Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin şəhid uşaqları və kimsəsiz uşaqlar üçün təşkil olunmuş Novruz şənliyində çıxışı - "Gülüstan" Sarayı, 20 mart 1996-cı il


Əziz balalar - qızlar, oğlanlar, uşaqlar, bizim övladlarımız!

Mən sizi bu gün, bizim milli bayramımız - Novruz bayramı günü ürəkdən təbrik edirəm. Sizə və bütün Azərbaycan uşaqlarına, gənclərinə, qızlarına, oğlanlarına bayram salımımı yetirir, hamınıza şən həyat, sağlamlıq, xoşbəxtlik və böyük gələcək arzulayıram.

Novruz bayramı xalqımızın əsrlərdən-əsrlərə keçmiş, ulu babalarımızdan bizə vəsiyyət edilmiş, gəlib çatmış əziz milli bayramıdır. Son illər biz bu bayramı yüksək səviyyədə keçiririk. Doğrudur, respublikamızdakı ağır vəziyyətə görə bəzən bu bayram dərd-qəmlə bir yerdə olur. Ancaq xalqımız bayram edir, şənlənir, sevinir. Bizim hər birimizin ən böyük sevinci, ən çox istədiyimiz - balalarımız, uşaqlarımız, gənclərimizdir, əziz balalar, əziz övladlar, sizlərsiniz. Mən sizin hamınızı qucaqlayıram, öpürəm, bağrıma basıram. Bu gün burada sizinlə bir yerdə olmağımdan çox şadam və bu bayram şənliyini həyatımda olan şənliklərin hamısından üstün tuturam.

Sizin çoxunuz atanızı, ananızı itirmisiniz, çoxlarınızın atası Vətənimizi, torpağımızı, müstəqil Azərbaycanı müdafiə edərkən şəhid olub, canını qurban verib, qəhrəmanlıq nümunələri göstərib, həyatı qəhrəman kimi tərk edibdir. Ancaq onlar sizin də, bizim də, bütün Azərbaycan xalqının qəlbində qəhrəman kimi yaşayırlar. Onlar həyatdan getməyiblər, bizimlədirlər, qəlbimizdədirlər. Onlar bu gün bu salondadırlar, sizin şən, xoşbəxt gününüzü görüb daha da sevinirlər. Ona görə də siz özünüzü heç də valideynsiz hesab etməyin. Sizin valideynləriniz var. Müstəqil Azərbaycan dövləti sizin valideyninizdir. Sizin valideyniniz Azərbaycan torpağıdır, Vətənimizdir, müstəqil Azərbaycan dövləti və onun prezidentidir. Siz buna arxayın ola bilərsiniz.

"Gülüstan" sarayı vaxtilə, on altı il bundan öncə Azərbaycanda böyük dövlət mərasimləri keçirmək üçün tikilibdir. Burada, adətən, rəsmi mərasimlər, dövlət ziyafətləri, yaşlı adamların şənlik mərasimləri, konsertlər, cürbəcür belə tədbirlər keçirilir. Bu gün isə sarayın tarixində ikinci dəfədir ki, bura sizin - balalarımızın, uşaqların ixtiyarına verilibdir, sizin sərəncamınıza verilibdir, burada şənlik, bayram keçirirsiniz. Mən hesab edirəm ki, bu sarayın divarları indiyədək bugünkü kimi sevinməyibdir. Sevinir ona görə ki, siz, bizim əziz balalarımız bu salonda şadlanırsınız, oxuyur-oynayır, Novruz bayramını qeyd edirsiniz.

Mən isə daha çox sevinirəm. Çünki - siz uşaqsınız, bilmirsiniz, yaşınız da azdır, - on altı il bundan öncə həmin bu "Gülüstan" sarayını tikən, yaradan mən olmuşam. Bu, mənim əsərimdir, onu mən tikmişəm. Ona görə də sevinirəm ki, vaxtilə bunu böyük mərasimlər üçün tikmişəm, indi isə o sizindir, uşaqlarındır, burada bayram şənliyi, ziyafəti keçirirsiniz.

Əziz balalar, sizin bu şən həyatınız, bu gününüz Azərbaycanın böyük gələcəyidir. Siz Azərbaycanın gələcəyisiniz, müstəqil Azərbaycan dövlətinin, müstəqil Azərbaycan Respublikasının gələcəyi sizsiniz. Ona görə də siz bugünkü kimi şənlənməlisiniz, həyatınız xoşbəxt olmalıdır. Amma eyni zamanda yaxşı oxumalısınız, təhsil almalısınız, özünüzü gələcək həyata hazırlamalısınız.

Bu gün gördüm ki, bizim uşaqlarımız, balalarımız - qızlarımız, oğlanlarımız nə qədər istedadlıdırlar. Çox gözəl mahnılar oxuyur, oynayır, kütləvi rəqslərdə çox həvəslə iştirak edirsiniz. Bunlar məni çox sevindirir. Bu, onu göstərir ki, sizin tərbiyənizlə, təhsilinizlə məşğul olanlar bu işə doğrudan da səylə, ürəkdən, can-başla yanaşırlar.

Sizin əksəriyyətiniz, bilirəm, uşaq evlərində yaşayır. Uşaq evlərinə qayğı göstərmək bizim ən əsas vəzifələrimizdən biridir. Mən bu gün bunu bir daha bəyan edirəm, sizə bildirirəm. Ancaq sizdən də çox, bizim dövlət orqanlarına bildirirəm. Bütün dövlət orqanları, icra hakimiyyəti orqanları uşaq evlərinə xüsusi diqqət verməlidirlər. Valideynsiz, ata-anasız uşaqların yaşamasına, tərbiyə, təhsil almasına xüsusi qayğı göstərilməlidir. Mən bunu bir daha qeyd edir və vəzifə kimi hakimiyyət orqanlarının qarşısında qoyuram.

Ümumiyyətlə, məktəblərə, uşaqlara, onların təlim-tərbiyəsinə, təhsilinə qayğı bizim əsas borcumuzdur. Biz bu borcumuzu yerinə yetiririk və bundan sonra da yerinə yetirəcəyik.

Siz uşaqsınız, həyatımızın çətinliklərini bəlkə o qədər də dərk edə bilmirsiniz. Əlbəttə ki, bir neçə ildən sonra, böyüyəndən, yaşlaşandan sonra, ali məktəblərə gedən zaman çox şeyləri biləcəksiniz. Amma bu gün də, ola bilər, sizlərdən kiminsə yaddaşında qalacaqdır ki, prezidentlə görüşmüsünüz, prezident sizə öz tövsiyələrini veribdir. Ona görə də mən sizə demək istəyirəm: bu gün ölkəmiz, Azərbaycan çox ağır, çətin bir həyat keçirir, ağır bir dövr keçiririk. Respublikamız Ermənistanın təcavüzünə məruz qalıbdır. İşğal olunmuş torpaqlarımızdan Azərbaycanın bir milyon vətəndaşı didərgin, qaçqın düşübdür. Əziz balalar, çoxlarınızın ailə həyatını pozan, valideynlərinizi həlak edən, dünyadan aparan da Ermənistanın Azərbaycana etdiyi təcavüzdür.

Biz müharibəni dayandırmışıq. İki ilə yaxındır ki, müharibə getmir, atəş yoxdur. Biz sülh istəyirik, bu məsələləri sülh yolu ilə həll etməyə çalışırıq. Bunların da hamısını ona görə etmək istəyirik ki, xalqımız sülh, əmin-amanlıq şəraitində yaşasın. Nə qədər çox sülh, əmin-amanlıq olarsa, gələcək nəslimiz daha yaxşı, daha firavan yaşayacaq, yaxşı təhsil, tərbiyə alacaq, gələcək üçün hazırlaşacaqdır.

Biz bütün bu işləri çətinliklər içində görürük. Ancaq bu çətinliklərə baxmayaraq, biz sizin qayğınıza qalmışıq, qalırıq və bundan sonra da qalacağıq. Hər birimizin, Azərbaycanın hər bir vətəndaşının borcu uşaqlara qayğı, diqqət göstərməkdir. Mən bu gün hər bir valideynə, hər bir ataya, anaya müraciət edirəm ki, uşağına yaxşı baxsın, yaxşı tərbiyə versin, uşağını yaxşı böyütsün. Çünki bugünkü uşaqlar müstəqil Azərbaycanın gələcəyidir. Bu gün hər bir müəllimə, məktəb işçisinə müraciət edirəm ki, uşaqlarımıza yaxşı təhsil versinlər, onları gələcəyə yaxşı hazırlasınlar. Bilirəm, məktəblərin vəziyyəti çətindir, ağırdır, bir çox problemlər var. Amma bunlara baxmayaraq, müəllimlik bizim üçün həmişə müqəddəs, şərəfli vəzifə olubdur və ümidvaram ki, müəllimlər öz şərəfli vəzifələrini bundan sonra da layiqincə yerinə yetirəcəklər.

Mən bu gün Azərbaycanın bütün xeyirxah insanlarına müraciət edirəm. İmkanlardan istifadə edib uşaqlara, gənclərə qayğı göstərmək lazımdır. Onlara xüsusən ona görə müraciət edirəm ki, uşaq evlərinə, valideynsiz uşaqlara xüsusi qayğı göstərməlidirlər. Gərək hər bir xeyirxah, imkanlı adam uşaq evlərinə qayğı göstərməyi, kömək etməyi, orada təlim-tərbiyə alan, yaşayan uşaqların vəziyyətini yüngülləşdirməyi özü üçün şərəfli bir vəzifə hesab etsin. Güman edirəm ki, mənim səsimə səs veriləcəkdir.

İkinci ildir ki, mən sizinlə "Gülüstan" sarayında görüşürəm. Bu gözəl tədbirin təşəbbüskarı Bakı şəhər icra hakimiyyəti, onun rəhbərliyidir. Hesab edirəm ki, bu, çox nəcib, gözəl təşəbbüsdür, xalqımıza, millətimizə xas olan təşəbbüsdür. Ümidvar olduğumu bildirmək istəyirəm ki, bu təşəbbüsə hamı qoşulacaq, bütün şəhərlər, rayonlar qoşulacaqdır, bütün dövlət adamları, xeyirxah adamlar qoşulacaqdır. Beləliklə də bizim uşaqlar - qızlarımız, oğlanlarımız, gənclərimiz bütün bu çətinliklərə baxmayaraq, şən, xoşbəxt yaşayacaqlar, firavan şəraitdə yaşayacaqlar, yaxşı təhsil alacaq, gələcək üçün hazırlaşacaqlar.

Əziz balalar, burada sizinlə keçirdiyim dəqiqələri, saatları həyatımın ən xoşbəxt anları hesab edirəm. Sizə baxdıqca ürəyim şad olur. Çünki bizim nə qədər gözəl-göyçək, istedadlı uşaqlarımız var, nə qədər gözəl gəncliyimiz var! Deməli, Azərbaycanın nə qədər gözəl, xoşbəxt gələcəyi var! Mən buna sevinirəm. Ona görə də sizin hər birinizi, hamınızı bir daha təbrik edir, qucaqlayıram, öpürəm, bağrıma basıram. Hamınıza cansağlığı, xoşbəxt, firavan həyat arzulayıram. Arzu edirəm ki, həmişə belə şən olasınız, güləsiniz, çalıb-oynayasınız. Sağ olun.

"Azərbaycan" qəzeti, 23 mart 1996-cı il.