh problemləri, insan hüquqları ilə əlaqədar ölkələrimizin mövqeləri eynidir.

Mən arzu edərdim ki, Azərbaycan ilə Fransanın həm mədəni, həm də iqtisadi sahələrdə əməkdaşlığı daha da inkişaf etdirilsin, bu iki ölkə arasında sənaye və texnoloji əlaqələr baxımından bir qütb yaransın və bu ölkələrimizin münasibətlərini daha da yaxınlaşdırsın.

Azərbaycanın dövlət müstəqilliyindən danışarkən onu deyə bilərəm ki, general de Qoll tərəfdarı kimi, mənim fikrimcə, Sizin ölkənin inkişafını təmin etmək üçün ümumi bir tarazlıq yaradılmalıdır, yəni maraqlar nöqteyi-nəzərindən hər hansı bir tərəfə daha çox əyilmə meylləri olmamalıdır. Müxtəlif ölkələrlə münasibətlər elə qurulmalıdır ki, onların heç biri, hətta Fransa gələcəkdə Azərbaycana hər hansı siyasi təzyiq göstərmək iqtidarında olmasın. Əlbəttə, mən əminəm ki, bu, mümkün olacaqdır. Bunun üçün biz ölkələrimizin, xalqlarımızın bir-birini daha yaxından tanımasına səylər göstərməliyik, xüsusilə informasiya mübadiləsini daha da genişləndirməliyik.

Cənab prezident, Sizə olan dostluq münasibətlərim imkan verir səmimiyyətlə deyəm ki, Azərbaycanın Avropada tanınması sahəsində hələ bu gün də müəyyən problemlər, çatışmamazlıqlar vardır. Mən xüsusilə Fransanı misal çəkmək istəyirəm.

Cənab prezident, mənim bu dediklərim xüsusi əhəmiyyət daşıyır. Sizin ölkəniz Avropa Şurasına daxil olmaq ərəfəsini - mən xüsusilə mayın 3-də keçiriləcək müzakirələri nəzərdə tuturam - və bu dövrü güclü təbliğat kampaniyası ilə müşayiət etməlidir. Yeri gəlmişkən deyim ki, elə mənim özüm on il bundan əvvəl Azərbaycanı tamamilə tanımırdım, ancaq müəyyən kitablardan oxuduğum bəzi məlumatlarım var idi. Vaxtilə mənim bildiyim əsas məlumat o idi ki, Fransanın mərhum prezidenti General de Qoll 1944-cü ildə Moskvaya gedərkən bir gecə Bakıda qalmışdı. Digər məlumatım bu idi ki, cənab Rostropoviç Bakıda anadan olmuşdur.

Cənab prezident, mən son illər Bakıya tez-tez gəldiyim üçün Azərbaycanda gedən prosesləri çox yaxşı bilirəm və hər dəfə də Sizin ölkədə baş verən tərəqqini görürəm. Bu, sadəcə nəzakət xatirinə bildirilən sözlər deyildir. 70 ilin zülmətindən çıxan Azərbaycan çox böyük uğurla güclü bir dövlətə çevrilir. Mən sadəcə enerji - neft, qaz sahəsində əldə edilən nailiyyətləri demirəm, Azərbaycan həqiqətən regionda siyasi cəhətdən güclü bir dövlətə çevrilir.

Mənim fikrimcə, bu nailiyyətlərin hamısını hər şeydən əvvəl bir amillə bağlamaq lazımdır. Ölkənin parlaq gələcəyini təmin edən əsas amil Azərbaycandakı möhkəm sabitlikdir. Cənab prezident, mən onu da bildirmək istəyirəm ki, Azərbaycanda bu sabitlik məhz Sizin şəxsi fəaliyyətiniz, səyləriniz nəticəsində mümkün olmuşdur.

Cənab prezident, ölkənizin qazandığı müvəffəqiyyətlər, əldə etdiyiniz tərəqqi, ümumiyyətlə, demokratiya sahəsində nailiyyətləriniz, - baxmayaraq ki, bəzi müxalif qüvvələr bir qədər başqa cür danışırlar, - təkcə son zamanlar həyata keçirdiyiniz tədbirlər, türkdilli dövlətlərin başçılarının sammiti məni tam inandırır ki, Siz bu vəzifədə Azərbaycan xalqına hələ çox lazımsınız.

Mən daxili sabitlikdən danışdım. Əlbəttə, xarici sabitlikdən də danışmaq lazımdır. Ölkəniz çox güclü dövlətlərlə əhatə olunmuşdur. Həmin ölkələrin hər biri sərhədlərdən boylanaraq sizə baxır və bu qonşuların da hər birinin öz iddiaları vardır. Məsələ burasındadır ki, bu dövlətlər bu regionu nə vaxtsa yenidən öz nəzarətləri altına almaq iddiasındadırlar. Lakin siz öz müstəqilliyinizi qorumalısınız. Azərbaycan Qafqazda yeganə ölkədir ki, onun ərazisində xarici dövlətin hərbi bazası yoxdur.

Cənab prezident, Siz dünya, beynəlxalq aləm, region çərçivəsində düzgün xarici siyasət həyata keçirirsiniz. Mən Sizi müəyyən mənada Fransanın keçmiş prezidenti general de Qolla müqayisə edirəm. Siz onun kimi mövqe tutaraq, bütün bloklardan kənarda duran bir siyasət yeridirsiniz. Fikrimcə, elə buna görə də Azərbaycanın Avropa ilə münasibətlərinin daha da yaxşılaşdırılması xüsusi əhəmiyyət daşıyır. Əslində, Avropa bütün sahələrdə Sizin dəstəyinizdir. Bu isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına kömək edir.

Mən Sizin ölkəyə dəfələrlə gələrək, xalqınıza dost münasibəti bəsləmişəm, siyasət adamlarınızla yaxın əlaqələr qurmuşam, Azərbaycanda özümə çoxlu dost qazanmışam. Onlardan biri də cənab Murtuz Ələsgərovdur. Mən Milli Məclisin bir çox deputatları ilə görüşmüşəm.

Dünən mən Bakı Dövlət Universitetində oldum. Orada doğrudan da çox yüksək səviyyəli adamların əhatəsində idim. Universitetin müəllimləri, tələbələri ilə görüşməkdən böyük şərəf duydum. Mənə elə gəlir ki, məhz belə seçmə adamlar Azərbaycanın gələcəyinin, demokratik yolla inkişafının təmin olunmasında mühüm rol oynayacaqlar.

Mən Fransaya qayıtdıqdan sonra burada gördüklərimin hamısını həmkarlarıma danışacağam. Çalışacağam ki, Fransanın siyasi dairələrində Azərbaycanın vəziyyətini və onun qarşılaşdığı problemləri daha yaxşı başa düşsünlər.

Vaxtilə Fransa Avropada təhlükəsizlik və sabitlik paktını həyata keçirmək üçün addımlar atdığı kimi, indi də Azərbaycan Qafqaz regionunda təhlükəsizlik və əməkdaşlıq paktını həyata keçirmək niyyətindədir.

Cənab prezident, mən həmişəki kimi çox danışdım. Sizə çox dərin dostluq hissləri bəslədiyim üçün ürəyimdə olanların hamısını Sizə demək istədim. Mən Sizin ildən-ilə qazandığınız yeni uğurlara heyran olduğumu mütləq bildirməliydim. Bildirməliydim ki, Azərbaycanın öz qonşuları və Avropa Şurası ilə gələcək münasibətlərinin inkişafına inamım çox möhkəmdir. Əminəm ki, Azərbaycan siyasi məsuliyyət hissini bilən, bütün demokratik, insan hüquqları təsisatları ilə birlikdə nümunəvi bir ölkə olacaqdır.

Cənab prezident, mən Sizə ən səmimi arzularımı və ən xoş ümidlərimi çatdırıram. Çox sağ olun.

Heydər Əliyev: Cənab Jak Bomel, siz həqiqətən çox dəyərli və əhəmiyyətli fikirlər irəli sürdünüz. Bu onu göstərir ki, siz həqiqətən ölkəmizin dostusunuz və Azərbaycana çox qayğı göstərirsiniz. Siz çox ağıllı və ölkəmizin gələcəyi üçün lazımlı məsləhətlər verdiniz.

Mən sizə çox təşəkkür edirəm. Çox məmnunam ki, siz dostum prezident Jak Şirakın mənə olan münasibətini bir daha bildirdiniz və onun salamlarını mənə çatdırdınız.

Bildirmək istəyirəm ki, prezident Jak Şirakla rəsmi olaraq dövlət başçısı kimi biz ilk dəfə 1997-ci ildə görüşmüşük. Qısa bir zamanda aramızda çox səmimi dostluq əlaqələri yaranıbdır. Mən prezident Jak Şirakla hər görüşümdən sonra çox fikirləşirəm və bu insanın nə qədər böyük təcrübəyə, ağıllı siyasətə malik olduğunu bir daha dərk edirəm.

Mən yaxşı bilirəm ki, prezident Jak Şirak Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması üçün çox böyük səylər göstərmişdir və göstərir. Son dəfə biz ötən ilin noyabrında İstanbulda ATƏT-in zirvə toplantısında görüşdüyümüz zaman çox ətraflı söhbət etdik. O, Ermənistan prezidenti Robert Koçaryanla mənim görüşümü çox yüksək qiymətləndirdi. Təbiidir ki, Ermənistan prezidenti ilə apardığım danışıqların məzmunu və razılıqlarımız haqqında onda müəyyən məlumat var idi. Cənab Jak Şirak bunları çox dəstəklədi və xüsusən mənim bu sahədə apardığım siyasətə çox yüksək qiymət verdi. O, inanırdı ki, biz sülhə nail olacağıq. Çox cəsarətlə mənə dedi ki, siz bu yolu tutmusunuz, bu yolla ki, getməlisiniz, əgər sülhə nail olsanız, mən təkcə Fransanın yox, bütün Avropanın imkanlarını səfərbər edəcəyəm ki, bu sülhyaranma işinə kömək etsinlər. Mən çalışacağam ki, xüsusən sülh yaranandan sonra bütün maliyyə mərkəzləri ölkənizin bərpası işində sizə kömək göstərsinlər.

Təəssüflər olsun ki, oktyabrın sonunda Ermənistanda baş vermiş terror hadisəsi və bundan sonra Ermənistanda yaranmış vəziyyət bizim birbaşa danışıqlarımızın davam etməsinə imkan vermədi. Ancaq əminəm ki, biz müəyyən vaxtdan sonra bu danışıqları davam etdirəcəyik. İnanıram ki, prezident Jak Şirak bu məsələlərin həll olunmasında çox fəal iştirak edəcək, həm Fransanın, həm də Avropa Birliyinin imkanlarından istifadə edərək bu işlərin həyata keçirilməsinə kömək göstərəcəkdir.

Siz son illər Azərbaycanda əldə olunmuş nailiyyətləri - həm iqtisadi inkişaf, həm daxili, həm xarici sabitliyin təmin olunması, həm də demokratiyanın inkişaf etməsi, dövlət quruculuğu sahəsində qazandığımız uğurları yüksək qiymətləndirdiniz. Mən, düzü, bundan çox ruhlanıram və sizə çox təşəkkür edirəm.

Mənim şəxsi fəaliyyətimə qiymət verdiniz. Hətta səhhətimlə maraqlanıb onun yaxşı olduğunu bildirdiniz. Mən buna görə də sizə təşəkkür edirəm. Səhhətim çox yaxşıdır. Dostum Süleyman Dəmirəl mənimlə vidalaşarkən dedi ki, həkimlərin sözü mənə lazım deyil, son üç gündə sən çox böyük həkimlərin testini keçdin və bu testlər göstərdi ki, səhhətin həddindən artıq yaxşıdır.

Cənab Bomel, mən sizə baxıram, - necə sağlamsınız, necə gözəl hafizəniz var. Sizin, yoxsa mənim yaşlı olmağımın o qədər də əhəmiyyəti yoxdur. Amma hesab edirəm ki, siz məndən cavansınız. Dünən axşam keçirilən rəsmi qəbulda bizim milli rəqslərimizə siz çox maraqla baxarkən mən bunu bir daha təsdiq etdim.

Jak Bomel: Mən həmin rəqsləri və rəqs edənləri çox yüksək qiymətləndirirəm.

Heydər Əliyev: Bəli, mən də yüksək qiymətləndirirəm.

Jak Bomel: Bilirsiniz, mən onu da demək istəyirəm ki, qafqazlıların gözəlliyi də çox qədim bir ənənədir.

Heydər Əliyev: Amma gözəlliyi də hər adam qiymətləndirə bilmir. Gözəlliyi qiymətləndirmək üçün də xüsusi keyfiyyətlər lazımdır. Bir sözlə, siz də, mən də sağlamam. Biz hələ bundan sonra da sizinlə bərabər çox işlər görəcəyik.

Çox məmnunam ki, siz bildirdiniz ki, mən hələ uzun müddət Azərbaycana lazımam. Mən də hesab edirəm ki, lazımam. Çünki çoxlu planlarım var, gərək onları həyata keçirəm. Sizin dediyiniz kimi, mən Azərbaycanı bundan da güclü, qüvvətli və yüksək iqtisadiyyata, sosial həyata malik olan bir dövlətə çevirməliyəm. Tarix bu missiyanı mənim üzərimə qoyubdur. Mən də bunu axıradək yerinə yetirməliyəm.

Siz general Şarl de Qollun siyasəti haqqında hər dəfə danışırsınız, bu dəfə də bu barədə söhbət açdınız. Təbiidir ki, general Şarl de Qoll dünyanın ən böyük şəxsiyyətlərindən biridir. Həm İkinci dünya müharibəsi zamanı, həm də ondan sonrakı dövrdə Şarl de Qollun etdikləri əsrlər boyunca yaşayacaq, öz dəyərini itirməyəcəkdir. Mənim üçün Şarl de Qoll həm idealdır, həm də örnəkdir.

Sizin dediyiniz tarazlı siyasəti, Azərbaycanın müstəqilliyini qorumaq siyasətini aparmaq mənim bugünkü siyasətimin əsasını təşkil edir. Təbiidir ki, bu siyasət, Avropa ilə əlaqələrimizi daha da genişləndirmək, əməkdaşlıq etmək mənim xarici siyasətimin əsas istiqamətlərindən biridir. Bizim Avropa Şurasına daxil olmağımız da bunun üçün böyük imkanlar yaradacaqdır.

Mən bilavasitə Fransa ilə əlaqələrimizin inkişaf etməsi üçün çox çalışıram. Amma xüsusən, iqtisadi əlaqələrimizin genişləndirilməsi sahəsində hələ ki, istədiyimizə nail ola bilməmişəm. Doğrudur, Azərbaycanın neft sektorunda Fransanın "Total", "Elf akiten" şirkətləri çox böyük yer tutublar.

Xatirimdədir, 1993-cü ilin dekabr ayında mən prezident Fransua Mitteranın dəvəti ilə Parisə ilk dəfə rəsmi səfərə getmişdim. Onunla görüşərkən mənə dedi ki, əgər Fransa ilə iqtisadi əlaqələr yaratmaq istəyirsənsə, birinci növbədə "Elf akiten"lə əlaqə qur. Onun bu məsləhətlərinə riayət edərək mən "Elf akiten"i Azərbaycana gətirdim. Həmin şirkət indi Azərbaycanda çox böyük qaz ehtiyatları olan məşhur "Şahdəniz" yatağının birgə işlənilməsi barədə imzalanmış müqavilədə özünəməxsus pay almışdır.

Sonra biz "Total" şirkətini buraya gətirdik. Mən sizə onu da deyim ki, Amerikanın "Şevron" şirkəti ilə "Total" "Abşeron" yatağında çox böyük işlər görürlər. Həmin yatağın çox böyük perspektivləri vardır. "Şevron" şirkətinin prezidenti mənə deyibdir ki, görərsiniz, biz "Şahdəniz" yatağından bir neçə dəfə çox qaz aşkar edib sizə təhvil verəcəyik. Burada müqavilə payının böyük bir hissəsi "Total"a məxsusdur.

Ancaq təbiidir ki, qeyri-neft sektorunda da bizim əməkdaşlığımız genişlənməlidir. Bu əməkdaşlıq var. Fransanın bir sıra şirkətləri Azərbaycanda fəaliyyət göstərirlər. Ancaq mən bunları kafi hesab etmirəm. Mən bütün tədbirləri görəcəyəm ki, bizim iqtisadi əlaqələrimiz daha da genişlənsin.

Fransa Avropada çox mühüm rol oynayır. Fransa Azərbaycanın dostudur, ona görə də biz bu ölkə ilə bütün sahələrdə əlaqələrimizi genişləndirəcəyik.

Siz dediniz ki, biz may ayının 3-dək təbliğati işləri gücləndirməliyik. Onu da bildirdiniz ki, ən böyük təbliğatçı Siz özünüzsünüz. Bu fəaliyyətinizə görə Sizə təşəkkür edirəm. Lakin Sizin məsləhətinizi nəzərə alaraq cənab Murtuz Ələskərov və mənim aparatımın rəhbəri təkliflər verməlidirlər. Çünki mayın 3-nə çox az vaxt qalır. Biz hansısa yeni tədbirlər görməliyik.

Cənab Jak Bomel, Sizinlə dostluğumuz Azərbaycana çox byük faydalar gətirir. Mən bu dostluq münasibətinə görə Sizə bir daha təşəkkür edirəm. Bilin ki, biz bunu qiymətləndiririk. Xalqımız dostluqda çox etibarlıdır. Prezident Heydər Əliyev isə daha da çox etibarlıdır.

Jak Bomel: Cənab prezident, mən bunu bilirəm, hətta hiss edirəm. Mən onu bildirmək istəyirəm ki, bu sədaqət hissləri bizim ölkələrimiz arasındakı dostluqda, necə deyərlər, sement rolunu oynamalıdır və bu, ən vacib amillərdən biri olmalıdır.

Cənab prezident, yeri gəlmişkən, mən Sizin ailəniz haqqında bir neçə kəlmə demək istəyirəm. Mən dünən Sizin ailənin bir neçə üzvünü gördüm. Sizin oğlunuzu, gəlininizi və nəvələrinizi gördüm. Mən bununla bağlı Sizi həm də bir baba kimi təbrik edirəm. Mən özüm də babayam, ona görə də Sizi bir baba kimi təbrik edirəm.

Heydər Əliyev: Sağ olun, çox təşəkkür edirəm. Mən bununla çox məmnunam. Siz də, mən də babayam. Babalar adətən həm uşaqlarını, həm də nəvələrini çox sevərlər. Görünür, burada da bizim xasiyyətlərimiz uyğundur, bir-birinə bənzəyir. Mənim oğluma, nəvələrimə diqqət yetirdiyinizə görə təşəkkür edirəm.

Dostum cənab Jak Şiraka mənim salamımı, ən dərin hörmətimi və ən xoş arzularımı çatdırın. Sizə isə möhkəm cansağlığı və uğurlu fəaliyyət arzulayıram. Dünən də dedim ki, sizin əlinizdə güc çoxdur. Həmin güc daim sizinlə olsun.

Jak Bomel: Cənab prezident, bu xoş sözlər üçün mən Sizə minnətdarlığımı bildirirəm. Onu da demək istəyirəm ki, noyabr ayında seçkilər zamanı yəqin ki, yenidən Azərbaycana gələcəyəm.

Heydər Əliyev: Mütləq gəlin. Sizsiz seçkilər keçməz. Sağ olun.

"Azərbaycan" qəzeti, 12 aprel 2000-ci il.