"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri cənab Akkan Suverə məktubu" (Bakı, 28 oktyabr 2000-ci il) sənədinə tarixi arayış


Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi 1985-ci ildə Türkiyədə yaradılıb. Ankarada ictimai qurum kimi fəaliyyət göstərən təşkilatın əsas məqsədi Türkiyədə və regionda baş verən siyasi, iqtisadi və mədəni proseslərin təhlil olunmasından, yeni qərar və layihələrin tətbiq edilməsindən ibarətdir. Öz sıralarında Türkiyənin nüfuzlu siyasət adamlarını, politoloqları, iqtisadçıları və məşhur analitikləri birləşdirən qurum mədəniyyətlərarası dialoqun təşkilinə, qlobal əməkdaşlığın genişləndirilməsinə, demokratiyanın inkişafına yardım edən layihələr hazırlayır. Qurum 2000-ci ildən BMT-nin ECOSOC, 2004-cü ildən isə UNESCO çərçivəsində fəaliyyət üçün müşahidəçi statusu alıb. Qurum Türkiyədə bir neçə dəfə ilin ən populyar qeyri-hökumət təşkilatı adına layiq görülüb.

1998-ci ilin oktyabrında Türkiyədə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri marşrutunun müəyyənləşdirilməsinə xidmət edən Ankara Bəyannaməsi imzalandığı gün Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi Azərbaycan Prezidenti Heydər Əliyevin iştirakı ilə mərasim keçirib. Mərasimdə adı çəkilən marşrutun siyasi və iqtisadi əhəmiyyəti müzakirə edilib.

Qeyd etmək yerinə düşər ki, Heydər Əliyev bu qurumun fəxri sədri seçilib.

Qurumun sədri, professor Akkan Suver 2000-ci ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevi III Avrasiya iqtisadi zirvə görüşündə iştiraka dəvət edib. Həmin ilin oktyabrın 28-də Heydər Əliyev Akkan Suverə təşəkkür məktubu yollayıb. Heydər Əliyev regional əlaqələrin möhkəmləndirilməsi və inkişaf etdirilməsi məsələlərinin Mərmərə Qrupunun daim diqqət mərkəzində olmasından məmnunluğunu bildirib, eyni zamanda III Avrasiya iqtisadi zirvə görüşünün iştirakçılarına işlərində uğurlar arzulayıb.

İlham Əliyev Azərbaycan Prezidenti seçildikdən sonra da Mərmərə Qrupu ilə sıx əlaqələr yaradıb. 2005-ci il avqustun 30-da İlham Əliyev Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suverin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezident qrupun fəaliyyətinin iki ölkə arasında əlaqələrin inkişafında böyük əhəmiyyəti olduğunu qeyd edib. Öz növbəsində cənab Akkan Suver Mərmərə Qrupu Vəqfinin Azərbaycan-Türkiyə münasibətlərinə beynəlxalq əlaqələr kimi deyil, iki qardaşın yaxın ailə münasibətləri kimi baxdığını bildirib və İlham Əliyevin də qurumun fəxri prezidenti seçildiyini məmnuniyyət hissi ilə qeyd edib (http://www.az-customs.net/) 

2006-cı ildə professor Akkan Suverin rəhbərlik etdiyi nümayəndə heyəti üç dəfə (27 fevral, 17 mart və 12 oktyabr) Azərbaycanda olub və hər üç halda Prezident İlham Əiyev nümayəndə heyətini qəbul edib.

27 fevral 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suverlə görüşündə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Həmçinin, iki ölkənin müxtəlif qurumları arasında əməkdaşlığın bu münasibətlərin möhkəmlənməsinə öz töhfəsini verdiyi qeyd olunub. 

17 mart 2006-cı ildə isə Akkan Suverin rəhbərlik etdiyi nümayəndə heyəti Dünya Azərbaycanlılarının II qurultayında iştirak etmək məqsədilə Azərbaycana gəlib. Prezident İlham Əliyev nümayəndə heyətini qəbul edib və Dünya Azərbaycanlılarının II qurultayının keçirilməsinin təkcə ölkəmiz üçün deyil, bütün dünyada yaşayan azərbaycanlıların həyatında çox əlamətdar bir hadisə olduğunu vurğulayıb. O, bu tədbirdə dost və qardaş ölkə olan Türkiyədən böyük tərkibdə nümayəndə heyətinin iştirakından məmnunluğunu ifadə edib. Nümayəndə heyətinin rəhbəri Akkan Suver Dünya Azərbaycanlılarının II qurultayının keçirilməsinin böyük önəm daşıdığını vurğulayaraq, tədbirdə Prezident İlham Əliyevin nitqinin qurultay iştirakçılarında çox dərin təəssürat yaratdığını bildirib. 

10 aprel 2007-ci il və 12 mart 2008-ci il tarixlərində də Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin "Mərmərə Qrupu"nun rəhbəri Akkan Suverin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu görüşlərdə Azərbaycan və Türkiyə arasında dostluq və əməkdaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, həmçinin, iki ölkənin müxtəlif qurumları arasında sıx əlaqələrin bu münasibətlərin daha da genişlənməsinə xidmət etdiyi bildirilib. (http://www.azerbaijan.news.az/)

Sonuncu dəfə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suverin rəhbərlik etdiyi nümayəndə heyətini 16 oktyabr 2008-ci il tarixində qəbul edib. Mərmərə Qrupu Vəqfinin sədri Akkan Suver prezident seçkilərində seçicilərin böyük əksəriyyətinin səs çoxluğu ilə inamlı qələbə qazanan Prezident İlham Əliyevi təbrik edib. Dövlət başçısına möhkəm cansağlığı arzulayan Akkan Suver dost və qardaş Azərbaycan xalqının firavanlığı naminə gələcək fəaliyyətində ona uğurlar arzulayıb. Dövlət başçısı təbrikə görə minnətdarlığını bildirib və Mərmərə Qrupu ilə əməkdaşlığın bundan sonra daha da genişlənəcəyinə əminliyini söyləyib. (http://www.president.az/)

Tarixi arayış 20 oktyabr 2008-ci ildə yeniləşdirilib.