Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri cənab Akkan Suverə - Bakı şəhəri, 28 oktyabr 2000-ci il


Hörmətli Akkan Suver!

3-cü Avrasiya iqtisadi zirvə görüşünə dəvətinizə görə sizə səmimi qəlbdən təşəkkürümü bildirirəm.

Bu gün regionumuzun zəngin karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılması üçün Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin, Transxəzər qaz boru kəmərinin çəkilişi, böyük tarixi İpək yolunun bərpası kimi qlobal iqtisadi layihələrin həyata keçirilməsi Avrasiya regionuna marağı son dərəcə artırmaqdadır. Xüsusi strateji əhəmiyyət kəsb edən həmin layihələr ölkəmizin rifahı və çiçəklənməsi, eyni zamanda regionumuzda sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar olunması məqsədlərinə xidmət edir.

Çox məmnunam ki, regional əlaqələrin möhkəmləndirilməsi və inkişaf etdirilməsi məsələləri Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin daim diqqət mərkəzindədir. Əminəm ki, Avrasiya iqtisadi zirvə görüşləri xalqlarımız və ölkələrimiz arasında qarşılıqlı surətdə faydalı əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi işinə bundan sonra da mühüm töhfələr verəcəkdir.

3-cü Avrasiya iqtisadi zirvə görüşünün iştirakçılarını ürəkdən salamlayır, işinizdə uğurlar diləyir, qardaş Türkiyə xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 1 noyabr 2000-ci il.