Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiya Federasiyası xarici işlər nazirinin müavini, Xəzərin statusunun tənzimlənməsi məsələləri üzrə prezidentin xüsusi nümayəndəsi Viktor Kalyujnı başda olmaqla Rusiyanın nümayəndə heyətini qəbul edərkən söhbətindən - Prezident sarayı, 13 iyul 2000-ci il


Heydər Əliyev:  Viktor İvanoviç, siz artıq yeni roldasınız?

Viktor Kalyujnı: Bəli. Lakin başlıcası, yenə də oradayam və elə həmin əməli problemlərlə məşğulam.

Heydər Əliyev: Deməli, həm də Azərbaycanla bağlı olan həmin problemlərlə.

Viktor Kalyujnı: Ümumiyyətlə, hesab edirəm ki, mən öz evimizə gəlmişəm. Bakıya gəlmək həmişə xoşdur, mən buraya yaxşı hisslərlə gəlirəm.

Heydər Əliyev: Mən sizi yeni rolda salamlayıram. Düşünürəm ki, Rusiya prezidenti Vladimir Vladimiroviç Putinin məhz belə bir təşkilat yaratması və sizi təşkilatın rəhbəri vəzifəsinə təyin etməsi düzgün qərardır və bütün Xəzəryanı ölkələrin səmərəli əməkdaşlığına, eləcə də bəzən həll edə bilmədiyimiz məsələlərin həllinə kömək edə bilər.

Viktor Kalyujnı: Vaxt tapıb bizi qəbul etdiyinizə görə sağ olun. Çox xoşdur ki, məhz bu səfər Sizinlə ilk söhbətdən və görüşdən başlayır. Mən dedim ki, buraya gəlmək xoşdur, ürək bağlılığı, fikir bağlılığı var. Biz neftçilər kimin necə işlədiyini, neft sahəsində kimin necə yaşaşadığını izləyirik, ona görə də çox yaxşı haldır ki, indi Azərbaycan irəliləməyə başlayır və görürük ki, sizdə hətta ümumi daxili məhsulun səviyyəsi yüksəlir, sənaye inkişaf edir. Bu, çox yaxşıdır.

Bu onu göstərir ki, Azərbaycan düzgün yoldadır və bütün bu işləri sürətləndirmək, yaxşılaşdırmaq, genişləndirmək lazımdır. Neftçilər istənilən hakimiyyət üçün həmişə dayaq nöqtəsi olmuşlar, hakimiyyət isə həm də müdrik olduqda, onlar daha möhkəm dayağa çevrilirlər. Düşünürəm ki Azərbaycan neft sahəsinin Sizinlə, Sizin nüfuzunuzla, Sizin diqqətinizlə bağlı olan ikinci dirçəlişindən sonra inkişaf üçün kifayət qədər yaxşı təkan almışdır.

Xəzərin problemləri barədə. Onlar mövcuddur, olub və olacaqdır. Biz bu səfərimiz zamanı öz mövqeyimiz barədə danışmaq, söhbət etmək istəyirik. Demək istəyirəm ki, mən diplomatik mühitdə deyil, istehsal sahəsində böyümüşəm, mənə tez bir zamanda son nəticə lazımdır. Ona görə də bu məsələ barədə dövlətlərin rəyi ilə tanış olmaq, bunu cəmləşdirərək məsələnin həlli yolunu axtarmağa çalışmaq üçün kifayət qədər fəal işə başladım. Mən özümüzdə akademiklərlə, aparıcı neft şirkətləri ilə görüşmüşəm. Qazaxıstandan sonra Şimaldan Cənuba tərəf gəlirik. Bu gün sizdəyik, ayın 18-19-da Aşqabadda, 25-də isə İranda olacağıq.

Heydər Əliyev: Qazaxıstanda olmusunuz?

Viktor Kalyujnı: Mən Qazaxıstanda olmuşam, bu səfəri Nursultan Nazarbayevin ad günü ilə bir vaxta salmışdım. Prezidentin təbrik məktubunu ona təqdim etdim, ad gününü qeyd etdik və həm də danışdıq.

Sonra isə avqustun təxminən əvvəllərində Həştərxana toplaşmaq üçün Rusiyanın adından prinsipcə təşəbbüs göstərmək istəyirəm. Ailə süfrəsi arxasındakı kimi, bir növ iş rejimində, yarı rəsmi şəraitdə danışacağıq və bütün problemləri müzakirə, yerbəyer etməyə və onların növbəliliyini müəyyənləşdirməyə çalışacağıq. Ona görə ki, Tehran növbəti toplantının çağırılmasını uzadır.

Heydər Əliyev: Onlar ki söz vermişdilər. EKO xətti ilə yüksək səviyyədə görüşlə əlaqədar mən İranda olarkən onlar demişdilər ki, bu toplantını keçirəcəklər. Mən bildirdim ki, biz iştirak edəcəyik. Indi isə təxirə salırlar...

Viktor Kalyujnı: Bəli, onlar deyirlər ki, guya elə bir müsbət təkliflər yoxdur, vaxt itirmək lazım deyil və sair. Sonra mən İran xarici işlər nazirinin müavini ilə görüşdüm və ona dedim ki, əgər siz toplaşmaq istəmirsinizsə, onda biz özümüz toplaşarıq, siz isə bizimlə olub-olmayacağınız barədə düşünün. O dedi ki, yox, belə isə biz toplaşarıq. Gərək ki, ayın 24-25-nə planlaşdırdılar. Bu gün biz Sizin XİN-lə danışdıq, onlar qəti bir qərara gəlməyiblər, deyəsən, sentyabrda keçirmək istəyirlər. Zənnimcə, biz gözləməməliyik, təkliflər var, görüşməyə lüzum var, bu problemin fəal müzakirəsinə başlamaq gərəkdir. Hesab edirəm ki, biz onun fəal müzakirəsinə başlasaq, onun həlli yollarını tapacağıq. Bax, başlanğıc üçün indi vəziyyət belədir.

Heydər Əliyev: Doğrudur, Viktor İvanoviç. Mən həmişə demişəm və bu gün də deyirəm ki, biz lap əvvəldən bu məsələnin müzakirə və həll edilməsinin tərəfdarıyıq. Məlumdur ki, bu məsələ ilə Azərbaycan əvvəldən, Xəzər dənizinin enerji ehtiyatlarından istifadə edilməsinin yeni mərhələsindən məşğul olmağa başlamışdır. 1994-cü ildə biz, yeri gəlmişkən, Rusiyanın, onun "LUKoyl" şirkətinin iştirakı ilə "Əsrin müqaviləsi"ni imzaladıq. Biz bu müqaviləni imzalayan kimi həmin məsələnin müzakirəsi gücləndi, bəziləri deyirdilər ki, necə yəni, axı Xəzərin statusu var. Biz isə onda da bəyan etdik, bu gün də bəyan edirik ki, belə bir sabit qayda var - əgər yeni qanun, yeni müqavilə və sair yoxdursa, deməli, təşəkkül tapmış praktika mövcuddur. Praktika isə göstərir ki, hələ sovet dövründə Sovetlər İttifaqının hökuməti və Neft Sənayesi Nazirliyi neft hasilatı baxımından Xəzəri sektorlara bölmüşdü.

Biz öz sektorumuzda bu işlə məşğul olmağa başladıq və daim bunu nəzərə aldıq ki, indi şərait yenidir, bütün Xəzəryanı ölkələr azad, müstəqil ölkələrdir. O vaxtlar bu Sovetlər İttifaqı dövründə həyata keçirilirdi. Siz həm də bilirsiniz ki, Xəzərdə neft hasilatına hələ 1949-cu ildə, Neft Daşlarındakı yataqlardan ilk neftin çıxarıldığı vaxt başlanmışdı. Sonra isə Xəzərdə bütün kəşfiyyat işlərini Azərbaycan alimləri apardılar və bir çox yataqlar, o cümlədən də Türkmənistana yaxın olan sahildə yataqlar aşkara çıxardılır. Orada işlədilər, ona görə ki, o vaxtlar vahid dövlət vardı və Xəzərdə Azərbaycanın Xəzər Dəniz Neft Birliyi işləyirdi. O, Azərbaycan sektorunda da, Türkmənistan sektorunda da neft çıxarırdı. Hesabat belə aparılırdı: Türkmənistan sektorunda nə qədər neft çıxarılıbsa, Türkmənistanın, Azərbaycan sektorunda çıxarılan neft isə Azərbaycanın hesabına yazılırdı. Türkmənistan sektorunda neft az çıxarılırdı.

O vaxtlar başqa sektorlarda - Rusiya sektorunda da, Qazaxıstan sektorunda da, İran sektorunda da az neft hasil olunurdu. O zaman İran sektoru müəyyən edilmişdi, sərhəd vardı. Yeri gəlmişkən, indi İran 1921-ci ilə, 1941-ci ilə tez-tez istinad edir. Ona görə Sovetlər İttifaqı ilə İran arasında Astara-Həsənqulu xətti boyunca sərhəd mövcud idi və bu sərhədi sovet sərhəd qoşunları ciddi qoruyurdular və onun İran tərəfindən pozulmasına əsla yol vermirdilər. Bakıda bununla xüsusi məşğul olan briqada, təyyarələr və digər vasitələr vardı, onlar Sovetlər İttifaqının Xəzər dənizindəki sərhədini ciddi şəkildə qoruyurdular.

Deməli, köhnə praktikaya görə, İran da öz sektoruna malikdir. O vaxtlar İran heç düşünmürdü ki, Xəzər dənizində neft çıxarmaq lazımdır, çünki onun hər şeyi İran körfəzində və Cənubda idi. İndi hər şey dəyişmişdir. Xəzərdə beş Xəzəryanı ölkə var - Rusiya, Qazaxıstan, Azərbaycan, Türkmənistan və İran. Biz gözləyə bilməzdik ki, Xəzərin statusu müəyyənləşdirilsin və təşəkkül tapmış praktikadan istifadə etdik. Bununla belə, biz ona tərəfdarıq ki, Xəzər dənizinin statusunu və real surətdə nə edə biləcəyimizi və kimə nə düşdüyünü qəti şəkildə müəyyənləşdirmək lazımdır.

Bir dəfə, yeri gəlmişkən, Həştərxanda toplanıldı. O vaxtlar, məncə, 1994-cü ildə Viktor Stepanoviç Çernomırdin bütün ölkələri bir araya gətirdi. Sonra bir neçə belə görüş keçirildi.

Biri, məncə, Aşqabadda, digərləri İranda, Moskvada, Almatıda oldu. Bir sözlə, müzakirə aparıldı, amma müzakirə elə müzakirə olaraq qaldı. Ancaq indi görürəm ki, yeni mərhələ başlanır və bu, yaxşıdır. Biz bunu istəyirik və zənnimcə, əgər indi siz bu işlə ciddi məşğul olsanız, onda Xəzəryanı ölkələr bəlkə də yekdil razılaşmaya gələcək və statusu müəyyənləşdirəcəklər. Bu halda sakit olacaq, heç kəs heç kimə qarşı iddialar irəli sürməyəcəkdir. Bu baxımdan mən sizin təşəbbüsünüzü, gəlişinizi alqışlayıram.

"Azərbaycan" qəzeti, 14 iyul 2000-ci il.