Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Saratov vilayətinin hökumət nümayəndə heyətilə görüşdə söhbətindən - Prezident sarayı, 15 avqust 1998-ci il


Heydər Əliyev: Hörmətli Dmitri Ayatskov! Sizi Saratov vilayətinin qubernatorunu və hökumət nümayəndə heyətinin üzvlərini səmimi-qəlbdən salamlayıram. Azərbaycan rəhbərliyinin dəvətini qəbul edib Bakıya gəlməyinizdən şad olduğumu söyləyirəm. Respublikamızın Rusiya Federasiyası və onun subyektləri ilə hərtərəfli əməkdaşlığı inkişaf etdirməyə və dərinləşdirməyə səy göstərməsi baxımından bunu mühüm hadisə adlandırır və bildirirəm ki, bu xətt müstəqil Azərbaycanın xarici siyasətinin başlıca istiqamətlərindən biridir.

Azərbaycanla Rusiya Federasiyasının subyektləri arasında əməkdaşlığın həyata keçirilməsi 1997-ci il iyulun 3-də Moskvada iki ölkənin prezidentləri tərəfindən imzalanmış, Azərbaycan-Rusiya münasibətlərinin əsasını təşkil edən dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilədə nəzərdə tutulur. Bu sahədə, Rusiya Federasiyasının bir sıra subyektləri ilə birbaşa əlaqələr yaradılmasında müəyyən uğurlar var. Saratov vilayəti ilə də birbaşa əlaqələr yaradılmasından məmnun qaldığımı söyləyir və qeyd edirəm ki, bu vilayət coğrafi baxımdan ölkəmizə yaxındır. Bizi Xəzər dənizi və Volqa çayı birləşdirir, Rusiya ilə tarixi əlaqələr çox vaxt Saratov vilayəti vasitəsilə həyata keçirilmişdir ki, bu da əməkdaşlığımızı dərinləşdirməyi zəruri edir.

Dmitri Ayatskov: Azərbaycana gəlməyə dəvət üçün Sizə, cənab prezident, təşəkkür edirik. Bakıda olduğumuz müddətdə bu gözəl şəhərdən böyük təəssürat aldıq, dörd il idi bu şəhərdə olmamışdım və burada baş verən dəyişikliklər məni heyran qoymuşdur. Bu dəyişikliklər ən əvvəl Sizin, hörmətli prezident Heydər Əliyevin və onun komandasının xidmətidir. Mənim Azərbaycana xüsusi meyl göstərməyim yaradıcı, daim arayıb axtaran şəxs saydığım və dünya siyasətinin liderlərindən biri kimi qiymətləndirdiyim Azərbaycan dövlətinin başçısının müdrik siyasəti ilə bağlıdır.

Saratov vilayətinin hökumət nümayəndə heyəti Azərbaycanda islahatların aparılması sahəsində burada toplanmış təcrübəni öyrənmək üçün gəlmişdir və bu təcrübədən çox şey öyrənmək olar. Azərbaycan Nazirlər Kabinetində görüşdən sonra mən bu qənaətə gəlmişəm ki, iqtisadiyyat, siyasət, mədəniyyət sahəsində əməkdaşlıq etmək üçün imkanlar var.

Saratov vilayətində 30 mindən çox azərbaycanlı yaşayır və onların mədəniyyət cəmiyyətləri var. Şadam ki, Azərbaycanda da rus diasporu var və ruslar öz ənənələrini, mədəniyyətini qoruyub saxlamaq imkanına malikdirlər.

Saratov vilayəti azərbaycanlı tələbələrin, xüsusən qaçqınlar sırasında olan tələbələrin Saratov ali məktəblərində pulsuz təhsil almasını öz üzərinə götürməyə hazırdır.

Saratov vilayətinin və Azərbaycanın torpaq islahatı aparılmasına münasibətlərində bir çox oxşar cəhətlər olduğunu görürəm və bu sahədə topladıqları təcrübəni bölüşməyə hazır olduğunu və Saratov mütəxəssislərinin Azərbaycanda müvafiq təcrübəni öyrənmək istədiklərini bildirirəm.

Sənaye sahəsində əməkdaşlıq haqqında Bakıda əldə edilmiş razılaşmalar, Saratov mütəxəssislərinin neft sahəsində Azərbaycanın təcrübəsini öyrənmək niyyətləri barədə məlumat verərək bildirirəm ki, mədəniyyət sahəsində əməkdaşlıq üçün də imkanlar var. Əminəm ki, Saratov vilayətinin Azərbaycan ilə birbaşa təmasları, "sərhədlərin və suverenliklərin toxunulmazlığını pozmadan", ənənəvi iqtisadi və mədəni əlaqələrin bərpa olunmasına kömək edəcək, Bakıda imzalanmış sazişlərdən sonra isə çoxlu birbaşa müqavilələr bağlanacaqdır.

Mən özümün müəllimi saydığım prezident Heydər Əliyevə görüş üçün bir daha təşəkkür edirəm və əmin olduğumu bildirirəm ki, Saratov vilayətindəki 30 minlik Azərbaycan diasporu Azərbaycanda qarşıdakı prezident seçkilərində ona səs verəcəkdir.

Heydər Əliyev: Mənim fikrimcə, Azərbaycanın Rusiya ilə, onun subyektləri ilə əlaqələri nə qədər çox olarsa, problemlərin həllində bütün tərəflər üçün bir o qədər yaxşı olacaqdır. Azərbaycan üçün ən böyük problem Ermənistan-Azərbaycan münaqişəsidir. Bu münaqişənin tarixi, ölkəmiz üçün ağır nəticələri, onun sülh yolu ilə aradan qaldırılması sahəsində görülən tədbirlər haqqında müəyyən məlumatımız var. Rusiyanın Ermənistana böyük təsiri olduğunu, münaqişənin aradan qaldırılmasında Rusiyanın həlledici rol oynaya biləcəyini vurğulamaq istəyirəm. Azərbaycanın sülhə tərəfdar olduğunu bir daha təsdiq edirəm. Biz hələ də ümid bəsləyirik ki, Rusiya öz sözünü deyəcək, ATƏT-in Minsk qrupunun digər həmsədrlərindən fərqli olaraq, məsələnin tənzimlənməsi üçün daha əhəmiyyətli addımlar atacaqdır.

Sosial-iqtisadi problemlərin həlli sahəsində, iqtisadiyyatda islahatlar aparılması üçün ölkəmizdə böyük işlər görülmüş, bu sahədə, o cümlədən aqrar bölmədə uğurlar qazanılmış, xarici sərmayələri cəlb etmək üçün şərait yaradılmış, ictimai-siyasi sabitlik əldə olunmuşdur.

Mənə xoşdur ki, Saratov vilayətində 30 mindən çox azərbaycanlı yaşayır və Rusiyanın digər bölgələrində, MDB-nin başqa ölkələrində də onlar məskunlaşmışlar. Mən milli çərçivəyə qapanmağın həmişə əleyhinə olmuşam və vaxtilə hər şey etmişəm ki, azərbaycanlı gənclər keçmiş Sovetlər İttifaqının, əsasən Rusiyanın ən yaxşı ali məktəblərində təhsil alsınlar. Hesab edirəm ki, SSRİ-də təhsil sistemi dünyada ən yaxşılarından biri olmuşdur. Bunun sayəsində keçmiş SSRİ-nin müxtəlif bölgələrində indi çoxlu azərbaycanlı yaşayır və onlar orada Azərbaycan mədəniyyətini yayırlar. Bunu müsbət əmil kimi qiymətləndirirəm.

Bu məsələyə münasibətdə bizim baxışlarımız ilə üst-üstə düşdüyünü vurğulayıram və ona təşəkkür edirəm ki, Saratov vilayətində yaşayan azərbaycanlılar oranın tam hüquqlu vətəndaşlarıdır. Bu, Azərbaycan ilə Saratov vilayəti arasında əməkdaşlığı fəallaşdırmağın və konkretləşdirməyin zəruriliyini şərtləndirən amildir, bundan ötrü böyük imkanlar var və ölkəmiz bu əməkdaşlığa hazırdır.

Dmitri Ayatskov: Cənab prezident, mənim fikrimcə, maneələri aradan qaldırmağın, son dövrdə yığılıb qalmış məsələləri, ən əvvəl millətlərarası məsələləri həll etməyin vaxtı gəlib çatmışdır. Bu isə nəinki MDB ölkələrinin ali rəhbərliyinin, həm də regional siyasətçilərin işidir. Saratov vilayətinin qubernatoru, Rusiya Federasiya Şurasının üzvü kimi özümü də bu siyasətçilər sırasına aid edirəm.

Rusiyanın, MDB-nin digər ölkələrinin taleyi üçün narahatlığınıza və ölkələrimizin qarşılaşdıqları bütün problemləri əlbir aradan qaldıra və irəliləyə biləcəklərinə əmin olduğunuza görə Sizə təşəkkür edirəm.

Heydər Əliyev: Azərbaycan Rusiyada demokratiyanın bərqərar olmasını istəyir, çünki sabah Rusiyanın necə olacağına biganə deyildir. Biz demokratik, yeni Rusiya ilə, köhnə zəmanələrə qayıda bilməyəcək Rusiya ilə sıx dostluq münasibətləri saxlamaq istəyirik. Saratov vilayətində islahatlar, o cümlədən torpaq islahatı aparılmasında Sizin, hörmətli qubernator, cəsarətinizi, fəallığınızı lazımınca qiymətləndirirəm və Azərbaycanın təcrübəsinə əsaslanaraq bunu düzgün saydığımı bildirirəm. Saratov vilayətində sənayenin dirçəldilməsi sahəsində görülən işlərin təqdirəlayiq olduğunu bildirirəm.

Dmitri Ayatskov: Mən əmin olduğumu bildirərək cəsarətlə demək istəyirəm ki, Rusiya tutduğu demokratik yoldan dönməyəcəkdir. Bununla belə, hesab edirəm ki, məsələn, 1994, 1995-ci illərdə Azərbaycanda baş vermiş mənfi hadisələrə bənzər hadisələrin olması üçün, demokratiya da qanun çərçivəsi ilə, qanunun amirliyi ilə məhdudlaşmalıdır. Xoş sözlərə və arzulara görə Sizə təşəkkürümü bildirirəm.

Heydər Əliyev: Qanunçuluq, gənc müstəqil dövlətlərimizin yenicə mənimsədiyi və ayrı-ayrı adamların, - o cümlədən də Azərbaycanda, - öz bildikləri kimi başa düşdükləri, öz məqsədləri üçün istifadə etdikləri demokratiya barəsində Sizin sözlərinizlə razılaşıram. Mən özlərini demokratlar kimi qələmə vermiş və şüar altında iqtidara gəlmiş adamların 1992-1993-cü illərdəki hakimiyyətinin ölkəmiz üçün ağır nəticələr verdiyini qeyd etmək istəyirəm. Bir il ərzində onlar respublikanı vətəndaş müharibəsi həddinə, fəlakət və parçalanma həddinə gətirib çıxardılar. Davam gətirə bilmədiklərini hiss etdikdə isə, ölkəni taleyin hökmünə buraxaraq hərə bir yana qaçdı. Onların demokratiyası hərc-mərclik diktaturası idi.

Dmitri Ayatskov: Cənab prezident, qarşıdakı seçkilərdə qalib gələcəyinizə, Azərbaycan xalqının Sizi dəstəkləyəcəyinə şübhə etmirəm.

"Heydər Əliyev: müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fərmanlar) - 17-ci cild, səh.117