Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin görkəmli dövlət xadimi və ictimai xadim Nikolay Baybakova təbriki - Bakı şəhəri, 1mart 2001-ci il


Çox hörmətli Nikolay Konstantinoviç!

Sizi, görkəmli dövlət xadimini və ictimai-siyasi xadimi əlamətdar yubiley–anadan olmanızın 90 illiyi münasibətilə ürəkdən təbrik edirəm.

Əziz Nikolay Konstantinoviç, Sizi uşaqlıq çağlarınızın, Bakı Neft İnstitutunda təhsil illərinizin keçdiyi Azərbaycanda yaxşı tanıyır, sevir və sizə dərin hörmət bəsləyirlər. Sizin mürəkkəb, eyni zamanda sıravi neftçidən görkəmli siyasi və dövlət xadiminədək şanlı əmək yolunuz burada, Balaxanı neft mədənlərində başlamışdır. Sizin mənalı həyatınız, yüksək vətəndaşlıq qayəniz, dərin peşəkarlığınız, tükənməz əməksevərliyiniz və enerjiniz, seçdiyiniz işə sədaqətiniz sizə haqlı nüfuz və hörmət qazandırmışdır. Neft sənayesinin inkişafına sizin töhfəniz ölçüyəgəlməzdir, hamı tərəfindən qəbul olunmuş və geniş yayılmış «Baybakov metodu» isə hələ 30 yaşınızda başçılıq etdiyiniz SSRİ neft sənayesinin tarixinə həmişəlik daxil olmuşdur. Siz uzun müddət ərzində SSRİ hökumətinin üzvü, Dövlət Plan Komitəsinin rəhbəri olaraq, xalq təsərrüfatının inkişafı naminə fədakarlıqla çalışmısınız. Vətəniniz Azərbaycanda minlərlə adam respublikamızın iqtisadiyyatının, sosial həyatının inkişafına sizin konkret töhfənizi xatırlayır. Həmvətənləriniz, Azərbaycan neftçiləri qırx ildən artıq bir dövrdə sizə böyük etimad göstərərək, sizi Sovet İttifaqının ali qanunvericilik orqanına üzv seçmişlər.

Siz bu gün də Azərbaycanla əlaqələri kəsmirsiniz. Rusiya- Azərbaycan Dostluq Cəmiyyətinə başçılıq edərək, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında dostluq münasibətlərinin inkişafına və möhkəmlənməsinə sanballı kömək göstərirsiniz. İstər Azərbaycanda, istərsə də Moskvada - SSRİ Nazirlər Sovetində sizinlə sıx əməkdaşlığımızı, birgə işimizi yüksək qiymətləndirir və böyük səmimiyyətlə xatırlayıram.

Əziz Nikolay Konstantinoviç, bizim hamımız üçün əlamətdar olan yubiley münasibətilə sizi bir daha təbrik edirəm. Sizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik və uğurlar arzulayıram.

Dərin hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Tarixi arayış

SOSİUM

Əlavə sənədlər

SOSİUM