Azərbaycanın yəhudi icmasına - Prezident sarayı, 8 aprel 2002-ci il


Hörmətli həmvətənlər!

Hər il bütün mütərəqqi bəşəriyyət tərəfindən yəhudi xalqının müsibəti və qəhrəmanlıq günü qeyd olunur, faşizmin yəhudilərə qarşı həyata keçirdiyi soyqırımı siyasətinin günahsız qurbanlarının xatirəsi ürək ağrısı ilə yad edilir.

İkinci dünya müharibəsi zamanı altı milyon mülki əhali yəhudi xalqına mənsub olduğu üçün dəhşətli ayrı-seçkilik siyasətinə məruz qalmış, qəddarlıqla kütləvi surətdə məhv edilmişdir.

1943-cü ilin aprelində Varşava gettosu məhbuslarının faşizmə, milli-dini ayn-seçkiliyə qarşı ölüm-dirim mübarizəsinə qalxması yəhudilərin öz milli və insani ləyaqəti uğrunda tarixi etiraz aksiyası idi.

Faşizmin bu qanlı cinayətinə zamanında hüquqi-siyasi qiymət verilsə də, faciənin dəhşətləri hələ də tarixin yaddaşında qara ləkə kimi yaşamaqdadır. Təəssüf ki, bütövlükdə bəşər sivilizasiyasını hədəf götürmüş belə anti-insani aksiyalar bu gün də təkrar olunur. Son on dörd ildə Ermənistanın Azərbaycana hərbi təcavüzü, xalqımıza qarşı həyata keçirilən deportasiya və soyqırımı siyasəti, misli görünməmiş Xocalı müsibəti XX əsrdə dünyanın ən böyük milli fəlakətlərindəndir.

Bütün bunlar yalnız bir xalqın milli faciəsi hesab edilə bilməz. Bu, bütövlükdə insanlığa qarşı cinayət kimi qiymətləndirilməli, bəşəriyyət faşizmin, nasizmin hər cür təzahüründən birdəfəlik xilas edilməlidir. Azərbaycan Respublikası dünyamızın əmin-amanlığı uğrunda bütün mütərəqqi qüvvələrlə əməkdaşlığa hazırdır və bu yolda əlindən gələni əsirgəməyəcəkdir.

Əziz həmvətənlər!

Azərbaycanda dilindən, dinindən asılı olmayaraq bütün xalqlar tarixən mehriban ailə kimi yaşamış, bir-birinin dərdinə, sevincinə ortaq olmuşlar. Yəhudi xalqının müsibəti günündə Azərbaycan xalqı adından kədərinizə şərik olduğumu bildirir, irticanın günahsız qurbanlarına Allahdan rəhmət diləyirəm.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 10 aprel 2002-ci il.

Tarixi arayış

SOSİUM

Əlavə sənədlər