ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin görüşündən - 4 noyabr 2001-ci il


Hörmətli qonaqlar!

Hörmətli xanımlar və cənablar!

Sizin Azərbaycana yenidən gəlməyinizdən, bugünkü görüşümüzdən çox məmnunam. Ümidvar olduğumu bildirmək istəyirəm ki, yəqin böyük bir fasilədən sonra yenidən görüşərək, biz müəyyən qədər irəliyə gedə biləcəyik.

Sizin də, bizim də bir məqsədimiz var: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək. Mən dünən fikirləşdim ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin artıq 13 yaşı var. ATƏT-in Minsk qrupunun 9 yaşı var. Amma görün, neçə illər keçibdir, məsələ həll olunmayıbdır. Əgər bir az da ləngisək, ATƏT-in Minsk qrupu artıq böyük oğlan olacaq, gərək onu evləndirək. Yaxud ola bilər, qız olsun, onu ərə verək. Ona görə də biz düşünməliyik ki, bu yaşlar nə qədər artacaqdır.

Biz sizdən çox şeylər gözləyirik. Mən belə güman edirəm ki, siz də bizdən gözləyirsiniz. Ancaq hesab edirəm, siz də, biz də - dəfələrlə bunu danışmışıq, - gərək bütün qüvvələrimizi, səylərimizi qoyaq ki, nəhayət bu məsələni həll edək. Son vaxtlar, xüsusən sentyabrın 11-də Amerika Birləşmiş Ştatlarında baş vermiş dəhşətli terror hadisəsindən sonra dünyada çox böyük dəyişikliklər gedir. Ümumiyyətlə, son illərdə dünyanın iqlimini dəyişdirən beynəlxalq terrorizmdir. Beynəlxalq terrorizm də təcavüzkar separatizmlə çox sıx bağlıdır. Dünya bu dəhşətli hadisələrdən xilas olmalıdır. Əgər bu olmasa, onda gələcək daha da çətin olacaqdır. Bu baxımdan bizim region, yəni Cənubi Qafqaz regionu həqiqətən çox ağır vəziyyətdədir. Əgər iki Cənubi Qafqaz respublikası arasında 13 ildir münaqişə gedirsə və ATƏT kimi böyük hörmətə layiq beynəlxalq təşkilat Minsk qrupu yaradıbsa və 9 ildir bu qrup bir şeyə nail ola bilmirsə və biz də, yəni münaqişə tərəfləri də bu barədə bir razılığa gələ bilmiriksə, onda təbiidir ki, bu, çox narahatedici bir haldır. Bax, bunlara görə də biz sizinlə, yəni Minsk qrupunun həmsədrləri olan Rusiyanın, Amerikanın Birləşmiş Ştatlarının, Fransanın nümayəndələri ilə görüşləri həmişə çox səbirsizliklə və böyük ümidlərlə gözləyirik. Arzu edərdim ki, sizin bu səfəriniz zamanı heç olmasa, biz bir az irəliyə gedə bilək. Hamınızın birlikdə Azərbaycana gəlməyinizə görə sizə təşəkkür edirəm və sizi dinləməyə hazıram.

Filip de Sürmen: Cənab prezident, Sizin tərəfinizdən qəbul olunmaq bizim üçün böyük şərəfdir. Sizə təşəkkür edirik ki, xüsusən bazar günü bizi qəbul etmisiniz.

Heydər Əliyev: Bizim üçün bazar günü yoxdur. Bu cür münaqişə şəraitində yaşayan xalq, millət üçün bazar günü ola bilməz.

Filip de Sürmen: Bilirəm ki, bu gün Sizin üçün istirahət günü deyildir. Amma Sizin əməkdaşlarınız və jurnalistlər üçün bu gün istirahət günü idi. Biz bu gün onları da bura səfərbər etmişik.

Mən mətbuat nümayəndələrinin burada iştirak etməsinə görə yenidən təkrar etmək istəyirəm ki, Sizin bizə göstərdiyiniz etimada görə biz özümüzü şərəfli hesab edirik. İndi qeyd etdiniz ki, Minsk qrupu artıq 9 ildir fəaliyyət göstərir. Biz bilirik ki, ictimai fikir, insanlar, xüsusən qaçqınlar bu münaqişədən nə qədər əziyyət çəkirlər. Mən Sizə bildirmək istəyirəm ki, bu sahədə qətiyyətimiz tamdır. Parisdəki, Ki-Uestdəki görüşlərdən sonra hər iki tərəfin xahişi ilə sülh danışıqlarına müəyyən qədər fasilə verilmişdi. Həmin görüşlər irəli getməyə imkan yaratdı. İndi biz bu baza əsasında işimizi davam etdiririk. Əgər bu fasilə verilmişdisə, o demək deyildir ki, Minsk qrupu işləmirdi.

Bu ilin iyul ayında Sizinlə çox faydalı görüşümüz oldu. Həmin görüşdən sonra Lissabonda müəyyən təklifləri hazırlamaq məqsədi ilə biz yenidən yığışdıq. Biz bu işdə öz dövlət başçılarımız tərəfindən də dəstəklənirik. ATƏT-in üzvü olan ölkələrin hamısının dəstəyini hiss edirik. Mən Avropa Birliyinin də dəstəyini qeyd edirəm. Ümid edirəm ki, biz Sizi məyus etməyəcəyik. Amma bilmək lazımdır ki, biz hər iki tərəfin mövqeyini yaxınlaşdırmaq üçün hər şeyi edirik. Məqsədimiz də ondan ibarətdir ki, iki dövlət başçısına imkan verək, çox da asan olmayan bir qərarı qəbul etsinlər.

Cənab prezident, Sizin qeyd etdiyiniz kimi, vaxt keçir və danışıqlar yolu ilə tapılacaq bir həll getdikcə daha vacib və təcili məsələyə çevrilir. Biz bu işi təxirə salsaq, işimizi heç də asanlaşdırmayacağıq.

Siz qeyd etdiniz ki, sentyabrın 11-də baş vermiş dəhşətli terror aktları dünyada çox şeyi dəyişdi. Tamamilə doğrudur ki, beynəlxalq mühit əvvəllər olduğu kimi deyildir. Hətta demək olar, qətiyyən eyni deyildir. Artıq yeni bir kontekst yetişibdir.

Mən arzu edərdim, baş vermiş dəhşətli aktlar bizə imkan versin ki, əməkdaşlığımızı və həmrəyliyimizi daha da gücləndirək, terrorizm adlandırdığımız bu pisliyə qarşı mübarizə aparaq. Həmçinin bu vəziyyət bizə imkan versin ki, münaqişəni daha sürətlə həll edək. Düzdür, bu, çox nikbin əhval-ruhiyyədir. Amma mənim fikrimcə, etimadınızı doğrultmaq üçün çoxlu səbəblər vardır.

Sizin qeyd etdiyiniz kimi, gələcəyə baxmaq lazımdır. Məhz bu niyyətlə biz yenidən buraya gəlmişik ki, Sizinlə görüşək. Məncə, bir azdan bizim imkanımız olacaq ki, bu ideyaları daha da inkişaf etdirək. Amma indi əsas niyyət ondan ibarətdir ki, dinc iqlim yaratmaq lazımdır. Bu cəhətdən bu gün səhər Azərbaycanda üç dini icmanın nümayəndələri ilə görüşümüz bizə çox böyük ümidlər verdi. Biz onların dedikləri fikirləri şəkk-şübhəsiz dəstəkləyirik.

Mənim burada təkcə danışmaq niyyətim yoxdur. İstəyirəm ki, sözü həmkarlarıma verim. Biz onlarla çox sıx əməkdaşlıq şəraitində işləyirik. Məqsədimiz də ondan ibarətdir ki, dövlət başçılarımızın bizə verdikləri təlimatı həyata keçirək. Bu təlimat isə tam səmərəli fəaliyyət göstərməkdən ibarətdir. Ümid edirik ki, bu region bir sülh regionuna çevriləcəkdir və dünyanın sabitliyinə öz töhfəsini verəcəkdir.

Cənab prezident, çox sağ olun.

Heydər Əliyev: Təşəkkür edirəm.

Rudolf Perina (ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri): Cənab prezident, icazənizlə, bu gün görüşmək imkanı verdiyiniz üçün Sizə bir daha öz minnətdarlığımı bildirim. Biz Sizinlə ilk dəfə görüşərək, bu münaqişə barədə çox faydalı söhbət etdiyimiz vaxtdan, deyəsən, cəmi bir həftə keçmişdir.

Heydər Əliyev: Həm də çox sürəkli söhbət etdik.

Rudolf Perina: Bu müddətdə Minsk qrupu çərçivəsində Lissabonda məsləhətləşmələr aparmışıq. Mən həm də Vaşinqtonda oldum, orada müzakirələr apardım və Sizinlə söhbətimizin məzmunu və nəticələri barədə məlumat verdim. Bu gün biz buraya bir sıra ideyalarla gəlmişik, onları geniş tərkibdə müzakirə etdikdən sonra Sizinlə konkret sürətdə müzakirə edəcəyik. Hesab edirəm ki, bu ideyalar münaqişənin nizama salınmasında uğur qazanılmasına təkan verəcəkdir. Cənab prezident, zənnimcə, bizim hamımız Sizin ifadə etdiyiniz belə bir fikirlə razıyıq ki, bu münaqişə həddindən artıq çox uzanır və onu həll etmək vaxtı gəlib çatmışdır. Beləliklə, həm bizim ölkənin paytaxtı Vaşinqtonda, həm də, məncə, həmsədr ölkələrin paytaxtlarında bu münaqişənin təcili həllinin zəruriliyi barədə dəqiq təsəvvür var. Güman edirik ki, bu münaqişənin həllini gələcəyə saxlasaq, onda bu daha mürəkkəb və çətin olacaqdır. Biz həmçinin belə hesab edirik ki, bu münaqişənin hərbi yolla həlli yoxdur. Münaqişənin hərbi yolla həll ediləcəyi təqdirdə, onsuz da çox ciddi və güclü şəkildə zərər çəkmiş insanlar daha böyük və uzunmüddətli müsibətlərə məruz qalacaqlar.

Sentyabrın 11-də baş vermiş faciəli hadisələr yeni kontekst və eyni zamanda da münaqişənin nizama salınması üçün yeni imkanlar yaratmışdır.

Beləliklə, cənab prezident, biz bu gün buraya münaqişənin ədalətlə nizama salınması naminə Sizinlə, həm də münaqişəyə cəlb edilmiş bütün digər tərəflərlə qətiyyətlə, əzmkarlıqla işləmək hissləri ilə gəlmişik.

Bizə görüşməyə imkan verildiyinə görə Sizə bir daha öz minnətdarlığımı bildirirəm.

Heydər Əliyev: Sizə təşəkkür edirəm.

Vyaçeslav Trubnikov (Rusiya xarici işlər nazirinin birinci müavini): Hörmətli Heydər Əliyeviç, Sizinlə görüşmək imkanına görə həmkarlarımın söylədikləri minnətdarlıq sözlərinə mən də qoşuluram.

Biz cari ildə bu regiona artıq üçüncü dəfədir gəlirik. Bu, bir tərəfdən, həm də onu göstərir ki, bizə tapşırılmış işə görə məsuliyyətimizin artdığını hiss edirik, digər tərəfdən isə, hiss edirik ki, vaxt sürətlə gedir və bizə tapşırılmış problemi həll etməli olduğumuz çox ağır məqam yəqin gəlib çatmaqdadır. Odur ki, ən başlıcası "nə müharibə, nə də sülh" şəraitinə son qoyulacağı vəziyyətə nail olmaqdır. Mən amerikalı həmkarımın söylədiyi sözlərlə tam şərikəm ki, bu problemin hərbi yolla həlli ola bilməz və olmamalıdır.

Dünyada yeni vəziyyət yaranmışdır, antiterror koalisiyasında, antiterror mübarizəsində ümumi iştirakla əlaqədar indi bizdə yeni məsuliyyət hissləri, yeni qarşılıqlı fəaliyyət hissləri baş qaldırmışdır. Bu hisslər həm də yeni imkanlar yaradır və istərdim ki, buraya bu səfərimiz, Sizinlə görüşümüz irəliyə doğru çox-çox ciddi addım olsun.

Siz Minsk qrupunun yaşından danışmaqda çox haqlısınız. Deyərdim ki, bu, ahıl yaş olmasa da, yetkinlik yaşıdır.

Heydər Əliyev: Tezliklə həddi-buluğ yaşı olacaqdır.

Vyaçeslav Trubnikov: Ona görə də həddi-buluğa çatmağımızı belə bir hisslə qarşılamaq istərdik ki, indi bu münaqişənin nəticələrindən zillət çəkən bütün insanlara sərfəli olacaq məsul, ciddi və ən başlıcası, yaxşı qərarlar qəbul etmək üçün həqiqətən yetişmişik. Demək istərdim ki, bu gün səhər biz üç başlıca konfessiyanın, üç əsas dinin rəhbərlərinin yanında olduq. Bilirsinizmi, mən orada minnətdarlığımı bildirdim, dedim ki, siyasətçilər bir-birləri ilə ümumi dil tapmağı, bir-birlərini başa düşməyi bu üç konfessiyanın rəhbərlərindən öyrənə bilərlər. Buna ancaq həsəd aparmaq olar. Bu, bizim üçün çox yaxşı nümunədir və düşünürəm ki, iki ölkənin prezidentləri üçün də çox yaxşı nümunədir.

Odur ki, gəlin, sadə insanla, ölkə əhalisi ilə, ev-eşiyindən məhrum olanlarla, qaçqınlara çevrilənlərlə hər gün ünsiyyət saxlayan adamlara bir nəzər salaq. Bu gün baş xaxam çox düz dedi ki, qaçqınların vəziyyətinə baxmaq üçün gərək validol içəsən. Həqiqətən belədir.

Fəxr edirəm ki, indi Rusiya ərazisində 2 milyona qədər azərbaycanlı yaşayır. Bu, mənim üçün də şərəf və iftixar doğuran bir işdir ki, xalqımız onları ürəkaçıqlığı ilə qəbul edir. Lakin biz istərdik ki, həmin adamların buraya, Azərbaycana öz qohum-qardaşlarına maddi yardım göstərmələri ilə yanaşı, doğulduqları və yaşadıqları yerlərə qayıdıb gəlmək imkanları da olsun. Bax, bu gün biz əsas vəzifəmizi bunda görürük. Mən belə fikirləşirəm ki, Sizinlə görüşümüz irəliyə doğru mühüm addım atmağa imkan verəcəkdir. Çox sağ olun

Heydər Əliyev: Çox sağ olun, Vyaçeslav İvanoviç. Mən sizin belə bir ifadənizi çox yaxşı başa düşürəm ki, Minsk qrupu yetkinlik çağına gəlib çatmışdır. Biz artıq çoxdan yetişmişik, indi isə siz yetişmisiniz. Əgər siz bu yetkinlik dövründə heç nə edə bilməyibsinizsə, əlbəttə, nikbinlik üçün heç bir əsas olmayacaqdır.

Hörmətli dostlarımız, hamınıza öz təşəkkürümü bildirirəm. Dediklərinizin hamısı ilə razıyam. Başlıcası, münaqişənin sülh yolu ilə nizama salınmasına nail olmaqdır. Azərbaycan prezidenti olaraq mən bu mövqelərdə möhkəm durmuşam və dururam. Şübhəsiz, bu məsələdə elə bir qərar tapmaq lazımdır ki, sizin həmişə dediyiniz kimi, bu qərar hər iki tərəfin mənafelərini eyni dərəcədə nəzərə alsın. Mən sizinlə razıyam. Amma məsələ bundadır ki, indiki halda tərəflərin mənafeləri uyğun deyildir. Çünki Ermənistan Azərbaycan ərazisini işğal etmişdir, bir milyon qaçqın ağır şəraitdə yaşayır, Azərbaycanın ərazi bütövlüyü pozulmuşdur. Ermənistan Azərbaycan ərazisinin bir hissəsinin ya Ermənistanla birləşdirilməsi, ya da ona müstəqillik statusu verilməsi iddiasındadır.

Bəs biz nə tələb edirik? Biz Ermənistanda heç nə işğal etməmişik, təbii ki, orada işğal olunmuş ərazilərdən didərgin düşmüş qaçqınlar yoxdur. Buna görə də hesab edirik ki, biz bu münaqişədə təqsirkar deyilik, çünki dinclik şəraitində birgə yaşayırdıq. Məsələn, Azərbaycanın qocaman sakini və uzun illər ərzində nəinki Azərbaycanda yaşamış, həm də Azərbaycan Respublikasının rəhbəri olmuş bir adam kimi mən bizim Ermənistanla Azərbaycanın necə mehriban yaşadığını, Dağlıq Qarabağda heç bir problem olmadığını yaxşı bilirəm. Dağlıq Qarabağ Azərbaycanın bir hissəsi idi, orada azərbaycanlılarla ermənilər dostcasına yaşayır, bir-birinə qonaq gedib-gəlirdilər. Bir-birinə qonaq gedib-gəlmək heç də təkcə orada deyildi. Bunu eynilə Bakıda da, başqa şəhərlərdə də müşahidə etmək olardı. Dağlıq Qarabağda əhalinin 30 faizini azərbaycanlılar təşkil edirdi, problemlər yox idi. Odur ki, biz Azərbaycanda, - mən münaqişənin məhz başlanğıc dövrünü deyirəm, qarşımıza qətiyyən münaqişə törətmək vəzifəsini qoymamışdıq. Biz belə yaşayırdıq və bu, bizi qane edirdi. Amma, sən demə, hansı mərhələdəsə bu, Ermənistanı qane etmirmiş. Buna görə də onlar bu cür separatçı qüvvələri qızışdırdılar, vəziyyət gərginləşdi və müharibəyə çevrildi.

Ona görə də burada zərər çəkmiş tərəf var - bu, Azərbaycandır. O mənada ki, onun ərazisi işğal edilmişdir, o mənada ki, azərbaycanlılar işğal olunmuş həmin ərazilərdən tamamilə qovulmuşlar. Lakin Ermənistan da müəyyən dərəcədə zərər çəkmişdir. Çünki müharibə başlanmışdır. Söz yox ki, müharibədə hər iki tərəf itkilər verir, qurbanlar olur, qan tökülür. Odur ki, ədalətli bir qərar, şübhəsiz, hər iki tərəfin mənafelərini nəzərə almalıdır. Buna baxmayaraq, tərəflərin mənafeləri bir-birinə əsla uyğun deyildir.

Budur, üç böyük dövlətin nümayəndələri, Minsk qrupunun nümayəndələri, ATƏT-in nümayəndələri olaraq, siz müəyyənləşdirməlisiniz ki, bu məsələnin həlli üçün Azərbaycan nə etməlidir, Ermənistan nə etməlidir. Məsələyə digər tərəfin iddialarının xeyrinə olaraq, hər hansı şəkildə biryönlü yanaşılması, təbii olaraq, bu məsələni həll etməyə imkan verməyəcəkdir. Azərbaycanın heç bir iddiası yoxdur. Azərbaycan işğal olunmuş ərazilərinin azad edilməsini istəyir, Azərbaycanın tərkibində Dağlıq Qarabağda mövcud olmuş qayda-qanunun bərpasını istəyir və Azərbaycan Ermənistanla sülh istəyir. Başqa heç nə. Bax, bizim arzumuz belədir, ayrı heç bir iddiamız yoxdur, biz Ermənistana qarşı heç bir ərazi iddiası irəli sürmürük. Ermənistanın iddiaları isə böyükdür, odur ki, siz bunu nəzərə almalısınız. Əgər bu, nəzərə alınmasa, onda, əlbəttə, münaqişənin həlli tapılmayacaqdır.

Siz dediniz ki, məsələnin həllinin hərbi yolu yoxdur. Mən bunu başa düşürəm. Lap əvvəldən də belə mövqe tutmuşam. Buna görə də 1994-cü ildə biz Rusiyanın vasitəçiliyi ilə Ermənistanla atəşin dayandırılması haqqında razılığa gəldik. Yeddi ildən çoxdur ki, hər hansı sülhyaratma qüvvələrinin iştirakı olmadan atəşkəs rejiminə əməl etməyimizin, zənnimcə, dünyada oxşarı yoxdur. Elə bunun özü göstərir ki, biz sülh istəyirik.

Əlbəttə, Ermənistan da sülh istəyir. Lakin biz sülh istəyirik, mən bunu xüsusi nəzərə çarpdırıram, çünki biz zərər çəkmişik. Ərazimiz işğal edilmişdir, adamlarımız çadırlarda ağır şəraitdə yaşayırlar. Biz böyük itkilər veririk, bununla belə, biz məsələnin dincliklə aradan qaldırılmasını istəyirik. Başqa halda, bəşəriyyətin minillik tarixinə çox müharibələr məlumdur, bir tərəf üstünlüyə nail olur, sonra da digər tərəf öz qüvvələrini toplayır və digər tərəfə hücum edir. Hər halda, belə hadisələr Avropada da, Rusiyada da baş vermişdir, bu baxımdan Amerika bəlkə də xoşbəxt vəziyyətdə olmuşdur.

Mənim yadımdan çıxdı, rus dilində danışdım. Görürsünüz, mən o qədər həyəcanlanıram ki, birincisi, avtomatik olaraq rus dilində danışdım, ikincisi, o qədər danışdım ki, tərcüməçiyə imkan vermədim. Bunlar hamısı ondan irəli gəlir ki, mən həyəcanlıyam. Bu məsələni həll etmək lazımdır. Yəni rus dilində danışmaq elə bir şey deyil, təbiidir. Amma indi bizim bu danışığımızı televiziya, radio verəcəkdir. Gərək əhalinin hamısı mənim dediyim sözləri başa düşə bilsin.

Mən dedim ki, dünya tarixi çox müharibələrlə rastlaşıbdır. Dünyanın hər bir regionunda müharibələr olubdur, bəzən on, yüz illərlə davam edibdir. Xoşbəxtlik bir amerikalılarda olub ki, onlar öz ərazilərində başqa bir ölkə ilə müharibə aparmayıblar. Bir az özləri daxildə müharibə aparıblar, sonra da ona son qoyublar. Ancaq Fransa ilə Almaniya yüz il müharibə aparıbdır. Nə üçün? Çünki Fransa bir vaxt gəlib Almaniyanın torpağını tutmuşdu. Sonra Almaniya gücünü yığıb öz torpağını azad etmək üçün gedib Fransanın torpağını tutmuşdu. Bu, tarixin həqiqətləridir. Bunu onun üçün deyirəm ki, bir də təkrar edirəm, mən məsələnin sülh yolu ilə həll olunmasının tərəfdarıyam və bu mövqeyimi indi də saxlayıram. Amma bizim millətimiz, xalqımız isə buna artıq dözə bilmir. İndi get-gedə onlarda belə bir əhval-ruhiyyə yaranır ki, bir halda məsələ sülh yolu ilə həll olunmur, biz müharibə edək, ya tamamilə məhv olarıq, ya da torpaqlarımızı azad edərik. Bu fikirlərə də etiraz etmək olmaz.

Hörmətli Vyaçeslav İvanoviç bu gün dini icmaların başçıları ilə, üç konfensiyanın rəhbərləri ilə görüşü haqqında söylədi. Mən belə başa düşdüm ki, bu, bir nümunə kimi bizə deyilir. Həqiqətən də bu, çox yaxşı haldır. Ancaq iş bundadır ki, Azərbaycanda ayrı-ayrı dinlərə mənsub olan insanlar heç vaxt bir-biri ilə müharibə etməyiblər. Azərbaycan tarixən çoxmillətli bir ölkə olubdur.

Burada yaşayanların əksəriyyəti azərbaycanlılar, müsəlman dininə itaət edənlərdir, amma eyni zamanda burada xristian dininə itaət edən ruslar da, ermənilər də, yəhudi dininə itaət edən yəhudilər də yaşayıblar. Yəni dini nöqteyi-nəzərdən Azərbaycanda, bizim ölkəmizdə heç bir iğtişaş olmayıbdır. Mən Ermənistan ilə Azərbaycan arasındakı müharibəni heç də dinlə əlaqələndirmirəm. Bu müharibəni Ermənistanın Azərbaycana torpaq iddiası meydana gətiribdir. Mən bunları deyərək, istəyirəm siz biləsiniz ki, indi Azərbaycanda müharibə istəyənlərin sayının artması da təbiidir.

Azərbaycanın prezidenti kimi mənim bu barədə anlayışımla adi adamın anlayışı bir ola bilməz. Amma iş bundadır ki, prezident bir nəfərdir, ancaq 8 milyon əhali var. Siz həmişə demokratiyadan çox danışırsınız. Demokratiyaya görə gərək azlıq çoxluğa tabe olsun. Ona görə mən antidemokratik iş aparıram. Təbiidir ki, mən bunu zarafat naminə deyirəm. Ancaq bilirsiniz ki, hər bir zarafatda bir balaca da həqiqət var.

Bir daha deyirəm ki, mən məsələnin həll olunması yolunda mübarizə aparmışam və sizinlə birlikdə mübarizə aparacağam. Ancaq indi vəziyyət gəlib o mərhələyə çatıb ki, biz konkret nəticələr əldə etməliyik. Ona görə də mənim sizdən xahişim, istəyim, arzum bundan ibarətdir.

İndi əgər başqa sözünüz yoxdursa, biz söhbətimizi dediyiniz kimi, daha məhdud tərkibdə davam etdirə bilərik.

"Azərbaycan" qəzeti, 5 noyabr 2001-ci il.